“Bakının işğaldan azad
olunması baş verməsəydi, bəlkə də
xalqımız heç zaman müstəqilliyinə qovuşa
bilməyəcəkdi”
Məlahət
İbrahimqızı : “Bu yubiley tədbiri
ermənilərə və onları dəstəkləyən
qüvvələrə mesajdır”
Sentyabrın 15-də Azərbaycan müstəqillik
tarxinin ən önəmli hadisələrindən birini –
1918-ci ildə Bakının bolşevik-erməni
daşnaklarının işğalından azad
olunmasının 100 illiyini qeyd edəcək. Paytaxtda təntənəli
yubiley mərasiminə hazırlıq görülür. Telekanallarda yayılan materiallardan görünür
ki, tarxin şanlı səhifəsi müxtəlif tədbirlərlə
anılacaq. Artıq məlumdur ki, həmin
tarixdə Türkiyə Respublikasının prezidenti Rəcəb
Tayyib Ərdoğan da Bakıya səfərə gələcək
və yubiley tədbirlərinə qatılacaq.
Hakim Yeni
Azərbaycan Partiyası İdarə Heyətinin üzvü,
millət vəkili Məlahət İbrahimqızı Strateq.az
saytına geniş müsahibəsində 15 sentyabrın həm
tarixi, həm də bu gün üçün aktual olan əhəmiyyətindən
danışıb. Müsahibəni ixtisarla təqdim
edirik.
–Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyində qeyd olunan ən
mühüm tarxi hadislərədən biri də Nuru
Paşanın komandanlığı altında Qafqaz İslam
Ordusunun 1918-ci ilin 15 sentyabrında Bakını bolşevik-erməni
dəstələrindən azad etməsidir. Bir neçə
gün sonra 100 ili tamam olacaq bu möhtəşəm
tarxi hadisəni necə dəyərləndirirsiniz?
–
Sentyabrın 15-də Azərbaycan dövlətinin dəstəyi
ilə Bakının bolşevik-erməni
daşnaklarının işğalından azad
olunmasının 100 illiyi təntənəli şəkildə
qeyd olunacaq. Bir müddətdir, bu barədə mətbuat
səhifələrində geniş məlumatlar əksini
tapır. Azərbaycan ictimaiyyəti
artıq neçə illərdir bu şərəfli tarixi qeyd
edir. Çünki 15 sentyabr Azərbaycanın
XX əsr tarxinin ən şanlı, qürürverci səhifələrindən
biridir. Bu əsrdə xalqımız iki dəfə
müstəqilliyə nail olub. Bu il Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi həm ölkəmizdə, həm
də xaricdə dostların, diasporumuzun, diplomatik
korpusların, eləcə də qardaş Türkiyənin dəstəyi
ilə birgə qeyd edirik. Azərbaycan Xalq
Cümhuriyyətinin xalqımızın tarixində, taleyində
nə qədər möhtəşəm əhəmiyyətə
malik olduğunu bilirik. 15 sentyabr 1918-ci ildə
Bakının azad olunması da onun qədər mühüm əhəmiyyətə
malikdir. O zaman Bakının işğaldan azad
olunması, bütövlükdə Azərbaycanın
işğaldan azad olunması demək idi. Biz 15
sentyabrı Azərbaycanın parçalanmasının,
dünya xəritəsindən silinməsinin
qarşısının alındığı bir tarix kimi qiymətləndiririk.
Erməni daşnakları, onları dəstəkləyən
bolşeviklər və bir sıra imperalist qüvvələr
1918-ci ilin əvvələrindən başlayaraq Azərbaycan
xalqına divan tutmağa, kütləvi qətliamlar həyata
keçirməyə başlamışdılar. Bilirsiniz ki, həmin ərəfədə Osmanlı
imperiyası qürub çağını
yaşayırdı. Dünyanın
bütün imperalist qüvvələri ona qarşı
hücuma keçmişdilər. Belə
bir ağır məqam olmasına baxmayaraq, Azərbaycan
xalqının dadına, harayına qardaş Türkiyə
çatdı.
