“Millət sizə minnətdardır”
Sentyabrın 14-də Milli Azərbaycan
Tarixi Muzeyində Bakının erməni-daşnak
qüvvələrinin işğalından
azad olunmasının
100 illiyinə həsr
edilmiş “Millət sizə minnətdardır”
adlı sərgi açılıb.
Sərgi Milli Azərbaycan Tarixi Muzeyi və
Türkiyənin ölkəmizdəki
səfirliyinin birgə
təşkilatçılığı ilə gerçəkləşib.
Tədbir Türkiyə və Azərbaycanın dövlət
himnlərinin səslənməsi
ilə başlayıb.
Muzeyin direktoru,
akademik Nailə Vəlixanlı çıxış
edərək sərginin
əhəmiyyətindən söz açıb. O deyib ki, 100 il
bundan əvvəl Azərbaycan tarixində ən önəmli hadisə baş verib. Bakının düşmən işğalından
azad olunmasının tarixi əhəmiyyəti haqqında danışan Nailə Vəlixanlı deyib: “Əlamətdar haldır ki, 100 il əvvəl bu zalda görkəmli
xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyev
Nuru paşa başda olmaqla Qafqaz İslam Ordusunun komandanlığının
şərəfinə ziyafət
verib. O vaxt türk qardaşlarımızın
köməyi ilə istiqlal yürüşü
zəfər yürüşünə
çevrildi. 1918-ci il sentyabrın 15-də
Nuru paşanın başçılıq etdiyi
Qafqaz İslam Ordusu və Əliağa Şıxlinskinin
rəhbərlik etdiyi Azərbaycan hərbi hissələri Bakını
düşmən işğalından
azad etdi. Bütün bu hadisələr türkün türkə sadiqliyinin, düşmənə
isə nifrətinin göstəricisi idi.
Ona görə də əcdadlarımızın bizə
qoyub getdiyi vətənpərvərlik hissinə
sahib çıxmaq və
onu qorumağa borcluyuq. Bugünkü sərgi də
onların ruhuna hörmətimizin bariz nümunəsidir”.
Akademik Nərgiz
Axundova deyib ki, Bakının azad olunması Azərbaycan-Türkiyə dostluğu
və qardaşlığı
zəminində müstəsna
əhəmiyyət daşıyan
böyük hadisədir. Osmanlı qoşunları
Bakının azad olunması üçün
həyata keçirdikləri
hərbi əməliyyatlarda
mindən çox şəhid veriblər.
Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin
100 illiyinə dair imzaladığı Sərəncama
diqqət çəkən
natiq deyib ki, bu il həm də ölkəmizdə Cümhuriyyətlə bağlı
silsilə tədbirlər
keçirilir. Bugünkü tədbir də bu qəbildən olan tədbirlər sırasında yer alır. Yüz il əvvəl
baş verən hadisə - Bakının işğaldan azad olunması Azərbaycan-Türkiyə
qardaşlığının birliyi nəticəsində
mümkün oldu. Bu gün də
o birlik, qardaşlıq
davam etdirilir.
Türkiyənin ölkəmizdəki səfiri
Erkan Özoral söyləyib ki, bu böyük bayram -Bakının işğaldan azad olunması hər iki qardaş ölkədə qeyd edilir. “Biz, Türkiyə və Azərbaycan tariximiz boyunca bir olduq, bundan
sonra da bir olacağıq. Çünki biz iki dövlət,
bir millətik. Türkiyə azərbaycanlılar üçün necə vətəndirsə, Azərbaycan
da bizim üçün elə vətəndir. Qafqaz
İslam Ordusu da 100 il
əvvəl Azərbaycana
bu hisslərlə gəlmişdi. Bu tarixi hadisə münasibətilə belə
bir sərginin təşkili gələcək
nəsillərə bir
nümunədir”, - deyə
səfir qeyd edib.
Azərbaycan Respublikası Prezidentinin
Katibliyinin rəisi-Prezidentin
köməkçisi, professor
Dilarə Seyidzadə tədbirdə çıxış
edərək 100 illiyi
qeyd olunan bu mühüm hadisə ilə bağlı fikirlərini bölüşüb. O, 1918-ci il sentyabrın 15-də
Qafqaz İslam Ordusunun Bakını erməni-daşnak qüvvələrinin
işğalından azad
etməsinin Azərbaycan
tarixində çox böyük bir hadisə olduğunu vurğulayıb.
Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə ölkəmizdə
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik
yubileyinin silsilə tədbirlərlə qeyd edildiyini deyən Dilarə Seyidzadə vurğulayıb ki, bu, dövlətimizin başçısının tariximizin
ən şanlı səhifəsinə diqqətinin
göstəricisidir.
Dilarə Seyidzadə bildirib ki, müsəlman Şərqində ilk demokratik
dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin ömrünün
uzun olmasına düşmən imkan vermədi. Cümhuriyyət üçün ağır günlərdə
türk qardaşlarımız
bizə köməyə
gəldilər və
biz düşmənə birliyimizi
göstərə bildik.
Ulu öndər Heydər Əliyev Türkiyə-Azərbaycan
qardaşlığının daha da möhkəmlənməsi
üçün əlindən
gələni edib.
Bu gün Türkiyə
və Azərbaycan bütün məsələlərdə
bir-birini dəstəkləyir,
həmişə bir-birinin
yanındadır. Belə tarixi
əhəmiyyətli bir
tədbirin təşkil
olunması da dostluğumuzun və qardaşlığımızın bariz nümunəsidir.
Sonra qonaqlar sərgi ilə tanış
olublar.
Sərgidə muzeyin silahlar və bayraqlar fondu, xatirə əşyaları və hədiyyələr fondu və köməkçi tarixi fənn materialları fondundan 120-dən
artıq unikal tarixi eksponat tamaşaçılara təqdim
edilir. Eksponatlar arasında türk və Azərbaycan döyüşçülərinin silah və ləvazimatları,
Bakı Soveti, Sentrokaspi Diktaturası və ingilis qoşunlarının silahları,
döyüş yerlərində
tapılmış artefaktlar,
azərbaycanlı döyüşçülərin
təltif olunduğu osmanlı ordenləri, həmçinin Qafqaz İslam Ordusuna həsr olunmuş kitab və kataloqlar
nümayiş olunur.
Sərgidə rəssam və
heykəltəraş Əjdər
Qafarovun hazırladığı
“Nuru paşa” və “Həbib bəy Səlimov” büstləri, türk və Azərbaycan sərkərdələrinin portretləri
ziyarətçilərin ixtiyarına
verilib.
Hərbi-siyasi hadisələrin xronoloji ardıcıllıqla təqdim olunması məqsədilə sərgidə 14 informasiya-məlumat paneli üzərində mətnlər, 100-dək fotoşəkil, dövrün şairlərinin şeirlərindən parçalar, döyüşlərin xəritəsi, döyüş səhnəsi təsvirləri hazırlanıb. Dövrün şairlərinin əsərlərində Azərbaycanın istiqlalı uğrunda həlak olmuş türk və Azərbaycan döyüşçülərinin qanları yazda çölləri bəzəyən lalələrə bənzədilir. Sərginin ümumi tərtibatında bu element xüsusi olaraq istifadə edilib.
Dekabrın 14-dək davam edəcək
sərginin kuratoru muzeyin
elmi ekspozisiya və sərgilərin
təşkili şöbəsinin müdiri
Səbuhi Əhmədovdur.
Xalq Cəbhəsi.-
2018.- 16 sentyabr.- S.16.