Milli parlamentin milli dil təəssübkeşliyi
Azərbaycan
Xalq Cümhuriyyəti elan ediləndən az
sonra türk (Azərbaycan) dilinin dövlət dili olması
haqqında qərar qəbul etdi. Və bu qərarın de-
fakto olaraq necə həyata keçməsi prosesini göstərən
ən mötəbər (və ali!) mənbə
Azərbaycan Məclisi-Məbusanının iclaslarıdır.
İclaslardakı çıxışların mütləq
əksəriyyəti dövlət dilində olsa da, müəyyən
qismi rusca edilmişdir; hərdən bir «rusca! rusca!»
qışqıranların səsi gəlsə də,
aparıcı tendensiya «türkcə»nin müdafiəsində
inamla dayanmış və ümumiyyətlə, Azərbaycan Məclisi-
Məbusanı Azərbaycan dilini yalnız de- yure deyil, de- fakto
da dövlət dili səviyyəsinə yüksəldə
bilmişdir.
Ancaq bu, o
qədər də asan olmamışdır…
1918- ci ilin 16 noyabrında Azərbaycan Cümhuriyyəti
Parlamentinin təsis iclasını açarkən Milli Şura
sədri M.Ə.Rəsulzadə, tamamilə təbiidir ki, tarixə
bir nəzər salaraq demişdir:
«Azərbaycanlılar, necə ki hamınıza məlumdur,
heç vəqt hürriyyət və istiqlaliyyət fikrindən
ayrılmayaraq daima bu uğurda çalışmış,
mübarizə eləmişlərdir, Rusiya çarizmi
dövründə onların fəaliyyəti yalnız milli ədəbiyyat,
milli məktəb, milli mədəniyyət mübarizəsində
təzahür etmişdir. Çarizmin süqutu ilə
bütün millətlər əl- ələ verib müqəddərati-
milliyyələrinin həlli, hüquq və istiqlaliyyətləri
yolunda çalışırdılar» (qeyd: məqalədə
verdiyimiz bütün misallar professor Şirməmməd
Hüseynovun «Azərbaycan» qəzetində parlament
hesabatları və şərhlər» üçcildliyindən
alınmışdır).
Parlamentin
7 dekabr 1918- ci il tarixli iclası barədəki
«Təəssürat»ında isə Üzeyir Hacıbəyli
yazır:
«Padşahlı məmləkətlərdə məclisi-
məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin
Məclisi- Məbusanını bir nəfər vətən
övladı açdı».
Və
Üzeyir bəy həmin «vətən övladı»nın- M.Ə.Rəsulzadənin
nitqinin mükəmməlliyindən bəhs edəndən sonra
baş nazirə keçir:
«Növbət ministrlər rəisi Fətəli xan
Xoyskiyə yetişdi.
Xudavandi- aləm hər yerdə istibdad varsa, evini
yıxsın, necə ki rus istibdadının evini
yıxdı.
Qoyurdularmı ki, vaxtında dilimizi ögrənək ki, yeri
düşəndə danışarkən fikrimizi söyləmyə
söz axtarmağa möhtac qalmayaq!
Bavücudin Fətəli xan çox da duruxa- duruxa
danışmırdı, dilinə hətta rəvan demək də
caizdir.
Anasından ögrənmiş dilinə bir qədər də
türk qəzetələri mütaliəsindən və bir də
Osmanlı türk arkadaşlarımız ilə bir müddət
təmasda bulunub deyunub deyib- danışmağ məcburiyyətindən
hasil olan sözləri qatıb, bir dil düzəltmişdi ki,
onunla ifadeyi- məram edirdi.
Fətəli xan zatən nitq söyləmirdi. O, məbuslar əfəndilərlə
dərdləşmək istiyordu, dərdini söyləyib
şikayət edirdi».
