“Dədə Qorqud” və
“Əsli-Kərəm”də qarğış və
alqış
“Kitabi-Dədə Qorqud” eposunun birinci dastanı olan “Dirsə xan oğlu Buğac” boyunda təsvir olunur ki, xanlar xanı Bayındır ildə bir dəfə toy məclisi keçirib, Oğuz bəylərini qonaq edərdi. Bu toy mərasimində ağ, qırmızı və qara rəngdə üç otaq – çadır qurulardı. Gələn qonaqlardan oğlu olanı – ağ çadıra, qızı olanı – qırmızı çadıra, oğlu-qızı olmayanı – qara çadıra yerləşdirərdilər. Bayındır xan törəni növbəti dəfə keçirir. Dirsə xan da hörmətli Oğuz bəyi kimi mərasimə gəlir. Onu qara çadıra aparıb, qara keçənin üstündə oturdur və qabağına qara qoyun qovurmasından yemək qoyurlar.
“Dirsə xan deyir:
– Bayındır xan mənim hansı əskikliyimi gördü? Qılıncımdanmı gördü, süfrəmdənmi gördü? Məndən əskik kişiləri ağ otaqda, qırmızı otaqda oturtdu. Mənim günahım nə oldu ki, qara otaqda yerləşdirdi?
Dedilər:
– Xanım, bu gün Bayındır xandan buyruq belədir ki, oğlu-qızı olmayanı Allah qarğayıbdır: biz də qarğayırıq”.
Bu barədə əvvəl apardığımız tədqiqatda göstərildiyi kimi, Bayındır xanın təşkil etdiyi törən vasitəsi ilə bütöv Oğuz eli, başqa sözlə, Qalın Oğuz sosial-bioloji təsnifata məruz qalır. Bu təsnifat oğuz toplumunu iki böyük qrupa ayırır: oğlu-qızı olanlar və oğlu-qızı olmayanlar. Başqa sözlə desək, sonlular və sonsuzlar qrupları. Təsnifatın baş prinsipi kimi Tanrı iradəsi çıxış edir. Yəni sonlu və sonsuz qrupları Tanrı iradəsini gerçəkləşdirir. Bayındır xan “oğlı-qızı olmayanı Allah-Təala qarqayıbdır, biz dəxi qarqarız...” deyir. Buradan aydın olur ki, oğuz düşüncəsində oğlu-qızı olmamaq, yəni sonsuzluq Tanrının qarğışı kimi qəbul olunur. Buna uyğun olaraq oğlu-qızı olmaq da Tanrı alqışı sayılır. Beləliklə, Bayındır xanın təşkil etdiyi törəndə başlıca məqsəd Qalın Oğuzu Tanrı iradəsinin semantik qoşalığından təsnif etməkdir. Bu təsnifatın əsasında “Tanrı alqışı-Tanrı qarğışı” semantik bloku durur.
Göründüyü kimi, Dirsə xan Tanrının qarğışına məruz qalmışdır. Bəs bunun səbəbi nədir? O, əvvəlcə çaş-baş qalır. Arvadına deyir ki, “səndənmidir, məndənmidir, nədəndir Allah bizə bir yetkin oğul vermir?”
Daha sonra övladsızlığının səbəbini (günahını) arvadında görür:
“Xan qızı,
yerimdən durummu?
Yaxandan-boğazından tutummu?
Qaba dizimin altına salımmı?
Böyük, iti, polad qılıncımı
əlimə alımmı?
Öz gövdəndən
başını kəsimmi?
Can şirinliyini sənə bildirimmi?
Alca qanını
yer üzünə tökümmü?
Xan qızı, səbəbi nədir, de mənə!
Qatı
cəza verərəm
indi sənə! – dedi”.
Beləliklə, “Əsli-Kərəm” dastanındakı
durumla eyni olan vəziyyət yaranmışdır. Dirsə xanın da,
Ziyad xanın da övladları yoxdur. Onlara bu övladı
Tanrı – Allah verməlidir.
Məlum
olur ki, Dirsə xan Tanrının qarğışına
məruz qalıb.
Hər iki dastandakı doğuluş süjetinin
“detallarına qədər”
eyniliyi göstərir
ki, Ziyad xan da Allahın
qarğışına keçib.
Ziyad xan Allahı Gəncə kosmosunda (toplumunda) maddi-sosial harmoniya yaratmaqla rəhmə gətirir.
“Dədə Qorqud”da da hər şey
“Əsli-Kərəm”dəki kimi cərəyan edir: Dirsə xan da eyni
üsul və vasitə ilə Tanrı qarğışından
qurtulub, onun rəhminə (alqışına)
nail olur:
“Dirsə xanın qadını söyləmiş,
görək nə söyləmişdir:
Ay Dirsə xan, mənə qəzəblənmə,
İnciyib acı sözlər
söyləmə!
Yerindən qalx, ayağa dur,
Yer üzündə böyük
çadır qur!
Ayğır, buğra, qoç
qırdır!
