Aşıq İmran
dünyası
Azərbaycan Respublikasının “Əməkdar mədəniyyət işçisi”, 6-cı Ümumdünya festivalının laureatı, “Şərəf nişanı” ordenli, dəfələrlə ümumittifaq, və beynəlxalq festivallarında laureat və birinci dərəcəli diplomlara layiq görülmüş, aşıq, şair, bəstəkar, dastançı, zəngin biliyin, natiq danışığın sahibi olmuş xalq sənətkarı Aşıq İmran Mehralı oğlu Həsənovun şeirlər kitabları bunlardır: “Vurğunuyam sənətimin” 1981-ci ildə “Yazıçı” nəşriyyatında, ikinci “Ustadların yolu ilə ” adlı kitabı isə 1994-cü ildə “Ergün” nəşriyyatında nəşr edilib.
İmran Mehralı oğlu Həsənov 1932-ci ildə Qərbi Azərbaycanımızın indiki Krasnoselo rayonunun Ağbulaq kəndində dünyaya göz açıb. Gözünü açandan, ağlı kəsəndən evlərində atası Mehralının, əmisi aşıq Dünyamalının, eldə-obada ad-ad söylənən Aşıq Məhərrəm Hacıyevin sazının və sözünün sehrinə düşüb. Çox gənc yaşlarından əmisi aşıq Dünyamalı ilə el-el, mahal-mahal gəzib dolaşmağa başlayıb. O cümlədən Gədəbəy rayonunda Aşıq Hüseyn Quliyevin, Tovuzun Bozalqanlı kəndində Aşıq Hüseyn Dəmirçidən də (Aşıq Hüseyn Bozalqanlının yetirməsi və çox məşhur aşıq olub) bəhrələnib. Eyni zamanda misilsiz ustad aşıqlardan olan Aşıq Əsəd Rzayevin, Mirzə Bayramovun ifaçılıq taktikasından bir daha bəhrələnib. Özünə isə əsil ustad Məhərrəm Hacıyevi seçirb. Bütün bu korifeylərdən bəhrələnən aşıq İmran Həsənov saz-söz dünyasında əsil ulduza çevrilir. Onun qaibanə və misilsiz səsini, fitri istedadını, ilahi yaddaşını eşidib görən, aşıq sənətinin Koroğlusu sayılan Aşıq Əsəd Rzayev, Aşıq Mirzə Bayramov, Aşıq Sadıq Soltanov, Aşıq İslam Yusifov, Aşıq Yusif Yusifov, Aşıq Teymur Morullu, Aşıq Talıb Ələsgəroğlu, Aşıq Şəmşir Qurbanoğlu, Aşıq Hüseyn Cavan, xalq şairi Səməd Vurğun, Osman Sarıvəlli, Mirzə İbrahimov və digər korifeylərimiz onun gələcəyinə inandığını və misilsiz ifalarını bəyəndiyini söyləyiblər. Əlbəttə, aşıq İmran sənətinin yenilməz cəngavəri kimi Göyçədə, Borçalıda, Gəncədə, Şirvanda, Bakıda, Naxçıvanda keçmiş Sovet İttifaqının şəhərlərində və müxtəlif respublikalarında konsertlər verib, çoxsaylı el şənliklərində çalıb-oxuyub. Aşıq İmranın Almaniya səfəri unudulmaz bir dastana çevrilib.
Aşıq İmranın söz xəzinəsinin zənginliyi, məclisləri ələ alması onun gərgin əməyinin bəhrəsi demək idi. Bu baxımdan 1956-cı ildə Azərbaycanda keçirilmiş xalq yaradıcılığı festivalında misilsiz çıxışlarına görə, rəhbərlik etdiyi Tovuz aşıqlar ansanblı ilə birlikdə qızıl medalla və birinci dərəcəli diplomlarla təltif olunub.
1957-ci ildə Moskvada keçirilən tələbə və gənclərin 6-cı Ümumdünya festivalının birinci dərəcəli qızıl-medalına və laureat adına layiq görülür. 1959-cu ildə Azərbaycan ədəbiyyatında və mədəniyyətindəki xidmətlərinə görə onu “Şərəf nişanı” ordeni ilə təltif edirlər. 1963-cü ildə Azərbaycan respublikasının "Əməkdar mədəniyyət işçisi" fəxri adına layiq görülür. O, AAB-nin üzvü kimi 3, 4, 5-ci aşıqlar qurultayının nümayəndəsı və idarə heyətinin üzvü seçilib.
