Qazax xalq qəhrəmanlıq dastanı “Koblandı-batır”

 

1-ci yazı

 

Qazax qəhrəmanlıq eposunun ən qədim qatı patriarxal-tayfa münasibətlərinin mövcud olduğu VIII-X əsrləri əhatə edir. Qəbilələrarası qapalılığın pozuqluğu, qəbilələrin etnik konsolidasiyası, qəbilələrarası müharibələr, köçlər, başçıların xarizmatikliyi ilə seçilmiş insanlarla bağlı yaranmış rəvayətlər dastanların əsasına qoyulmaqla, onların nüvəsini təşkil edirdi. Dastanların epik təhkiyə üslubunun formalaşması və inkişafı əsasən güclü qəhrəmanların adı ətrafında cilalanırdı. Belə epik nümunələrin bir sırasında digər məsələlərlə yanaşı, həm də qəhrəmanların mənşəyi haqqında məlumat verilir – Koblandı-qaraqıpçaq, Alpamış-kunqrat, Qəmbər-noğaylı tayfasından və s. olduqları göstərilir.

“Koblandı-batır” qazax xalqının ən populyar epik nümunələrdəndir. Bu xalqın zəngin örnəkləri sırasında “Alpamıs”, “Yer-Tarqın”, “Qəmbər”, “Koblandı-batır” və digər epik dastanlarda öz doğma vətənini yadelli düşmənlərdən müdafiə edən qəhrəmanların cəngavərliyi vəsf olunursa, “Kozı-Korpeş və Bayan-Slu”, “Qız-Jibek”, “Ayman-Şolpan” və s. kimi liro-epik poemalarda gənclərin məhəbbəti, bir-birinə sadiqliyi və dostluğu tərənnüm olunur. “Koblandı-batır” qazax xalq poeziyasının orijinal örnəyidir. Qəhrəmanlıq poemaları sırasında monumentallığı ilə seçilən bu dastanın müxtəlif variantlarda həcmi altı min sətirdən doqquz min sətirə qədərdir. Qazax epik nəğmələrinin “jır” (müqayisə et “şeir”) ifaçıları hesab olunan jırau və akın nəğməkar-improvizatorlar qədim dövrlərdən indiyə qədər mövcud olmuş etnik-milli adət-ənənələri qoruyub saxlayıb, jırau və akınlar nəğməkarlığı, şairliyi və eləcə də dastançı-improvizatorçuluğu özlərində üzvi şəkildə birləşdiriblər. İmprovizatorçuluq istedadından vaxtilə söhbət açan böyük qazax tədqiqatçısı və maarifçisi Çokan Valixanov onların belə əsərləri heç bir hazırlıq olmadan ifa etdiklərini qeyd edib.

XV-XVIII əsrlərdə əfsanəvi epik nəğməkarlar xalq içində böyük nüfuza malik idilər. Onların sırasında Həsən Qayğılı, Kazıtuqan-jırau, Dosmambet-jırau, Şalkiiz-Aktamberdi-jırau, Jiembet-jırau, XVIII əsrdə Sıpıra jırau, Buxara-jırau, Umbetey-jırau, Marabay və Mergembay – jırau və başqaları ilə yanaşı, XIX və XX əsrlərdə yazıb yaratmış akınlar Cambul Cabayev, Nurpeyis Bayqaninin və başqalarının adlarını çəkmək olar. Şifahi şəkildə olmasına baxmayaraq, uzun illər ərzində nəsillərdən-nəsillərə ötürülərək qədim jırlar və əfsanələr-improvizator, ifaçı və söyləcilərin yaddaşının köməyi ilə xalqın qədim əcdadlarının örnəkləri qorunub saxlanılıb, XX əsrdə isə yazıya alınıb. Onların bir qismi çöllüyün müxtəlif ərazilərində yaranmasına baxmayaraq, bir-birinə uyğun gəlir. XIX əsrin lap sonlarında qazax epik poemalarının ilk dəfə olaraq yazıya alınması və nəşri baş verib. Uzun əsrlər ərzində xalq nəğməkarlarının bacarığı sayəsində dastanlar qorunub saxlanılmaqla, yeni nəsillərə ötürülüb.

