İrəvan xanlığı Məhəmməd
xanın dövründə
4-cü yazı
Dağıstanlıların genişmiqyaslı hücumundan asanlıqla qurtaran İrəvan yeni təhlükə ilə üzləşdi. 1786-cı ilin oktyabrında İbrahimxəlil xan İrəvana 3.000 qoşun göndərərək yerli əhalini Qarabağa köçürməyə cəhd etmişdi. Hücumdan xəbər tutan sərhəd kəndlərinin əhalisi əlçatmaz yerlərdə gizlənərək, Qarabağ qoşununa qarşı mübarizə aparmışdılar. Bu xəbəri eşidən Məhəmməd xan qoşun toplayaraq onlara qarşı çıxdı. İrəvanlıların müqavimətini görən qarabağlılar geri çəkilməyə məcbur oldu. Bu hücumdan qurtulan İrəvan xanlığı tezliklə Naxçıvanda baş verən hadisələrə müdaxilə etməyə başladı. Belə ki, XVIII əsrin 80-ci illərin əvvəllərindən başlayaraq Naxçıvan taxtı uğrunda Abbasqulu xanla Cəfərqulu xan arasında mübarizə gedirdi. Hakimiyyətə qısa fasilələrlə gah Abbasqulu xan, gah da Cəfərqulu xan gəlirdi. Abbasqulu xan hakimiyyəti geri qaytarmaq üçün dəfələrlə həm İbrahimxəlil xana, həm də II İrakliyə, Cəfərqulu xan isə xoylu Əhməd xana müraciət etmişdi.
Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı (1747-1828) ilə bağlı araşdırmasında bildirilir ki, 1787-ci ilin əvvəllərində Cəfərqulu xan yenidən hakimiyyətə gəldikdən sonra Abbasqulu xan İbrahimxəlil xana bir daha müraciət etdi. Bu müraciətdən istifadə edən İbrahimxəlil xan öz ordusunu Naxçıvan üzərinə göndərdi. Qarabağ qoşunu Naxçıvanda görünən kimi Cəfərqulu xan Şərur sahilində yerləşən Hacı qalasında gizləndi. 1787-ci il may ayının əvvəllərində Qarabağ qoşunu Naxçıvanı ələ keçirərək Abbasqulu xanı hakimiyyətə gətirdi. Qarabağ xanının bu addımı rus komandanlığının və onun əlaltısı olan II İraklinin xoşuna gəlmədi. II İrakli İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsinə yol vermək istəmirdi. Naxçıvanda baş verən hadisələrə həmişə müdaxilə edən və bu xanlığı özündən asılı vəziyyətə salmaq istəyən Kartli-Kaxetiya çarı Cəfərqulu xanı yenidən hakimiyyətə gətirmək üçün knyaz Baqrationun başçılığı ilə 1000 nəfərlik qoşunu İrəvana göndərdi. Bu qoşunun əksəriyyəti Borçalı və Şəmşədildən toplanmış azəri türklərindən təşkil olunmuşdu. Bu dəstəyə irəvanlılar da qoşuldu. İrəvan xanı ilə Qarabağ xanı arasında düşmən münasibəti yarandığından, Məhəmməd xan İbrahimxəlil xanın Naxçıvanda möhkəmlənməsini öz hakimiyyəti üçün təhlükə hesab edirdi. Buna görə də o, məmuniyyətlə bu yürüşə qoşuldu. Müəyyən hazırlıqdan sonra knyaz Baqration İrəvan qoşunu ilə birlikdə Naxçıvana doğru hərəkət etdi.
Lakin Naxçıvan taxtında öz namizədini görmək istəyən hər iki tərəf gecikmişdi. Yürüşdən bir qədər əvvəl Cəfərqulu xanın qardaşı Kəlbəli xan (1787-1820) Abbasqulu xanı hakimiyyətdən devirərək Naxçıvanda taxt-taca sahib olmuşdu. Hakimiyyətə gələn Kəlbəli xan hər hansı hücumun qarşısını almaq üçün Naxçıvan qalasını daha da möhkəmləndirmişdi.
1787-ci il mayın 19-da Naxçıvana çatan knyaz Baqration həmin gün Naxçıvan qalasını mühasirəyə aldı. Qalaya sığınmış naxçıvanlılar Kəlbəli xanın rəhbərliyi ilə müttəfiq qoşununa güclü müqavimət göstərdi. Mayın 20-də knyaz Baqration II İrakliyə göndərdiyi məktubda yazırdı ki, «Cəfərqulu xan Naxçıvanı asanlıqla alacağını söyləsə də, mən güclü müqavimətə rast gəldim, qalanı 2000 nəfər qoruyur». Birləşmiş İrəvan və gürcü qoşunları Naxçıvan qalasını tuta bilmədi.