Və bu
nitqdən bir parça:
«Ən böyük rəlalətmiz bu idi ki, o vəqt
hökumət göydən asılı kibi idi. zira
hürriyyət,ədalət, üxuvvət bayrağı
daşıyanlar Bakıyı əlimizdən almış, bizi
paytaxtsız qoymuşdular. Azərbaycanın
kökünü təşkil edən, məmləkətin həqiqi
sahibi olan müsəlmanlar qətliam edilərək
Dağıstan, İran və Turana
dağılmışlardır. Şəhərdə bir
iş görəcək adamımız qalmamışdı…
Şükürlər olsun ki, artıq məqsədlərimizin
bir çoxuna çatdıq: Bakı əlimizə
keçdi…»
Fətəli
xan Xoyski Məclisin 26 dekabr 1918- ci il tarixli
5- ci iclasındakı hesabatında demişdir:
«Məarif nəzarəti hər kəsə imkan verməlidir
ki, öz ana dilində oxusun. Böylə imkan verilməmək
bəlasındandır ki, bu gün bən sizinlə istədiyim
kibi danışa bilmiyorum. Bizdə böylə
olmamalıdır».
Azərbaycan Cümhuriyyətinin dil məsələsində
tutduğu demokratik yol bu sahədə müəyyən problemlər
də yaratmışdır. Belə ki, bəzi millət vəkilləri
rusca danışmağa üstünlük vermişlər ki,
bu barədə Ü.Hacıbəyli öz «Təəssüt»larından
birində yazır:
«Raboçi klubda rus fəhlələri müsəlman
natiqlərindən rusca danışmağı tələb
edirmişlər. Parlamanda dəxi hərdən bunu tələb
edənlər olmayır deyil, fəqət tələb edənlər
ruslar degildir.
«Rusca,
rusca!» – deyə hərdəm yerlərindən
əmr verən məbus əfəndilərimizi mən başa
düşürəm: istəyirlər ki, qeyri- müsəlman
məbusanlarımız həqqində əvvəla adi «nəzakət»
rəsmiyyəti icra edilsin və saniyən danışılan
məsələlərdən, təklif olunan qərarlardan
onlar da müxbir olub işdə iştirak etsinlər.
Buna
heç bir sözümüz yox! Hələlik
bu dilə möhtacıq və istimalına da məcburuq.
Lakin rusca danışılmasın, rusca ancaq tərcümə
edilsin»…
Ü.Hacıbəyli Məclisdə «adi söhbətlər»
məsələsinə də toxunaraq göstərir ki, «məbuslar
ilə rəis əfəndi arasında və ya məbuslarımızın
öz aralarında təati edilən sözləri rusca
sögləməyə heç bir ehtiyac yoxdur.
– Pozvolte
mne dva slova!
– Vı o
çem?
– Ya na
sçet zayavleniye çlena!..
Bunun kimi mükaliməyyi parlamanda rusca keçirtməgə
nə hacət? Bir halda ki danışan da türkdür,
danışdırılan da…»
Üzeyir
bəy Məclis üzvü Səfikürdskinin «zapros» əvəzində
«sorğu» sözünü işlətməsini də təqdir
etmiş və tamamilə doğru olaraq əlavə eləmişdir
ki, «zatən bu sözü Səfikürdski cənabları
özündən çıxarmayıbdır. Dilimizin mənbəi-
sərvəti olan… kəndlərimizdə..
«sorğu- sual» sözü vardır.
…Zənn
edirəm, bu «sorğu» sözünü «zapros» yerinə Səfikürdski
ilə barəbar hamımız dəxi işlətsək,
uduzmarıq ki, udarıq. Türkiyə Məclisi- Məbusanında
«zapros» sözünə «təqrir» denildiyi qəzetələrdən
anlaşılmaqdadır».
Ümumiyyətlə, müşahidələr göstərir
ki, Cümhuriyyət Parlamentində hüquq terminlərinin
milliləşdirilməsi meyli güclü olmasa da, hər
halda yox deyildi.
Məsələn,
17 mart 1919- cu il tarixli iclasda Məclisi- Məbusan
Nizamnaməsi qəbul edilərkən Məhəmməd
Əmin Rəsulzadə deyir:
«Nizamnaməni qəbul etdiniz. Lakin türkcə
istilahının təshihata ehtiyacı vardır. Ona görə təklif edərdim ki, Nizamnamə təshih
üçün Təshih komisyonuna verilsin».
Parlamentin
25 fevral 1919- cu il tarixli iclasında «hərbiyyə
nəzarətinin müvafiq məmurlarına verilən isimlər
barəsindəki qanun layihəsi» müzakirəyə
çıxarıldı. Və Məclisə sədrlik edən
Həsən bəy Ağayev məlumat verir:
«… Ərz etməliyəm ki, hərbiyyə nazirimiz həyatının
qismi- əzəmini Rusiya daxilində keçirdiyindən və
məruzədə bir çox xüsusi islahlar (istilahlar – N.C.)
olduğundan onları türkcə deməyə qadir degildir.