İç Oğuzun, Daş
Oğuzun bəylərini
üstünə yığ!
Ac görsən, doydur; çılpaq görsən,
geyindir!
Borclunu borcundan qurtar!
Təpə kimi ət yığ, göl kimi qımız sağdır!
Böyük şadlıq məclisi
qur, Allahdan arzunu dilə!
Bəlkə, bir ağzı
dualının alqışı
ilə
Tanrı
bizə bir yetkin övlad verə, – dedi.
Dirsə xan arvadının sözü ilə böyük məclis qurdurdu, Allahdan istəyini dilədi. Atdan ayğır,
dəvədən buğra,
qoyundan qoç qırdırdı. İç Oğuz,
Daş Oğuz bəylərini ora topladı. Ac gördüsə, doydurdu.
Yalın
gördüsə, geyindirdi.
Borclunu borcundan qurtardı. Təpə kimi ət yığdı.
Göl kimi qımız sağdırdı. Əl götürüb
arzularını dilədilər.
Allah bir ağzı dualının alqışı
ilə övlad verdi. Arvadı hamilə
oldu. Bir neçə müddətdən
sonra bir oğlan doğdu”.
Beləliklə, “Dədə Qorqud”
və “Əsli-Kərəm”dəki
süjet planlarının
müqayisəli təhlili
bizə bu nəticələrə gəlməyə
imkan verir:
– Hər iki eposda
övladın olmaması
xaosun yaranmasının
əlamətidir;
– Bayındır xanın ildə bir dəfə
keçirdiyi toy ritualı
Oğuz kosmosunda il ərzində
yarana biləcək bütün mümkün xaotik element, münasibət,
sahələrin aşkarlanması
üçündür. Növbəti
mərasimdə Dirsə
xanın simasında xaotik ele¬ment (münasibət, sahə) aşkarlanır;
– Oğuzlar övladsızlığı
insanın Tanrının
qarğışına keçməsi
kimi qəbul edir və ondan
üz döndərirlər;
– Oğuz düşüncəsində
Tanrı qarğışından
qurtulmağın vasitəsi
(mexanizmi) rutualdır.
Bu, “qurban verməklə
hacətdiləmə” mərasimidir;
– “Qurban verməklə
hacətdiləmə” mərasiminin
əsasında cəmiyyətdə
maddi-sosial harmoniya yaratmaq durur: Dirsə xan atdan – ayğır, dəvədən – buğra,
qoyundan – qoç kəsdirir. İç Oğuz, Daş
Oğuz bəylərini
Tanrıdan hacət – istək diləmək üçün məclisə
toplayır. Acları – doyuzdurur,
yalınları – geyindirir,
borcluların – borcunu verir. Təpə kimi ət, göl kimi qımız
ehsan edir.
– Övladsızlığın cəmiyyətdə
maddi-sosial harmoniya yaratmaqla aradan qaldırılması xaosun
yaranmasının əsl
səbəblərini ortaya
qoyur. Hörmətli Oğuz bəylərindən
olan Dirsə həm də xandır. Bu o deməkdir ki, Dirsə xan, çox güman ki, 24 oğuz tayfasından birinin başçısıdır. 24 tirədən birinin
başçısı olmaq
həmin tirə daxilində sekulyar (dünyəvi) və sakral-mistik münasibətlərin
kəsişmə mərkəzi
olmaq deməkdir.
Başqa sözlə,
Dirsənin başçılıq
etdiyi tayfa daxilində “aclar”, “yalınlar”, “borclular” varsa, demək, bunun səbəbkarı birbaşa onun özüdür. Çünki cəmiyyətdəki bütün
harmoniyanın məsuliyyəti
onun boynundadır.
Əgər disharmoniya yaranıbsa,
səbəbkar odur.
Beləliklə, Dirsə xan başçılıq etdiyi
toplum daxilində maddi-sosial xaos yaratmış, bu xaosun qurbanı olan “aclar”, “yalınlar”, “borclular” ona qarğış etmiş, Tanrı bu qarğışı eşitmiş və cəza olaraq Dirsəni övladdan məhrum edib;
– Tanrı qarğışından
qurtulmağın yeganə
yolu Tanrının alqışına nail olmaqdır.
Bu, mifoloji düşüncə
baxımından etnokosmik
konfliktdir və bu konflikt yalnız
ritualla həll oluna bilər.
– “Qurban verməklə
hacətdiləmə” ritual mexanizmi işə düşür və Tanrı qarğışı
ilə yaranan xaos Tanrı alqışı ilə aradan qaldırılır.
– Beləliklə, “Tanrı alqışı və Tanrı qarğışı”
bir konsept olaraq həm oğuz mifoloji düşüncəsinin funksional
struktur prinsipi, həm də oğuz eposunda “süjetin çoxölçülüyünü
təmin edən ən əhəmiyyətli
və müntəzəm
fəaliyyətə malik”
məna vahididir. Başqa sözlə, “Tanrı alqışı və Tanrı qarğışı”
konsepti mətnaltı
düşüncə məntiqi,
süjetyaradıcı və
süjetqurucu məna formuludur. Alqış və qarğış
“Əsli-Kərəm” dastanında
baş qəhrəmanın
hərəkətinin funksional
materialı və məntiqini də təşkil edir.
