İrəvan xanlığı birinci Rusiya-İran müharibəsi dövründə

 

 

12-ci yazı

 

Kartli-Kaxetiya çarlığı Rusiyaya birləşdirildikdən sonra bölgəni narazılıqlar bürümüşdü. Bu qarışıqlığı yatırmaqda aciz qalan baş komandan K.F.Knorrinqin siyasəti çar I Aleksandrın narazılığına səbəb olmuşdu. Buna görə, 1802-ci ilin sentyabrında P.D.Sisianov çarın fərmanına əsasən baş komandan təyin edildi. Onun baş komandan təyin edilməsi ilə Rusiyanın Gənubi Qafqazı işğal etmək planı gerçəkləşdi. Şöhrətpərəst, qəddar, kobud, lakin bacarıqlı sərkərdə olan P.D.Sisianov 1796-cı ildə V.A.Zubovun başçılığı ilə rus qoşunlarının Aərbaycana yürüşündə iştirak etmiş və Bakının komendantı təyin olunmuşdu. O, Azərbaycana yaxşı bələd idi. Lakin Rusiya hökumətinin məhz P.D.Sisianovun komandan təyin edildiyi bir vaxtda planlarını gerçəkləşdirməsinin bir neçə səbəbi vardı. Birinci əsas səbəb, beynəlxalq vəziyyətin Rusiya üçün əlverişli olması idi.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, XVIII əsrin sonları - XIX əsrin əvvəllərində Fransa ilə Böyük Britaniya arasında Avropa və Asiyada iqtisadi və siyasi hegemonluq üstündə mübarizə gedirdi. Həm fransızlar, həm də ingilislər Orta Şərqdə müstəmləkəçilik planlarını həyata keçirmək üçün Qacar İranından istifadə etmək qərarına gəlmişdilər. Lakin İngiltərə Napoleon Fransasına qarşı mübarizədə Rusiyadan dəstək aldığından, bu ölkənin Cənubi Qafqazdakı fəaliyyətinə müvəqqəti göz yumurdu. İkinci, Cənubi Qafqazda Rusiyanın ən ciddi rəqibi olan Osmanlı dövləti bölgədə hadisələrə fəal müdaxilə etmək iqtidarında deyildi. 1768-1774 və 1787-1791-ci illər Rusiya-Osmanlı müharibələrindən sonra Osmanlı imperiyası tamamilə zəifləmişdi. Bu müharibələr zamanı Qara dəniz sahillərində, Şimali Qafqazda möhkəmlənən Rusiyanın Cənubi Qafqazda işğal planlarını həyata keçirmək üçün ciddi rəqibi qalmamışdı. Üçüncü mühüm səbəblərdən biri Rusiyanın uzun illər casuslar tərəfindən Cənubi Qafqazın iqtisadi, siyasi, hərbi cəhətdən kifayət qədər məlumat toplayaraq vəziyyəti düzgün qiymətləndirməklə ətraflı planlar qurmasında idi. Dördüncü, işğal planını həyata keçirən qoşunların təchizat məsələlərinin başa çatdırılması, Kartli-Kaxetiya çarlığının Rusiyaya birləşdirilməsilə rus qoşunlarının Azərbaycana hücumu üçün əlverişli meydanın əldə etməsi idi. Beşinci, Qacar İranının Azərbaycan xanlarını özünə tabe etmək istəyinin gerçəkləşməsində idi. Ağa Məhəmməd şah vəfat etdikdən sonra hakimiyyətə gələn Fətəli şah İranda rəqiblərini məğlub etdikdən sonra Azərbaycan xanlarını özünə tabe etmək üçün əl-qolu açılmışdı. Digər tərəfdən, ikiüzlü siyasət yeridən Fransa və İngiltərə Rusiyanın Qafqazda işğalçılıq planlarının qarşısını almaq üçün Qacar İranından istifadə edirdilər. Altıncı, xanlıqlar arasında olan düşmən münasibətlər, bir-birinə olan torpaq iddiaları, ara müharibələri bu xırda dövlətləri zəiflətmişdi. Onların bir-biri ilə yola getməməsi «parçala və hökm sür» siyasəti yeridən Rusiya üçün əlverişli idi.