Ona görə də özü rica ediyor, bən
də öz tərəfimdən təvəqqe ediyorum, bu
günlüyə istisna olaraq izin verəsiniz, mətləbini
rusca söyləsin. Çünki mətləb
əhəmiyyətlidir və türk dilində mühüm mətləbləri
izah edəmiyəcəkdir».
Və
yerlərdən səslər gəlir:
«Qəbuldur,
qəbuldur!»
Hərbiyyə
naziri Səməd bəy Mehmandarov çıxışına
belə başlayır:
«Bən qabaqca parlamandan üzr istəməliyəm ki,
rusca danışacağam. Çox utanıyorum
ki, öz dilimi Məclisi- Məbusanda danışmaq qədər
bilmədiyimdən rusca söyləməyə məcburam».
Hərbiyyə nəzarətinin fəaliyyəti
müzakirə edilərkən Məclis üzvü Rəfiyev
bildirir ki, araqarışdıranlar «guya komanda türk dilində
degil, rus dilindədir» yalanını yayırlar, halbuki «komanda
türk dilindədir».
Məclisin
14 aprel 1919-cu il tarixli iclasında Rəisi-Vükəla
Nəsib bəy Yusifbəyli deyir:
«Məlumunuzdur:
istiqlalımız həp məarifə bağıldır. Əgər milli məarifimiz, milli məktəbimiz tərəqqi
etməzsə, bizim üçün fəlah və nicat
ümidi qalmaz. Hökumət bunu biliyor.
Bunun üçün ibtidai təhsilin ümumi olmasına əsas
hazırlamya və işbu eylüldən etibarən mütəəddid
ibtidai məktəblər açmaya təşəbbüs edəcəkdir…
Mövcud edadilərdən bir qismi tədricən
milliləşdiriləcək, digər qismi isə
qeyri-müslim çocuqlar üçün rus lisanında ibqa
ediləcəkdir. Hər millətin kəndi
lisanında oxumasına heç bir maneə
olmadığından onların çocuqları
üçün hökumət hesabına məktəblər
açılacaqdır.
…Tiflisdə
bulunan Mavəzayi – Qafqaz darülfünununun paytaxtımıza
nəqli üçün müzakirata girişilərək
eylül ibtidalarında tədrisata burada dəvam edilməsinə
səy və iqdam edilməkdədir.
Darülfünunumuzda, təbii, lisanımızın,
tariximizin. Ədəbiyyatımızın inkişafına xidmət
edə biləcək kürsülər
açılacaqdır».
Nəsib
bəy Yusifbəylinin bəyənnaməsi müzakirə
olunarkən parlament üzvü doktor Koxman söz alır:
«Koxman – Hökumətin bəyannaməsi ruscaya tərcümə
olunmadığına görə, biz səs verə bilməyəcəgiz.
Səslər
– Tərcümə edilsin… Veriniz tərcüməsini özləri
oxusunlar…
Sədr –
Belə olan surətdə belə eləmək olar: bəyannaməni
verək özləri oxusunlar, o vəqtə qədər tənəffüs
elan ediyoram».
Tənəffüsdən
sonra Koxman mövqeyini bildirir:
«Hökumət bəyannaməsi rusca tərcümə
edilmədigindən və biz onun məzmununu bilmədigimizdən
formulaya səs verə bilməyəcəgizi xəbər
vermişdik. Şimdi məzmununa aşina olduq. Ona görə də ləhinə səs verəcəgiz».
Məclisin
7 avqust 1919-cu il tarixli iclasında təbəəlik
haqqında qanun layihəsi müzakirə edilərkən
«qeyri-müsəlman məbuslar tərəfindən bir təklif
varid oluyor. Məsələ mühüm
olduğundan rusca danışılsın, yaxud türkcə
irad olunan nitqlər ruscaya tərcümə edilsinlər».
Və bu zaman Məclis üzvü Mustafa Vəkilov yerindən
deyir:
«Qətiyyən öylə şey olmaz. Məclisi-Məbusanda
rusca nitq söyləmək qanunumuzda yoxdur».
