Güney Azərbaycan milli hərakatının
yüksəlişi
1-ci
yazı
İran Türkiyədən sonra türklərin sayca ən
çox məskun olduğu ölkədir. Təxminən
70 milyon əhaliyə sahib olan İranın 35 milyon türk
toplumunu əhatə etdiyi təxmin olunmaqdadır. İran türklərini - Azərbaycan türkləri,
türkmənlər, xalaçlar, qaşqaylar və qazaxlar təşkil
etməkdədir. İran türkləri
içərisində Azərbaycan türkləri 30 milyonla ən
geniş türk toplulumudur. İran sərhədləri
içərisində olan Azərbaycan siyasi ədəbiyyatda
Güney Azərbaycan olaraq adlandırılmaqdadır. Güney Azərbaycan ərazisi Quzey Azərbaycan
Cümhuriyyəti və Türkiyə sərhəddindən
başlayaraq 250,000 km.-lik bir yüzölçümü ilə
İranın mərkəzinə qədər uzanmaqdadır.
İrandakı azərbaycanlılar (Güney Azərbaycan)
sahib olduqları siyasi, (hakimiyyətin sürəkli türklərin
əlində olması) sosial-mədəni, iqtisadi, əhali və
geopolitik məsələ etibari ilə İrandaki dəyişimlərdə
ciddi rol oynayıblar. Çağdaş
tarixdə Güney Azərbaycan İran modernləşməsinin
təməl daşını təşkil edir. Güney Azərbaycan Osmanlıdan aldığı
anayasa, məşrutə və məclis qavramlarının
İrana daşıyıcısı olub. Bundan
əlavə, Qafqaz ilə həmsərhəd olduğu
üçün Rusiyada cərəyan edən sol və
sosial-demokrat təmayülün İran içərisinə
girməsinə səbəb olub. Bu səbəbdən
İranda ilk nəşriyyat, qəzet, modern məktəb,
modern ordu və yeni siyasi-sosial təşkilatlar Güney Azərbaycanda
ortaya çıxıb.
Güney Azərbaycan məfhumu yaxın zaman içərisində
tarixi-siyasi bir məfhum olaraq Türkiyədə istifadə
edilməyə başlanıb. Bu ifadənin Türkiyədə
siyasi ədəbiyyata girməsi ilə birlikdə İrana
yönəlik baxış məsələsi da dəyişməyə
başlayıb. “Güney Azərbaycan” məfhumu
Türkiyədə fars mərkəzli
İran platformasını yıxmış və
İranın sadəcə farslardan ibarət
olmadığı düşüncəsini doğurub. Bəhs olunun durum İranın etnik, siyasi və mədəni
hayatı haqqında yeni yozumların aparılmasını zəruri
edib.
İran-ABŞ arasında yaranan gərginlik Güney Azərbaycan
problemini yenidən gündəmə gətirib. Bəzı
icmalçılar məqsədli şəkildə Güney Azərbaycan
məsələsini ABŞ tərəfindən ortaya atılan
bir problem olaraq göstərməyə
çalışıb. Güney Azərbaycanda
cərəyan edən siyasi və ictimai hərəkatı
ABŞ-a bağlamaq gerçəkləri ört-basdır etməkdən
başqa bir şey deyil. Bu səbəbdən
yazımızın məqsədi İranın daxili
ölçüləri baxımından Güney Azərbaycan
milli hərəkatının yüksəlişini təhlil
etməyə çalışmaqdır. Yazımızda
ilkə öncə Güney Azərbaycan milli hərəkatınin
qısa tarixini anlatdıqdan sonra fars mərkəzli
iranlılıq paradiqması, fars mərkəzli paradiqmanın
çöküş səbəbləri və Güney Azərbaycan
milli hərəkatının yüksəlişi təhlil ediləcək.
