XIX-XX əsrin əvvəllərində ədəbi
hərəkat
3-cü yazı
Tənzimatın
II nəslinə Recaizadə Əkrəm, Əbdülhaq Hamid,
Sezai, Muallim Naci, Nəbizadə Nazim və başqaları
daxildir. Əsasən R.Əkrəm - Ə. Hamid - P.Sezai məktəbi
hesab edilən II nəsil tənzimatçılar “sənət
sənət üçün” prinsipini məqsəd
seçmişdilər. “Sənət sənət
üçün” təmayülünün “sənət cəmiyyət
üçün” ədəbi təmayülündən
başlıca fərqi onların siyasi-ictimai ideologiyalardan bir qədər
uzaq olmalarında idi. Lakin bu heç də o demək deyildi ki,
“sənət sənət üçün”dür deyən
şairlər siyasət və ideologiyalarından imtina edirdilər.
Onlar siyasət məsələlərinə qismən də
olsa qarışırdılar. Təbii olaraq Tənzimat ədəbiyyatı
geniş əhatə dairəsinə malikdir. Hər şeydən
əvvəl, Tənzimat ədəbiyyatı həyati əhəmiyyət
kəsb edən yeni ictimai və ideoloji məsələlərə
münasibətdə olan ictimai bir ədəbiyyatdır. Bu ədəbiyyatda
XVIII əsr fransız mütəfəkkirlərinin fikirləri
əsas götürülmüş, Avropanın əski və
yeni sənət xüsusiyyətlərinin tətbiqinə
xüsusi fikir verilmişdi. Tənzimatçılar ölkədə
yalnız istibdad rejimini deyil, köhnə və yenilik tələblərindən
uzaq hesab etdikləri bütün sənət və ədəbiyyat
anlayışlarını da yıxmağa
çalışırdılar. Düzdür, Tənzimat
dövründə əski türk ədəbiyyatının
dil, şəkil və s. cəhətləri bəzi sənətkarlar
tərəfindən müəyyən hallarda mühafizə
olunsa da, Avropa ədəbi modelinin tətbiqi ön sıraya
çıxarılmışdır. Ədəbi yeniləşmə
zamanı şeirin aparıcılılığına son
qoyulmuş, nəsr və dramaturgiyanın
üstünlüyü təmin edilmişdi.
Yeni
türk ədəbiyyatında xalq, vətən, millət,hürriyyət
üçün səslənən ideallar Qərb ədəbiyyatının
örnəklərinə söykənmişdi. Ailə problemləri,
sosial məsələlər də yeni ideya baxımından
özünə yer tapa bilmişdi. Onu da qeyd edək ki, yeni
türk ədəbiyyatı fransız romantik və qismən də
realist məktəblərinin təsirində idi. Tənzimat
dövründə şeir, nəsr və dramaturgiyada forma, məzmun,
ideya, fikir və s. cəhətlərdə yenilik tam mənada
özünü göstərirdi. 35 illik mövcudluğu
dövründə Tənzimat ədəbiyyatının bir
sıra qüsurları istisna olunmaqla, bu ədəbiyyat
Türkiyə türk ədəbiyyatının yeni məzmun
və yeni formada inkişafında böyük rol
oynamışdı.
1895-ci ildə
Türkiyə türk ədəbiyyatının həyatında
yeni dövrün “Sərvəti-fünun” mərhələsinin
başlanğıcı qoyulur. Tofiq Fikrət, Cənab Şəhabəddin,
Faiq Əli, Hüseyn Cahid, Mehmed Rauf, Süleyman Nazif,
İsmayıl Səfa və digər sənətkarların
üzvü olduğu bu ədəbi hərəkat ədəbiyyatın
yeni modelinin yaranmasına səbəb oldu. “Sərvəti-fünun”
ədəbiyyatının qaynağı XIX əsrin ikinci
yarısında formalaşan fransız ədəbiyyatı
olmuşdu. Bu dövrdən sonra türklərin təbirincə
desək, Türkiyə türk ədəbiyyatında “yeni və
böyük bir Batılaşma mərhələsi”
başlanmışdı. Gənc ədəbiyyatçılar
tərəfindən yaradılmış bu ədəbi hərəkat
üslub və şəkil baxımından fransız realistlərinin
yolu ilə getməklə yanaşı, digər tərəfdən
“yerli və ictimai bir romantizmin” təsirindən də kənarda
dayanmırdı. Bu ədəbi hərəkatda fransız ədəbi
təsiri güclü olduğundan fransız realistlərinin “sənət
üçün sənət” meyilli ədəbiyyat cərəyanı
meydana gəldi. “Sərvəti-fünun’’çular Şərq ədəbiyyatından
çox Qərb ədəbiyyatını tanıyır, onu
önə çəkir, hətta belə münasibətləri
ilə iftixar hissi keçirirdilər. Yeni ədəbi hərəkat
tərəfdarları Qərb nəzm şəkillərini
Türkiyə ədəbiyyatına gətirir, hekayə və
roman janrına Avropa hekayə və roman anlayışları
səviyyəsindən yanaşırdılar.