Slav-rus cəmiyyətinin
nümayəndəsi Kravçenkov, təbii ki, rusca
çıxış edərək məsələni
yumşaltmağa çalışır:
«Burada
sizin milli hissinizə toxunacaq bir şey də yoxdur… Xahiş ediyoruz, bu məsələ haqqındakı
nitqlər rus dilində irad, yaxud türkcə söylənib də
ruscaya tərcümə edilsinlər».
Müsavatçı
Mustafa Vəkilov məsələyə münasibətini daha kəskin
bir şəkildə bildirməli olur:
«Bən başa düşmüyoram, həddindən ziyadə
səbrli olduğumuzdanmı, yaxud hər şeyə kəmetinalıq
göstərdiyimizdəndir ki, bu gün bizə Məclisi-Məbusanımızda
bizdən əcnəbi dildə
danışmağımızı tələb ediyorlar. Ümum millətlərdə,
hər bir dövlətdə qəbul edilmiş və heç
vəqt əl vurulmamış olan əsaslardan birisini biz də
qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə
qəbul etmişik ki, Məclisi-Məbusanda öz dilimizdə
danışaq. Bizim dilimiz var. O dildə
danışmağa həqqimiz var. Və danışmağa qərar
vermişik. Qaldı ki, bizim uca səslə
bu kürsüdən verilən dərsə də ehtiyacımız
yoxdur. Milli hissiyatımıza nə toxunar,
nə toxunmaz, onu özümüz yaxşı biliyoruz. Uca səslə demək lazım degildir. Bundan əlavə,
bu vəqtədək Məclisi-Məbusanda bundan daha
böyük, daha mühüm məsələlər
müzakirə və həll edilmişdir…
…Burası
Azərbaycan Məclisi-Məbusanıdır. Azərbaycanlıların
öz dili var, öz Məclisində öz dilini danışmalıdır,.. bir
də böylə təkliflər edilməməlidir. Nitqlərin türkcə irad edilib də ruscaya tərcümə
edilməsinə ki, necə bu vəqtədək Parlamanda
heç vəqt böylə şey olmamışdır, bundan
böylə də olmamalıdır, ola da bilməz».
Dil məsələsi
özünü tamamilə fərqli (və yüksək
intellektual) səviyyədə Azərbaycanda Universitet
açılıb-açılmaması ilə bağlı 21
avqust 1919-cu il tarixli iclasda ortaya
çıxır…
Məclis
üzvü keşiş Kravçenkov bu hadisədən
şovinist məqsədlərlə sui-istifadə etmək istəyir:
«…Bizi
vadar ediyor inanaq ki, cavan Azərbaycan darülfünunu rus
ülum və fünununa dara və bu mənbədən
çıxacaq, elmiyyə əxz edəcək olanların qəlbində
rus mədəniyyətinə qarşı məhəbbət
odu yandıra biləcək bir çox adamlar görəcəkdir.
Doğrudur, elm beynəlmiləldir (səslər: «doğrudur!»), fəqət darülfünuna rus
professorları cəlb edilməsi bizi ruhən şad ediyor ki,
Bakıda tezlik ilə darülfünun açıla biləcək
və rus elmi, rus mədəniyyəti qalib olacaqdır
(gülüş, səslər, anlaşılmaz sözlər
– səs-küy)».
Və bu
«səs-küy»ün içində nələrin «gizləndiyi»ni anlamamaq mümkün deyil…
Məhəmmə
Əmin Rəsulzadə keşişə dərhal cavab verib
deyir:
«Yaxşı olardı ki, bu elm və mədəniyyət
mənbəyi türkcə olaydı. Fəqət hələlik
bu mümkün degildir. Fəqət bu maneədə
heç vəqt və heç kəsi özgə dildə də
olsa darülfünun açmaqdan
daşındırmamışdır, daşındırammaz
da… Kravçenko «rus-rus» deməklə bizi qorxudamaz… Bundan əlavə, məlumunuzdur ki, darülfünun
açılan gündən milliləşdirmə binövrəsi
qoyuluyor. Darülfünunda türkcə tədris
ediləcək və tələbələrimiz türk
mühiti içərisində öz millətinə yaxın
olacaqlardır».