–
Osmanlı Türkiyəsi hədəfdə olduğu kimi Azərbaycan
da imperiyaların hədəfində idi…
– Azərbaycanın
malik olduğu təbii resurslar, xüsusən karbohidrogen
ehtiyatları imperalist qüvvələrin marağında idi. Xüsusən, dənizdə böyük neft yataqlarının
olması və onun hasilatına başlanması da imperalistlərin
diqqətini çəkirdi. Çar
Rusiyasının dağıldığı bu dönəmdə
bölgədə ciddi toqquşmalar, qırğınlar
törədilirdi ki, onun da əsas
iştirakçılarından biri məkirli qonşumuz ermənilər,
onların “ziyalıları” idi. Ermənilər
tarix boyu imperalist qüvvələrin əlində alət
olublar. Osmanlı Türkiyəsinə
qarşı bir neçə yerdən cəbhə
açılmışdı. Ermənilər
də həvəslə hər fürsətdə Osmanlıya
arxadan xəncər vururdular. Bu zaman imperiya rəhbərliyndə
yüksək post tutan ermənilərin də dəstəyindən
yararlanırdılar. Bilirsiz ki, bir çox ermənilər
Osmanlı Türkiyəsində ən yüksək dövlət
vəzifələrində çalışırdılar.
Onlarında aşkar-gizli yardımları ilə
erməni hərbi dəstələri Türkiyənin cənub-şərq
bölgələrində – Anadoluda, Qarsda, Ərzurumda,
Ərdahanda, İqdırda çox ağır cinayətlər
törədiblər. Həmçinin
Naxçıvan istiqamətində də daşnaklar məkirli
planlarını həyata keçirməyə
çalışırdılar. O zaman Osmanlı
generalı Kazım Qarabəkir Paşa Naxçıvan-Qars
istiqamətinə gəlmişdi. Bilirsiniz ki, yerli
əhaliyə divan tutan mənfur Andronikin
başçılıq etdiyi quldur dəstələrinin məhv
edilməsində Kazım Qarabəkirin çox böyük
rolu olub.
– Amma
qondarma “erməni soyqırımı” ilə beynəlxalq aləmi
bezdiriblər…
– Bəli,
özlərinin törətdikləri vandalizmə baxmayaraq, bu
cinayətlərin guya Osmanlı tərəfindən ermənilərə
qarşı soyqırım törədilməsi kimi qələmə
verməyi bacarıblar. Erməni siyasətçiləri,
öndə gedənləri belə məkirli oyunlar
oynamağı həmişə çox məharətlə
oynamaqla, hətta onu biznesə çevitriblər. Onların 1915-ci ildə törətdikləri qətliamlar,
soyqırımlar bizim yaddaşımızdan silinməyib və
silinməyəcək də.
–
Bakının işğaldan azad olunması bu il
ilk dəfə belə yüksək səviyyədə qeyd
olunacaq, bu təqdirəlayiqdir. Amma təəssüf
ki, hələ də Nuru Paşanın xatirəsi əbədləşdirilməyib.
– 15
sentyabr – o möhtəşəm hadisə, Bakının
işğaldan azad olunması baş verməsəydi, bəlkə
də xalqımız heç zaman müstəqilliyinə
qovuşa bilməyəcəkdi. Bu, təkcə
erməni məsələsi deyildi, o zaman dünyada neft
istehsalının yarıya qədərini verən Bakı
imperalist güclərin marağında idi, onu ələ
keçirməyə çalışırdılar. İmperialis güclər hətta artıq öz
planlarında Bakını ələ keçirmişdilər,
bolşevik Rusiyasında təmsil olan bir sıra ermənipərəst
qüvvələr daşnaklarla separat danışıqlar
aparmaqla Azərbaycanı özünə birləşdirməyə
hazırlaşırdı.
Biz Qafqaz İslam Ordusunun, Nuru Paşanın Azərbaycan
xalqı qarşısında xidmətlərini heç zaman
unutmamalıyıq. Necə ki, 100 il ərzində
xalqımzın qəlbində Nuru Paşa və türk əsgəri
üçün əbədi abidə
ucaldılmışdır. Düşünürəm
ki, tezliklə belə bir abidə hətta o zaman, o çətin
dövrdə Milli Ordumuzun qurulmasında müstəsna xidməti
keçən generallarımız üçün də
Bakıda, ölkəmizin bir çox yerlərində
ucaldılacaqdır. Azərbaycanın,
Bakının azadlığı uğurunda şəhid olan qəhrəman
əsgərlərin xatirəsi əbədləşdirilməlidir.
