Güney azərbaycanlıların
diasporunun ana dili uğrunda mübarizəsi
3-cü yazı
1996-cı
il mayın 3-də Azərbaycan Qurtuluş Təşkilatının
Avropa Komitəsi, Azərbaycan Milli Hərəkatı, Vahid
Müstəqil Azərbaycan Cəbhəsi, Azərbaycan
İstiqlal Şurası, Güney Azərbaycan Milli Azadlıq Hərəkatının
Quzey Azərbaycan Komitəsinin birgə
hazırladığı çağırışda
bütün dünya azərbaycanlılarını öz milli
mənliyini qoruyan və qanuni milli hüquqlarını tələb
edən cənubi azərbaycanlıların və bu mübarizədə
həbs olunanların səslərini dünyaya
çatdırmaq üçün BMT-nin Bakı şəhərindəki
nümayəndəliyi önündə və
yaşadıqları ölkələrdəki İran səfirliklərinin
qarşısında keçiriləcək mitinqlərə dəvət
edirdilər. Çağırışda deyilirdi: “İranda Azərbaycan
xalqına qarşı milli haqsızlıqlar
açıq-aşkar şəkildə özünü
göstərməyə başlamışdır. Güney Azərbaycan
xalqını öz ana dilindən, milli musiqisindən, mədəniyyətindən,
bir sözlə, öz milli mədəniyyətindən məhrum
edən fars şovinistləri və
onların daimi təmsilçisi olan İran dövləti daha
ciddi və qeyri-insani tədbirlərə əl atıbdır.
İran məclisinə seçkilərində
Güney Azərbaycan xalqının milli məsələlər
və ana dilimizlə bağlı problemlərini qaldıran
namizədlərini müxtəlif yollar və hədələrlə
kənarlaşmağa cəhd göstərən mərkəzi
hökumət həmin namizədləri, onların təbliğatçılarını,
müdafiəçilərini və bir çox
ziyalıları həbs edib. Biz Güney Azərbaycan
və Tehranda həbs edilən soydaşlarımızın
azadlığını tələb edirik”. Azərbaycan
Kültür Cəmiyyəti (Strasburq, Fransa), Azərbaycan
Kültür Ocağı (Danimarka), Azərbaycan Kültür
Ocağı (Stokholm, İsveç), Azərbaycan Kültür
Ocağının (Bonn, Almaniya) birgə imzası ilə
yayınlanmış digər bəyanatda xaricdəki milli
qüvvələrin Güney Azərbaycan milli hərəkatına
münasibəti və onu qiymətləndirməsi
baxımından maraqlıdır. Bəyanatda Güney Azərbaycan
Milli Hərəkatının xarici dövlətə
bağlı olmadığını, günün və real
şəraitin içindən doğan bir mübarizə
olduğunu sübut etmək üçün İran rejiminin
üç istiqamətdə fəaliyyətini
açıqlayır: “Birincisi, milli fəalları casus kimi həbs
etməklə onları fiziki yox etmək, ikincisi, hərəkata
müxtəlif adlar verməklə ləkələmək və
xalqın gözündən salmaq,
üçüncüsü, bunu bəhanə edərək
uzun zamandan bəri Türkiyə dövlətinə
qarşı olan qüvvələri himayə etməsinə
şəri bir köynək geyindirməkdir”. 1 aprel 1996-cı
ildə Azərbaycan Kültür Ocağı (Bonn), mayda isə
Təbriz Müdafiə Komitəsi (Berlin), Azərbaycan
Kültür Ocağı (Berlin), Azərbaycan-Alman
Kültür Cəmiyyəti, Azərbaycan-Alman Akademiklər Cəmiyyətinin
də bu tipli çağırış və açıq məktubları
Kölndə nəşr olunan “Ulus” qəzetində dərc
edildi.
27 aprel 1996-cı ildə BMT İnsan Hüquqları
Komissiyası İranda insan hüquqlarının vəziyyəti
ilə bağlı qəbul etdiyi qətnamədə
İranın insan haqlarının pozulması ilə
bağlı dünyada ilk yerlərdən birində olması
qeyd edilirdi. Sənəddə İrana təklif edilirdi ki, siyasi
mühacirlərin təqib olunmasına və qətlə
yetirilməsinə son qoyulsun. Bu şəxslərin
taleyi üçün isə yaşadıqları ölkələrin
hakimiyyət orqanları məsuliyyət daşıyır.