Daha
müfəssəl (və professional) izahı isə Maarif
naziri Rəşid xan Kaplanov təqdim edir:
«…Bənligini
dərk etmiş bir millət üçün heç bir
imtahan qorxunc degildir… Bən zənn ediyorum ki, nəinki
yalnız Azərbaycan, bəlkə bütün türk aləmində
mövcud qüvveyi-elmiyyələr bu adı (söhbət
«milli darülfünun təsis etmək»dən gedir – N.C.)
daşımaya layiq bir darülfünun açmaq
üçün kifayət etsin. Fəqət
o qədər qüvveyi-elmiyyəmiz olsa belə, məktəbi-aliyyədə
mühazirələri türkcə anlamaq istedadına malik tələbələrimiz
yoxdur. Heç kəsdən gizli deyil ki,
cavanlarımızın əksəri ana dilini pək zəif
biliyor. Bəziləri hal-hazırda milli
darülfünun açmaq qeyri-mümkün olduğuna istinadən
cavanlarımızın əcnəbi məmalik
darülfünunlarına göndərilmələrini tərcih
ediyorlar.
…Bu
yaxunlarda hüzurunuza təqdim ediləcək olan
layiheyi-qanuniyyədən görəcəksiniz ki, əcnəbi
məmləkətlərə yüz tələbə göndərmək
üçün tam bir darülfünun saxlamaq qədər xərc
lazım oluyor.
…Bən tələbələrin
əcnəbi məmləkətə göndərilməsi əleyhində
degiləm… Amma bu yol bizi milli darülfünuna
aparmaz. Onu yaratmaq üçün həqiqi
çarə tez zamanda zəngin Avropa dillərindən birisində
bir darülfünun açmaqdır.
Yaşadığımız şərait altında bu dil rus
dilidir… O darülfünun Azərbaycan dövlətinə və
türk mədəniyyətinə xidmət edəcəkdir».
Azərbaycan
Cümhuriyyətinin Maarif naziri onu da əlavə edir ki:
«Zira həmin
darülfünunun fəaliyyəti ayılmış,
yaşamaq istəyən, zəngin bir lisana malik, mədəniyyətcə
bəşəriyyətin mühüm bir qismilə mərbut
olan bir millətin milli arzu və amalı ilə dolmuş bir
mühit içərisində cari olacaqdır… Böylə
əlverişli bir mühit daxilində… türk lisanı tədrisini
yaxşı bir şərait altına qoymaq və sairə kibi
bir çox tədabir ilə darülfünunumuzu müntəzəmən
milliləşdirə biləriz».
Məclisdə
Universitet məsələsi müzakirə olunan günlərdə
Ü.Hacıbəyli «Azərbaycan» qəzetində (21 sentyabr
1919-cu il) «Milliləşmək» məqaləsini
dərc edir. Və həmin məqalə belə
başlayır:
«Dövri-istibdaddan qalmış və bu gün Azərbaycan
istiqlaliyyətinə yaraşmayan bir para işləri
«likvidasiya» etmək, yəni aradan götürmək yolunda
hökumətimiz ciddiyyətlə işləməkdədir. Bu… işlərin
biri də rus dilidir ki, bu günə qədər aramızda
hökumət lisanı hökmündə qalıb, Azərbaycan
istiqlalının şərəfini azaltmaqla bərabər, Azərbaycan
türkləri üçün dəxi az müşkülat
törətmiyor».
Və
Üzeyir bəy belə bir tarixi (eyni zamanda müasir!) paradoksu
xatırladır ki:
«Azərbaycan
türk dili ümumqafqazda yaşayan müxtəlif lisanlı
millətlər arasında ümumi bir dil olmaq kibi böylə
bir beynəlmiləl əhəmiyyəti haiz olduğu halda, yəni
bir erməninin bir dağıstanlı, bir malakanın bir
gürcü ilə qonuşub danışmaq üçün
türk dilinə müraciət etməyə məcbur
olduqları bir halda, bu dilə malik olan türklərin rus dilinə
möhtac qalması nə qədər qərib və nə qədər
gülünc bir haldır».
Bəs səbəb nə idi?