Güney
Azərbaycan milli hərəkatının qısa tarixi
İranda yaşayan Azərbaycan türkləri XX
yüzilin əvvəllərindən etibarən öz Türk
milli kimliklərini qorumaq yolunda çeşidli tarixi
olayların gerçəkləşməsinə səbəb
olub. Bu tarixi olayların ilki İrandaki Məşrutə
hərəkatıdır. 1905-ci ildən
etibarən Tehranda başlayan Məşrutə hərəkatı
5 avqust 1906-cı ildə Müzəffərəddin
şahın Məşrutə fərmanını
imzalamasıyla nəticələnib. Bu zamana qədər
hadisələrə qarışmayan Azərbaycanda Tehranda Milli
Məclisin açıldığı 7 oktyabr 1906-cı il tarixiylə eyni gündə “Azərbaycan
Milli Məclisi” açılıb. Milli Məclis adından əndişəyə
qapılan Tehran tərəfindən edilən təzyiq nəticəsində
bu ad “Azərbaycan Əyaləti Əncüməni” şəklində
dəyişsə də, xalq içində “Qudsal Əncümən”
olaraq işlədilməyə davam edib. Əncümən
bu tarixdən etibarən Azərbaycanı idarə edib və
despotizmə qarşı açılan savaşda Azərbaycan
xalqına öndərlik edib. 23 iyun 1908-ci
ildə Məhəmmədəli şahın hərbi birlikləri
Tehranda “Milli Məclisi” bombardman edərək Məşrutəyə
ağır zərbə vurdu. Bütün
İranda iqtidarı əlinə keçirən mərkəzi
hökumət, Azərbaycana ordu göndərmiş, ancaq Səttar
xan və Bağır xan öndərliyində ayaqlanan xalq
ordunu Təbrizdən çıxarmağa nail olmuşdu.
Bunun ardınca Təbriz 11 ay boyunca müqavimət
göstərmiş, çoxlu sayda Təbrizli açlıq və
xəstəlik nəticəsində ölmüşdü.
Ancaq bütün bunlara rəğmən, şəhər
təslim olmamışdı. Bu dövrdə
Təbrizdə “Azərbaycan Məşrutə Cümhuriyyəti”
fikri də önə sürülmüşdü.
Çünki Səttar xan o dövrdə mərkəzi
hökuməti belə təhdid etmişdi: “Bizim istəyimiz bu
zülm və diktatura quruluşuna son qoyulmasıdır. Biz hüquq, hürriyyət və anayasa tələb
edirik. Biz Şaha bir pislik gəlməsini
istəmirik. Ancaq o (Şah) bizim istədiyimizi
bizə verməlidir. Yoxsa cümhuriyyət
elan edəcəyik». Məşrutə hərəkatı
16 iyul 1909-cu ildə məşrutəçilərin
Tehranı fəthi ilə sona çatmışdı.
Birinci Dünya müharibəsindən sonra İran,
ölkə miqyasında çeşidli mərkəzdən
qopma hadisələrinə səhnə olmuşdu. Bunlardan ən
önəmliləri Xorasan, Gilan və Azərbaycanda baş verən
üsyanlar idi. Gənç yaşda olmasına baxmayaraq
Məşrutə hərəkatının öndərlərindən
sayılan Şeyx Məhəmməd Xiyabani 1918-ci ilin
martında Azərbaycan Demokrat Firqəsini və 7 aprel 1920-ci
ildə isə «Azadistan dövləti»ni
qurmuş və Azərbaycanın müstəqilliyini elan
etmişdi. «Milli Hökumət» iş başına gələr-gəlməz
islahatlar həyata keçirərək Azərbaycanın
demokratikləşmə və modernləşməsini
qarşısına məqsəd qoymuşdu. Təəssüf
ki, mərkəzi hökumət bu məqsədlərin həyata
keçirilməsinə imkan verməmişdi. 1920-ci ilin sentyabr ayında İran hökumətinin
göndərdiyi silahlı birliklərlə toqquşan «Milli
Hökumət» məğlubiyyətə uğramış, liderləri
Xiyabani isə bu toqquşma nəticəsində şəhid
olmuşdu. Bu olayın ardından Kəleybər
bölgəsində Kiyaminin öndərliyində bir
müqavimət hərəkatı başlamış, ancaq bu
üsyan da dövlət gücləri tərəfindən
yatırılmışdı. 1 fevral
1922-ci ildə Lahutinin liderliyində Təbrizdə başqa bir
üsyan gerçəkləşmiş, ancaq bu üsyan da
hökumətin göndərdiyi Rza Hanın dəstələri
tərəfindən qanlı bir şəkildə məblub
edilmişdi.
