Azərbaycanlı olmağımdan qürur duyuram

 

 

Məmmədəli Ağayev Moskva Akademik Satira Teatrının direktoru, Rusiya Federasiyasının Əməkdar mədəniyyət işçisi və Əməkdar incəsənət xadimidir. Bu ölkənin II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı və “Dostluqordeni ilə təltif olunub. 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında mədəni əlaqələrin möhkəmləndirilməsində xidmətlərinə görə “Dostluq” ordeninə layiq görülüb. AZƏRTAC-a müsahibəsində Məmmədəli Ağayev Moskva teatrında fəaliyyətindən, Rusiya-Azərbaycan mədəni əlaqələrindən danışıb.

- Məmmədəli müəllim, siz Rusiyada incəsənət sahəsində fəaliyyət göstərən tanınmış azərbaycanlılardan birisiniz. Uzun illərdir Moskva Akademik Satira Teatrının direktoru vəzifəsində çalışırsınız. Azərbaycanlı olmağınız fəaliyyətinizdə sizə mane olmur ki?

- Direktor olmaq çətindir. Teatrla bağlı məsələlərdən tutmuş, yaradıcı kollektivin məişət problemlərinədək mühüm işlərin həlli mənim öhdəmə düşür. Ancaq mən hələ uşaqlıqdan teatrda böyümüşəm, əsl sənəti saxtakarlıqdan ayıra bilirəm. Kollektivin hər bir üzvünün teatrda, qastrol səfərlərində rahat işləməsi üçün pərdəarxası, gözəgörünməyən o qədər məsələ var ki... Böyüklərə ehtiramla, kiçiklərə qayğı ilə yanaşmağa çalışıram. Bu da yəqin ki, mənim mentalitetimdən, azərbaycanlı ailəsində böyüməyimdən irəli gəlir. Bu baxımdan, deyərdim ki, azərbaycanlı olmağım mənə kömək edir. Çünki bizə hələ uşaqlıqdan böyük-kiçik yeri bilməyi, ailəyə canıyananlıqla yanaşmağı aşılayırlar. Teatr isə böyük bir ailədir.

- Ali məktəbi bitirdikdən sonra Naxçıvan teatrında çalışmısınız. Necə oldu ki, Moskvaya gəldiniz?

- Bakıda ali təhsilimi başa vurub Naxçıvana qayıtdım və 1975-ci ildə Naxçıvan Musiqili Dram Teatrında fəaliyyətə başladım. Oradan məni Moskvaya, 2 illik təkmilləşdirmə kurslarına göndərdilər. Elə burada da SSRİ Xalq artisti, görkəmli rejissor, Moskva Akademik Satira Teatrının baş rejissoru Valentin Pluçeklə tanış oldum. Valentin Nikolayeviç çox müdrik, dünyagörmüş bir adam idi. Belə bir insanın mənə inanıb öz yanında işə götürməsini taleyin hədiyyəsi kimi qiymətləndirirəm. Uzun illər onun rəhbərliyi altında çalışmağım mənim üçün böyük həyat məktəbidir. Valentin Nikolayeviç səhhəti ilə əlaqədar teatrdan gedəndən sonra artıq 18 ildir teatra Mixail Şirvind rəhbərlik edir.

- Rusiya teatr aləmində sizi yüksək peşəkar kimi tanıyırlar. Rusiya dövləti sizin xidmətlərinizi layiqincə qiymətləndirib.

- Rusiya Prezidenti Vladimir Putinin fərmanları ilə II dərəcəli “Vətən qarşısında xidmətlərinə görə” ordeninin medalı və “Dostluqordeni ilə təltif olunmuşam. “Dostluqordenini mənə Kremldə Prezident Vladimir Putin şəxsən təqdim edib. Bu, mənim üçün çox qürurverici idi. Bir azərbaycanlı kimi fəxr edirdim ki, böyük bir dövlətin rəhbəri mənim xidmətlərimi belə yüksək qiymətləndirib.

