XX əsrin əvvəllərində
Azərbaycanda siyasi hərəkatlar
Hüseyn Baykara
3-cü yazı
Mövzunun əhəmiyyətini nəzərə alaraq
milliyyətçilik və vətənpərvərlik
haqqında bəzi filosof və siyasi xadimlərin fikirlərini
bildirməyi lazım bilirəm. Bauer milliyyət məsələsinə
belə bir sxem verir. Xalqların tarixi gələcək nəsillərə
iki yol ilə təsir edər:
1.
Yaşamaq qayğısı üçün aparılan
mübadilənin içində inkişaf edən formalaşma
nəticəsi müəyyən vücud xüsusiyyətlərini
irsiyyət yolu ilə gələcək nəslə
aşılamaqla.
2. Təşəkkül
edən müəyyən mədəni ideal tərbiyə etmək,
adət və hüquq yolu ilə cəmiyyət halında
yaşayan gələcək nəslə verməklə. Beləliklə, bu hərəkətetdirici qüvvə
bizdə tarixdir, bizdəki milliyyəti təyin edir, bizi bir
millət olaraq bir-birimizə bağlayan
doğmalığı təşkil edir. Millət,
milli xarakterdə, fərdin milliyyətində özünü
göstərir. Fərdin milliyyəti, cəmiyyətin
tarixi keçmişi ilə bağlı bir cəhətdən
başqa bir şey deyil.
Renan
milliyyəti belə tərif edir: “Zəngin tarixi xatirələrin
irsiyyət yolu ilə əldə edilməsi birinci
ünsürdür, digəri birlikdə yaşamaq arzusu ilə
atalardan ümumi şəkildə alınanları birlikdə
idarə edərək birlikdə yaşamaq iradəsidir. Millətdə atalara sitayiş arzusu bütün ibadətlərdən
üstün mövzudur. Atalar bizləri,
bizlər hal-hazırda necə variqsa elə yaratdılar.
Qəhrəmanlıqlarla dolu keçmiş,
böyük adamlar və yaratdıqları şan və şərəf,
beləliklə milliyyət idealının əsasını təşkil
edən sosial kapital. Keçmişin
şanlı hərəkətlərini duyarlıqda birlik olmaq,
bu hərəkətlərdə gələcəkdə də
birlikdə iştirak arzusu və hal-hazırda yaşamaq
üçün ümumi iradə, beləliklə xalqın
yaşamasına uyğun şərait. Açlıqca
görünür ki, bir topluluq olaraq yaşamağa davam etmək
arzusu öz ifadəsini millətin varlığını davam
etdirməkdə özündən davamlı bir plebisit mənzərəsi
göstərməkdədir” (E.Renan. Qu est
ce guanne nation? 1882, səh. 26-27).
Təkamülçü
marksist Bauer, idealist Renan, bitərəf, elm adamı, filosof
Yoanne və nəhayət, ifrat solçu marksist Lenin, bunlar
hamısı millət gerçəkliyi üzərində
diqqəti heyrət ediləcək dərəcədə
ittifaq edir və vətənpərvərlik gerçəyini
ard-arda, başqa sözlərlə fəqət, eyni anlam
daşıyacaq şəkildə ifadə edirlər. Demək, etnik toplumun atalardan qalma maddi və mənəvi
mirası, vətənpərvərlik duyğusunu meydana gətirir.
Millətin varlığında etnik xüsusiyyətin
başda gəldiyini söyləyən bu iki filosof (Renan və
Yoanne) və iki – həm filosof, həm də siyasi xadim (Bauer,
Lenin) millət gerçəyini bir həqiqət olaraq qəbul
etdikdən sonra öz fəlsəfələrinə görə,
nəticəyə varmada bir-birlərindən ayrılırlar.