1925-ci ildə
qatı bir fars milliyətçisi olan Rza
xan Qacar hakimiyyətinə son verərək Pəhləvi səltənətini
qurdu. İfrat mərkəziyyətçi bir siyasət yeridən
Rza Şah “İran Milləti” yaratmaq məqsədilə
başda Türklər olmaqla bütün fars
olmayanlara qarşı sistematik bir assimilyasiya siyasəti yeritməyə
başlamışdı. 1930-cu ildə
farsça İranın tək rəsmi dili olaraq elan edilmişdi.
1935-ci ildə farsça olmayan (türkçə,
ərəbcə və s.) coğrafi və tarixi adlar dəyişdirilməyə
başlanmışdı. 1937-ci ildə Azərbaycan
əyalətindən geriyə qalan qism iki bölümə
ayrılıb. Bu dönəmdə Azərbaycan
iqtisadi, siyasi və mədəni baxımdan ciddi bir geriləməyə
məruz qalıb.
1945-ci ildə S.C.Pişəvəri
başqanlığında, daha öncə Xiyabaninin qurduğu
“Azərbaycan Demokrat Firqəsi” təkrar fəaliyyətə
başladı.
Dekabrın 21-də M.A.Şəbüstəri
başqanlığında Təbrizdə qurulan “Milli Məclis”
Pişəvərini Azərbaycan Milli Hökuməti
başqanlığına seçdi. Milli
Hökumət fədailərdən ibarət milli ordu vasitəsiylə
Azərbaycanın bütün bölgələrində
hegemonluğu ələ keçirərək, bənzəri
görünməmiş bir biçimdə köklü
islahatlar həyata keçirməyə nail olmuşdu.
1946-cı ildə İran mərkəzi hökuməti Azərbaycan
Milli Hökuməti ilə imzaladığı anlaşmalarla
bu muxtar dövləti rəsmən tanımış olsa da,
eyni il içərisində Pəhləvi-fars
dövləti ordusu etnik Azərbaycana hücum etmiş və
Azərbaycan Milli Hökumətinə son vermişdi. Azərbaycanın işgalinin ardından minlərcə
Azərbaycan türkü ya qətl edilmiş, ya da
sürgünə göndərilmişdi.
1979-cu il İslam inqilabından sonra Azərbaycanda
yenidən istiqlal hərəkatı başladı.
İnqilabın əsas liderlərindən olan azərbaycanlı
Ayətullah Şəriətmədari Azərbaycanın
muxtariyyəti tələbilə çıxış edərək
belə demişdi: “Mənim yerim 17,5 milyon
Azərbaycan türklüyünün istinad nöqtəsi olan
Təbriz olacaq”.
Azərbaycan türklərinin azadlıq iradəsini ortaya
qoymaq istəyən Şəriətmədarinin bu mövqeyi
xalq tərəfindən dəstəklənmiş, onun
liderliyində Müsəlman Xalq Partiyası (Hizbi Xalq Müsəlman)
qurulmuşdu.
