XIX-XX əsrin əvvəllərində ədəbi hərəkat

 

 

3-cü yazı

 

Tənzimatın II nəslinə Recaizadə Əkrəm, Əbdülhaq Hamid, Sezai, Muallim Naci, Nəbizadə Nazim və başqaları daxildir. Əsasən R.Əkrəm - Ə. Hamid - P.Sezai məktəbi hesab edilən II nəsil tənzimatçılar “sənət sənət üçünprinsipini məqsəd seçmişdilər. “Sənət sənət üçün” təmayülünün “sənət cəmiyyət üçün” ədəbi təmayülündən başlıca fərqi onların siyasi-ictimai ideologiyalardan bir qədər uzaq olmalarında idi. Lakin bu heço demək deyildi ki, “sənət sənət üçündür deyən şairlər siyasət və ideologiyalarından imtina edirdilər. Onlar siyasət məsələlərinə qismən də olsa qarışırdılar. Təbii olaraq Tənzimat ədəbiyyatı geniş əhatə dairəsinə malikdir. Hər şeydən əvvəl, Tənzimat ədəbiyyatı həyati əhəmiyyət kəsb edən yeni ictimaiideoloji məsələlərə münasibətdə olan ictimai bir ədəbiyyatdır. Bu ədəbiyyatda XVIII əsr fransız mütəfəkkirlərinin fikirləri əsas götürülmüş, Avropanın əski və yeni sənət xüsusiyyətlərinin tətbiqinə xüsusi fikir verilmişdi. Tənzimatçılar ölkədə yalnız istibdad rejimini deyil, köhnə və yenilik tələblərindən uzaq hesab etdikləri bütün sənət və ədəbiyyat anlayışlarını da yıxmağa çalışırdılar. Düzdür, Tənzimat dövründə əski türk ədəbiyyatının dil, şəkil və s. cəhətləri bəzi sənətkarlar tərəfindən müəyyən hallarda mühafizə olunsa da, Avropa ədəbi modelinin tətbiqi ön sıraya çıxarılmışdır. Ədəbi yeniləşmə zamanı şeirin aparıcılılığına son qoyulmuş, nəsr və dramaturgiyanın üstünlüyü təmin edilmişdi.

Yeni türk ədəbiyyatında xalq, vətən, millət,hürriyyət üçün səslənən ideallar Qərb ədəbiyyatının örnəklərinə söykənmişdi. Ailə problemləri, sosial məsələlər də yeni ideya baxımından özünə yer tapa bilmişdi. Onu da qeyd edək ki, yeni türk ədəbiyyatı fransız romantik və qismən də realist məktəblərinin təsirində idi. Tənzimat dövründə şeir, nəsr və dramaturgiyada forma, məzmun, ideya, fikirs. cəhətlərdə yenilik tam mənada özünü göstərirdi. 35 illik mövcudluğu dövründə Tənzimat ədəbiyyatının bir sıra qüsurları istisna olunmaqla, bu ədəbiyyat Türkiyə türk ədəbiyyatının yeni məzmun və yeni formada inkişafında böyük rol oynamışdı.

1895-ci ildə Türkiyə türk ədəbiyyatının həyatında yeni dövrün “Sərvəti-fünun” mərhələsinin başlanğıcı qoyulur. Tofiq Fikrət, Cənab Şəhabəddin, Faiq Əli, Hüseyn Cahid, Mehmed Rauf, Süleyman Nazif, İsmayıl Səfa və digər sənətkarların üzvü olduğu bu ədəbi hərəkat ədəbiyyatın yeni modelinin yaranmasına səbəb oldu. “Sərvəti-fünun” ədəbiyyatının qaynağı XIX əsrin ikinci yarısında formalaşan fransız ədəbiyyatı olmuşdu. Bu dövrdən sonra türklərin təbirincə desək, Türkiyə türk ədəbiyyatında “yeniböyük bir Batılaşma mərhələsi” başlanmışdı. Gənc ədəbiyyatçılar tərəfindən yaradılmış bu ədəbi hərəkat üslub və şəkil baxımından fransız realistlərinin yolu ilə getməklə yanaşı, digər tərəfdən “yerliictimai bir romantizmin” təsirindən də kənarda dayanmırdı. Bu ədəbi hərəkatda fransız ədəbi təsiri güclü olduğundan fransız realistlərinin “sənət üçün sənət” meyilli ədəbiyyat cərəyanı meydana gəldi. “Sərvəti-fünun’’çular Şərq ədəbiyyatından çox Qərb ədəbiyyatını tanıyır, onu önə çəkir, hətta belə münasibətləri ilə iftixar hissi keçirirdilər. Yeni ədəbi hərəkat tərəfdarları Qərb nəzm şəkillərini Türkiyə ədəbiyyatına gətirir, hekayə və roman janrına Avropa hekayə və roman anlayışları səviyyəsindən yanaşırdılar.