Xüsusilə sosialist Bauer ilə kommunist Lenin
bu millət gerçəkliyinin yerinə marksist nəzəriyyəsinə
görə proletar qardaşlığı fikri fəlsəfəsini
yerləşdirməyə çaşılırlar. Onlar deyirlər ki, sinfi mübarizədə siniflərin
toplum içində bir-birlərinə olan mənfəət
bağlılığı milliyyət
bağlılığından üstün sosial bir əlaqə
yaradır. Leninin rus inqilabı təcrübəsi, Maonun
Çin inqilabı və nəhayət, Yuqoslaviya,
Çexoslovakiya, Albaniya, Rumıniya hadisələri marksizmin
proletar qardaşlığı nəzəriyyəsinin tamamilə
iflas etdiyini və rus kommunist inqilabının rus millətini
tarixdə misli görünməmiş rus şovinizminə,
rus imperializminə apardığını və Çin
kommunist inqilabının da Çini öz geopolitik vəziyyəti
istiqamətində imperializmə apardığı artıq
izah və açıqlamağa lüzum olmadığı qədər
aşkardır.
Dünya cəmiyyətinin fikri qarşısında da vəziyyət
belədir. Gördüyümüz kimi, millət anlamı hər
şeydən öncə etnik xalq toplumunun
varlığını ifadə etməkdədir. Azərbaycanda bu etnik xalq toplumu varlığı
türk olaraq mövcuddur və keçmişi də tarixin ən
qədim dövrlərinə, bir neçə min illərə
qədər uzanmaqdadır. Vəziyyət
belə olduğu halda dövlətlər hüququ
yönündən bir dövlətin necə meydana gəlməsi
məsələsini araşdıraq. Bu məsələdə
dövlətlər hüququnun dünya avtoritetləri
başqa-başqa kəlmələrlə həmin eyni şeyi
söyləyir. Köhnə Berlin
universiteti professoru fransız Fon List yeni bir dövlətin
meydana gəlməsi üçün üç
ünsürün varlığı lazımdır deyir.
1 – xalq; 2 – torpaq parçası, ərazi;
3 – dövlət hakimiyyəti. Dövlətin
meydana gəlməsi (haqqında söhbət açılan)
torpaq parçası üzərində yaşayan vətəndaşların
iradəsinə bağlıdır. Əsla
və qətiyyən kənar iradəyə yox (Dövlətlər
hüququ. Riqa, 1932-ci il, səh. 64).
Çar
Rusiyasının dünyada tanınmış
hüquqşünası F.Martens bütün dünya dillərinə
çevrilmiş ikicildlik “Dövlətlər hüququ” əsərində
deyir ki: “Müəyyən ərazi üzərində öz
hüquqları və mənfəətləri bərabər
olan və bir hakimiyyət altında birləşən insanlar
ittifaqı, dövlətlər hüququ anlamında dövlətdir”
(F.Martens. Mədəni xalqların
çağdaş Dövlətlər hüququ.
Sankt-Peterburq, 1887-ci il, 1 cild, səh. 233).
Martens
sabiq Roma hüquqşünası və natiq Siseronun dövlət
fikrini eynilə təsvir edir. Siseron deyir ki: “Dövlət, xalq
topluluğunun qarşılıqlı iradə və faydalarla
bir-birinə olan bağlılığından və birliyindən
doğan yüksək cəmiyyətdir”. Yuxarıda
millət anlamı haqqında daha çox sosialist mütəfəkkirin
fikirlərinə yer verdik. Dövlətin məlum
olmayan cəhətlərini ən səlahiyyətli və
böyük hüquqşünaslardan öyrəndik. Yenə də bu müqayisələrlə
xalqımızı araşdırmağa başlayaq. Bütün bu araşdırmalardan da
anlaşılır ki, millətin öz
varlığını dərk edə bilməsi
üçün iqtisadi varlığın müəyyən səviyyəsinə
çatması lazımdır. Millətin
etnik birliyə və kökə əsaslanması
lazımdır. Bu surətlə millət fərdləri
arasında tarix birliyi, dil birliyi, ideya birliyi, mədəni və
mənfəət birliyi kimi ünsürlər mövcud
olmalıdır. Beləliklə, milləti
təşkil edən xalqın vətəndaşları
arasında bir-birlərinə bağlılıq və
keçmiş, yüz illərdən əvvəl
yaşamış ulularından və atalarından onlara qalan
iftixaredici və kədərləndirici xatirələr
ümumi anlayış yaratmaqdadır.
