“Şabran şəhəri”
Tarixi Qoruğunda qədim
tikililər aşkar edilib
Sentyabr və oktyabr ayının əvvəllərində
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Səfər Aşurovun rəhbərliyi altında
Şabran arxeoloji ekspedisiyası Bakı–Quba–Rusiya
Federasiyası ilə dövlət sərhəddinədək
yeni çəkilən
avtomobil yolunun “Şabran şəhəri”
Tarixi Qoruğu ərazisinə düşən
hissəsində arxeoloji
qazıntı işləri
aparılıb. Ekspedisiyanın əsas məqsədi göstərilən ərazidə
əhəmiyyətli memarlıq
abidələrinin, tikililərin
olub-olmadığını yoxlamaq, eyni zamanda, qədim şəhərin sərhədlərini
müəyyənləşdirməkdir.
Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədinədək
çəkilməkdə olan
yolunun “Şabran şəhəri” Tarixi Qoruğu ərazisinə düşən hissəsindəki
ərazi boyu arxeoloji qazıntı işləri aparılıb. İlkin tədqiqatlar
nəticəsində çay
daşları ilə döşənmiş küçələr,
bişmiş kərpic
və çay daşlarından hörülmüş
divar qalıqları aşkar olunub. Eyni zamanda, kvadratlardan birində bir neçə təndir aşkar olunduğu üçün buranın
təndirxana olduğu
ehtimal edilir. Ərazidən kəhriz olması
ehtimal edilən bişmiş kərpicdən
ibarət tikili qalığı da üzə çıxarılıb.
Qazıntı ərazisindən,
həmçinin su borusu yerləri, çoxlu sayda qırmızı, yaşıl
və göy rəngli şirli qablar, metaldan hazırlanmış silahlar,
bəzək əşyaları
və s. aşkar edilib.
Tədqiq olunan sahələrdə
mədəni təbəqənin daha
qalın olduğu və davam
etdiyi məlum olub. Kvadratlardan birində arxeoloji
qazıntı 4 metr dərinliyə qədər
aparılıb. Aşkar olunmuş tikinti
qalıqları və maddi mədəniyyət
nümunələri ilkin tədqiqatlara əsasən
XI-XV əsrlərə aid edilib.
Şabran arxeoloji
ekspedisiyasının rəhbəri, tarix
üzrə fəlsəfə doktoru Səfər
Aşurovun bildirdiyinə görə, “Şabran şəhəri” Tarixi
Qoruğu ilə bağlı aparılan tədqiqatlar
Şirvanşahlar dövlətinin,
bütövlükdə isə Azərbaycan tarixinin
daha dərindən öyrənilməsi
baxımından müstəsna əhəmiyyətə malikdir.
Xalq Cəbhəsi.- 2018.- 30 oktyabr.-
S.15.