Onu da qeyd
edək ki, Türkiyə türk ədəbiyyatında əruz
vəznində yazılan sərbəst nəzm “Sərvəti-fünun’’çularla
başlamışdır. “Sərvəti-fünun” şeirinə
qüvvətli bir musiqi dili hakimdir. Bu cəhət onu Tənzimat
şeirindən fərqləndirən başlıca xüsusiyyətdir.
“Sərvəti-fünun’’çular Avropa tipli əsərlər
yazmaq baxımından tənzimatçılardan
çox-çox irəlidə gedirdilər. “Sərvəti-fünun”
ədəbi hərəkatına bağlı olan sənətkarlar
öz əsərlərində xalq kütləsinə
müraciət etməkdən uzaq idilər. Bu ədəbiyyat
milli, ictimai, estetik ehtiyacları daha az göstərmiş,
yalnız yüksək zümrə və ya
avropalaşmış adamların həyatını sənətdə
əks etdirmişdi.
XX əsrdə
Türkiyədə ədəbi hərəkatlar ictimai-siyasi
proseslərlə bilavasitə qarşılıqlı əlaqə
və bağlılıq şəraitində inkişaf edirdi.
Keçən əsrin əvvəllərində Türkiyənin
ictimai-siyasi həyatı “qaynar qazanı”
xatırladırdı. Ölkəni siyasi böhran
bürümüşdü.
Sultan Əbdülhəmidin
1908-ci ildə elan etdiyi ikinci Məşrutəsi gözlənilən
nəticəni verməmiş və az vaxtdan sonra Sultan Əbdülhəmid
taxtdan endirilmişdir. Hakimiyyət davamçısı V
Mehmedin idarəçiliyi nəticəsi olmayan bir sonluqla
başa çatmışdı. Əsrin ilk illərində
ölkədə baş verən dəyişikliklər ədəbi
proseslərə də öz təsirini göstərmişdi.
Bu illər ədəbi fəaliyyətin hərəkətsiz
dövrləri hesab edilir. Lakin 1908-ci ilin qaynar hadisələrindən
sonra ədəbiyyatda ilkin canlanmalar başladı. XX əsr
Türkiyə türk ədəbiyyatının
inkişafında, milli ədəbiyyat cərəyanı
halına çevrilməsində ədəbi hərəkatların
böyük rolu olmuşdu. “Fəcriati” Türkiyədə
1908-ci il Məşrutəsindən sonra yaranan ilk ədəbi
təşkilatdır. Bu ədəbi təşkilat 1909-cu ildə
20-30 yaşlı gənc ədiblər tərəfindən
yaradılmışdı. Emin Bülənd, Əhməd
Haşım, Həmdullah Sübhi, Rafiq Xalid, Şəhabəddin
Süleyman, Əli Süha, Fazil Əhməd, Fuad
Köprülü, Yaqub Qədri və digər sənətkarların
toplaşdığı “Fəcri-ati” ədəbi qurumu yeni fəaliyyət
proqramı ilə meydana çıxdı. “Fəcri-ati’’çilər
“Sərvəti-fünun” məcmuəsinin 12 mart 1909-cu il tarixli
sayında öz bəyannamələrini dərc etdirdilər.
Həmin bəyannamə bu təşkilatın xüsusiyyətlərini
əks etdirmək baxımından səciyyəvidir. Bəyannamədə
ədəbiyyatın istər problemləri, istərsə də
tədqiqi məsələlərinə münasibət
bildirilmiş, ona geniş ictimai planda
yanaşılmışdı. Dərc olunan bəyannamədə
Namiq Kamalın “ədəbiyyatsız millət dilsiz insan
kimidir” məşhur sözünə əsaslanmaqla yeni bir nəslin
yeni bir düşüncə tərzinə sahib olması tələb
kimi ortaya atıldı. Təşkilat üzvləri özlərinin
ədəbiyyatsevər və əzmkar olduqlarını, Avropa
sənətkarlarının bənzəri olmaq istədiklərini,
“Qərbin nurlarını Şərqin üfüqlərinə
nəql etmək arzularını” ifadə edir, fəaliyyətlərini
bu istiqamətdə qurmağı vacib sayırdılar. Onlar
bütün ölkədə mövcud olan eybəcərliklərin
başlıca səbəbi kimi istibdadı əsas
götürür və buna qarşı mübarizəni
ön plana çəkirdilər. Hətta ədəbi həyatda
baş vermiş sükut və geriliyin səbəbini də
bunda axtarırdılar. Lakin “Fəcri-ati” hərəkatı “Sərvəti-funun’’a
bir çox baxımdan yaxın idi. Bir növ o, “Sərvəti-fünun’’un
“bətnində” formalaşan təşkilat idi. Ona görə
də, türk ədəbiyyatşünasları haqlı
olaraq “Fəcri-ati’’nin “Sərvəti-funun’’un davamı olmaqdan
savayı başqa bir şey olmadığını” göstərirdilər.