***
Millətin meydana çıxması üçün hər
şeydən öncə etnoqrafik birliyə malik olması və
o xalqın hüdudları bəlli bir torpaq üzərində
birlikdə yaşaması, yəni bir toplum olaraq sosial həyat
sürməsi lazımdır. Tarixin böyük bir
amansızlığına düçar olan xalqımız
imperialist və istismarçı dövlətlər
arasındakı müharibələr nəticəsində ikiyə
bölünüb, Şimali Azərbaycan rus imperiyasına, Cənubi
Azərbaycan isə İran dövlətinin tərkibinə
daxil olub. Iki əsrdən bəri
parçalanmış xalqa qarşı aparılan
ruslaşdırma, farslaşdırma siyasətinə baxmayaraq
xalqımızın etnik quruluşunda əsaslı dəyişiklik
olmayıb. Əgər vəziyyət uzun
müddət belə davam edərsə, yox olmaq təhlükəsi
meydana çıxa bilər. İkiyə
bölünmüş xalqımız məcburiyyət
qarşısında qalaraq bir-birinə bənzəməyən
inkişaf yolları keçməyə məcbur olub. Bu dövlətlər tərəfindən istismar
olunan xalqımız nə dilini, nə dinini, nə adətini,
nə də mədəniyyətini itirib.
Qafqazdakı xalqımızın XIX əsrdə
müasir bir millət kimi formalaşmasında Qərb üsulu
ilə inkişaf edən sənayenin və ticarətin
böyük rolu olub. Xanlıqlar dövründə iqtisadi
quruluş çox zəif idi. XIX əsrin
ikinci yarısında Azərbaycanda ticarətin, kapitalizmin
inkişafı köhnə feodal sosial və iqtisadi münasibətləri
kökündən dəyişib. Beləliklə,
şəhərlərdə, vilayətlərdə ticarət və
mal mübadiləsi etmək imkanına malik olan
insanlarımız bir-birinə daha da yaxınlaşdı.
Onlar böyük şair Füzulinin, Molla Pənah
Vaqifin anlaşılan dili ilə bir-birlərini
qarşılıqlı olaraq anladılar; yeni meydana gələn
sənayenin və ticarətin ehtiyaclarını ifadə edəcək
ədəbi dilin yaradılmasını təmin edəcək
müəssisələr qurdular, şəxsiyyətlər
yetişdirdilər. Bu cəmiyyətlər,
şəxsiyyətlər ticarət və sənaye həyatının
ehtiyaclarını ifadə edəcək şəkildə azərtürk
ədəbi dilini formalaşdırır və yeni həyatın
milliyyətcə bir xalq halında öz kökünə
qayıtmasına kömək edirdi. Azərbacan-türk
ədəbi dili xalqımızın bir-birini yaxşı
başa düşəcəyi şəkildə inkişaf
edirdi. Az miqdarda da olsa nəşr
olunan kitab, jurnal və qəzetlərdə ədəbi dilin əsasını
xalq dili təmsil etdiyi üçün yeni doğan maarif, mədəniyyət
axımının təməlində demokratik ünsür,
mahiyyət var və xalq üçün, xalq ilə birlikdə
prinsipi öz-özündən irəliləyirdi.
Bakı
başda olmaqla, Azərbaycanda şəhərlərin
böyüməsi, şəhərlərdə xalqın toplu
halda ticarət və sənaye həyatında iştirak etməsi,
insanların bir-birilə çox sıx sosial və mədəni
münasibətlərdə olması, ədəbi dilimizin təşəkkülündə
əhəmiyyətli rol oynamışdı. Yeni ehtiyacları
qarşılayan ədəbi ləhcədə Azərbaycanın
vilayət və qəzalarında yaşayan xalqın ləhcələri
arasında olan, ən gözəl anlamları, incə
xüsusiyyətləri ifadə edən sözlər, cümlələr
xalqın danışdığı dilə
qarışır, ədəbi dilimiz zənginləşir,
tamamlanır, xalq arasında olan dil birliyi bu xarakterdə
vücuda gəlir.