– Ziyad xan və
Vəzir Qara Keşişin övladsızlığının
səbəbi onların
Gəncə kosmosunda maddi-sosial sahə və münasibətlərdə
yaratdıqları disharmoniyadır.
Nəticədə cəmiyyətdə fəqir-füqəra, ac-yalavac,
kasıb-kusub, əlsiz-ayaqsızlar
artıb çoxalır.
İkinci süjet planındakı
(“Dədə Qorqud”) mətnaltı məntiq göstərir ki, onlar Allahın qəzəbinə düçar
olmuşlar. Yaranmış xaosun səbəbi, çox güman ki, Vəzir Qara Keşişdir. Çünki dastanda Ziyad
xan – axıradək xeyiri, Qara Keşiş
– şəri təmsil
edir.
– Ziyad xan yaranmış
xaosu (övladsızlıq
ziddiyyətini – etnokosmik
konflikti) aradan qaldırmaq üçün
“Dədə Qorqud”da olduğu kimi, ritual mexanizmini işə salır; cəmiyyətdəki
sosial-maddi səfalətin
obyektləri müəyyənləşdirilir,
Allah yolunda çoxlu heyvan qurban verilir
və pal-paltar, pul ehsan edilir.
Allah bu qurban
və ehsanatı qəbul edərək onlara övlad verir.
– Bu təhlildə diqqət veriləsi mühüm məqam ondan ibarətdir ki, əgər “Dədə Qorqud”da xaos və onun aradan qaldırılmasının əsas funksional prinsipi Tanrı qarğışından qurtulub, Onun alqışını qazanmaqdırsa, “Əsli-Kərəm”də bu, Allahın rəhmə gətirilməsi şəklində (adı altında) baş verir. Hər iki eposdakı funksional hərəkətin mahiyyət və mexanizmi eyni olsa da, burada “Tanrı alqışı – Tanrı qarğışı” konseptinin adı birbaşa çəkilmir. Lakin bizim vurğulamaq istədiyimiz məqam ondan ibarətdir ki, “Əsli-Kərəm”in doğuluş formulunda bu konseptin adı birbaşa çəkilməsə də, dastanın sonrakı süjetində baş qəhrəman Kərəmin magik-mistik silahı birbaşa alqış-qarğışdır. “Alqış-qarğış”, başqa sözlə, “xeyir dua-bəd dua” Kərəmin epik davranışının əsasında durmaqla onunla bağlı süjeti, süjetin funksional struktur və məntiqini birbaşa qam-şaman kompleksinə aid edir.
– Alqış və qarğış kosmoqonik yaradılış formullarıdır: alqış – kosmosyaratma, qarğış – xaosyaratma aktıdır. N.Qurbanovun yazdığı kimi, burada bir şeyə diqqət yetirmək lazımdır ki, alqışlarda ifadə olunan arzular əksər hallarda həmin şəxslərdə olmayan, çatışmayan şeylər olur.
– Alqış-qarğışın mifik düşüncə və epik mətn (süjet) formulu kimi mühüm rolu “Dədə Qorqud” dastanında oğuz bəylərinin Baybörənin oğlunun, Baybicanın isə qızının olması üçün Tanrıdan hacət diləmə mərasimində təhkiyə formulu kimi (belə) konstitusionallaşıb: “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi. Duaları müstəcab olurdı”. Bu etnokosmik davranış formulunun təhkiyəçi tərəfindən “ol zaman”a aid olmasının manifestləşdirilməsi “Ol zəmanda bəglərin alqışı – alqış, qarğışı – qarğış idi” formulunun oğuz düşüncəsinin sakral dəyərlər sferasına bağlılığını bəyan etmək məqsədini güdür. Bu “manifestasiya” “alqış və qarğışın” eyni zamanda “Oğuz” adı ilə işarələnən dünyanın bütün sahələrindəki (etnokosmik və etnoxaotik) funksionallığının müqəddəs dəyərlər qatı ilə energetik əlaqəsinin kəsilməməsini də nəzərdə tutur. Bu baxımdan, alqış-qarğışın “Əsli-Kərəm” dastanında baş qəhrəman Kərəmin epik davranışında kompleks olaraq təzahürü “alqış-qarğış” düşüncə formulunun Azərbaycan-oğuz düşüncə modelinin bütün daşıyıcıları, o cümlədən epos daşıyıcıları (söyləyicilər və dinləyicilər) üçün aktual olduğunu göstərir. “Alqış-qarğış” bu gün belə azərbaycanlı düşüncəsi üçün funksional davranış arxetipidir: azərbaycanlılar qarğışdan qorxur və ona inanmayanlar belə hər ehtimala qarşı qarğışdan yayınmağa çalışırlar.
Seyfəddin Rzasoy
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 31 oktyabr.-
S.14.