Cənubi azərbaycanlıların ana dili
uğrunda mübarizəsi
4-cü yazı
Cənubi Azərbaycan fəallarının
yaratdığı digər təşkilat - Azərbaycan
Demokrat Firqəsinin proqramında İranın ərazi
bütövlüyü və müstəqilliyi müdafiə
edilir, Azərbaycana geniş muxtariyyət verilməsi tələbi
əks olunur.
Həmçinin Azərbaycan Milli Məclisinin, müxtəlif
səviyyəli əncümənlərin təşkili, Azərbaycan
dilinin Azərbaycanda dövlət dili elan edilməsi, eyni
zamanda farscanın millətlərarası dil kimi işlənməsi
əsas məqsəd kimi qarşıya qoyulur. Qeyri-leqal formada
yaranan təşkilatlarla yanaşı leqal şəkildə,
siyasi, milli-mədəni istiqamətdə fəaliyyəti ilə
seçilən qurumlardan İran Məclisi üzvlərinin
1993-cü ildə yaratdığı “Məclisdəki azərbaycanlı
deputatların fraksiyası”nı xüsusi
qeyd etmək lazımdır. Fraksiyanın
proqramında Azərbaycan ostanlarına aid məsələlərin,
Azərbaycan Respublikası ilə əlaqələrin
inkişafı əsas yer tuturdu.
Cənubi azərbaycanlı millət vəkilləri əsasən
Azərbaycan əyalətlərinin problemlərini
qaldırır, Azərbaycan Respublikası ilə münasibətlərin
inkişaf etdirilməsinin vacibliyini önə çəkirdilər. Təşkilat
üzvləri Məclisdə seçildikləri ərazilərin
problemlərindən əlavə, həm də bütün azərbaycanlıların
problemləri haqqında öz fikirlərini bəyan edirdilər.
1993-cü ilin iyul ayında Mərənd şəhərindən
seçilmiş deputatlar qeyri-azərbaycanlıların Azərbaycan
əyalətlərinə ostandar təyin edilməsi məsələsini,
həmçinin mərkəzi hökumətin azərbaycanlılara
qarşı apardığı ayrı-seçkilik siyasətini
tənqid etməyə başlamışdılar. Eyni zamanda hökuməti Ermənistanla əlaqələri
kəsməyə çağırır və dövlət əleyhinə
keçirilən yürüşlərdə iştirak edirdilər.
Azərbaycanlı deputatlar Tehranın Qarabağ
siyasətinin dəyişməsinin zəruriliyi haqda bəyannamə
hazırlayaraq parlament deputatlarının əksəriyyətinə
imzalatdırmışdılar. Kamal
Abidinzadə (Xoydan seçilmiş məclis üzvü) 13
aprel 1993-cü ildə Məclisdə Azərbaycan dilində
çıxış edərək ermənilərin hərəkətlərini
tənqid etmişdi. Eyni zamanda bu mövzu
ilə əlaqədar “Həmşəhri” və digər qəzetlərdə
məqalələrlə çıxış etmişdi.
Təbrizdən seçilmiş məclis üzvü Məhəmmədəli
Nəcəfzadə isə 6 aprel 1993-cü ildə
bütün azərbaycanlı deputatlar adından ermənilərin
hərəkətlərini pisləyən, Tehranı Qarabağ
məsələsində Azərbaycanı müdafiə etməyə
səsləyən qətnamə oxumuşdu. Bu fraksiyanın fəaliyyəti
fars şovinistləri tərəfindən
bölücü, xəyanətkar bir mövqe kimi qiymətləndirilir,
ona qarşı təzyiqlər edilirdi. Fraksiyanın
fəaliyyəti mühacirətdə fəaliyyət göstərən
milli qurumlar tərəfindən müdafiə edilirdi.
1996-cı ildə CAMAH İsveçdə fəaliyyət
göstərən Azərbaycan Kültur Ocağı ilə
birgə həm müxalifətdəki, həm də iqtidardakı
fars şovinistlərinin hücumuna məruz
qalan “Azərbaycan Deputatları Fraksiyası”nı müdafiə
məqsədilə bəyanat yayımladı.
İrandakı Azərbaycan türkləri arasında
müxtəlif yönümlü və potensiallı təşkilatların
köklü milli maraqlar ətrafında birliyini təmin edəcək
vahid mərkəzin yaradılması zəruriliyi fikri ilk dəfə
1994-cü ildə gündəmə gəldi. Dörd siyasi qurumun
(Güney Azərbaycan Fədailər Təşkilatı, Azərbaycan
Qurtuluş Təşkilatı, Güney Azərbaycan Demokrat
Firqəsi və Güney Azərbaycan Xalq Cəbhəsi) birliyi
əsasında Güney Azərbaycan Milli İstiqlal Cəbhəsinin
(GAMİC) yaranması İranda cənubi azərbaycanlıların
milli hüquqlar uğrunda mübarizə tarixində tamamilə
yeni bir dövrün - milli-siyasi konsolidasiya mərhələsinin
başlandığını sübut edir. Cəbhənin bəyanatında
qeyd edilirdi: “Güclü dövlətlərin zülm və
hegemonluğu altında olan millətlərin mübarizəsi,
azadlıq uğrunda mücadiləsi beynəlxalq ictimaiyyətdən
aldıqları dəstəklə yanaşı müasir
dövrün ən əlamətdar xüsusiyyətlərindən
biridir. Sovet imperiyası dağılandan sonra millətlərin
müstəqillik meyllərinin artması yuxarıda adı
çəkilmiş həqiqəti təsdiq edir”.