“Millət” anlamını M.F.Axundzadə işləmiş,
H.Zərdabi isə bu axımı 1875-ci ildə davam
etdirmişdi.
1880-ci ildə nəşr olunmağa başlayan
“Kəşkül” qəzeti bu ənənəyə sadiq
qalaraq “türk milləti” sözlərini işlətmişdi.
Ünsüzadə qardaşları tərəfindən nəşr
olunan “Ziya” adlı qəzetdə “millət”, “istibdad”, “haqq”
sözlərinə tez-tez rast gəlmək olurdu. Bu dövrdə Azərbaycanda bu qəzetlərdən
başqa mətbuat orqanı yox idi, çünki rus çar
idarəsi qəzet və jurnalların çap olunmasına
icazə vermirdi. Azərtürk ləhcəsini
yalnız xalq özü qoruyub saxlaya bilərdi. Kapitalist sənayesinin, ticarətin, kənd təsərrüfatının
inkişafı ilə əlaqədar olaraq yeni terminlər
meydana çıxırdı. Bu terminlər
Avropadan alınma sözlərlə, bəzən də bizim
sözlərlə əvəz olunurdu. Azərbaycanın
digər vilayətlərində də xalq arasında
danışılan canlı danışıq dilində bəzi
ehtiyacları ödəyən sözlər, terminlər
yaradılırdı.
Əslində xalq doğma torpaqlarında var olduğu
gündən ana dili olaraq azərtürkcə
danışırdı və yeni çağda da xalqın bir
millət kimi formalaşmasında dilimiz çox önəmli
rol oynayırdı. Hər millətdə kapitalizm sənayesi,
maliyyə, ticarət və kənd təsərrüfatının
mexanikləşdirilməsi zamanı yeni terminlərin işlədilməsi
bir problem olmuşdur. Azərbaycanda olan
çar rejimi buna mane olsa da xalqın yüksək zəkası
bu işin öhdəsindən bacarıqla gəlmişdi.
O dövrdə Azərbaycan maarifçiləri mətbuatdan, nəşriyyatdan
məhrum idilər. Səməd bəy
Mehmandarovun 1890-cı ildə qəzet çıxartmaq istəyi
rədd edildiyi kimi, M.Şəhtaxtının “Tiflis”, N.Nərimanovun
“Təzə xəbərlər”, “Məktəb” adlı qəzet
və jurnalın dərc olunmasında da izn verilməmişdi.
XIX əsrin sonlarında M.T.Sidqi və S.M.Qənizadənin
qəzet çıxartmaq təşəbbüsləri də
bir nəticə verməmişdi.
Belə bir ağır zamanda, azərtürk cəmiyyəti
bir millət olaraq meydana çıxma şüuruna
çatmışdı. Çünki miladdan öncə min illərə
varan dövrdən bəri ata və babalarının
yaşadıqları bir torpaq parçası – “Vətən”
vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə
inkişaf edən bir Azərbaycan-türk cəmiyyəti
vardı. Üçüncü
ünsür bu cəmiyyətin haqqını, iradəsini,
varlığını, malını, canını qoruyan,
kültür və mədəniyyətini yaradan ziyalı liderləri
idi. Onların rəhbərliyi altında
tarixin səhnəsinə çıxmaq və üzərlərinə
düşən “millət” rolunu oynamaq lazım gələcəkdi.
Beləliklə, sözdə deyil, işdə
azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik azərtürk xalqı vardı,
neçə əsrlərdən bəri coğrafi sərhədlərə
malik Azərbaycan ölkəsi vardı, xalqda müstəqilliyə,
azadlığa qovuşmaq şüuru vardı, yalnız siyasi
hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına
olursa-olsun, bütün bunları əldə etmək lazım
idi...
ŞİŞLİ–İSTANBUL
1975
Xalq cəbhəsi.- 2018.- 28 sentyabr.-
S.14.