Onu da qeyd edək ki, Türkiyə türk ədəbiyyatında əruz vəznində yazılan sərbəst nəzm “Sərvəti-fünun’’çularla başlamışdır. “Sərvəti-fünun” şeirinə qüvvətli bir musiqi dili hakimdir. Bu cəhət onu Tənzimat şeirindən fərqləndirən başlıca xüsusiyyətdir. “Sərvəti-fünun’’çular Avropa tipli əsərlər yazmaq baxımından tənzimatçılardan çox-çox irəlidə gedirdilər. “Sərvəti-fünun” ədəbi hərəkatına bağlı olan sənətkarlar öz əsərlərində xalq kütləsinə müraciət etməkdən uzaq idilər. Bu ədəbiyyat milli, ictimai, estetik ehtiyacları daha az göstərmiş, yalnız yüksək zümrə və ya avropalaşmış adamların həyatını sənətdə əks etdirmişdi.

XX əsrdə Türkiyədə ədəbi hərəkatlar ictimai-siyasi proseslərlə bilavasitə qarşılıqlı əlaqə və bağlılıq şəraitində inkişaf edirdi. Keçən əsrin əvvəllərində Türkiyənin ictimai-siyasi həyatı “qaynar qazanı” xatırladırdı. Ölkəni siyasi böhran bürümüşdü.

Sultan Əbdülhəmidin 1908-ci ildə elan etdiyi ikinci Məşrutəsi gözlənilən nəticəni verməmiş və az vaxtdan sonra Sultan Əbdülhəmid taxtdan endirilmişdir. Hakimiyyət davamçısı V Mehmedin idarəçiliyi nəticəsi olmayan bir sonluqla başa çatmışdı. Əsrin ilk illərində ölkədə baş verən dəyişikliklər ədəbi proseslərə də öz təsirini göstərmişdi. Bu illər ədəbi fəaliyyətin hərəkətsiz dövrləri hesab edilir. Lakin 1908-ci ilin qaynar hadisələrindən sonra ədəbiyyatda ilkin canlanmalar başladı. XX əsr Türkiyə türk ədəbiyyatının inkişafında, milli ədəbiyyat cərəyanı halına çevrilməsində ədəbi hərəkatların böyük rolu olmuşdu. “Fəcriati” Türkiyədə 1908-ci il Məşrutəsindən sonra yaranan ilk ədəbi təşkilatdır. Bu ədəbi təşkilat 1909-cu ildə 20-30 yaşlı gənc ədiblər tərəfindən yaradılmışdı. Emin Bülənd, Əhməd Haşım, Həmdullah Sübhi, Rafiq Xalid, Şəhabəddin Süleyman, Əli Süha, Fazil Əhməd, Fuad Köprülü, Yaqub Qədri və digər sənətkarların toplaşdığı “Fəcri-ati” ədəbi qurumu yeni fəaliyyət proqramı ilə meydana çıxdı. “Fəcri-ati’’çilər “Sərvəti-fünun” məcmuəsinin 12 mart 1909-cu il tarixli sayında öz bəyannamələrini dərc etdirdilər. Həmin bəyannamə bu təşkilatın xüsusiyyətlərini əks etdirmək baxımından səciyyəvidir. Bəyannamədə ədəbiyyatın istər problemləri, istərsə də tədqiqi məsələlərinə münasibət bildirilmiş, ona geniş ictimai planda yanaşılmışdı. Dərc olunan bəyannamədə Namiq Kamalın “ədəbiyyatsız millət dilsiz insan kimidir” məşhur sözünə əsaslanmaqla yeni bir nəslin yeni bir düşüncə tərzinə sahib olması tələb kimi ortaya atıldı. Təşkilat üzvləri özlərinin ədəbiyyatsevər və əzmkar olduqlarını, Avropa sənətkarlarının bənzəri olmaq istədiklərini, “Qərbin nurlarını Şərqin üfüqlərinə nəql etmək arzularını” ifadə edir, fəaliyyətlərini bu istiqamətdə qurmağı vacib sayırdılar. Onlar bütün ölkədə mövcud olan eybəcərliklərin başlıca səbəbi kimi istibdadı əsas götürürbuna qarşı mübarizəni ön plana çəkirdilər. Hətta ədəbi həyatda baş vermiş sükutgeriliyin səbəbini də bunda axtarırdılar. Lakin “Fəcri-ati” hərəkatı “Sərvəti-funun’’a bir çox baxımdan yaxın idi. Bir növ o, “Sərvəti-fünun’’un “bətnində” formalaşan təşkilat idi. Ona görə də, türk ədəbiyyatşünasları haqlı olaraq “Fəcri-ati’’nin “Sərvəti-funun’’un davamı olmaqdan savayı başqa bir şey olmadığını” göstərirdilər.

