“Koblandı-batır” qazax xalq
poeziyasının orijinal örnəyidir
2-ci yazı
Koblandı
adı ilə bağlı ilk əsərlər həm də
digər türk xalqlarında – tatarlarda və qaraqalpaqlarda var.
Məsələn, türk xalqları folklorunun və ədəbiyyatının
görkəmli toplayıcısı akademik V.V.Radlov 10 cildlik
“Türk qəbilələlərinin xalq ədəbiyyatı
nümunələri” əsərinin 1872-ci ildə nəşr
olunmuş cildində o, Koblandı haqqında ayrıca nəğmə
təqdim edib. Müəllifin qeyd etdiyinə
görə, bu nəğməni o, Tobol tatarlarından
yazıya alıb. Həmin əsərin
1896-cı ildə nəşr olunmuş VII cildində isə
Radlov yenə də Koblandı haqqında bir nağıl
nümunə gətirir ki, burada qeyd etdiyinə görə onu
o, Krım tatarlarından qələmə alıb. Q.N.Potanin isə “Jivaya starina” jurnalının
1916-cı ildəki 2-3 buraxılışında Koblandı
haqqında qaraqalpaq nağılını verib. Qaraqalpaq
nağılı “Koblan” isə Yesemurat Nurabıllayev tərəfindən
qələmə alınmaqla, ilk dəfə 1941-ci ildə
sonra isə 1959-cu il nəşr olunub.“Koblandı”
poemasına ilk dəfə diqqət yetirən tədqiqatçılardan
biri qazax alimi və maarifçisi Çokan
Çingisoviç Valixanovdur. Poema üzərində
ayrı-ayrı müşahidələri biz həm də
P.A.Falevin və yuxarıda adını çəkdiyimiz
Tuzemetsin əsərlərində də tapa bilərik.
XX əsrdə
“Koblandı-batır” eposunun hərtərəfli öyrənilməsi
ilə akademik Muxtar Auezov, Sabit Mukanov, Saken Seyfullın, akademik
A.S.Orlov, professor K.Jumaliyev, B.Kenjebaev, A.Marqulan, M.Qabdullin və
başqaları məşğul olublar. Batır
Koblandı ondan yaşca böyük digər bahadırlar
(Yedige, Şora, Qəmbər, Tarqın) və özündən
balacalar (Alpamıs, Yer Sain) kimi ilkin variantda heç də
qazax adlandırılmayıb. Bu onunla izah
olunur ki, epik abidələrin mənbələrində bu qəhrəmanlarla
bağlı olan məsələlər elə bir dövrü
əks etdirir ki, o zaman qazaxların siyasi ittifaqı hələ
də yaranmayıb, mövcud olmayıb, qazaxlar tayfa-qəbilə
birliklərinə sahib olmayıblar. Onlar məhz
bu etnik nüvədə qazax xalqının kimliyini əks
etdirib və Qızıl Orda tərkibində noğaylı
adı altında birləşiblər. Qızıl
Ordanın Qazaxıstan ərazisində tənəzzülündən
sonra ilk böyük dövlət birliyi: Ağ Orda (o da iki yerə
bölünməklə köçəri özbək –
şeybanilərdən və qazaxlardan) və Noğay
Ordasından ibarət idi. Faktik olaraq bu ərazilərdə
eyni tayfa və qəbilələr yaşayırdılar.
Ancaq hakimiyyət burada müxtəlif hökmdar
sülalələrinin əlində idi. Ona
görə də hökmdar sülalədən asılı
olaraq onları müxtəlif cür adlandırırdılar.
Məsələn, qıpçaq tayfaları –
gah noğaylar, gah özbəklər, gah da qazaxlar
adlandırılırdı. Lakin əvvəlki
dövrlərdə qıpçaq etnoniminin özü
bütün bu üç adların üçünü də
əhatə edir və şərq müəllifləri tərəfindən
bu səhralarda yaşayanlar bugünki Qazaxıstan ərazisində
yaşayan əhalinin adını özündə əks
etdirirdi.
Qazaxlara, qaraqalpaqlara, noğaylara, başqurdlara, Krım və
Barabin tatarlarına məlum olan Koblandı batır haqqında
dastan qıpçaqların kalmık və qızılbaş
xanlarına qarşı apardıqları mübarizəyə
həsr olunub.
Qazax poemasında qıpçaqların
döyüş qəhrəmanlıqları əks olunur.
Qaraqıpçaq Koblandı kiyatlarla ittifaqda olduğundan
heç kim tərəfindən məğlub
edilməyən bir batır idi. O, özündə nəinki tək
özünün, hətta kollektivin güc və
imkanlarını əks etdirir və bu mənada o tayfa-qəbilə
ittifaqının başçısı rolunu yerinə
yetirirdi. Batır çoxsaylı düşmənlərinə
qalib gəlir, doğma torpaqları bir-birinin ardınca azad
edir, öz tayfa-qəbiləsini həm işğaldan, həm
də bəladan qurtarırdı. Bununla belə,
Koblandı heç zaman dağıdılmış, əldən
salınmış qəbilələrin birləşdiricisi
rolunda çıxış etmirdi. Bunu həm
də poemada öz əksini tapmış lap uzaq
keçmiş hadisələrində görürük. Bu dövrdə köçəri qəbilələr
hələ də konsolidasiya olunmamış, qazaxlar bir xalq
kimi təşəkkül tapmamışdılar. Lakin bu dövrdəki hərbi qarşıdurmalarda
ayrı-ayrı uluslar xanlarla birlikdə torpaqların müdafiəsinə
qalxaraq ümumi məqsəd altında birləşmişdilər.