– 70 illik
sovet rejimi zamanı bu şərəfli tarix bzim
yaddaşlarımızdan silinməyə
çalışılıb. Amma xalq bunu
unutmadı, ilk fürsətdə azadlığını tələb
edib ona nail oldu. Burada bir məqam var ki, həm
əsrin əvvəlində, həm də sonlarında erməni
düşmənçiliyi müstəqilliyimizə
qarşı yönəlib, çoxlu qanlar tökülüb,
soyqırımalar həyata keçirib. 23 aylıq
müstəqlliyimizin millətin hafizəsində əbədi
həkk olunması həm də buradan doğulur…
– Sovet təhsili,
xüsusən ideologiyası dünyanın ən qədim
tarixindən tutmuş, bu dövrə qədər bütün
hadisələri bizə öyrətsə də, AXC-nin iki
illik yaşam dövrünün üstündən sükutla
keçirdi. 30-cu illərdə millətimizin nə
qədər böyük ziyalıları məhz buna görə
sovet rejiminin qurbanı oldu, güllələndi, Sibirə
sürgün edildi, həbs düşərgələrinə
göndərildi. Çünki onlar həmin
şanlı tarixin daşıyıcıları, o mücadilədə
yer alanlardan idilər. Biz bu şərəfli
tarxi heç zaman unutmamalıyıq. O hadisələrdən
100 il ötməsinə baxmayaraq,
xalqımızn yaddaşından silinməyib, silinə də
bilməz. Tarixdə baş verənlər həm
də dərs çıxarmaq üçündür. Ermənilər əsrin əvvələrində
xalqımıza qarşı çox ağır cinayətlər
törədiblər. Erməni liderləri
hər fürsətdə xəyanətkar yol tutublar, zərbə
vurmağa çalışıblar. Bir xalqa qarşı
görün neçə dəfə divan tutublar -1918-ci ilin
mart qırğınlarını, 1948-ci, 50-ci, 88-ci illər
deportasiyaları, ondan sonra Qarabağda baş verən vəhşilikləri
yada salın… Bizim yüz illər yaşı
olan tarixi abidlərimizi, məscidlərimizi
dağıdıblar, qədim türk toponimlərini dəyişdiriblər.
Sovet rejimi illərində bunları Moskvada oturan
bolşevik qılafında olan daşnakların köməyi
ilə həyata keçiriblər. Biz bu
acı tarixdən dərs çıxararaq, gələcəkdə
də heç zaman onlara fürsət verməməliyik.
–
Türkiyə – Azərbaycan münasibətlərində həmişə
müsbət inkişaf dinamikasını izləmişik. Bu sahədə perspektivi necə
görürsünüz?
– Müstəqilliyimizə
qovuşduqdan sonra Türkiyə həmişə bizim, Azərbaycan
da Türkiyənin yanında olub. Bilirsiniz ki, bu
birliyə, əməkdaşlığın dərinləşməsinə
görə Azərbaycana çox böyük təzyiqlər
olub. Xüsusilə, enerji layihələrinin
Türkiyə üzərindən keçməsinə görə
həm ümumilli lider Heydər Əliyevə, həm də
möhtərəm prezidentimiz İlham Əliyevə çox
ciddi təzyiqlər olub. Amma “Əsrin
müqaviləsi” və ondan sonra gerçəkləşdirilən
nəhəng projelər Azərbaycanla Türkiyəni biri-birinə
dəmir tellərlə bağlayıb. Nə
qədər ki, dünya var, Azərbaycan və Türkiyə
dövlətləri biri-birinin yanında olacaqlar. Cənab
prezident həmişə “gücümüz birlikdədir”, “bir
millətin iki diasporu ola bilməz” deyir. Türkiyənin gücünün Azərbaycanın,
Azərbaycanın inkişafının gücünün,
uğurlarının qardaş Türkiyənin olduğunu bəyan
edir. Bu yaxınlarda TANAP layihəsinin
açılışı zamanı cənab prezident dedi ki, bu
layihə hər iki dövlətin qətiyyətli,
ağıllı siyasəti ilə baş tutdu. Türkiyənin
üzləşdiyi müəyyən sıxntılarla
bağlı cənab prezident açıq mövqe qoyaraq dəstəyini
verib. İstər 2016-ci il FETO
olayları, terror hücumları olsun, istərsə də
imperalist qüvvələrinin yaratdığı iqtisadi
sıxıntılar, biz ən yüksək səviyyədə
öz dəstəyimizi vermişik. Bu gün Azərbaycan
Türkiyədə ən böyük investorlardan biridir,
qardaş ölkənin iqtisadiyyatına 20 milyard dollara qədər
sərmayə yatırmışıq. Bu,
iki ölkənin yalnız sözdə deyil, əməldə
də dostluğunu, qardaşlığını
nümayiş etdirir.
