İrəvan xanlığı birinci
Rusiya-İran müharibəsi dövründə
14-cü yazı
İrəvan qalasının şah qoşunu tərəfindən
mühasirəyə alındığı bu ağır vaxtda
rus qoşunu P.D.Sisianovun komandanlığı altında
hücuma keçdi. Beləliklə, birinci İrəvan
müharibəsi başladı. Birinci mərhələ
Abbas Mirzənin başçılığı ilə şah
qoşunlarının İrəvan xanlığına
hücumu ilə başlamışdı. Qacar
İranına tabe olmaq istəməyən irəvanlılar xan
başda olmaqla İrəvan qalasına sığınaraq
şah qoşununa güclü müqavimət göstərmişdi.
Bu mərhələ yuxarıda
işıqlandırılmışdı.
İkinci mərhələ isə rus
qoşunlarının hücumu ilə davam etmişdi. Mənbələrin təhlili
göstərir ki, 1) döyüşün ilk günlərində
İrəvan xanı hər iki tərəf arasında gedən
döyüşdən yararlanaraq gözləmə mövqeyi
tutmuşdu; 2) hər iki tərəf müxtəlif məzmunlu
(hədə-qorxu, şirnikləndirici və s.) məktub
yazaraq İrəvan xanını öz tərəfinə
çəkməyə cəhd etmişdi; 3) Məhəmməd
xan hər iki tərəfi narazı salmamaq üçün
bitərəf mövqe tutmuşdu; 4) döyüşün
gedişində İrəvan xanı şah hökuməti ilə
barışaraq, rus qoşununa qarşı vuruşsa da, bu
hökumətə etibar etməmişdi. Hətta
şahzadə başda olmaqla şah qoşununu qalaya
buraxmamışdı.
Bu bir daha sübut edir ki, Məhəmməd xan daima
xanlığın müstəqilliyini qorumağa
çalışmışdı. 1804-cü ilin
mayında P.D.Sisianovun əmrinə əsasən, Qafqaz qrenador,
muşketyor və 9-cu yeger və narva draqun alayı Tiflisdə
hazır vəziyyətə gətirildi. İlk
öncə rus qoşunlarının ön dəstəsi olan
qafqaz qrenador alayı general-mayor Tuçkovun
komandanlığı altında İrəvan
xanlığının mahalı olan Şuragölə
hücum etdi. General mayor Tuçkovun dəstəsinə
Loridə yerləşən tiflis qrenador
batalyonu və Pəmbəkdə yerləşən
muşketyor batalyonu qoşuldu. Bütünlüklə
general-mayor Tuçkovun komandanlığı altında 8 topu
olan 1800 piyada qoşunu və ona qoşulmuş general-mayor
Leontevin kazak və gürcülərdən ibarət dəstəsi
var idi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin
İrəvan xanlığı ilə bağlı
araşdırmsında bildirilir ki, rus qoşunlarının
hücuma keçdiyini eşidən şuragöllülər
evlərini başlı başına buraxaraq
xanlığın içərisinə
sığındılar. Heç bir müqavimətə rast gəlməyən
rus qoşunu Şuragölü ələ keçirərək
Gümriyə yaxınlaşdı. Nasir Nəcmi yazır
ki, «İrəvan xanının xəyanətindən bərk həyacanlanmış
və qəzəblənmiş Abbas Mirzə Qacar Dəvəllu
tayfasından ləyaqətli sərkərdə Mehdiqulu xana
tapşırıq vermişdi ki, altı min atlı dəstə
ilə Qarsa doğru hərəkət edib, İrəvan
valisinin köçürtdüyü irəvanlıları
tezliklə İrəvana qaytarsın. Mehdiqulu xan sürətlə
hərəkət edib köçürülmüş
bütün irəvanlıları mal-qaraları ilə birlikdə
öz himayəsi altına alır...»
Bu əməliyyatdan sonra 8 minlik şah qoşununa rəhbərlik
edən Mehdiqulu xan Gümrü yaxınlığında yerləşən
Qarakilsə kəndində dayandı. Şah qoşunu burada
rus qoşunu ilə üz-yzə gəldi. N.Nəcmi səhv
olaraq Mehdiqulu xanın dəstəsinin guya İrəvan valisi Məhəmməd
xana yardım etmək üçün tələsən
P.D.Sisiyanovun 20 min piyada, 6 min atlı dəstəyə və
30 topa malik rus qoşununa rast gəldiyini yazır. Əslində şah qoşunu general mayor
Tuçkovun başçılığı ilə rus
qoşunlarının ön dəstəsinə rast gəlmişdi.
Bir-biri ilə üz-üzə gələn tərəflər
arasında qanlı döyüş başladı.