“Fəcri-ati’’çilər
böyük cəsarət və enerji ilə ortaya
çıxıb sənətdə yeni dəyişikliklər
etmək arzusunda olsalar da, tez bir zamanda dağılmış
(1911) və fəaliyyətlərini dayandırmışlar.
1908-ci il Məşrutəsindən sonra (Milli ədəbiyyat
(1908-1930) və Yeni ədəbiyyat (1930-cu ildən sonrakı
dövrlər) mərhələlərində) Türkiyədə
milli ədəbi prosesdə canlanma müşahidə edilirdi.
Bu dövrdə sənətdə nüfuzu və yeri olan
ayrı-ayrı şəxsiyyətlər qüvvətlənməkdə
olan milli-ədəbi hərəkatlara rəhbərlik edir,
türk milliyyətçiliyinin inkişaf etməsində
mühüm rol oynayırdılar. Artıq 1908-ci ildən sonra
yeni-yeni məcmuələr dərc edilir, milli təəssübü,
elmi potensialı yüksək olan şəxslər bu məcmuələrin
ətrafına toplaşırdılar. “Türk dərnəyi” ədəbi
cəmiyyəti və bu cəmiyyətin orqanı olan eyni
adlı məcmuə qarşısına birinci növbədə
türk dilini sadələşdirmək və zəngin bir dil
halına gətirmək məqsədi qoymuşdu. Türkiyədə
yeni başlayan ədəbi hərəkatın qaynar formada getməsi
yeni ədəbi cəmiyyət və təşkilatların
yaranması ilə müşahidə olunurdu. 1911-ci ildə
“Türk yurdu’’, 1912-ci ildə “Türk ocağı’’nın
yaranması formalaşmış türkçülük
ideyalarının yeni inkişaf mərhələsinə qədəm
qoyması və möhkəmləndirilməsindən xəbər
verirdi. Yaranmış cəmiyyətlər türk dilini sadələşdirmək,
onu yabançı sözlərdən, qeyri-milli qaydalardan təmizləmək
və s. uğranda geniş iş aparırdı. Baş verən
proseslər onu deməyə tam əsas verirdi ki, sənətdə
və mənəviyyatda milli həyəcan təbili
çalınmaqda idi. Ömər Seyfəddin, Ziya Göyalp
genişlənməkdə olan hərəkatın önündə
gedirdilər. 1911-ci ildə “Gənc qələmlər” məcmuəsində
yeni dil qaydalarının hakimliyi məsələsi ilə
bağlı silsilə yazılar dərc olunmağa
başladı.
İlk sanballı, problem səciyyəli məqalənin müəlliflərindən biri olan Ömər Seyfəddin ədəbiyyatda ərəb, fars və fransız sözlərinin işlədilməsinin əleyhinə çıxır, türk ədəbi dilini gəlmə sözlərlə dolduran sənətkarları tənqid edir və bu günkü tələbin mahiyyətinin nədən ibarət olmasını açıqlayırdı: “İndi yeni bir həyata, yeni bir intibah dövrünə girən türklərə yeni, təbii bir dil, yəni öz dilləri lazımdır. Milli bir ədəbiyyat vücuda gətirmək üçün əvvəla milli bir dil lazımdır. Əski dil xəstədir və bu xəstəliyin səbəbi də içindəki lüzumsuz və yabançı qaydalardır.’’
“Gənc qələmlər” məcmuəsi ətrafına toplaşan mütəfəkkir şəxsiyyətlər yeni fikirlər irəli sürərkən beş xüsusi maddə ilə (qəlibləşmiş bəzi tərkiblər istisna olmaqla (məs., sadrazam, sevk-i tabii, darb-i mesel) ərəb və fars tərkiblərinin dildən çıxarılması; türkcə cəm şəkilçilərindən başqa əcnəbi cəm şəkilçilərindən imtina (məs., mekatip-mektepler, memurin-memurlar); yazı dilində yalnız milliliyin və sadəliyin qorunub saxlanılması; ərəb-fars tərkiblərinin xalq danışıq dilinə uyğunlaşan variantlarından istifadə edilməsi (məs., şəms əvəzinə günəş, qəmər əvəzinə ay); danışıq dilinin İstanbul türkcəsi olması təklifi ilə çıxış edir, yazılı və şifahi dildə milliliyə xüsusi önəm verirdilər. Bütün bunlardan sonra ədəbiyyatda yeniləşmə başladı. Ömər Seyfəddin, Əli Cənib, Ziya Göyalp, Fuad Köprülü, Mehmed Akif və s. sənətkarlar sayəsində türk ədəbiyyatında milli ədəbi istiqamətlər genişləndi.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2018.- 15 sentyabr.-
S.14.