Qətnamədə İranda insan hüquqlarına dair vəziyyət
ətraflı şəkildə təsvir olunsa da millətlərin
hüquqlarının pozulmasına diqqət yetirilməməsi
hələ ki, Güney Azərbaycanda, İranda və xaricdə
fəaliyyət göstərən müxtəlif səviyyəli
milli təşkilatların dünya ictimaiyyətinin, beynəlxalq
qurumların diqqətini Cənubi Azərbaycan məsələsinə
kifayət qədər cəlb edə bilməməsini əks
etdirirdi. Buna baxmayaraq, növbəti illərdə
də analoji müraciətlərin beynəlxalq təşkilatlara
göndərilməsi davam edirdi. 1997-ci ilin dekabrında
Almaniyadakı azərbaycanlı tələbələr və
DünAzHaqq BMT-nin baş katibi Kofi Annana, 2001-ci ildə yenə
də DünAzHaqq “Amnesty İnternational” beynəlxalq təşkilatının
Orta Şərq üzrə nümayəndəsi D.Dik və
Harrisona müraciətlər etmişdilər. Bu
müraciətlər ayrı-ayrılıqda konkret nəticə
verməsə də Avropada yaşayan azərbaycanlıların
vahid məqsəd uğrunda birləşməsinin əyani
sübutu idi. Müraciətlərdə qeyd edilirdi:
“İran İslam Cümhuriyyəti 30 milyonluq Güney Azərbaycan
türkünü ən adi hüquqlardan, o cümlədən
ana dilində təhsil almaq hüququndan məhrum edib. Bu isə BMT-nin İnsan Haqları Bəyannaməsinin
kobudcasına pozulması” deməkdir. Bu
müraciətlərin mövzusuna nəzər saldıqda əsasən
ana dili, elementar milli-mədəni haqlar məsələsinə
daha çox yer verildiyi aydın görünür.
90-cı illərin əvvəllərindən cənubi azərbaycanlıların
arasında “vahid vətən”, “vahid millət” ideyasının
gündəmə gəlməsi milli qüvvələrin vahid
təşkilat halında birləşməsinə və fəaliyyətinə
müsbət təsir göstərdi. Almaniyadakı Azərbaycan
Kültür Ocağının rəhbəri Nurəddin Qərəvi
rəhbərlik etdiyi qurumun yaradıldığı gündən
(80-ci illərin əvvəlləri) bu ideyanın müdafiəçisi
olduqlarını, loqolarındakı od
işarəsini və qurumun adının - “ocaq”
sözünün də məhz birləşmə
ideyasını əks etdirdiyini qeyd edirdi.
Avropa və Amerikadakı Azərbaycan cəmiyyətlərinin
fəalları arasında keçirilən görüşlərdə
ortaq əməkdaşlıq yolları müzakirə edilirdi. İlk öncə
Azərbaycan Kültür Ocağının orqanı olan
“Savalan” dərgisinin ortaq şəkildə
çıxarılmasına qərar verilmişdi. 1997-ci ilin əvvəlində Almaniyadakı təşkilatlar
konfederasiya yaratmışdılar. Qurumun
Vaşinqton toplantısına göndərdiyi məktubda
bütün dünyadakı Azərbaycan cəmiyyətlərinin
vahid konfederasiya halında birləşməsi arzu olunurdu.
Belə bir birliyə Almaniyada fəaliyyət göstərən
qurumların can atması qeyd olunan ölkənin ictimai-siyasi və
tarixi həyatında baş verən əsaslı hadisələrin
özünəməxsusluğundan irəli gələn səbəblərlə
bağlı idi.
Birləşmə ideyası güneyli mühacirlər
arasında 1995-ci ildən etibarən geniş şəkildə
yayılmağa başladı. Onların fəaliyyətində
məhz Vahid Azərbaycan ideyası aparıcı yer tutmağa
başladı. Hollandiyadakı Azərbaycan mühacir təşkilatları
öz mövqelərini bildirərək qeyd edirdilər ki,
onlar qəlblərində yanan bir məşəl gəzdirirlər:
güneyli, quzeyli vahid Azərbaycana müqəddəs sevgi məşəlini.
27-29 iyul
1997-ci ildə ABŞ-ın Los-Anceles şəhərində
Güney Azərbaycan diasporu ilk dəfə olaraq bir araya gəldi
və birlik nümayiş etdirərək rəsmən bəyan
etdi ki, hansı ölkədə yaşamasından
asılı olmayaraq azərbaycanlıların problemlərini
beynəlxalq təşkilatların, ABŞ hökuməti və
Konqresinin qarşısında qaldırıb həllinə
çalışacaqlar. Bu toplantıda əsası
qoyulmuş DAK öz sıralarında milli məsələnin
həllinə ən müxtəlif yanaşma və
baxışları olan azərbaycanlıları birləşdirirdi.