İbrahimxəlil xan da, Abbasqulu xana yardımçı qoşun göndərdi. Lakin cəmi 200 nəfərdən ibarət olan bu qoşun Sisyan ətrafında II İraklinin qoşununun tərkibində olan Şəmşəddil və Borçalıdan olan dəstələr tərəfindən məğlub edilir, 8 nəfəri isə əsir alınır. II İraklinin qoşunu irəvanlılarla birlikdə Qarabağ qoşununu məğlub etsə də, Naxçıvan qalasını ala bilmədi. Knyaz Baqrationun II İraklidən ələvə kömək istəyi də baş tutmadı. Güclü müqavimətə rast gələn müttəfiq qoşunları ətraf kəndləri qarət edərək sakinlərini, İbrahimxəlil xana məxsus 40 ailəni əsir götürüb, çoxlu mal-qara ələ keçirərək geri döndülər. Bu yürüşdə istər İbrahimxəlil xan, istərsə də II İrakli istəyinə çata bilmədi.
1787-1791-ci illər ikinci rus-türk müharibəsinin başlaması ilə Cənubi Qafqazda siyasi vəziyyət daha da gərginləşdi. Osmanlı sultanı öz nümayəndələrini bölgəyə göndərərək, rus-gürcü təhlükəsinə qarşı mübarizə aparmaq üçün bir-birinə düşmən olan Azərbaycan xanlarını barışdırmağa səy göstərdi. O, Qarabağ, Xoy, Təbriz və İrəvan xanlarına pul göndərərək bir-biri ilə mehriban olmalarını tapşırdı. Bundan əlavə, Ərzurum, Axalsıx, Bəyazid, Van, Diyarbəkr və Qars paşalarına Kartli-Kaxetiyaya qarşı birlikdə hərəkət etmələri əmr olunmuşdu.
Müharibənin gedişində rus komandanlığından hərbi yardım alacağını düşünən II İrakli İrəvanı ələ keçirmək fikrinə düşmüşdü. Onun bu niyyətindən xəbər tutan Məhəmməd xan Osmanlı dövləti ilə əlaqəyə girərək, yaxın adamı Zeynalabdin bəyi məktubla İstanbula göndərdi. O, məktubda II İraklinin məkrli planlarından söhbət açaraq, sultandan bu təhlükəyə qarşı hərbi kömək göstərməsini xahiş etmişdi. Sultan xanın bu istəyinə 5 dekabr 1787-ci il fərmanı ilə müsbət cavab vermiş və elçi Zeynalabdin və onunla gələn adamlara 290 quruş xərclik verilmişdi. Lakin çətin məqamda belə, Azərbaycan xanlıqları nəinki bir-biri ilə, hətta Osmanlı paşalıqları ilə də müharibə aparırdı. Məsələn, 1787-ci ilin yayında İrəvan xanlığı ilə Bəyazid paşlığı arasında hər iki tərəf üçün dağıntılara səbəb olan müharibə başladı. Qeyd etmək lazımdır ki, Osmanlı dövləti Rusiya və Kartli-Kaxetiya kimi dövlətlərin Cənubi Qafqazda möhkəmlənməsinə yol verməmək üçün Azərbaycan xanlarını öz tərəfinə çəkmək və onlardan rus-gürcü qüvvələrinə qarşı istifadə etmək siyasəti yeridirdi. Azərbaycan xanlıqları ilə əlaqənin yaranmasında Osmanlı paşaları əsas rol oynayırdı. Belə xanlıqlardan biri də İrəvan xanlığı idi. İrəvan xanları Osmanlı sərhəd paşaları ilə daimi dostluq münasibəti yaratmağa çalışırdı. Lakin bu münasibətlər həmişə yaxşı olmamışdı. Belə ki, Hüseynəli xanın hakimiyyəti (1759-1783) dövründə Məkkə ziyarətindən qayıdan İrəvan hacıları Ərzurumda həbs edilmiş və əmlakları qarət olunmuşdu. Ərzurum hakimi hacıların hər birindən 200 tümən aldıqdan, onların atını, arabasını, paltarlarını və s. şeylərini müsadirə etdikdən sonra azadlığa buraxmışdı. Bu hadisə İrəvanla Ərzurum arasında olan münasibətləri kəskinləşdirmişdi. Hüseynəli xan sultana məktub göndərərək Ərzurum hakimi Hacı Əli paşaya təsir göstərməsini, hacıların əmlaklarının geri qaytarılmasını xahiş etmişdi. Bundan əlavə, Bəyazid hakimi İshaq paşa tez-tez İrəvan xanlığına müdaxilə edərək sərhəddə yerləşən kəndlərin əhalisini öz paşalığına köçürür və İrəvan xanına düşmən olan müxalif qüvvələrə yardım edərək onları üsyana təhrik edirdı. Lakin Hüseynəli xan bu hərəkətlərin qarşısını vaxtında alırdı. O, da cavab olaraq öz növbəsində Bəyazid paşalığına hücumlar təşkil edirdi.