Poemanın məzmununda köçəri maldarların
patrialxal tayfa-qəbilə həyat tərzi əksini tapıb. Qərb-Türk
xaqanlığında (ilkin feodal dövləti XII əsrin
sonlarında Cənubi və Cənub-Şərqi Qazaxıstan ərazisində
yaranmış) əsrlər ərzində tayfa və tayfa
birliyi kimi ağsaqqallar institutu mövcud olub ki, sonralar bu tayfa
artıq qantayfa birliyində özünə yer almayıb.
Qəbilə və tayfaların başında bəylər
dururdular. Bəylər çoxsaylı
mal-qara sahibi idilər. Müharibələr
əksər hallarda nəinki xanın istəyi, həm də
köçəri mal-qara saxlayanların xətti ilə
gedirdi. Köçərilərin
başçıları ilbəil gah bir yerdə, gah digər
bir yerdə qışlamaq üçün dayanır və
dayandıqları düşərgələrdə
insanları, öz ailələrini təhlükədən
qoruyurdular. Qış düşərgələrinə
köçəri feodalların başçıları gəlirdilər.
Yayda feodallar artıq yaylağa gedir və
özlərinə sadiq köçərilərin yanında
olurdular. Oturaq həyat tərzi keçirən
əhali torpaqla məşğul olanlardan, onu əkib-becərənlərdən
və sənətkarlardan ibarət idi ki, onlar da bəyləri
və xanları ərzaq və digər məhsullarla təchiz
edirdilər. Belə yaşayış məntəqələri
– şəhərlər Semireçyedə (Cetisu-Yeddisy), Cənubi
Qazaxıs¬tanda VII-VIII əsrlərdən mövcud olub. Müdafiə məqsədi ilə tikilmiş
qalalarda oturaq həyat tərzi keçirən əhali arasında
köçərilər də var ki, onlar Orta Asiya şəhərləri
ilə ticarət və mədəni əlaqələr
qurmuşdular.
Əsərin başlıca mahiyyəti ondan ibarətdir
ki, o ayrı-ayrı süjetə malik nəğmələrdən
tərtib olunub. Bununla bağlı aşağıdakı
müşahidə daha maraqlıdır. Gələcək
poemanın əsas hissəsində batırın
yürüşə, döyüşə istiqamətlənən
öz yaxınları ilə vidalaşması mərasimi
(“koştasu”) öz əksini tapır. Burada onun evlənməsi
zamanı toy nəğmələri, (“joktau”)
ağlayış nəğmələrinin xüsusiyyətləri,
ölmüş batırın həyatı haqqında
ağı və s. əks olunur. Beləliklə,
buradan açıq aydın görünür ki, xalq
arasında hər hansı bir populyar insan haqqında məişət
nəğmələri mövcud olub ki, onlar “koştasu”dan ibarətdir.
Bu nəğmələr əsasən hər
hansı yürüşdən, döyüşdən sonra
yazılıb. “Joktau”isə məhv edilmiş
batır haqqında ağı-nəğmədir. Bu nəğmə kimliyi məlum olmayan akınlar tərəfindən
əsərin süjet xəttinə daxil edilərək,
poemanın ilkin variantını təşkil edib. Onlar da sonra öz növbəsində digər
akınlar tərəfindən daha da genişləndirilib.
Epik poemanın yaranmasının elə
versiyası var ki, burada ən mükəmməl halda əksər
poemalarda məişət nəğmələrinin
mövcudluğu özünü daha yaxşı
nümayiş etdirir. “Koblandı-batır”da biz
Koblandının öz ailə üzvləri ilə
vidalaşdığı səhnəsini görür, onun
döyüşə getmə səhnəsi ilə tanış oluruq. Daha sonra
“joktau” ilə rastlaşırıq ki, bu da onun ata və
anasının vəziyyətini, Alşaqırın onların
üzərinə hücuma keçdiyi anları göz
önündə canlandırır.
Koblandının batırlığını əks
etdirən qəhrəmanlıq poemasının çoxtərkibli
süjeti digər Orta Asiya xalqları eposu üçün də
xarakterikdir. Bu, şübhəsiz ki, o dövrdə jıraular tərəfindən
qoşulan zəfər nəğmələrinin süjetlərindən
yaranıb. Bu nəğmələr əsasən
batırların, igidlərin bu və ya digər
yürüşlərindəki mübarizələr,
müharibələr, onların qalibiyyəti, yaxud məğlubiyyəti
ilə bağlıdır. Bununla belə həmin bu əsərlərdə
yer almış şeirlərdə hadisələr, qəhrəmanların
adları, onların cəsurluğu – hər nə varsa –
“Koblandı batır” haqqında epopeyanın əsasını
təşkil etməsi ilə yanaşı, həm də
onların bir hissəsinin nağıllar, lətifələr və
əfsanələrdə əksini tapdığını da
söyləmək lazımdır.