Burada gələcəkdə çoxluğun
hakimiyyəti ələ alması ilə İranı bir
türk dövlətinə çevirmək ideyası,
İranın sərhədləri daxilində Azərbaycana
muxtariyyət verilməsi və nəhayət, Azərbaycanın
müstəqil olması və Şimali Azərbaycanla birləşməsi
ideyasının tərəfdarları da var idi. Hətta qurultay zamanı (II qurultayda da təkrarlandı)
Azərbaycan, yoxsa İran bayrağının baş üzərindən
asılması mübahisə doğurdu. Bəzi
tədqiqatçılar bunu cənublularda
irançılıq mövqeyinin daha güclü olması
kimi qiymətləndirsələr də, fikrimizcə, bu
türk, türk kimliyi ilə bağların zəifliyi kimi
başa düşülməməlidir. Əslində
bu, normal siyasi polemikadır. Əgər 40
milyonluq bir xalq öz birliyini dərk edib bir araya gəlirsə
və hamı üçün ümumi olan problem müzakirə
predmetinə çevrilirsə, orada mütləq fikir
plüralizminə üstünlük verilməlidir. Bu mənada qurultaya toplaşanların bir qismi Vahid Azərbaycan
şüarını irəli sürməyən azərbaycanlılar
idi. Onlar azərbaycanlıların pozulan
hüquqlarını və xüsusilə ana dilinin
qorunması məsələsinə hörmətlə
yanaşılmasını istəyirdilər. Qeyd olunurdu ki, bu tədbir bəzilərinin iddia etdiyi
kimi, heç də İran dövlətinin
parçalanmasına yönəlməyib. DAK-ın
təsis edilməsi Amerikada yaşayan azərbaycanlıların
təşkilatlanmasına doğru addım və milli
oyanışın əlaməti kimi qəbul edilirdi.
Güneyli mühacirlərin Los-Anceles forumu, məsələyə
hətta minimal effekt baxımından yanaşdıqda belə
uğurlu, faydalı sayılmalıdır. Onun təşkilinin
stimulu olan yeni meyllər isə Azərbaycan diasporunun daha
mütərəqqi, yurdsevər təbəqəsinin fəaliyyətinin
daha geniş tutumlu ictimai-siyasi fəallıq müstəvisi
üzərinə keçməkdə olduğunu açıq
göstərirdi. Burada məsələnin
müsbət tərəflərindən biri də ondadır
ki, konqresin işində çeşidli təbəqələri
təmsil edən, fərqli görüşlərin
daşıyıcısı olan azərbaycanlılar
üçün əslində eyni dərəcədə
aktual məsələlər barədə fikir mübadiləsi
aparıldı. Eləcə də Azərbaycan
və azərbaycanlıların hüquqları, köklü
milli maraqları uğrunda irimiqyaslı ictimai-siyasi, o
sıradan da lobbiçilik fəaliyyətinin gücləndirilməsinin
zəruriliyi fikri konqresdə ilk dəfə olaraq
açıq, birmənalı vurğulandı. Müsbətə doğru belə kəskin
dönüş mühacirətdəki azərbaycanlıların
milli şüur səviyyəsinin yüksəlişinin
göstəricisi idi.
1997-ci ildə
İsveçdə türk və fars dillərində
hazırlanan “Tribun” dərgisi 90-cı illərdə xarici
ölkələrdə azərbaycanlılar tərəfindən
nəşr edilən mətbu orqanları arasında həm
elmi, məzmun və ideya baxımından, həm də tərtibat
cəhətdən fərqlənirdi. Dərgidə
əsasən ictimai-siyasi, sosial, mədəni mövzularda
yazılar çap edilirdi. Burada nəşr edilən
“Milli kimlik və ortaq dil”, “Azərbaycana qarşı milli
zülm”, “Dil və dinə əsaslanan etnik millətçilik”,
“Milli məsələyə yeni bir baxış”, “Türk dili
və ədəbiyyatının yüksək yeri”, “İranda
20 milyon azərbaycanlı azlıqlar” və s. kimi məqalələrdə
Azərbaycan dilinin assimilyasiyası məsələsi hərtərəfli
işıqlandırılırdı. Məqalələrin
birində qeyd edilirdi: “...Hər azərbaycanlı bilməlidir
ki, onun min illərdən bəri qorunub, saxlanılıb və
inkişaf etmiş ana dili bu gün bizi sevməyən qüvvələrin
bizi mənəvi məhv etmək üçün
cızdıqları qara planda birinci yeri tutur”, “Onların 70-ci
ildən bəri davam edən siyasi planları bizi mənəvi
qətliam etməkdir. Mənəvi qətliam qaz
otaqlarında, ya da dar ağacından asmaqla olmur, bu qara hədəf
ana dilimizin məhv olması ilə icra olunur”. 1997-ci ilin
aprel-may aylarında Kanadanın Vankuver şəhərindən
yayınlanmağa başlayan “Azərbaycan radiosu” güney azərbaycanlılarda
milli özünüdərkin güclənməsi, mənəvi
cəhətdən daha sıx birləşməsi və
problemlərinin dünya ictimaiyyətinə
çatdırılması yönündə fəaliyyət
göstərirdi.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2018.- 20
sentyabr.- S.14.