- Gənclik illərindən Rusiyada yaşamağınıza baxmayaraq, Azərbaycan ilə, xüsusən də kiçik Vətəniniz olan Naxçıvanla əlaqələrinizi davam etdirirsinizmi?

- Azərbaycanlı olmağımdan qürur duyuram. Ötən il Azərbaycan Prezidenti İlham Əliyev 65 illik yubileyim münasibətilə “Dostluqordeni ilə təltif olunmağım barədə Sərəncam imzaladı və bu yüksək mükafatı mənə şəxsən təqdim etdi. Əlbəttə, bu, mənim üçün həm sonsuz xoşbəxtlik, həm də böyük məsuliyyətdir. Azərbaycan və Rusiya mədəniyyət və incəsənəti illərlə qoşa addımlayıb. Azərbaycan incəsənətinin bir çox məşhur nümayəndələri Rusiyada, Moskvada təhsil alıblar. Prezident İlham Əliyevlə görüşüm mənim xatirəmdə əbədi qalacaq. Onun əsl ziyalı, Vətənini, xalqını sonsuz məhəbbətlə sevən bir insan olduğunun şəxsən şahidi oldum.

Teatrımızın aktrisaları Natalya Seleznyovanın və Zoya Zelinskayanın oğulları Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıblar. Prezident İlham Əliyev MDBMİ-nin müəllimi olduğu dövrlərdə onlara dərs deyib. Hazırda hər ikisi diplomatik fəaliyyətini davam etdirirlər. Onlar danışırlar ki, İlham Əliyevin mühazirələri zamanı digər fakültələrin tələbələri də gəlib onu dinləyirdilər. Şəxsi görüşümüzdən sonra mən bir daha əmin oldum ki, Azərbaycan xalqı xoşbəxtdır ki, İlham Əliyev kimi Prezidenti var.

- Ulu öndər Heydər Əliyevlə Moskvada görüşləriniz olubmu?

- Ulu öndər Heydər Əliyev dahi şəxsiyyətdir. Onun Moskvada nə qədər böyük nüfuz sahibi olmasının, sevilməsinin dəfələrlə şahidi olmuşam. Ulu Öndər bizim teatra tez-tez gəlirdi, tamaşalarımıza baxırdı. Teatr sənətinin incəliklərinə bələd olması hər zaman kollektivimizdə heyranlıqla qarşılanırdı. Görüşlərimizin birində ona atam haqqında danışdım, hələ gənclik illərində Naxçıvanda tanış olduqlarını dedim. O vaxtlardan 60 il keçməsinə baxmayaraq, atamı dərhal xatırladı. Həqiqətən dahi insan, böyük azərbaycanlı idi.

- Bu illər ərzində, sözsüz ki, bir çox məşhur sənət adamları ilə dostluq əlaqələriniz olub?

- Andrey Mironov ilə yaxın dost idik. Olduqca xeyirxah ürəyi açıq adam idi. Əsl sənət fədaisi kimi ömrünün son anınadək teatrda oldu, mənim qollarım üstündə dünyasını dəyişdi. Bu, əlbəttə, əvəzolunmaz itki idi. Böyük aktyor Georgi Menqlet öz xatirələrində məni yada salıb yazıb ki, mənim qismimdə ahıl çağlarında özünə əsl, səmimi dost tapıb. Ümumiyyətlə, hər tamaşa öncəsi mən aktyorların otaqlarına gedirəm, söhbət edirəm, kefin soruşuram. Bu bir qanundur, məndən əvvəlki direktor da belə edirdi. Odur ki, mən bütün aktyorlarla dostam.

- Teatrınızın tamaşaçıları arasında dövlət adamları, yüksək vəzifəli məmurlar da olur. Onları siz qarşılayırsınız?