Dahi millət
xadimi yazır:
«Bu qeyri-təbii
hal, əlbəttə, rus istibdadının bərəkətindəndi
ki, ruslaşdırmaq politikası sayəsində Azərbaycan
türkləri öylə bir şərait içində
yaşıyorlardı ki, həmişə rus dilinə
möhtac qalırdılar… Türk dilinə dara
olanlar bunu həyata tətbiq etmək və bundan məişət
və güzaranları üçün bir faidə almaq
imkanından məhrum edilmişlərdi. Rus istibdadı hər
bir «bənd-bərə»ni kəsib dilimizə heç bir yerdə
yol vermiyordu»…
Üzeyir
bəy «milliləşmək xüsusunda» Maarif naziri Rəşid
xan Kaplanovun xidmətlərini yüksək qiymətləndirir:
«Milliləşmək
xüsusunda maarif naziri tərəfindən iki böyük isə
iqdam olunubdur: biri məktəblərin, digəri isə
ümumhökumət müəssisələrinin milliləşdirilməsidir.
Məktəblərin milliləşdirilməsi,
doğrudan-doğruya, icra edilməkdədir. Müəssisələrin milliləşdirilməsinə
isə bilavasitə iqdam edilib və vasitə olmaq üzrə
bilatəfriq millət ümumməmurlarımız
üçün türk dili kursları açılıbdır.
Azərbaycan hökuməti dairələrində qulluq etmək
istəyən və türk dilinə dara olmayan ümumməmurlar
haman kurslara girib türk dili ögrənməyə
məcburdurlar. Maarif naziri həzrətlərinin
bu yolda ciddiyyətlə çalışmaları şayani-təbrik
və layiqi-təhsindir. Bizə məlum
olduğu üzrə nazir həzrətlərinin böylə
milliləşdirmək tədbirlərinə qarşı
protesto edən və bu iqtimatdan saki olanlar vardır. Lakin
eşitdigimizə görə, nazir həzrətləri
heç bir güzəştdə bulunmamağa qərar
vermişlərdir»…
Bu
sözlərin həqiqət olduğunu göstərən bir
mühüm dəlil də ondan ibarətdir ki, bunu Üzeyir bəy
deyir…
Məlum
olduğu kimi, Cümhuriyyət Məclisindəki qeyri-müsəlman
üzvlər, adətən, ümumxalq (ümumdövlət)
marağından deyil, milli azlıq və ya icma maraqlarından
çıxış etmişlər ki, onların biri də
erməni Malxazyan olmuşdur… Məclislə hökumət
arasında təfriqə yaratmaq istəyən bu adama maliyyə
naziri Əliağa Həsənovun 17 noyabr 1919-cu il tarixdəki iclasda verdiyi cavab-izahat
maraqlıdır:
«Burada
çox şey danışdılar… Malxazov cənabları
dedilər ki, bu qanun layihəsi vəqtində büdcə
komisiyonuna göndərilməyibdir və maliyyə naziri
komisiyonda tez baxılmasına israr etməyibdir. Yaxşıdır ki, Malxazyan cənabları
türkcə bilirlər, eşitsinlər, mən
özümü bu barədə müqəssir bilmiyorum.
Mən dəfəatla israr eləmişəm…»
Xalqın dilinin dövlət dili səviyyəsinə
yüksəlməsinin, Məclisdə milli problemlərin məhz
millətin öz dilində müzakirəsinin nə qədər
önməli olmasını parlament qəzeti «Azərbaycan» dəfələrlə
vurğulamışdır. Əhməd Həmdi qəzetin 9
dekabr 1919-cu il nömrəsində Məclisin
bir illik fəaliyyətini dəyərləndirərkən ən
mühüm uğurlardan birini də göstərir: bu, ondan
ibarətdir ki, keçən bir ildə Azərbaycan Parlamenti
«lisani-milli ilə hər təsirini, hər fikrini söyləmiş,
millətin həyəcan və hissiyyati-ümumiyyəsini bir mərkəzə
toplayaraq tərcüman olmuş idi»…
Göründüyü kimi, Azərbaycan Xalq
Cümhuriyyəti milli parlamentində – Məclisi-Məbusanda
milli dil məsələsinə, tamamilə təbii (və
qanunauyğun) olaraq, həmişə böyük təəssübkeşliklə
yanaşılmışdır.
Nizami Cəfərov
Milli Məclisin
deputatı, akademik
Xalq Cəbhəsi.- 2018.- 26 oktyabr.-
S.8-9.