Kökümüzə gedən yolu tikanlardan təmizləyək

 

 

Xalq şairi Bəxtiyar Vahabzadənin professor Ramazan Qafarlının kitabına yazdığı ön söz

 

1-CI YAZI

 

Õalqını, torpağını sevən kəs söz pəhləvanı olmaqdansa, onun xidmətində durmağı əməli işi ilə göstərməlidir. Bu gün Azərbaycan türklərinin milli qeyrətli tarixçilərə, filoloqlara, sənətkarlara, yazıçı və şairlərə böyük ehtiyacı var. «Dədə Qorqud»umuzun – ata kitabımızın 1300 illiyinin təntənə ilə qeyd olunması bir daha göstərdi ki, biz qədim tarixə və mədəniyyətə malik ulu bir millətin övladlarıyıq, yurdumuzun hər qarışında uzaq keçmişimizin bir nişanəsi yaşayır. Oğul istəyir ki, onların izinə düşüb kökümüzə gedən yolu otdan, alaqdan, tikanlardan təmizləsin...

Əlimə bir kitab düşmüşdü. «Mif və nağıl» (müəllifi Ramazan Qafarlıdır). İşimin çoxluğuna baxmayaraq götürüb vərəqlədim. Girişi oxuyandan sonra yerə qoya bilmədim. Həcmcə böyüklüyü gözümə dursa da, başa çatdırdım. İlk növbədə imzasını mətbuatda kəskin yazıları ilə tanıtmış müəllifin vətəndaşlıq mövqeyi, milliliyi, dərin və hərtərəfli biliyi, elmiliyi diqqətimi özünə çəkdi. Ancaq vətənini, xalqını, insanlığı böyük məhəbbətlə sevən bir şəxs bu cür yazmağa qadir olardı.

Kitabda Azərbaycan türklərinin ən əski bədii yaradıcılıq formaları – mif, ritual, əfsanə və nağılları qarşılıqlı əlaqə və bağlılıqla təhlilə cəlb edilir. Xalqın inancları, adət-ənənələri, psixologiyası, müdrikliyi fonunda elə məsələlərə aydınlıq gətirilir ki, bu gün hər bir Azərbaycan türkünə ana südü, hava, su kimi gərəklidir.

«Ot kökü üstə bitər» - deyib aqillərimiz. Bu yurdun sakinləri olan bizlər göydən düşməmişik, başqa planetdən gəlməmişik, dünya yaranandan bu dağlarda, düzlərdə, çəmənlərdə sakin olmuşuq. Ulularımız keçdikləri yolun qaranlıq və işıqlı səhifələrini yaratdıqları şifahi və yazılı abidələrdə, kurqanlardan tapılan məişət əşyalarında, füqurlarda, qayaüstü rəsmlərdə yaşadıblar. Bizi sevməyənlər (təəssüflər olsun ki, elələrini dəstəkləyən ziyalılarımız da az deyil) kökümüzü bu torpaqdan ayırmaq üçün belə bir fikir formalaşdırmağa çalışırdılar ki, Azərbaycan türklərinin mifologiyası, mifik görüşləri yoxdur. «Mif ümumbəşəri anlayışdır, ayrıca götürülmüş kiçik xalqa məxsus ola bilməz» – deyirdilər onlar. Belələri yunanları, romalıları, misirliləri, farsları, çinliləri, hindliliri böyük və ulu xalq sayır, ancaq özünü, soyunu tanımadığı üçün Azərbaycan türklərinin ilkin dünyagörüşü sistemlərindən məhrumluğunu irəli sürürdülər. Niyə rus və başqa dillərdə çap olunan «Dünya xalqlarının mifləri» ensiklopediyasında kumıkların, avarların, tatarların, ermənilərin, gürcülərin və onlarla başqalarının (hətta Avstraliyada yaşayan aborigenlərin də) mifologiyası olsun, ancaq Azərbaycan türklərinin kökündə dayanan bu yaradıcılıq hadisəsinin mövcudluğunu biz elmi dəlillərlə təsdiqləməyək? «Mif və nağıl» kitabı məhz yanlış düşünənlərə cavab olaraq vaxtında yazılmış və bir çox suallara cavab verən elmi-tədqiqat əsəridir.

