İrəvan xanlığı birinci
Rusiya-İran müharibəsi dövründə
13-cü yazı
Rus komandanlığının niyyətindən xəbərdar
olan Məhəmməd xan gec- tez rus qoşunu ilə üzləşəcəyini
dərk edərək özünə müttəfiq
aparmağa qərara aldı. O, Osmanlı sarayına müraciət
edərək rus qoşununa qarşı mübarizə aparmaq
üçün kömək istədi. Lakin
Osmanlı dövləti xanın nümayəndələrinə
rədd cavabı vermişdi. Sultandan
kömək almaq ümidini itirən Məhəmməd xan rus
komandanlığı ilə münasibətləri
normallaşdırmağa qərara aldı. O, yaxın
adamı Hacı Fərzəli bəyi məktubla P.D.Sisiyanovun
yanına göndərdi. Lakin baş komandan bu məktuba
cavab vermədi. İrəvan xanı ikinci
dəfə rus komandanlığına məktub göndərdi.
Bu məktubdan sonra 1803-cü il iyunun 4-də
P.D.Sisianov Məhəmməd xana çox kəskin və hədələyici
bir cavab yazdı. Məktubun məzmunu belədir: «Sizin yüksək
məqamlı Hacı Fərzəli bəylə mənə
çatdırılan məktubunuza ona görə cavab vermədim
ki, o (məktub-E.Q.) mənim cavabıma layiq deyil. Ona görə ki, ədəbsiz kəlmələrlə
dolu məktuba rus generalı, baş komandan sözlə cavab
verməyə borclu deyil. Hacı Fərzəli
bəy İrəvana geri göndərildiyi vaxt sizdən məzmunu
bir qədər sülh axtarmağa və mehriban
qonşuluğa meyilli ikinci məktub aldım. Ona görə
də, siz ali məqama
aşağıdakılara cavab verməyi özümə borc
hesab edirəm: ...patriarx (katolikos-E.Q.) Danili Eçmiədzin
taxtında oturdub, Davidi devirmək və Tiflisə mənim
yanıma gətirmək. Mənim sizinlə əlaqəmin
kəsilməsının səbəbi bu olmuş, bu da İrəvan
xanlığının xilasına və yaxud məhvinə səbəb
olacaq. Bu məsələlər
üçün sizin yanınızda olan iki nümayəndəmizin
müvəffəqiyyətsizliklə geri qayıtması Rusiya
imperiyasının şöhrətinə ədəbsizlik
olduğundan, mən bunu müzakirə etmək
üçün İrəvana nümayəndə göndərməyi
lazım bilmirəm».
Tarix
üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan
xanlığı ilə bağlı araşdırmasında
bildirilir ki, P.D.Sisianovdan hədələyici məktub alan İrəvan xanı onunla əlaqəni
müvəqqəti kəsməli oldu. Eçmiədzində
katolikos taxt-tacı uğrunda gedən mübarizədə Məhəmməd
xanın tutduğu mövqe bir daha sübut edir ki, o, hər
hansı kənar dövlətin xanlığın daxili
işinə qarışmasına dözmək fikirində
deyil və xanlığı müstəqil idarə emək
istəyir. İrəvan xanlığı
ilə gərgin münasibətə baxmayaraq, Rusiya
işğal siyasətinə Azərbaycanın şimal-qərbində
yerləşən Car-Balakən istiqamətində
başladı. 1803-cü ilin mart-aprel
aylarında general Qulyakovun başçılığı ilə
rus qoşunları Car-Balakənə hücum edərək
buranı işğal etdi. Bunun ardınca
uzun sürən mübarizədən sonra 1804-cü ilin
yanvarın 3-də Gəncə xanlığı rus
qoşununa təslim oldu. Bu ərazilər
işğal edildikdən sonra P.D.Sisianov İrəvan
xanlığına hücum etməyə qərara aldı.
O, planını həyata keçirmək üçün
çar I Aleksandrdan əlavə kömək istədi. Baş
komandan 1803-cü il martın 12-də
imperatora yazdığı məlumatda, İrəvan
xanlığının işğalını uğurla
başa çatdırmaq üçün əlavə 3 alay və
100.000 rubl məbləğində pul lazım olduğunu
bildirmişdi. Bu qüvvələrlə o, nəinki
İrəvanı, həmçinin Naxçıvan və
Şuşanı almağı və Kür-Araz boyu ərazilərin
işğalını başa çatdırmağı vəd
edirdi. İrəvana yürüş etmək
üçün 1804-cü ilin mayında rus qoşunu Tiflisdə
cəmləşməyə başladı. Rus qoşunlarının bölgədə
işğalçılıq yürüşünə
başlaması şah hökumətini narahat etməyə
başladı. Fətəli şah
Qacarın əmri ilə Təbrizdə şahzadə Abbas Mirzənin
və Süleyman xanın komandanlığı altında 20-30
minlik qoşun toplandı. Bu qoşunun bir
hissəsi Abbas Mirzənin komandanlığı altında
İrəvana, digər hissəsi isə Şuşaya hücum
etməli idi.