Mehdiqulu xanın dəstəsi güclü müqavimət
göstərsə də, rusların top atəşi
qarşısında davam gətirə bilməyərək geri
çəkildi. Döyüşdə qalib gələn
general-mayor Tuçkovun dəstəsi iyunun 12-də
Gümrüyə daxil oldu. Baş
vermiş döyüşdə şah qoşunundan 100 nəfər
ölmüş, 100 nəfər isə əsir
düşmüşdü. Bundan əlavə,
boş qalmış şah qoşunlarının düşərgəsindən
çoxlu ərzaq və digər ehtiyatlar ələ
keçirilmişdi. İrəvandan Qarsa
köçmək istəyən iki minə qədər ailə
yolda ikən rus qoşunu tərəfindən geri
qaytarılaraq Loridə yerləşdirildi.
İyunun 14-də P.D.Sisianovun komandanlığı altında
rus qoşununun əsas qüvvələri Gümrüdə
general mayor Tuçkovun dəstəsi ilə birləşdi. Ümumi rus
qoşunlarının sayı belə idi: piyada- 1100 nəfərdən
ibarət 3 batalyon qafqaz qranador alayı, 650 nəfərdən
ibarət 2 batalyon tiflis muşketyor alayı, 1200 nəfərdən
ibarət 2 batalyon saratov muşketyor alayı, 400 nəfərdən
ibarət 2 batalyon 9-cu yeger alayı. Piyadaların
ümumi sayı 3350 nəfər təşkil edirdi.
Süvarilər isə 300 nəfərdən ibarət
üç eskadron narva draqun alayından, 350 kazak
və 370 gürcü dəstəsindən ibarət idi. General-mayor Tuçkovun dəstəsindən əlavə,
S.D.Sisianovun 20 səhra topa malik 4370 əsgəri var idi.
General mayor Tuçkovun dəstəsi bura əlavə
edilsə bütünlükdə rus qoşunlarının
ümumi sayı 28 səhra topundan, 6170 əsgərdən ibarət
olmuşdu. Sonradan Xoylu Cəfərqulu xanın
200 nəfərdən ibarət dəstəsi də rus
qoşununa qoşulmuşdu.
Bundan əlavə, P.D.Sisiyanov bu yürüşdə
İrəvan ermənilərindən kömək
alacağına ümid edirdi. Bu hadisələrdə
ermənilərin xəyanətkar fəaliyyəti haqqında
bir qədər ətraflı məlumat vermək yerinə
düşərdi. Kartli-Kaxetiya Rusiyaya birləşdirildikdən
sonra İrəvan erməniləri
açıqdan-açığa özlərini rusların tərəfdarları
kimi göstərməyə başlamışdılar. Onların nümayəndələri rus
komandanlığı ilə əlaqə yaradaraq İrəvanda
baş verən siyasi hadisələrlə onları məlumatlandırırdı.
Mülkü müşavir Kovalenski çara göndərdiyi məlumatda
ermənilər haqqında yazırdı: «Xanın (Məhəmməd
xanın-E.Q.) yanındakı erməni məmurlarından biri,
İrəvan ermənilərinin başçısı məlik
Avram xanın və xalqın dərin hörmətini
qazanmışdı. Şübhə yoxdur ki, mənim
onunla yazışmamdan sonra məlum oldu ki, nəinki o, həmçinin
bütün ermənilər Rusiyaya meyllidirlər». Hətta P.D.Sisianov da çara göndərdiyi məlumatda
«yerli erməni tacirləri bizi ərzaqla təmin etməyi vəd
etdiklərini» yazırdı. Lakin rus
qoşunlarının başçısı sonradan ermənilərə
bel bağlamaqda yanıldığını başa
düşmüşdü. O, İrəvanda rus
qoşununlarının məğlubiyyətinin əsas səbəbini
ermənilərin yalan məlumatlarında görürdü. Məsələn,
1805-ci il avqustun 15-də erməni yüzbaşı Qabrielin
Qarakilsədən baş komandana göndərdiyi məktubunda
İrəvanda baş verən hadisələr haqqında məlumat
verərək yazırdı ki, Məhəmməd xan şah tərəfindən
hakimiyyətdən devrildikdən sonra xan təyin olunan Mehdiqulu
xanın ərzaq ehtiyatı yoxdur və qoşun onun
sözünə baxmır. O, P.D.Sisianova məsləhət
görürdü ki, nə qədər ki, onlar ərzaq
ehtiyatı toplamayıb, tezliklə bura qoşun göndərsin
və İrəvanı işğal etsin. Daha
sonra o, bildiridi ki, guya naxçıvanlı Kəlbəli xan
Rusiya himayəsini qəbul edəcəyinə söz verib.
P.D.Sisianov 1805-ci il avqustun 26-da məlik Avrama və
yüzbaşı Qabrielə göndərdiyi məktubda erməniləri
«yalançı», «vəfasız», «müftəxor» və «xain»
adlandırırdı. Ermənilər yalan məlumatlar
verməklə rus qoşunlarını İrəvana cəlb
etmək istəyirdilər.