Aşıq İmranın məclisləri nüfuzlu alimin belə diqqətini özünə cəlb edib. Onun ənənəvi ifaçılıq vərdişi bir daha yüksək profissionallığından xəbər verir. Məhz buna görə də dekadalarda, festivallarda görkəmli müsiqiçi, xanəndə, professor Bülbül (Murtuz) Məmmədov Aşıq İmranla razılaşırmış. Bu isə Aşıq İmranın kamil və ustad sənətkarlığının göstəricisi idi. Xüsusilə qeyd edirəm ki, ustadın az zamanda parlayıb üzə çıxması keçən əsrin 50-ci illərindən üzü bəri yüzlərlə istedadlı aşıqların çoxalmasına səbəb oldu. Aşıq İmrana xalq və dövlət tərəfindən verilən qiymət, gənclərdə də haqlı olaraq aşıq sənətinə meyllənmənin artmasına səbəb oldu.
Aşıq İmranın yaradıcılığı çoxşaxəlidir. O, şeirin müxtəlif janrlarında qələmini məharətlə sınayıb. Divani, təcnis, çığalı təcnis, qoşayarpaq, ustadnamə, gəraylı, gözəlləmə, nəfəs çəkməz, qıfılbənd, gedər-gəlməz, müxəmməs və digər şeir janrlarında yazıb-yaratdıqlarının adını çəkmək olar. Ustada ithaf olunmuş şeirlərlə yanaşı dövrün tanınmış aşıq və şairləriylə deyişmələri də diqqəti özünə çəlb edir. Bunlardan Osman Sarıvəlli, Mikayıl Azaflı, Əkbər Cəfərov, Mahmud Məmmədov, İsfəndiyar Rüstəmov, Məhərrəm Hüseynli, Ulduz Sönməz, Arzu və başqalarının adını çəkmək olar.
Aşıq İmran yaradıcılığına diqqətlə nəzər salanda görürük ki, onun ürəyinin və qələminin ecazkarlığı bir çox yüksək keyfiyyətlərinə görə fərqlənir. O, olduqca mənalı, sadə, açıq, anlaqlı olmaqla öz mövzusunu real həyat hadisələrindən alıb bəhrələnən söz ustadıdır. Xüsusən ustadnamələri, xalq deyimləri və duyumları şeirlərində əsas yer tutur:
Ədalıq eyləmə ellər içində,
Təmiz arzulu ol , saf niyyətli ol.
Şərdən uzaq dolan, fitnədən kənar,
Böyükdən alqış al, ziyarətli ol.
Aşıq İmranın toxunduğu məsələlərə diqqət yetirin. O, insanları ağıllı, mərifətli, mərhəmətli, savadlı, xeyirxah, nurlu və bütöv şəxsiyyət olmağa səsləyir. Bir ustadnaməsində belə deyir.
Mənalı həyatı hədər dolanıb,
Anın qiymətini zərə dəyişmə.
Hər saatın, dəqiqənin hökmü var,
Bu gününü hər sabaha dəyişmə.
Bütün bu sözlər dəfələrlə xalq tərəfindən sınaqlardan keçmiş aqil və dədə öyüd-nəsihətlərindəndir. Ustadın ustadlığı bir daha ondadır ki, sözdən zərgər dəqiqliyi kimi istifadə edir.
Ustadın təbincə vətənə, torpağa, zəhmətə, zəkaya bağlılıq insanın əlcatmazlığı deməkdir. Ustadın Koroğlunun, Babəkin və digərlərinin adının öz əsərlərində tez-tez hallandırması təsadüfi deyil. Aşıq İmran ulu Tanrıya, haqqa, ədalətə inanan və etiqadı olan sənətkardır. O yalanı, riyakarlığı, mənəviyyatsızlığı, ev yıxanı, dostuna quyu qazanı, əsərlərində tənqid edib. Aşıq sənəti onun üçün canlı bir varlıq deməkdir. Məhz buna görə də aşıq sənətinin çətin, mənalı, həmişə yaşarlılığı haqqında geniş formada sözünü söyləyə bilib. Bu müqəddəs sahəyə ləkə gətirənlərə qarşı barışmaz mövqedə dayanıb. Onun əsərlərində aşıqlığa verilən dəyər özünü təsdiqləyir.
Nə mütrübdü, nə meyxana , nə dərviş,
Dahilərin kəlməsidi aşıqlıq.
Həqiqət nazilər , amma üzülməz.