Həmin ərazilər tutulduqdan sonra hər iki dəstə
Gəncə xanlığı ərazisində cəmləşməli
və buradan Tiflis üzərinə yürüşü nəzərdə
tutulmuşdu.
Şah Şəki və Şamaxı
xanlarına hədiyyələr göndərərək
onlardan qoşunları ilə bu yürüşdə
iştirakını tələb etmişdi. İrəvanlı Məhəmməd xan da belə
bir göstəriş almışdı. Şahın
göstərişilə İrəvan xanı hətta Təbrizə
getməli idi. Əmrin icra
olunmayacağı təqdirdə, şah xanı bu əraziləri
tərk edərək Məkkəyə ziyarətə getməsini
tələb etmişdi. Əks halda Fətəli
şah İrəvan və Naxçıvan xanlarını əmanət
verdikləri oğlanlarını öldürməsilə hədələmişdi.
Abbas Mirzə Məhəmməd xanın
könüllü təslim olmasına ümid edirdi.
O,
1804-cü il aprelin 22-də Təbrizdən Bədir bəyin
başçılığı altında 17 nəfər və
gürcü şahzadəsi Aleksandr Mirzənin 3 nəfərdən
ibarət nümayəndə heyətini İrəvana göndərdi.
Elçilər şah hökumətinə tabe
olmaq üçün xanı dilə tutmağa başladı.
Tərəflər arasında danışıqlardan məlum
oldu ki, xan şaha sədaqətini sübut etmək
üçün ilk növbədə 100.000 samar buğda
toplayaraq, 4.000 qoşunla Gəncəyə hərəkət
etməli və orada Abbas Mirzənin və Aleksandr Mirzənin
qoşunları ilə birləşməli idi. Bundan
əlavə, Məhəmməd xan şaha İrəvanın
12 nüfuzlu əyan ailəsini əmanət verməli idi.
Lakin şah hakimiyyətini özü
üçün təhlükə hesab edən İrəvan
xanı bu tələbləri yerinə yetirməkdən boyun
qaçırdı.
Şaha rədd cavabı verən Məhəmməd xan
aqibətinin acınacaqlı olacağını çox
gözəl dərk edirdi. O, bu təhlükənin
qarşısını almaq üçün Rusiya hökumətindən
hərbi kömək almaq fikirinə düşdü. Bu niyyətlə o, P.D.Sisianova xəbər göndərərək
ruslara xidmət etmək arzusunda olduğunu bildirmiş, bunun əvəzində
şah qoşununun qarşısını almaq
üçün hərbi kömək göstərilməsini
xahiş etmişdi. İrəvan xanının
düşdüyü ağır vəziyyətdən istifadə
edən P.D.Sisianov 1804-cü il mayın 10-da Məhəmməd
xana yazdığı məktubda bir neçə ağır tələb
irəli sürmüşdü: birinci, xan hər şeydən
əvvəl, Danili katolikos taxt-tacına bərpa etməli,
yalançı katolikos Davıd isə ruslara təhvil verilməlidir;
ikinci, İrəvan qalası rus qoşununa təslim edilməlidir;
üçüncü, xan Rusiya imperatorunu özünün
hökmdarı kimi qəbul etməli və sədaqətli
olacağına and içməlidir; dördüncü, xan ildə
80 min rubl həcmində xərac verməli idi, xərac ildə
iki müddətə, biri novruz bayramına qədər, digəri
isə iyul ayından sonra ödənilməli idi. Əvəzində baş komandan, xanın sədaqətli
olacağı halda əvvəlki vəzifəsində
qalacağına; təhlükəsizliyi üçün
öz vəzifəsinə imperator fərmanı ilə yenidən
təsdiq ediləcəyinə; xanın ailəsini
(girovları-E.Q.) İrandan geri almaq üçün hərtərəfli
cəhd ediləcəyinə söz verirdi. Məhəmməd
xan bu tələbləri qəbul edəcəyi halda,
P.D.Sisianovun əmr ilə general-mayor Leontev Pəmbəkdə
yerləşən rus qoşununun başçısı mayor
Montrezoru iki batalyonla, Danili katolikos taxtına oturtmaq haqqında
çarın fərmanı ilə İrəvana göndərməli
idi. Bu tələblər yerinə yetirildikdən
sonra həm Məhəmməd xan, həm də onun qaynı
naxçıvanlı Kəlbəli xan Rusiya təbəəliyini
qəbul edə bilərdi. İki od
arasında qalan Məhəmməd xan rus
komandanlığının bu tələblərini qəbul
etməyərək gözləmək qərarına gəldi.