Bölgədə baş verən siyasi vəziyyətlə əlaqədar olaraq Osmanlı sultanının təhriki ilə İrəvan xanlığı ilə paşalıqların münasibətləri mehriban qonşuluğa çevrilmişdi. Lakin bu münasibətlər müvəqqəti idi. Belə ki, 1787-ci ilin yayında Bəyazid paşalığı ilə İrəvan xanlığı arasında hər iki tərəfin əhalisinə böyük itki verən müharibə başladı. Müharibənin başlanmasının əsas təqsirkarı Bəyazid hakimi İshaq paşa olmuşdu. O, İrəvanın daxili işlərinə qarışaraq Məhəmməd xana qarşı çıxan qiyamçı qüvvələri dəstəkləyir və lazım olduqda onlara öz ərazisində sığınacaq verirdi. Tezliklə hərbi əməliyyatların başlamasına bəhanə də tapıldı. «İbrahimxəlil xanla İrəvan xanı arasında ədavəti aradan qaldırıb aralarını düzəltmək üçün Bəyazid sancağı mütəssərrüfi İshaq paşa İrəvanlı Məhəmməd xana məktub yazmışdı. Xanın mütəssərifə cavab məktubunda deyilirdi ki, o, Tiflis xanı ilə dostdur və onunla razılıq olmadan İbrahimxəlil xanla yaxınlaşa bilməz» cavabı müharibənin başlanmasına bəhanə oldu. Tərəflər arasında münaqişə iki ilə qədər davam etmişdi. 1787-ci ildə Bəyazid qoşunu bir neçə dəfə İrəvan ərazisinə hücum edərək onun sərhəd kəndlərini qarət etmişdi. Lakin İrəvan xanı ilk əvvəl buna göz yummuş və yalnız 1789-cu ilin yayında qəti tədbirlər görmüşdü. Hərəkətinin cəzasız qaldığını görən İshaq paşa İrəvana qarşı düşmən fəaliyyətini daha da genişləndirdi. O, xana müxalif olan qüvvələri öz paşalığında sığınacaq verəklə bərabər, 1789-cu ilin yayında İrəvana hücum etmək məqsədilə 5-6 minlik qoşun toplamışdı. Həmin xəbəri eşidən Məhəmməd xan sərhəddi möhkəmləndirmək və bu fəlakətin qarşısını almaq üçün oraya 500 nəfərlik dəstə göndərdi. Sərhəddə yerləşən bu dəstə yerli əhalinin köməyilə burada müəyyən qədər nizam-intizam yaratmağa nail oldu. Lakin İshaq paşa güclü qoşunla qəflətən sərhəddi qoruyan bu dəstəyə hücum edərək üç yüz nəfərini öldürdü. Bunun ardınca onun qoşunu İrəvan kəndlərinin əkin sahələrinə od vuraraq, əhalinin əmlakını qarət etdi. Bu xəbər İrəvan qalasına çatdıqda Məhəmməd xan güclü qoşun toplayaraq İshaq paşaya qarşı çıxdı.
E.Qarayevin İrəvan xanlığı bağlı araşdırmasında daha sonra bildirilir ki, İrəvan qoşununun hücumuna tap gətirə bilməyən bəyazidlilər Bəyazid qalasına çəkildi. İshaq paşanın özü güclə döyüş meydanından qaça bilmişdi. Döyüşdə qalib gələn İrəvan qoşunu 1789-cu il avqustun 12-də Bəyazidə hücum etdi. Lakin əsl məqsəddən yayınan İrəvan qoşunu ətraf kəndləri qarət etməyə başladı. Bunu görən İshaq paşa qəflətən öz qoşunu ilə onlara arxadan hücum edir. Tərəflər arasında baş verən qısamüddətli döyüş irəvanlıların tam məğlubiyyəti ilə başa çatdı. Onlardan çoxu geri çəkilərkən Araz çayında boğulur, qalanları isə döyüş meydanından qaçaraq xilas olur. Məğlubiyyətə baxmayaraq, buna cavab vermək üçün Məhəmməd xan yenidən qoşun toplayır. Hətta ona Naxçıvandan kömək də gəldi. Qoşunun tədarükünü başa çatdıran İrəvan xanı qoşunla Araz çayının sağ sahilində mövqe tutmuş Bəyazid qoşununa qarşı hərəkət etdi. İrəvan qoşunu ilə bacara bilməyəcəyini görən bəyazidlilər Bəyazid qalasına sığınaraq müqavimət göstərməyə başlayır. Lakin irəvanlılar qalanı mühasirəyə alsa da onu tuta bilmədi. Bəyazidlilərin müqavimətini görən İrəvan qoşunu bir neçə kəndi talan etdikdən sonra çoxlu qənimətlə geri qayıdır.
Elçin Qaliboğlu
Xalq Cəbhəsi.- 2018.- 27
sentyabr.- S.13.