Qeyd etmək lazımdır ki, Azərbaycanın digər xanlıqlarından fərqli olaraq Rusiyanın İrəvan xanlığının daxili işinə müdaxiləsi daha əvvəl başlamışdı. Rus komandanlığı Eçmiədzində katolikos taxt-tacı uğrunda gedən mübarizəni bəhanə edərək Məhəmməd xana təzyiq göstərirdi. İrəvan xanlığına müdaxilədə rus komandanlığının əlində bəhanə olan bu hadisəni ətraflı təsvir etmək istərdik. Belə ki, 1801-ci ilin martında Eçmiədzin katolikosu Arqutinski Tiflisdə vəfat etdi. Katolikos vəzifəsinin boş qalmasından istifadə edən arxiyepiskop Davıd İrəvan xanına çoxlu hədiyyə verərək onun köməyi ilə 1801-ci il aprelin 28-də bu vəzifəyə seçildi. Onun namizədliyini dəstəkləyən Məhəmməd xan, hətta Davidin təhlükəsizliyi üçün Eyvaz Sultanın rəhbərliyi altında Eçmiədzində bir dəstə qoşun da yerləşdirmişdi.

Lakin erməni zadəganları buna etiraz edərək, İstambulda yerləşən erməni kilsəsinin arxiyepiskopu Danili katolikos seçdilər. Vəzifəsini icra etmək üçün Danil Bəyazidə gəldi. Lakin İrəvan xanı ilə normal qonşuluq münasibətində olan Bəyazid hakimi Mahmud paşa onu həbs edərək Məhəmməd xana təhvil verdi. Xan onu Eçmiədzinə Davıdın yanına göndərdi. Danil isə burada rəqibi tərəfindən dustaq edildi.

Ermənilər Rusiyanın diqqətini İrəvan xanlığına cəlb etmək üçün Davıdlə Danil arasında katolikos vəzifəsi uğrunda baş verən mübarizədən məharətlə istifadə etməyə başladılar. Onlar çar I Aleksandrın diqqətini də bu məsələyə yönəldə bilmişdilər. Ermənilərin qızışdırıcı fəaliyyəti haqqında Nasir Nəcmi «Abbas Mirzə» əsərində dolğun bir şərh vermişdi. O, yazır: «Müharibə odunu qızışdırmaq üçün böyük, əsaslı bir səbəb olmuşdu. Bu əyalətdə (Azərbaycanda-E.Q.) yaşayan bəzi ermənilər mənafeyinin rusların mənafeyi ilə uyğun olduğunu düşünərək cürbəcür təşəbbüslərə başlamış, çarları, saray xadimlərini ələ almaq, həvəsləndirmək, hər cür vasitələr təşkil etməklə rus çarlarının nəzər diqqətini bu yerə cəlb etmişlər. Bəzən də müsəlmanlara qarşı kin, düşmənçilik münasibəti bəslədiklərinə görə onlar rusların burada müdaxiləsinə imkan yaratmağa və rusların köməyilə intiqam alaraq müsəlmanları hər sahədən, xüsusən iqtisadi və ticarət sahəsindən kənar etməyə səy etmişlər».