7 dekabrda mərkəzi hökumət Qum şəhərində
yaşayan Şəriətmədarinin evinə basqın təşkil
etmiş, o, çətinliklə özünü qurtara
bilmişdi. Bunun ardınca Təbrizdə
xalqın üçyanı boğulmuş və şəhərin
idarəsi ələ keçirilmişdi. Bu
çatışmalardan bir nəticə əldə edə
bilməyən hökumət çarəni Şəriətmədarini
ikna etməkdə bulmuşdu. İslami
duyguların ağır gəldiyi bir dönəmdə Azərbaycan
milli hərəkatınin qan tökməkdən başqa bir nəticəsi
olmayacağını anlayan Ayətullah Şəriətmədari
ayaqlanmanın durdurulmasını istəmişdi. Şəriətmədari hərəkatının
yatırılması ilə Güney Azərbaycanda milli
müqavimət bitməmişdi. 1979-cu ildə
İslam İnqilabının gerçəkləşməsindən
günümüzə qədər Güney Azərbaycan milli hərəkatı
güclənərək davam etmişdi. Güney
Azərbaycan milli hərəkatı hazırda İran siyasi
hayatında önəmli bir faktor olaraq ortaya
çıxmışdı.
Fars mərkəzli
iranlılıq paradiqması
İran
çeşidli etnik qrupların yaşadığı bir
coğrafi-siyasi bölgə olmasına rəğmən, fars kimliyi ilə bərabər tutulan anlam ifadə
edir. Fars dili tarix boyu kulturoloji siyasətin həyata
keçirildiyi dil olub. Bəhs olunan durum İran
kültürü qavramı ilə fars
kültürü qavramını bərabər anlamlı
tutub. Fars dili mədəniyyət dili olduğu
üçün İranda bürokratiya, siyasət və məzhəb
dili də olub. İranda şiə məzhəbi bir
çox məzhəblə bağlı gördüyü
işləri fars dilində icra etdiyi
üçün fars məzhəbi olaraq da qəbul edilib.
İran siyasətində fars dilinin tarixi
hegemonluğu fars kimliyini də hegemon edib. İran, kimlik məsələsində
fars mərkəzli bir kimliyə sahib olub.
1924-cü
ildən günümüzə qədər İranda “rejim
mahiyyəti nə olursa-olsun” fars mərkəzli
İranlılıq sistemindən vaz keçməyib.
Çünki 1924-cü ildən sonra İranda ulus-dövlət
proyekti fars mərkəzli bir
İranlılıq sistemi çərçivəsində
müəyyənləşdirilib. Fars mərkəzli
iranlılıq düşüncəsi həm Pəhləvi
(1924-1979), həm İslam Cümhuriyyəti (1979) dönəmində
davam edib. Pəhləvi xanədanının (1924-1979) fars mərkəzli iranlılıq kimlik
anlayışı şiəliyi dışlayan və əski
İranı hədəf alan bir ulus-dövlət proyekti idi.
İslamı dışlayan, fars milliyyətçiliyini
əsas alan Pəhləvilərin çökməsi ilə əski
İranı hədəf alan, İslamı dışlayan və
Qərbçi fars milliyyətçiliyi də iflas edib.
1979-cu il inqilabının sonucu İslam Cümhuriyyətinin
qurulması olmuşdu. İslam Cümhuriyyəti əski
İranı hədəf alan, islamı
dışlayan və qərbçi fars milliyyətçiliyinə
qarşı çeşidli sahələrdə mücadilə
edib. İslam Cümhuriyyəti bu anlayışa sahib fars mərkəzli İranlılıq kimliyini
redd etmiş və islam tarixini hədəf alan Qərbi
dışlayan və şiəliyi əsas alan yeni bir fars mərkəzli
iranlılıq kimliyi sistemini ortaya qoymuşdu. İslam
Cümhuriyyəti şiəliyi əsas alan
yeni fars mərkəzli iranlılıq kimliyini ortaya
atmışdı.
Dr. Yaşar
KALAFAT
Arif KƏSKİN
Xalq Cəbhəsi.- 2018.- 11 sentyabr.-
S.14.