Göründüyü kimi, GAMİC qarşısına
Cənubi Azərbaycanın müstəqilliyini məqsəd
qoymuşdu.
GAMİC müəssislər heyətinin 23 sentyabr 1994-cü il tarixli müraciətnaməsi həmin birliyin
yaranma zərurəti, qarşıda duran məqsəd və vəzifələri
haqqında müəyyən təsəvvür yaradır. Bu
müraciətnamədə Cənubi Azərbaycanın müstəqilliyi
uğrunda mübarizəyə başlamaq üçün
lazımi şəraitin yetişdiyi bəyan edilirdi:
“Hazırda ayrı-ayrı xalqlar öz milli birliklərini
gücləndirərək müstəqil milli dövlətlərini
yaradırlar. Dünyanın ən mübariz
xalqlarından olan Azərbaycan xalqı müstəqillik və
milli hökumətini qurmaq uğrunda 48 illik zəngin
mübarizə təcrübəsinə malikdir. Ancaq dünyanın böyük müstəmləkəçiləri
hər zaman Azərbaycanı irtica ayağı altına
salıb qurban ediblər. İndi dünyanın siyasi
coğrafiyasının dəyişdiyi bir vaxtda Quzey Azərbaycan
müstəqil dövlətinin yaranması ilə əlaqədar
Güney Azərbaycanın istiqlaliyyətinə və nəhayətdə
iki Azərbaycanın birləşməsinə, vahid, müstəqil
Azərbaycanın yaranmasına münasib şərait
yaranıb".
GAMİC digər təşkilatların elan etdiyi bəyannamələrdən
fərqli olaraq yuxarıda qeyd etdiyimiz məqsədə
çatmaq üçün bütün milli-demokratik təşkilatların
xırda ixtilaflardan doğan ayrılıqlara son qoyaraq birləşməsini
zəruri hesab edirdi. Qurumun 5 maddədən ibarət bəyannaməsinə
görə, Cəbhə “təşkilatların birləşməsinin
ideoloji əsaslarını hazırlamalı, dünya siyasi təşkilatlarının
da təcrübəsindən bəhrələnməli, ən
yararlı mübarizə yollarını seçməli, Azərbaycan
milli qurtuluş mübarizəsinin xaricdə olan Azərbaycan
ocaqları və dünyanın digər demokratik təşkilatları
ilə əlaqəsini yaradıb beynəlxalq tədbirlərdə
Azərbaycan xalqının həqiqi nümayəndəsi
olaraq iştirak etməlidir”. GAMİC nəinki
yarandığı dövrdə, hətta sonrakı dövrlərdə
də mövcud olan siyasi qurumlarla müqayisədə təşkilatlararası
əlaqələrin intensivləşdirilməsi, təkmil
proqram, düzgün mübarizə yolu seçməsi
baxımından daha ciddi birlik olsa da, 90-cı illərin sonuna
doğru qurumun fəaliyyəti və varlığı ilə
bağlı materiallara rast gəlinmir.
Şimali
Azərbaycan müstəqillik əldə etdikdən sonra burada
ilk illər (1991-1993) həm rəsmi, həm də
qeyri-hökumət təşkilatları səviyyəsində
ortaya qoyulan Cənubi Azərbaycanın müstəqilliyi və
iki Azərbaycanın birləşməsi yönündəki
fikirlər İrandakı Azərbaycan türkləri
arasında birləşmək ideyasının və digər
strateji məqsədlərin ortaya çıxması ilə
yanaşı, Azərbaycana güclü meyl göstərən
cərəyanların yaranmasına səbəb oldu. Müxtəlif
ölkələrdə yaşayan Azərbaycan türkləri
ilə əlaqə saxlayan “Vətən” cəmiyyəti cənublu
fəalların Şimali Azərbaycana gəlməsinin təşkilində
yaxından iştirak edirdi (“Vətən” cəmiyyəti
1987-ci il, dekabrın 28-də
yaradılmışdı).