“Fəcri-ati’’çilər böyük cəsarət və enerji ilə ortaya çıxıb sənətdə yeni dəyişikliklər etmək arzusunda olsalar da, tez bir zamanda dağılmış (1911) və fəaliyyətlərini dayandırmışlar. 1908-ci il Məşrutəsindən sonra (Milli ədəbiyyat (1908-1930) və Yeni ədəbiyyat (1930-cu ildən sonrakı dövrlər) mərhələlərində) Türkiyədə milli ədəbi prosesdə canlanma müşahidə edilirdi. Bu dövrdə sənətdə nüfuzuyeri olan ayrı-ayrı şəxsiyyətlər qüvvətlənməkdə olan milli-ədəbi hərəkatlara rəhbərlik edir, türk milliyyətçiliyinin inkişaf etməsində mühüm rol oynayırdılar. Artıq 1908-ci ildən sonra yeni-yeni məcmuələr dərc edilir, milli təəssübü, elmi potensialı yüksək olan şəxslər bu məcmuələrin ətrafına toplaşırdılar. “Türk dərnəyi” ədəbi cəmiyyəti və bu cəmiyyətin orqanı olan eyni adlı məcmuə qarşısına birinci növbədə türk dilini sadələşdirmək və zəngin bir dil halına gətirmək məqsədi qoymuşdu. Türkiyədə yeni başlayan ədəbi hərəkatın qaynar formada getməsi yeni ədəbi cəmiyyət və təşkilatların yaranması ilə müşahidə olunurdu. 1911-ci ildə “Türk yurdu’’, 1912-ci ildə “Türk ocağı’’nın yaranması formalaşmış türkçülük ideyalarının yeni inkişaf mərhələsinə qədəm qoyması və möhkəmləndirilməsindən xəbər verirdi. Yaranmış cəmiyyətlər türk dilini sadələşdirmək, onu yabançı sözlərdən, qeyri-milli qaydalardan təmizləmək və s. uğranda geniş aparırdı. Baş verən proseslər onu deməyə tam əsas verirdi ki, sənətdə və mənəviyyatda milli həyəcan təbili çalınmaqda idi. Ömər Seyfəddin, Ziya Göyalp genişlənməkdə olan hərəkatın önündə gedirdilər. 1911-ci ildə “Gənc qələmlər” məcmuəsində yeni dil qaydalarının hakimliyi məsələsi ilə bağlı silsilə yazılar dərc olunmağa başladı.

İlk sanballı, problem səciyyəli məqalənin müəlliflərindən biri olan Ömər Seyfəddin ədəbiyyatda ərəb, fars və fransız sözlərinin işlədilməsinin əleyhinə çıxır, türk ədəbi dilini gəlmə sözlərlə dolduran sənətkarları tənqid edirbu günkü tələbin mahiyyətinin nədən ibarət olmasını açıqlayırdı: “İndi yeni bir həyata, yeni bir intibah dövrünə girən türklərə yeni, təbii bir dil, yəni öz dilləri lazımdır. Milli bir ədəbiyyat vücuda gətirmək üçün əvvəla milli bir dil lazımdır. Əski dil xəstədir və bu xəstəliyin səbəbi də içindəki lüzumsuz və yabançı qaydalardır.’’

“Gənc qələmlər” məcmuəsi ətrafına toplaşan mütəfəkkir şəxsiyyətlər yeni fikirlər irəli sürərkən beş xüsusi maddə ilə (qəlibləşmiş bəzi tərkiblər istisna olmaqla (məs., sadrazam, sevk-i tabii, darb-i mesel) ərəb və fars tərkiblərinin dildən çıxarılması; türkcə cəm şəkilçilərindən başqa əcnəbi cəm şəkilçilərindən imtina (məs., mekatip-mektepler, memurin-memurlar); yazı dilində yalnız milliliyin və sadəliyin qorunub saxlanılması; ərəb-fars tərkiblərinin xalq danışıq dilinə uyğunlaşan variantlarından istifadə edilməsi (məs., şəms əvəzinə günəş, qəmər əvəzinə ay); danışıq dilinin İstanbul türkcəsi olması təklifi ilə çıxış edir, yazılı və şifahi dildə milliliyə xüsusi önəm verirdilər. Bütün bunlardan sonra ədəbiyyatda yeniləşmə başladı. Ömər Seyfəddin, Əli Cənib, Ziya Göyalp, Fuad Köprülü, Mehmed Akifs. sənətkarlar sayəsində türk ədəbiyyatında milli ədəbi istiqamətlər genişləndi.

 

 

Elman Quliyev

filologiya üzrə elmlər doktoru, professor

 

Xalq Cəbhəsi.- 2018.- 28 sentyabr.- S.14.