Daşkənddə “Tasanno-2018” milli mətbəx festivalı
Daşkənddəki “Tashkent Palase lotte” otelində
Özbəkistanın dövlət
müstəqilliyinin 27-ci ildönümü
ilə əlaqədar
“Tasanno-2018” milli mətbəx
festivalı keçirilib.
Festivalda Azərbaycanla yanaşı,
Çin, Rusiya, Macarıstan, İndoneziya,
Qazaxıstan, Latviya, Banqladeş, Tacikistan, Türkmənistan və digər ölkələr
iştirak edib.
Ölkəmizi tədbirdə Özbəkistandakı
səfirliyimizin nəzdindəki
Heydər Əliyev adına Azərbaycan
Mədəniyyət Mərkəzi
təmsil edib.
Özbəkistanda fəaliyyət göstərən
səfirliklər və
mədəniyyət mərkəzləri
festivalda öz xalqlarının adət-ənənələrini
nümayiş etdirib, qonaqlara milli yeməklərini və şirniyyatlarını təqdim
ediblər.
Bayrağımızın asıldığı
guşədə ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin iqtisadi uğurları ilə bağlı müxtəlif
kitab və albomlar, Azərbaycanın tarixi, ədəbiyyatı,
mədəniyyəti, milli
mətbəximizlə əlaqədar
nəşrlər, suvenirlər
nümayiş etdirilib.
Qonaqlara milli xörəklərimiz
- dolma, plov, dovğa, həmçinin kükü, kətə, müxtəlif qutablar, həmçinin şəkərbura,
paxlava, qoğal və şərbətlərimiz
təklif olunub.
Festivalı giriş sözü
ilə Özbəkistanın
Nazirlər Kabineti yanında Xarici Ölkələrlə Dostluq
Əlaqələri və
Millətlərarası Münasibətlər
Komitəsinin sədri
Rüstambek Qurbanov açaraq tədbirin əhəmiyyətindən danışıb,
son illərdə Özbəkistanda
bütün sahələrdə
geniş islahatların
aparıldığını, ölkədə mədəniyyət
sahəsində də
böyük tədbirlərin
keçirildiyini qeyd edib. O “Tasanno-2018” milli mətbəx festivalına
marağın böyük
olduğunu və builki festivalda müxtəlif ölkələri
təmsil edən musiqi və rəqs kollektivlərinin iştirakının da nəzərdə tutulduğunu
qeyd edib.
Sonra festivalda
iştirak edən musiqiçilərin iştirakı
ilə bədii proqram təqdim olunub. Müxtəlif ölkələrin milli rəqsləri, musiqiləri nümayiş
edilib.
AMM-nin hazırladığı
konsert proqramı iştirakçıların böyük
marağına səbəb
olub, Xalq artisti Gülyanaq Məmmədovanın ifa etdiyi Azərbaycan və özbək mahnıları tamaşaçıların
alqışları ilə
qarşılanıb. AMM-nin nəzdindəki “Azərbaycan qızları”
uşaq rəqs ansamblının üzvləri
isə milli rəqslərimizi ifa ediblər.
Festival dünya xalqlarının
mahnı və rəqslərindən ibarət
konsert proqramı ilə başa çatıb.
Azərbaycanın Özbəkistandakı səfiri
Hüseyn Quliyev festivalda iştirak edib.
Xalq Cəbhəsi.- 2018.- 20
sentyabr.- S.16.