Azərbaycançılıq - türkçülük
şüurunun güclənməsinə İran hökumətinin
reaksiyası əsasən repressiyalar, ideoloji və
ideoloji-publisistik təzyiqlərlə müşayiət
olunurdu. 90-cı illərin ortalarında İran hakimiyyəti
ideoloji sahəyə xüsusi diqqət ayırmağa
başladı. Pəhləvi dövründəki fars millətçiləri tərəfindən
irəli sürülən “Azəri nəzəriyyəsi” ilə
bağlı tezislər yenidən gündəmə gəldi və
bu mövzuda yazılmış kitablar çap olundu. Türk etnik mənsubiyyətinin rəsmi qurumlar tərəfindən
belə aşağılanmasına başlanıldı.
1995-ci ilin may ayında İranın radio-televiziya şirkəti
tərəfindən keçirilən rəy sorğusu
zamanı paylanan anketlərdə türklər qeyri-adi məxluqlar
kimi təqdim olunmuş, onlarla birgə yaşamaq və ailə
qurmaq məsələsi ictimai rəy predmetinə
çevrilmişdi.
Türkçülüyün geniş yayılması
qorxusu İran hökumətinin Azərbaycan
Respublikasının İrandakı səfirliyinə münasibətində
də özünü göstərirdi. Tehranda səfirlik
əməkdaşlarının uşaqları
üçün ibtidai məktəb açmaq xahişi ilə
İran XİN-ə olunan müraciətə rədd cavabı
verilmişdi. Halbuki paytaxtda bir sıra
dövlətlərin səfirlikləri yanında həmin
dövlətlərin rəsmi dilində məktəbləri fəaliyyət
göstərirdi. İran hökuməti tərəfindən
Şimali Azərbaycandan qaynaqlandığı hesab edilən
etnik təhdidlərin qarşısını almaq
üçün görülən tədbirlərdən biri sərhədyanı
bölgələrdən Azərbaycan adının
götürülməsi məqsədini daşıyan inzibati ərazi
bölgüsünün yenidən aparılması idi ki, bu
siyasəti də 1993-94-cü illərdə reallaşdırmaq
mümkün oldu.
Lakin
İİR hakimiyyətinin hərəkata qarşı səyləri
nəticəsiz qaldı və yaranmış ictimai-siyasi şəraitdə
iki Azərbaycanın yaxınlaşmasına mane ola bilmədi. Belə bir situasiya
cənubi azərbaycanlılar arasında fərqli siyasi
baxışların formalaşmasına və yeni milli
oyanış hərəkatının yaranmasına səbəb
olmuşdu. Ana dili məsələsi bu
dövrə kimi müstəqillik ideyalarının tərkib
hissəsi kimi irəli sürülürdü, lakin hökumətin
qeyd edilən siyasətinə reaksiya olaraq 1995-ci ildən
bütövləşmə və vahidlik məsələsi
gündəmə gəldi. Qeyd etmək lazımdır
ki, əgər 90-cı illərin əvvəllərində cənubi
azərbaycanlıların İranda yaratdığı
ictimai-siyasi təşkilatlar öz fəaliyyətlərini bir
qədər məhdud dairədə - milli-mədəni
hüquqların təmin olunması və muxtariyyət tələbi
əsasında qururdularsa, artıq növbəti mərhələdə
– 90-cı illərin ortalarında tələblərin əhatə
dairəsinin genişləndiyi və
radikallaşdığı, milli hüquqlar uğrundakı
mübarizənin sırf siyasi müstəviyə keçdiyi,
müstəqillik və Bütöv Azərbaycan
ideyasının ön plana çıxdığı
görünür. Bu dövrə kimi əsasən
ilkin sosial-mədəni tələblərlə
çıxış edən pərakəndə qruplar, təşkilatlar
formasında fəaliyyət göstərən milli qüvvələrin
mübarizəsi 1990-cı illərdən kütləvi xarakter
almağa, təmərküzləşməyə
başlamış və mütəşəkkil forma
almışdı. Ümumən regionda
baş verənlər Cənubi Azərbaycandakı milli
qüvvələrdə böyük ruh yüksəkliyi
yaratmışdı. Şimali Azərbaycanda
baş verən proseslər cənubi azərbaycanlılarda da
milli azadlıq əldə etməyə böyük ümidlər
yaratmışdı. Beləliklə, cənubi
azərbaycanlıların daxili və xarici faktorların təsiri
altında 1989-1997-ci illərdə yaratdıqları siyasi təşkilatlar
heç bir ciddi hazırlıq və böyük təşkilati
baza olmadan meydana çıxsalar da azərbaycanlıların
ana dili, azərbaycançılıq ideyası ətrafında
birləşməsinin praktik, nəzəri baxımdan əhəmiyyətli
olduğunu nümayiş etdirdi. Bu
qurumların mübarizəsində milli məsələnin həlli
ilə bağlı fikir ayrılıqları mövcud olsa da,
ana dili məsələsi siyasi fəaliyyətlərinin əsas
obyektlərindən birinə çevrilmişdi.
Yeganə
Hacıyeva
Xalq Cəbhəsi.- 2017.- 5 yanvar.-
S.14.