Tərbiyənin pilləsidi aşıqlıq.
Onun şəyirdi Aşıq Mahmudun və digər aşıqların dediyinə görə Aşıq İmran məclisdə özünü sanki mübariz döyüşçü kimi aparırmış. “Koroğlu”da Koroğlulaşır, “Kərəmi”də Kərəmləşir, ustadlıqda isə dədələşirmiş. Məclis əhlinin qəlbini ram etməyi bacarırmış. Hər saat ərzində köynək dəyişirmiş. Səbəbi də o idi ki, aşıq İmran şahanə səsiylə, məclisdə oyunu və vargəli ilə tez-tez tərləyirmiş. Söz düşəndə deyirmiş ki, aşıq ki, məclisdə aşıq kimi oxuyub danışmadısa, ona verilən pul haramdır. Birdə ki, bu yükü daşımaq məsuliyyətli və çətindir. Məhz buna görə də Aşıq İmran klassik və xalq dastanlarını, indiki və üzü Dədə Qorquddan bizə qədər yaradılan aşıq havalarını böyük professionallıqla, özünə məxsusluğu ilə ifa edirdi. Onun ifa taktikası əksər aşıqlardan fərqləndiyi üçün ən çətin ifa yolu sayılır. Ona görə ki, ifa zamanı zəngulələrin yerli-yataqlı işlədilməsi, şeirin yaranması və açıqlanmasına daimi fikir verərmiş. Təkrarsızlığı bir daha odur ki, o zilxan və coşğun idi. Koroğluda sanki meydanda döyüş aparırdı. Aşıq Əsəd Rzayevin ifa tərzinə oxşar əlamətləri öz repertuarına salmışdı. İfa zamanı klassik aşıqların ifa taktikasının vahid yolunu özündə birləşdirmişdi. “Sənətkaram” deməyində haqqı vardı.
Hər sənətkara qismət olmayan cəsarətli deyim tərzi məhz aşıq İmranda cəmləşmişdi. Sənətkar deyə inamla bu ifadəni işlətməsi eyni zamanda böyük zəhmətin bəhrəsi sayılırdı. Dahilərin, dədələrin, danəndələrin, ustadların yolunun davamçısı olan böyük sənətkarın şeirlərində saz havalarımızın yaradılmasında, onu yaşadanların haqqında qətiyyətli fikirlər söylənilir.
Aşıq İmran yeri, göyü, ərşi-gürşü yaradanın varlığını qəbul edərək, onun mərhəməti və məhəbbətinə tükənməz sevgini əsas tutur. Eşq bəşəriyyətlə, ayla, işıqla, insanla, vətənlə, sonsuz dərəcə istəyin cazibəli təmasıdır. Əslində sevgisiz, eşqsiz, məhəbbətsiz yaşamaq olmaz. Hansısa bir el gözəlinə dediyi bu şeirdə dediyi kimi:
O şux qamətinlə, baxışınla sən,
İnsansan, hurisən, mələksən, nəsən?
Könlümün bağında heç vaxt sönməyən
Gülsən, gülüstansan, çiçəksən, nəsən?
Aşıq İmran yaradıcılığı, ifaçılığı, şəxsiyyəti bütövlüyü elmi araşdırıcılar tərəfindən təhqiq edilməlidir. İllər keçdikcə hər şey köhnəlib, yaddaşlardan silinsə də, ölməzliyini sağlığında qazanan dünya şöhrətli aşığımız İmran Həsənov, əbədiyyət nəğməsini dünya durduqca öz əməlləri ilə yaşadacaq.
Bir vətənpərvər ustad aşıq kimi qələmə aldığı “Qarabağ dastanı” onun ürəyinin məhsuludur. O, bu dastanı daha da genişləndirmək fikirində idi. İnanırıq ki, zaman gələcək, Qarabağımız yağı işğalından azad olacaq. İncik ruhlar rahatlaşan zaman bir daha aşıq İmran da yada düşəcək.
Necə unudaram, necə susaram,
Namusumdu, qeyrətimdi Qarabağ.
Bülbül olub sorağıyla uçaram,
Dildən düşməz vəhdətimdi Qarabağ.
Azmı çıxıb sınaqlardan, oyundan,
Doymaq olmur havasından, suyundan.
Xəbər verim məclisindən, toyundan,
Cənnət olan söhbətimdi Qarabağ.
Məhərrəm Hüseynli
Xalq Cəbhəsi.- 2018.- 24 oktyabr.-
S.14.