- Bu qəbildən olan tamaşaçılar arasında yeganə qarşılamadığım şəxs Mixail Qorbaçov olub. Məlum hadisələrdən sonra bu adamla üzbəüz gəlmək belə mənim üçün mümkünsüz idi. Digər dövlət məmurlarının hamısını şəxsən qarşılayıram, tamaşadan sonra aktyorlarla görüş təşkil edirik. Ancaq bir yazılmamış qanun tətbiq etmişəm bununla fəxr edirəm ki, teatrda vəzifəli şəxsə xahişlə müraciət etmək olmaz. Moskvanın keçmiş meri Yuri Lujkov teatrımıza gələndə, mən onun köməkçisi vasitəsilə qəbula yazıldım. Aktyorlarımızdan bəzilərinin mənzil problemini həll etməli idim. Bir neçə gündən sonra merin qəbuluna gələndə Lujkov çox təəccübləndi. Mən ona dedim ki, teatr sənət ocağıdır. Burada yalnız sənətdən danışmaq olar. Onu da deyim ki, şəxsi dostluq əlaqələrim sayəsində 27 illik fəaliyyətim dövründə teatrda çalışan 78 əməkdaşın mənzil problemini həll edə bilmişəm.

- Teatrınızın Azərbaycana qastrol səfəri gözlənilirmi?

- Prezident İlham Əliyevlə görüşümüzdə bu mövzuya toxunduq. Moskva Satira Teatrının Azərbaycana qastrol səfərlərinin təşkilinin önəmi vurğulandı. Hazırda gələn ilin may-iyun aylarında Bakıya qastrol səfərimizin proqramı üzərində işləyirik. Ehtimal ki, tamaşalarımız Azərbaycan Akademik Milli Dram Teatrının səhnəsində nümayiş etdiriləcək.

- Rusiya teatrlarında azərbaycanlı aktyorların sayı çox azdır. Gənclərimizi Rusiya teatrlarına cəlb etmək üçün etmək lazımdır?

- Çox istərdim ki, Moskva Satira Teatrında bir neçə azərbaycanlı aktyor işləsin. Nəsibə Zeynalova, Siyavuş Aslan, Əliağa Ağayev kimi dahi komik artistlər bizim səhnəmizdə maraqlı rollar yarada bilərdilər. Təəssüf ki, gənc aktyorlar indi daha çox kinoya çəkilməyi üstün tuturlar. Ancaq indi Azərbaycan dövlətinin dəstəyi ilə gənc aktyorlar Moskva teatr məktəblərində təhsil almaq üçün Rusiyaya göndərilir. Bu, məni çox sevindirir. Onları teatrımıza dəvət edirəm ki, tamaşalarımızı izləsinlər. Boris Şukin adına Teatr İnstitutu artıq ilk addımları atıb. Mən onların kurslarında oluram. Yaxın vaxtlarda azərbaycanlı gəncləri teatrımızda nümayişlərə cəlb etmək niyyətindəyəm.

- Uzun illər Rusiyada yaşayan azərbaycanlı kimi diaspor problemlərimiz, sözsüz ki, sizi narahat edir. Bu böhrandan çıxış yollarını nədə görürsünüz?

- Əlbəttə, bu məni də çox narahat edir. Rusiyada yaşayan azərbaycanlıları birləşdirən güclü diaspor təşkilatına çox ehtiyac var. Ayrı-ayrı cəmiyyətlərin və qurumların bir araya gəlməsi, ünsiyyəti qurması, birgə fəaliyyəti üçün Azərbaycan evi yaradılsa, çox yaxşı olar. Bizim toplaşıb ünsiyyət qurmağımız üçün bir məkana ehtiyacımız var. Akademik, tanınmış ziyalımız Fazil Qurbanovun diasporumuzu böhranlı vəziyyətdən çıxaracağına, Rusiya azərbaycanlılarını ətrafında birləşdirə biləcəyinə əminəm. Ümid edirəm ki, bu məsələ tezliklə müsbət həll olunacaq.

 

Xalq Cəbhəsi.- 2018.- 21 sentyabr.- S.13.