Rəhmətlik M.Seyidovun tədqiqatları ilə bünövrəsi qoyulan ağır işin R.Qafarlı kimi tədqiqatçılar tərəfindən uğurla və cəsarətlə davamını özümüzə qayıdışın təsdiqi kimi qiymətləndirirəm. Mifologiya sahəsində qardaş Türkiyə alimlərinin araşdırmaları ilə də tanışam. Lakin «Mif və nağıl»a qədər oxuduğum tədqiqatların əksəriyyətində irəli sürülən məsələlər havadan asılı vəziyyətdə qalır. Fərziyələri əsaslandıran dəlillən yox dərəcəsindədir. Mənə elə gəlir ki, R.Qafarlının araşdırmasının əsas üstünlüyü məhz ondadır, orada qaldırılan problemlər tutarlı faktlara söykənir. Onun yazdıqlarına şübhə ilə yanaşmırsan.

Tədqiqatçının böyük ürək yanğısı ilə qaldırdığı problemlər və yurdumuzun adət-ənənələrinə, məişət tərzinə aid dünya folklorşünaslarından gətirdiyi misallar hər bir Azərbaycan türkündə fərəh hissi oyatmalıdır. O, bildirir ki, C.Frezer və B.Taylor yüz il əvvəl Avropada oturub, Azərbaycan türklərinə məxsus bir sıra qədim mif sistemlərini göstərdiyi halda, nə səbəbə bizim onların mövcudluğundan danışmağa cəsarətimiz çatmamalıdır? Sonra C.Frezerin «Qızıl budaq» və başqa əsərlərində yurdumuzla bağlı ilkin mif sistemlərinin şərhinə aid tutarlı faktlar göstərir. Belə ki, C.Frezer xristian xalqlarının əksəriyyətinin dilində işlənən «Keçinin sərbəst buraxılması» (ruslarda «kozlom otpuheniem») anlayışının əsasında duran mifin köklərini Azərbaycanda axtarır.

R.Qafarlının gətirdiyi bir nümunəyə diqqət yetirək: «C.Frezer «ikinci doğuş»dan danışanda bildirirdi ki, Qafqaz «türklərində oğulluğa götürmə adi hadisədir, mərasim ondan ibarətdir ki, oğulluğa götürülən yeni ananın köynəyindən keçirilir, ona görə də türkcə «adamı köynəyindən keçir» anlayışı «oğulluğa götür» mənasını verir». Məgər bu, Nigarın Eyvazı oğulluğa götürməsinin analoqu deyilmi? C.Frezer daha sonra nağıllarımızda tez-tez rastlaşdığımız «kiçik qardaşa üstünlük verilməsi» məsələsinə aydınlıq gətirən orijinal fikirlər soyləyir və yas mərasimi haqqında yazır ki, «qədimlərdə türklər ölüləri üçün ağlayanda üzlərini bıçaqla elə kəsirdilər ki, qan damcıları yanaqlarında göz yaşları ilə yanaşı axsın». Müəllif deyir ki, dilimizdə işlənən «gözü qanlı», «gözdən qan çıxarmaq» ifadələri bu ritual əsasında yaranıb.

«Mif və nağıl» kitabında Azərbaycan türklərinin mifləri dünyadan təcrid edilmiş halda deyil, bəşər övladının yaratdığı ən möhtəşəm abilələrlə əlaqəli şəkildə təqdim olunur. Müəllif ilkin təsəvvürlərimizin yunan və Misir miflərinin qədim mənbələrdəki modelləri ilə səsləşən tərəflərini diqqət mərkəzinə çəkir.

Keçini Azərbaycan mifoloji görüşlərinin möhtəşəm abidəsi kimi təqdim edən R.Qafarlı ritual-mif sintezinin folklorun epik ənənəsinə təsirini xüsusi vurğulayır və xalq arasında bu günədək yaşayan inancların mənşəyinə nüfuz edir. Alimin qənaətləri etno-psixoloji amillərlə təsdiqlənir. Tədqiqatın tarixi-coğrafi istiqamətdə aparılması bir çox mübahisəli məsələlərə aydınlıq gətirir.

Əsrlər boyu dünyaya ağalıq etmiş türkü türklüyünü əlindən almaqla sındırdılar, böyük millətin bütövlüyünü hissələrə parçaladılar və bir-birinə qarşı qoydular. Birinə köçəri dedilər, birinə gəlmə dedilər, ən müdrikinə isə çörəyini yeyənlər «vəhşi» damğası vurmağa çalışdılar. Və bilmədilər ki, qəflət yuxusundan ayılıb, kökünə qayıtması türkün böyüklüyünü bir də təsdiqləyəcək, tarixi gücünü özünə qaytaracaq.