Qazax folklorunun çoxəsrlik tarixi var. O kifayət qədər formalaşma və inkişaf yolu keçib. Şifahi poetik ənənə qazaxların etnogenizində oğuzların, kunqatların, qıpçaqların, noğayların iştirak etmiş olduğunu və onların bütün folklor janrlarının eposa qədər formalaşmasında iştirak etdiyini qeyd etməyə imkan verir. Qazax nağıllarında, əfsanələrində, nəğmələrində, lətifələrində - əsrlərin lap ənginliklərinə gedən bu nümunələrində xalqın çoxəsrlik mədəniyyətinin, tarixinin, həyatının, məişətinin, dünyagörüşünün müxtəlif tərəfləri əksini tapıb. VII-X əsrlərdə qəbilə ittifaqları yaranana qədər qazax xalqının formalaşma prosesinin etnik nüvəsi ortaya çıxıb və bu, özünü müxtəlif mərasim və məişət nəğmələrində əks etdirib. XIV-XVI əsrlərdə qəhrəmanlıq və lirik poemalar yaranıb ki, bunların məzmununda o dövrün müxtəlif tarixi xüsusiyyətləri özünü göstərib. Əsrlər ərzində folklor janrları zənginləşmiş, rəngarəngləşib və sonrakı inkişaf mərhələrinə daxil olmaqla, növbəti inkişaf mərhələrinə qədəm qoyub. Dövrümüzə müxtəlif qəhrəmanlıq dastanları, batırlıq eposu, qəhrəmanlar haqqında jırlar gəlib çatmışdı. Onların sırasında “Alpamıs”, “Koblandı”, “Yer Sain”, “Yer Tarqın”, “Yer Kokşe”, “Yer Kosay”, “Qəmbər”, “Qırx batır” kimi dastanlar silsiləsi (“Qırx batır”), “Utegen”; lirik – epik jırlar – “Kozı Korpeş və Bayan Slu”, “Qız Jibek”, “Çülşə-qız”, “Ayman Şolpan”, “Seyfül Malik”, “Makpal-qız”; XVIII-XX əsrlərdə yaranmış tarixi nəğmələr, nağıllar, əfsanələr, lətifələr, müxtəlif mərasim, məişət poeziya nümunələri, lirik nəğmələr və digər ənənəvi kiçik formalı janrlar yer almaqdadır.

Qazax qəhrəmanlıq dastanlarının yaranmasını tədqiqatçılar, ümumiyyətlə, Qızıl Orda dövrünə aid etməklə qeyd edirlər ki, ayrı-ayrı epik poemalar XIV əsrin sonu XV-XVI əsrlərdə yaranıb. Onların qədim mənbələri Qərbi-Türk xaqanlığında yaşayan qəbilələrin (VI-VIII əsrlər) dastanlarında olub, qıpçaqların və oğuzların (VIII-X əsrlər) Ağ Orda və Noğay Ordasının və Özbək xanlığının (XIII-XVI əsrlər) qazax xalqını yaradan qəbilələrin payına düşüb.

“Koblandı-batır” poeması lap qədimlərdən rəngarəng kompozisiyalı epizodlara malik əsər kimi igidin anadan olduğu andan onun Kobikti, Şoşay xan, Alşaqırla və başqaları ilə vuruşunu, Qarlıqa adlı igid qızla evlənmə və digər çoxsaylı epizodları əhatə edir. Poemanın ilkin, həm də qeyri-mükəmməl şəkildə qeydə alınması XIX əsrin II yarısı XX əsrin əvvəllərinə təsadüf edir. Bu dövrdə dastanın bəzi yerləri qəzet və jurnallarda (“Dala uyalayatı” (1899); “Türkestanskiye vedomosti” (1899); “Turqayskaya qazeta” (1901); “Orenburq elmi komissiyasının əsərləri” (1910) və s. mənbələrdə verilmiş və əsasən Koblandı haqqında əfsanənin süjetini əks etdirib. “Qaraqıpçaq Koblandı-batır” poemasının tam variantı Birjan Tolımbayev adlı akından XIX əsrin 90-cı illərinin əvvəllərində Kustanay qəzasında yazıya alınıb və ərəb qrafikası ilə Mahmudsultan Tuyakbayev tərəfindən Kazanda 1914-cü ildə nəşr olunub. Bu, “Koblandı-batır” dastanının ilk nəşri sayılır.

Məzmun və kompozisiyasına görə Birjanın variantı tanınmış akın və folklor toplayıcısı Şapay Kalmaqambetovun variantına yaxındır. O, 1939-cu ildə qeyd etdiyimiz dövrdə poemanın ifa olunan variantını yazmış və əsər elə bu variantda da məhz Qazaxıstan Elmlər Akademiyasının Dil, Ədəbiyyat və Tarix İnstitutuna təqdim edilib. Mətnin ön sözündə Şapay Kalmaqambetov naşirlərə müraciət edərək göstərib ki, buraya o, heç nə əlavə etməyib, dəyişikliklər aparmayıb, poemanı necə eşidib, necə yadında saxlayıbsa, eləcə də ifa edib. Şapay Kalmaqambetov şəxsən Merqembay jırau ilə tanış olub. Bu epik nəğməni özündən əvvəl digər akınlardan olduğu kimi qəbul edib, öyrənib. O, “Koblandı”, “Yer Tarqın”ı, “Qarabek”i, “Alpamıs”ı, “Qız Jibek”i, “Qubigül”ü və s. poemaları da məharətlə ifa edib.