İrəvana
hücum üçün rus qoşunlarının Tiflisdə
cəmləşdiyi və Məhəmməd xanla
danışıqlar aparıldığı vaxt şahın
baş vəziri Mirzə Məhəmməd Şəfi
1804-cü il mayın 23-də Yaqub bəy Gəraylını
məktubla P.D.Sisianovun yanına göndərdi. Məktubda
şah hökuməti baş komandandan rus qoşununun Tiflisə
hansı məqsədlə gəlişini xəbər
almış və Kartli-Kaxetiyanın ona məxsus
olmasını iddia edirdi. P.D.Sisianova məsləhət
görülürdü ki, rus qoşunu oranı tərk etsin, əks
təqdirdə onlar silahla oradan qovulacaq. Lakin
baş komandan elçini söyüşlə
qarşılayaraq şahın tələblərinə məhəl
qoymadı. Əvəzində, baş vəzirə
təhqiramiz məktub yazaraq bildirdi ki, «mən sizi Kür
çayı və Göyçə gölündə...
süngü və mərmi ilə qarşılamağa
hazıram». P.D.Sisianovun belə təhqiramiz cavabı
1804-cü il iyunun 10-da iki ölkə
arasında diplomatik münasibətlərin kəsilməsinə
səbəb oldu və beləliklə, Qacar İran dövlət
ilə Rusiya arasında uzunmüddətli müharibə
başladı.
E.Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmasında daha sonra bildirilir ki, iki od
arasında qalan İrəvan xanı müstəqilliyini qorumaq
üçün hər iki dövlət arasında manevr etməklə
bərabər, İrəvan qalasını möhkəmləndirməyə
başladı. Məhəmməd xan ətraf kəndlərin
əhalisini qalaya köçürdü. Köçürülən
hər bir şəxs özü ilə 2 litr barıt, 1 metr
qurğuşun və lazımi miqdarda ərzaq götürməli
idi. Xan onlardan arxayın olmaq
üçün ehtiyat tədbirlərə əl ataraq, hər
ailədən arvad və uşaqlardan ibarət girov
götürmüşdü. O, elan etmişdi ki, əgər
kimsə düşmən tərəfinə keçsə,
girovlar asılacaq. Xanın səyi nəticəsində
qala qarnizonunun sayı 7000-ə çatdırıldı.
Lakin Məhəmməd xanın bütün bu tədbirlərinə
baxmayaraq, xanlığın əhalisi vahimə içərisində
idi. Bu təhlükədən
canlarını qurtarmaq üçün Azəri (Azərbaycan-red.)
türklərindən və ermənilərdən ibarət iki
min ailə Qarsa köçməyə başladı.
İrəvan xanlığını özünə tabe etmək üçün ilk öncə şah qoşunu hücuma keçdi. Nasir Nəcmi yazır ki, «bu vaxt Abbas Mirzəyə xəbər vermişdilər ki, İrəvan valisi Məhəmməd xan xəyanət edərək, Sisianovun həmləsindən bir neçə gün əvvəl rus qoşunlarını həmin şəhəri və başqa Qafqaz şəhərlərini almağa qaldırmışdı». Şahzadə Abbas Mirzənin komandanlığı altında 20 minlik şah qoşununun bir hissəsi İrəvan şəhərinə hücum edərək 1804-cü il iyunun 1-də qalanı mühasirəyə aldı. Digər hissəsi isə Mehdiqulu xanın komandanlığı altında gürcü şahzadələri Aleksandrın, Teymurazın və sabiq Axalsıx hakimi Şərif paşanın iştirakı ilə Kartli-Kaxetiyaya hərəkət etdi.
Məhəmməd xan və qaynı Kəlbəli xan İrəvan qalasına sığınaraq şah qoşununa güclü müqavimət göstərməyə başladı. Xanın təslim olmamasının səbəbi ondan ibarət idi ki, o, rus qoşunundan kömək alacağına böyük ümid bəsləyirdi və P.D.Sisianovla danışıqları davam etdirirdi. Danışıqlarda xüsusilə ermənilərdən istifadə edilirdi. Ermənilər isə rus qoşununun tezliklə köməyə gələcəyi ilə xanı aldadaraq, şah qoşununa müqavimət göstərməsini məsləhət görürdülər. Mühasirə isə uzanırdı. Qala sakinlərinin inadlı müqavimətini görən Qacar komandanlığı şəhər əhalisinin əmlakını talan etmək əmri verdi. Şah qoşununun bu hərəkəti müdafiəçiləri daha da hiddətləndirdi. Əmlaklarının talan olduğunu görən irəvanlılar iyunun 18-də qaladan çıxaraq şah qoşununun üzərinə hücum etdilər. Bir gün davam edən qanlı və amansız döyüşdə hər iki tərəfdən çoxlu adam həlak oldu. Lakin nizami qoşunun təzyiqlərinə davam gətirə bilməyən müdafiəçilər yenidən qalaya geri qayıtdı.
Mühasirənin uzanması irəvanlıları çox pis vəziyyətə salmışdı. Qalaya sığınmış xeyli sakin istidən və darlıqdan həlak olmuşdu. Şah qoşununun vəziyyəti də ürək açan deyildi. Ərzaq çatışmazlığı, hava şəraitinin isti və yağışlı olması qoşunu taqətdən salmışdı.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 27 oktyabr.-
S.13.