David-Danil arasında gedən mübarizə belə hadisə idi. Onlar Davidi yalançı katolikos adlandıraraq kömək üçün Rusiyaya müraciət etdilər. İrəvan xanlığının daxili işlərinə qarışmaq üçün belə imkanın ələ düşməsindən istifadə edən Rusiya bu hadisədən yararlanmağa çalışdı. Rusiyanın Cənubi Qafqazdakı hərbi dairələri Məhəmməd xana təzyiq göstərmək üçün bu məsələni Danilin xeyrinə həll etməyi ondan tələb etməyə başladılar. Baş komandan K.F.Knorrinq Məhəmməd xana məktub yazaraq Danili katolikos vəzifəsinə təyin etmək üçün yardım göstərməsini tələb etmişdi. O, yazırdı ki, əgər xan Danili katolikos kimi tanısa, Rusiya hökumətinə sadiqliyini sübut etmiş olardı. Məhəmməd xan Rusiya ilə münasibətləri kəskinləşdirməmək üçün öz növbəsində baş komandana yazırdı ki, «O, Rusiyaya sadiqdir. Rusların ondan hər iki arxiyepiskopun patriarx (katolikos-E.Q.) vəzifəsinə təyin edilməsi üçün xahiş etmələri onu təəccübləndirir». Xan rus qoşunlarının sabiq baş komandanı Kovalenskinin Davıdın xeyrinə yazdığı bir neçə məktubu fakt kimi göstərmişdi. Hətta bu məsələ ilə bağlı çar I Aleksandr (1801-1825) 1802-ci il mayın 13-də İrəvan xanına xüsusi fərman göndərmişdi. Həmin fərmanda göstərilirdi ki, Danil erməni xalqının arzusu ilə seçildiyinə görə, Məhəmməd xan onun katolikos vəzifəsinə keçməsinə kömək etməlidir. Fərmanda Danilin katolikos təyin edilməsində sultanın da razı olduğu göstərilmişdi. Bundan əlavə baş komandan general-leytenant K.F.Knorrinqin göstərişi ilə İ.Qençaurov 1802-ci il sentyabrın 21- də İrəvana gəlmişdi. Sentyabrın 28-də Məhəmməd xanın qəbulunda olan elçi onu Danilin namizədliyini dəstəkləməyi inandırmağa çalışsa da, xan Davidin qanunla seçildiyini qeyd edərək, onu dəstəklədiyini bildirmişdi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, P.D.Sisianov rus qoşunlarının baş komandanı təyin edildikdən sonra bu məsələdə İrəvan xanlığına təzyiqi daha da gücləndirdi. Ona verilən təlimata görə, «baş komandan Danilin tərəfdarları ilə patriarx Davıdın tərəfdarları arasında olan rəqabəti bütün vəziyyətlərdə yerindəcə tədqiq etməli» idi (144,120). Vəzifəsinə yenicə başlayan P.D.Sisianov 1803-cü il fevralın 6-da Məhəmməd xana məktub göndərdi. Məktubda yazırdı ki, «Mən bu şəhərə (Tiflisə-E.Q.) Gürcüstanın baş komandanı vəzifəsində gəldiyimi siz alihəzrətə bildirməyi özümə borc hesab edirəm, sizi möhkəm və səmimi dostluğa çağırıram. Əsasən, sizin xeyrinizə olan böyük Rusiyanın təbəəliyinə keçməlisiniz. Bunun üçün birinci sübutunuz, mənim sizə yolladığım, mərhəmətli Rusiya imperiyasının böyük kansleri qraf Voronsovun böyük Rusiya və böyük sultan tərəfindən təsdiq edilən bütün ermənilərin patriarxı (katolikos-E.Q.) Danil haqqında yazdığı fərmanını dəqiq icra etməlisiniz». Danil həbsdə olarkən P.D.Sisianov Məhəmməd xana təzyiqi daha da gücləndirdi. O, çara yazdığı məktubda bildirirdi ki, «Mən o saat, öz adımdan İrəvan xanına əlavə bildiriş göndərərək tələb etdim ki, patriarx (katolikos-E.Q.) Danili azad etsin. Əlavə etdim ki, belə bir ədəbsiz hərəkəti şifahi və məktubla deyil, işdə əməl etsin, əks halda inadına görə peşman olacaq». Rus komandanlığı ilə münasibətləri gərginləşdirməmək üçün Məhəmməd xan Danilin azad buraxılması üçün Davıdə xüsusi göstəriş verdi. Lakin Danil yenə də katolikos təyin edilmir və İrəvan xanının nəzarəti altında yaşayır.

P.D.Sisianov 1803-cü il fevralın 9-da knyaz Tomas Orbelianinin başçılığı altında İrəvana xüsusi nümayəndə heyəti göndərdi. Heyət Məhəmməd xana və Kəlbəli xana Danilin katolikos vəzifəsinə təyin edilməsinə köməklik göstərməsi haqqında qraf Voronsovun və P.D.Sisianovun adından yazılmış məktub gətirmişdi. Bundan əlavə, heyət İrəvan haqqında gizli məlumatlar da toplamalı idi. Bu heyətin tərkibinə daxil olan kapitan Çuykoya verilən təlimata görə, o, xüsusi kəşfiyyat işi görməli idi. Kapitan gizli olaraq İrəvan qalasının möhkəm və zəif yerlərini, Kartli-Kaxetiyadan İrəvana gedən əlverişli yolları öyrənərək kağız üzərinə köçürməli idi. Lakin göndərilən heyətin fəaliyyəti heç bir nəticə vermədi. Martın 7-də geri qayıdan heyət Məhəmməd xandan P.D.Sisianova məktub gətirmişdi. Məktubda xan rus komandanlığının bütün tələblərini rədd edirdi.

İrəvan xanının inadkarlığını görən P.D.Sisianov İrəvan xanlığına müdaxilə etmək üçün bu əlverişli imkandan istifadə etmək qərarına gəldi. O, 1803-cü ilin martında çara göndərdiyi məlumatda yazırdı ki, «Məhəmməd xan əlahəzirət imperatorun Danili erməni patriarxı kimi tanınması haqqında ali göstərişini yerinə yetirməkdən imtina edir. Onun cəzasız qalması silahla ələ keçirdiyimiz yerlərdə əlahəzrətin nüfuzunu zəiflədir. Ona görə də, mən, Məhəmməd xanı cəzalandırmaq, Danili erməni patriarxı (katolikosu-E.Q.) təyin etmək üçün İrəvana getməli və orada qarnizon yerləşdirməliyəm. Yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd edirlər».

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 26 oktyabr.- S.13.