Gümrüdə bir neçə gün qaldıqdan
sonra rus qoşunu iyunun 15-də Eçmiədzin kilsəsinə
doğru hərəkət etdi. P.D.Sisianov kilsəni ələ
keçirərək burada yerləşməklə Məhəmməd
xanla danışıqlar aparmaq istəyirdi. Məhəmməd xan isə ruslardan kömək
almaq ümidini itirməmişdi. O, Gümrüdə
olarkən P.D.Sisianova son dəfə olaraq kömək
üçün müraciət etdi. Lakin baş
komandan xana təhqiredici məktub göndərərək,
ondan İrəvan qalasının açarlarını təhvil
verilməsini tələb etmiş, əks halda Cavad xanın
aqibətinin onun da yaşayacağı ilə hədələmişdi.
İrəvan xanı isə yaxın adamları vasitəsilə
rus qoşununun sayca az olduğunu bildikdən
sonra onlardan kömək almaq ümidini itirdi. Lakin
Eçmiədzin kilsəsi şah qoşunu tərəfindən
tutulmuş, burada 400 nəfərlik dəstə yerləşdirilmişdi.
Bundan xəbəri olmayan rus qoşunu iyunun 19-da
kilsənin 8 verstliyində olan zaman şahın qoşunu
onları aldatmaq üçün hiyləyə əl atır.
Kilsə zəngləri aramsız
çalınmağa başladı. Rus
komandanlığı elə bilir ki, bu onları təntənəli
surətdə qarşılamaq üçün bir işarədir.
P.D.Sisianovun əmrinə əsasən,
general-mayor Portnyaginin başçılığı ilə
gürcü və kazaklardan ibarət ön dəstə oraya tələsir.
Lakin onlar kilsəyə yaxınlaşan vaxt
şah qoşunu tüfəng və falkonetlərdən (dəvə
üstündə yerləşdirilmiş kiçik
çaplı top-E.Q.) rus dəstələrini atəşə
tutdular. Qəflətən yaxalanmış
general mayor Portnyaginin dəstəsi döyüşə girmək
məcburiyyətində qalır. Lakin
onların bu cəhdi heç bir nəticə vermədi.
Əsas qüvvələrlə Eçmiədzin
kilsəsinə yaxınlaşan P.D.Sisianov qoşunun uzun və
çətin yol gəldiyinə görə, həmin gün
kilsə yaxınlığında düşərgə salaraq,
onun işğalını səhəri günə saxladı.
1804-cü il iyunun 20-də səhər tezdən Abbas Mirzənin komandanlığı altında 12 minlik şah qoşunu rus qoşunları üzərinə hücuma keçdi. Beləliklə, Eçmiədzin kilsəsi uğrunda döyüş başladı. Şahzadənin qoşunu çox olmasına baxmayaraq, həmin dövr üçün dəhşətli olan rus artilleriyasının güclü atəşi nəticəsində onun qoşunu pərən-pərən oldu. Lakin beş günə qədər davam edən döyüş nəticəsində rus qoşunu çox pis vəziyyətə düşdü. Rus artilleriyasından ehtiyat edən şah qoşunu qəfl və gözlənilməz hücum taktikası seçərək rus qoşununu ərzaq və susuz qoymuşdu. Onlar hücum edərək bir neçə alayın çadırını, yük və ərzaq arabalarını özləri ilə aparmışdı. Eçmiədzin kilsəsini tuta bilməyəcəyini hiss edən P.D.Sisianov iyunun 26-da oranı tərk edərək İrəvan şəhərinə doğru hərəkət etdi. Kilsə uğrunda döyüş rus qoşununa çox baha başa gəldi. Bu döyüşdə onlardan 51 nəfər ölmüş, 104 nəfər yaralanmış və xeyli əsir şah qoşunu tərəfindən ələ keçirilmişdi.
Bu vaxt Abbas Mirzə İrəvandan 8 verst aralıda düşərgə salmışdı. P.D.Sisianov şah qoşunlarının əsas qüvvəsinin yerləşdiyi bu düşərgəyə zərbə endirməklə məqsədinə nail olmaq istəyirdi. İlk əvvəl Zəngi çayı üzərində yerləşən Qəmərli kəndini ələ keçirmək lazım idi. Çünki çaydan keçmək üçün yeganə bərə burada yerləşirdi. Polkovnik Çexanovskinin başçılığı ilə 9-cu yeger alayı kəndə hücum edərək bərəni ələ keçirdi. Bu döyüşdə ruslardan 12 nəfər ölən və 20 nəfər yaralanan olmuşdu.
Qəmərli kəndini ələ keçirən rus qoşunu iyunun 26-dan 30-a qədər burada müdafiə mövqeyi yaradır. Bu vaxt kilsdə yerləşən şah qoşun dəstəsi rus qoşunlarının İrəvana doğru irəlilədiyini görərək buranı tərk etdi. Bir erməni keşişi rus komandanlığına bu haqda məlumat gətirmişdi. P.D.Sisianovun əmrinə əsasən, iki alay oraya göndərilərək döyüşsüz kilsəni ələ keçirdi.
Elçin
Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 30 oktyabr.-
S.13.