Kitabı oxuduqca adam bu düşüncələrə dalır və türkün bir parçasının – azərbaycanlıların əski inanclarında köklə bağlılığın nə qədər möhkəm olduğunu görürsən. Dünyada dəmirin, arabanın kəşfi ulu ərənlərimizin adına yazılıb. Qədim dastanların birində türkün qarşısını dəmir dağ kəsir. Onun xilası bu dağın aradaq qaldırılmasında idi. Böyük-böyük tonqallar qalayırlar, dəmir dağı əridib yenidən tarix səhnəsinə atılırlar. İlk dəfə dəmiri muma döndərən babalarımız başına gələnləri mifləşdirməklə, dastanlaşdırmaqla ayıq, sayıq olmağı gələcək nəsillərə tövsiyə etmişdi. Görün dəmirlə bağlı bizim xalqda nə qədər inanclar var. Yadımdadır, bir vaxtlar Şəkidə qorxunu götürmək üçün evin künclərinə mismar çalırdılar. Eləcə də «Mif və nağıl» müəllifinin dediyi kimi, alma ağacının yaxşı bar verməsi üçün dibinə dəmir qırıntıları tökürlər, meyvəsi qurdlamasın deyə ağacın gövdəsinə iri mismar sancırlar. Bütün bunlar sözsüz qədim türk eposu «Ərgənəkon»la bağlanan tellərdir.

Böyükdən uşağa hamının əzbər bildiyi bir ritual nəğməmiz var: «Gün çıx, gün çıx...» Bu 15-16 misralıq şer parçasında ən əski mif motivinin gizləndiyi qənaətinə gələn R.Qafarlı onu bərpa edir. Kitabdakı Günəş, Yel baba, Xızır, yazqabağı rituallar – ilaxır çərşənbələrlərlə bağlı araşdırmaları kökümüzün ən dərin qatlarına səyahət adlandırardım. Su, yel, dağ, torpaq, oda aid Ata kitabımızdan gətirilən misallar və təhlil göstərir ki, «el yandıran şamı söndürmək olmaz

«Mif və din» adlanan bölmədə Azərbaycan folklorşünaslığında mübahisə obyektinə çevrilmiş mühüm problemlərin – kultçuluğun, totemizmin, şamançılığın bizim mifik görüşlərlə bağlılığını əsaslandıran dəlillər gətirir və bu məsələyə öz baxış bucağından yanaşır. Onun qənaəti belədir ki, Azərbaycan miflərindən danışarkən dörd faktoru - ritualları, kultçuluğu, totemizmi və şamançılığı diqqət mərkəzindən kənarda qoymaq olmaz.

Miflərin nağıllarla əlaqəsinə gəlincə, epik ənənənin sürətli inkişafını şərtləndirən amil kimi nəzərə çatdırılır. Danılmaz faktdır ki, xalq istedadlarının süjet yaratmaq təcrübəsinin ortaya çıxmasında nağılların rolu böyükdür. Bu fəsildə mif-nağıl bağlılığı, nağıllarda totem, pişrovlar və nağıl sonluqları haqqında fikirlər də təzədir. Müəllifin vətandaşlıq və milliliyindən doğan etirazı bəzən qəzəbə, nifrətə çevrilir. Tədqiqatçılar məsuliyyətsiz tezislərlə xalqın ən yaxşı keyfiyyətlərini tapdalayanda adam niyə hövsələdən çıxmasın? R.Qafarlı haqlı olaraq yazır: «Son illərin tədqiqatlarında belə tendensiya yaranıb ki, folklorda, xüsusilə nağıllarda hansı heyvanın, quşun, bitkinin, təbiət hadisəsinin adı çəkilirsə, o, totemizmin qalığı sayılır. Doğrudur, totemizmin nağıllarımıza nüfuz etməsi danılmaz faktdır. Lakin hansı şəkildə? Demək olar ki, ilkin dünyagörüşü sistemlərinin hamısında heyvan, quş, bitki və təbiət hadisələrinə fövqəltəbii qüvvə kimi baxılıb. Monoteist dini görüşlərdə də müqəddəslik dərəcəsinə qaldırılan heyvan və quşlara təsadüf edilir. Elə isə sual doğur: nağıllardakı heyvan, quş, bitki və təbiət hadisələrinin hansı halda totemizmə (yaxud başqa görüşlərə) söykəndiyini irəli sürmək olar? Əgər sadalanan varlıqlar (məsələn, Ağ quş) nəsil artımına xidmət edirsə, totemdir, qəhrəmanı kölgə kimi izləyib himəyədarlıqla məşğuldursa, quş gildinə girmiş ruhdur – şamanizmin qalığıdır».

 

Bəxtiyar Vahabzadə,

Xalq şairi, akademik

17 aprel 2000-ci il

 

Xalq Cəbhəsi.- 2018.- 27 oktyabr.- S.14.