Müslüm Maqomayevin
xatirəsi anılıb
Oktyabrın 25-i Azərbaycanın və
SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin vəfatı günüdür. Tanınmış incəsənət və mədəniyyət
xadimləri, ictimaiyyət
nümayəndələri Fəxri
xiyabana gələrək
Müslüm Maqomayevin
məzarı önünə
əklil qoyub, tər çiçəklər
düzüblər. Xalq artisti
Eldar Quliyev çıxış edərək
sənətkarın Azərbaycan
mədəniyyətinin inkişafındakı
xidmətlərindən söz
açıb. Onun
yaradıcılığı Azərbaycanın ən ali dövlət
mükafatlarına, o cümlədən
“İstiqlal”, “Şərəf”
ordenlərinə layiq
görülüb. M.Maqomayevin vəfatından
sonra Bakıda yerləşən musiqi məktəblərindən birinə
onun adı verilib, yaşadığı
binaya xatirə lövhəsi vurulub.
Diqqətə çatdırıb ki, dahi sənətkar
cismən aramızda olmasa da, onun
adı, yaradıcılığı
nəinki unudulmur, əksinə yaddaşlarda
daha da möhkəmlənir.
Kinorejissor böyük sənətkarın
Bakıya olan sevgisindən danışıb,
S.Yeseninin “Əlvida, Bakı” şeirinə yazdığı musiqinin bu sevgidən irəli gəldiyini, bu mahnının onun bir vəsiyyətinə
çevrildiyini söyləyib.
Qeyd edilib ki, Bakıda dünyaya göz açan M.Maqomayev ilk dəfə 1962-ci ildə Helsinkidə gənclər
festivalında diqqəti
cəlb edib. O, “Buhenvald
harayı” və “Ruslar müharibə istəyirlərmi?” mahnılarının
ifasına görə
festivalın laureatı
olub. 1963-cü ildə öz konsertləri ilə sözün əsl mənasında Moskvanı
fəth edib. Onun çıxışları böyük
əks-səda yaradıb.
Müslüm Maqomayev estrada mahnıları
ilə opera ariyalarını
eyni dərəcədə
gözəl ifa edib. 1964-cü ildə Milanın “La-Skala” Teatrında staj keçmək üçün
bir il
müddətində İtaliyada
olub.
Vurğulanıb ki, Milandan sonra Müslüm Maqomayev “Toska” və “Sevilya bərbəri” operaları
ilə Sovet İttifaqının ən
iri şəhərlərində
çıxış edib.
1966-cı və 1969-cu illərdə Parisin məşhur “Olimpiya” Teatrında Maqomayevin qastrolları böyük uğur qazanıb. M.Maqomayev
1969-cu ildə Sopot festivalında birinci mükafata layiq görülüb. 1973-cü
ildə ona SSRİ Xalq artisti adı
verilib. M.Maqomayev 1975-1989-cu illərdə özünün yaratdığı
Azərbaycan Dövlət
Estrada Simfonik Orkestrinin
bədii rəhbəri
olub.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru,
Xalq artisti Azər Paşa Nemətov və digərləri çıxış
edərək sənətkarın
yaradıcılığından danışıb, xatirələrini
bölüşüblər. Vurğulanıb ki, müğənni sovet televiziyasında daim əsas hökumət konsertlərində
və bayram proqramlarında iştirak edib. “Bremen musiqiçilərinin
izi ilə” (1973-cü
il) populyar
cizgi filminin qəhrəmanı Trubadur
məhəbbət serenadasını
Müslüm Maqomayevin
səsi ilə oxuyur.
Müslüm Maqomayevin diskoqrafiyasına 45-dən çox qrammofon valı,
habelə 15 kompakt-disk, o
cümlədən “Sənə minnətdaram”, “Opera
və müzikllərdən ariyalar. Neapol mahnıları” , “Sovet
estradasının ulduzları. Müslüm
Maqomayev.” , “Məhəbbət mənim
mahnımdır. Xəyallar ölkəsi” diskləri və s. daxildir. Onun
xidmətləri sadalamaqla bitmir.
Bir sözlə, M.Maqomayevin
bənzərsiz yaradıcılığı insanların qəlbində
silinməz iz qoyub.
Xalq Cəbhəsi.- 2018.- 26 oktyabr.-
S.16.