Bu dastanın çoxsaylı ifaçılarının söylədiklərinə görə “Koblandı-batır” poeması onlardan əvvəl yaşayıb-yaratmış akınlardan qəbul edilib və XIX əsrdə tanınmış ifaçılardan eşidilib. Merqenbay-jıraunu xalq yüksək bacarıqlı bir improvizator və ifaçı kimi tanıyırmış. O, təxminən 1831-ci ildə anadan olub, 1911-ci ildə Kustanay vilayətinin Komsomolski rayonunda dünyasını dəyişib. 1936-cı ildə Şapay Kalmaqambetov Dosjan akından poemanın bir variantını yazıb ki, o da ona Merqenbay jıranın variantını çatdırıb. Bu mətnin Şapay Kalmaqambetov tərəfindən 1939-cu ildə yazıya alınmış mətnini müqayisə etdikdə müəyyən olunur ki, əsərin ifasındakı ilkin epizodlar bir-birinə olduqca uyğundur. Bundan başqa burada igid atının doğulması, onun Qurtqa tərəfindən böyüdülməsi və s. məqamlarda da eyniliklər var.

Bundan xeyli əvvəlki yazıya alınma isə Marabay Kulbay – ulu (1841-1898) tərəfindən aparılıb. O, Uralsk vilayətinin Terektin rayonunda anadan olmuş və elə orada da yaşayıb. Son dərəcə kasıb kəndli ailəsində doğulan Marabay uşaqlıqdan dombrada yaxşı ifa edib, artıq 18 yaşına çatdıqda tanınmış el nəğmələrinin ifaçısı olmaqla, həm də özü çoxlu nəğmələr qoşub. Marabay bütün Qazaxıstanı qarış-qarış gəzib, özündən yaşlı akınlarla görüşüb, onlardan ustalığın bəzi sirlərini öyrənib, onlara şəyirdlik edib, ənənəvi poetik yarışmalarda, aytıslarda iştirak edib, böyük uğur qazanıb.

“Koblandı-batır” poemasının bir hissəsinin, bəndinin yazıya alınması “Batırın Tayburıl atının çapılması” adlanır ki, bu, Marabayın ifasında XIX əsrin 70-ci illərində səsləndirilib və həmin o illərdəcə böyük qazax maarifçisi İbray Altınsarin onu “Qırğız müntəxabatı” kitabına daxil edib. Marabayın qələmə aldığı daha mükəmməl variant Koblandı ilə Qaramanın Qazan xanın üzərinə döyüşə getdiyi andan və qıpçaqların Alşaqırdan xilas olunduğu anı əhatə edir. Qazax akını Baymurat Uske-ulı Marabaydan eşitdiyi variantı 1894-cü ildə yenidən səsləndirib. O, Qızıl Orda vilayətinin Ağməscid qəzasında yaşamışdır. Baymurat Uske-ulı poemanı yaxşı bilib və onu Marabaydan sözbəsöz əzbərləyib. O, özü mətni qələmə alır, tanınmış folklorşünas və folklor toplayıcısı Abubəkir Divayevə onun xahişinə görə göndərir. “Koblandı-batır” adı altında qələmə alınmış, akının özünə ithaf olunmuş bu nümunə Abubəkir Divayev tərəfindən “Batırlar” adlı qəhrəmanlıq poeması seriyasına daxil edilib, ərəb qrafikasında XX əsrin 20-ci illərində nəşr olunub. A.Divayev nəşr etdirdiyi Marabay variantı bir neçə dəfə Saken Seyfullun tərəfindən 1933-cü ildə, Sabit Mukanov tərəfindən isə 1939-cu ildə nəşr olunmaqla, bütün dərslik və müntəxabatlara daxil edilib. Baymurat Uske-ulının orijinalının yazısı isə indiyə qədər də tapılmayıb. Bundan başqa Marabay variantına uyğun olan əlyazması da mövcuddur ki, o, 1884-cü ilə aiddir və folklor toplayıcısı Dövlətşah tərəfindən ortaya çıxarılıb. Burada əsərin harada qeydə alınması əks olunmasa da, bununla belə bütün əsərin özünün yazıya alınması variantı Marabayın yazısı olduğu qənaətini ortaya qoyur.

Əgər Marabay jıraunun yazıya alınmış nəşrini Şapay Kalmaqambetovun 1939-cu il yazısı ilə uyğunlaşdırmış olsaq, onda bu nəşrin əsasında aşağıdakıların dayandığını müəyyənləşdirmək olar. Şapayda və Marabay – jırauda bir neçə epizodlar – Koblandının Qaramanla birgə Qazan xan üzərinə yürüşü, igidin öz doğmaları ilə vidalaşıb ayrılması, Tayburılı çapması, Qazan, Kobikti, Alşaqır ilə qəhrəmancasına vuruşu və eləcə də batırın Qarlıqa kimi igid qızla evlənməsinin son epizodu bir-birinə uyğundur. Bu isə bizə Marabay-jıraunun yaradıcı ənənəsinin uzun müddət ərzində qorunub saxlanılması, dövrü¬müzə improvizatorların ifasında gəlib çatmış olduğu ilə bağlı qənaət yaradır. Bununla əlaqədar Tuzemets adlı bir tədqiqatçının 1899-cu ildə nəşr olunmuş məqaləsi maraq doğurur. Orada poemanın XIX əsrin 80-ci illərindəki süjeti yenidən əks olunur ki, bu da əksər detalları ilə 1939-cu ildə yazıya alınma ilə üst-üstə düşür.

 

Nizami Tağısoy

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2018.- 9 yanvar.- S.14.