Məsələn, batırlığa həsr olunmuş
“Aleukə batır” nağılında qəhrəman
düşmən kalmıklara qarşı vuruşur, eyni ilə
eposda olduğu kimi o, kalmık xanı Kobikti-batır tərəfindən
məğlub edilir (eposda Kobikti – kalmıkların xanı,
Koblandının düşməni kimi özünü
göstərir). Onun yerinə belə olduqda Aleukə
batırın oğlu Oraq mübarizəyə qatılır, və
o, Kobiktini məğlub edir. Oraq – batır
eposda Koblandının öz tayfadaşı kimi təqdim
olunur. Məsələn, “Talaspay-Mergen”
nağılında Koblandı və Qaraman epik qəhrəmanlar
kimi göstərilir. Nağılda
Qaramanın nəslinin məhvindən danışılır.
Onun köməkçisi kimi “Talaspay-Mergen”
çıxış edir. O da öz növbəsində
batır olur. Bununla belə o, özü
qaraqıpçaqları nə məğlub edə, nə də
onlardan qisas ala bilmir. Çünki son nəticədə
məlum olur ki, Koblandı onun dayısıdır. Koblandı ilə İr Gökşenin oğlu İr
Kosay vuruşur və onu öldürür. Talaspay qıpçaqların xanı olur. “Qazax eposu, onun poetikasının inkişaf
xüsusiyyətləri”ndə N.S.Smirnovanın qeyd etdiyi kimi bu
nağıl XIV-XVI əsrlərdə Qızıl Ordanın tənəzzül
dövrünü əks etdirir ki, həmin dövr də məhz
çoxsaylı mübarizələrlə, müharibələrlə
xarakterizə olunur. Beləliklə, bu xətt
epik qəhrəmanların tarixini əks etdirməklə
başa çatır. Digər bir
nağılda İr Göksə və onun oğlu İr Kosay
bəzən Qəmbərin nəvəsi İr Gökşənin
oğlu İr Kosay Koblandıya qarşı mübarizə
aparır. İr Kosay qalib gəlir.
Poemaya daha yaxın lətifə başqa bir əsərdə
“Ural vilayəti Bukeyev səhrasının və üst
Uralın qədimliyi” ilə bağlı lətifədə
göstərilir. Bu lətifədə hətta V.V.Karlson tərəfindən
Koblandının qəbri yeri də göstərilir. Bu, 1906-cı ildə “Orenburq arxiv komissiyasının
elmi əsərləri” məcmuəsinin XVI
buraxılışında da öz əksini tapıb. Burada göstərilir ki, Koblandı
stansiyasının yanında kiçik bir təpəcik var ki,
o kərpic qırıqları ilə örtülüb. Bu, əhali tərəfindən
dağıdılmış Koblandının qədim qəbirinin
qalıqlarıdır. Sonra lətifənin
özü verilir. Lətifədə bu
xarabalıqların nə ilə bağlı olduğu qeyd
olunur. Orada göstərilir ki, “Akşa xan
qırğız (qazax) düzənliyində hazırkı
Ural vilayətində olduqca varlı Toktar bəy
yaşayırmış. Onun özü
noğaylı qəbiləsindən olmaqla, arvadının
adı Analıq imiş. Uzun müddət
evli olsalar da, onların övladları yox imiş. Ahıl yaşlarında Allah onlara bir oğul payı
verib ki, onun da adını “Koblandı” qoymuşdular. 13 yaşına çatanda Koblandı “Qurtqa” adlı
bir qızla evlənir. Lap yeniyetməlikdən
o, gəzib dolaşmağa, veyil həyat tərzi sürməyə
istiqamətlənmiş bir gənc imiş. Koblandı dostları ilə Qazana gedir və Qazan
xanı ilə vuruşur. O, vətəni tərk etdiyi
vaxtda kalmıklar fürsətdən istifadə edərək,
bura hücum çəkib, Koblandının qohum-əqrabalarını,
ona rəğbəti olanları darmadağın edib
öldürür, ölkəsini viran qoyurlar. Qazandan
gələndən sonra Koblandı müharibə elan edib
kalmıkların üzərinə hücuma keçib qələbə
çalır. Onların ən
güclü batırı və başçıları olan
Kobikti batırı öldürür”. Epik
süjet, yaxud onun ayrı-ayrı elementləri müxtəlif
kiçik janr formalarında “Koblandı-batır”ın xalq qəhrəmanlıq
dastanı kimi şöhrət qazanması onun
populyarlığını sübut edir.
Nizami Tağısoy
filologiya üzrə elmlər doktoru
Xalq Cəbhəsi.- 2018.- 10 yanvar.-
S.14.