–
Bakının işğaldan azad olunmasının 100 illik
yubileyi Azərbaycan və Türkiyə prezidentlərinin
işitrakı ilə yüksək səviyyədə qeyd
olunacaq, hərbi parad keçiriləcək. Hazırda
bölgədə olduqca gərgin proseslərin cərəyan
etdiyini nəzərə alsaq, bunu bir mesaj saymaq olarmı?
– Sentyabrın 15-də Azərbaycan xalqının böyük ehtiramla qeyd edəcəyi, Azərbaycan – Türkiyə qardaşlığının simvolu olan Bakının işğaldan azad olunmasının 100 illiyidir. Artıq bu barədə mətbuatda məlumat verilib, çox möhtəşəm tədbirlər keçiriləcək. İki qardaş dövlətin rəhbəri bu möhtəşəm tarixi günü hərbi paradla izləyəcəklər. Bu, Azərbaycanı sevməyən, Xocalıda cinayət, soyqırım törətmiş, Qarabağda etnik təmizləmə aparmış ermənilərə yaxşı bir mesaj olacaq. Bu, həm də işğalçı erməniləri dəstəkləyən qüvvələrə də bir mesajdı. Azərbaycanının torpaqlarının 20 faizi işğal altındadır. 1 milyondan artıq vətəndaşımız qaçqın-köçkün həyatı yaşayır. Bizim istəyimiz, apardığımız siyasət sülh, danışıqlar yolu ilə torpaqlarımızın işğaldan azad olunmasıdır. Azərbaycan ordusunun gücü dünyaya məlumdur. Biz regiona, hətta erməni xalqına sülh, əmin-amanlıq, davamlı inkişaf təklif edirik. Erməni rəhbərləri bunu anlasalar, öz xalqlarına hörmətlə yanaşsalar, xidmət etsələr, bu işğala son qoymalıdırlar. Azərbaycan, Türkiyə xalqları bögədə sülhün, davamlı inkişafın tərəfindədir. Bunun üçün Azərbaycan prezidenti bütün imkanlardan istifadə edir. Azərbaycanın liderliyi ilə bölgədə həyata keçirilən layihələr təkcə xalqımız üçün deyil, həm də qonuşu, dost Gürcüstan, qardaş Türkiyə və Mərkəzi, Şərqi Avropa üçündür. Bakı – Qars dəmiryolu və eləcə də tikintisi gedən enerji layihələri də bu qəbildəndir. Beləliklə, tolerantlıq, multukultural ənənələrlə zəngin olan Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçılarından birinə çevrilib.
Bakının işğaldan azad
olunmasının 100 illiyi ərəfəsində keçiriləcək
möhtəşəm tədbirlər də xalqımızda
torpaqlarımızın tezliklə azad olunacağına
inamı daha da artıracaq. İnşallah, biz zəfər
bayramını Şuşada, Xankəndində, işğalda
olan başqa bölgələrimizdə qeyd edəcəyik.
Buna əminik. Zəfər bayramınız mübarək!
Xalq Cəbhəsi.-
2018.- 16 sentyabr.- S.6.