Türk əsilli
ruslar: admiral Kolçak
2-ci yazı
Kolçak Aleksandr Vasilyeviç (4.11.1874 - 7.2.1920). Admiral, rus əksinqilabının rəhbərlərindən biri, Rus-Yapon və I Dünya müharibəsi iştirakçısı. Sovet hakimiyyətinə qarşı vuruşmuş, 1918-ci ildən Sibir hökumətinə başçılıq etmişdir. 1920-ci ilin yanvarında həbs edilmiş, Sovet hökuməti tərəfindən güllələnmişdi.
Admiral Kolçak yaxşı təhsil almışdı. Gimnaziyada oxumuş, sonra Dənizçi Kadet Korpusuna köçürülmüşdü. Çox mütailə edirdi və ədəb-ərkanlı idi. Gənc yaşlarından yoldaşları arasında böyük nüfuza malik idi, dostları hər şeyi ondan soruşub öyrənirdilər. "Kolçak hər şeyi bilir", - deyə zərb-məsəl yaranmışdı. Atası xüsusi hərbi əsərlərin müəllifi idi; Peterburqda hərbi zavodun dəniz artilleriya silahları istehsalına rəhbərlik edirdi. Gənc Kolçak bütün boş vaxtlarını burada - Obuxov zavodunda keçirirdi. Ailədə hərb ənənələri hökm sürürdü. Özü sonra bolşevik istintaqında Fövqəladə Komissiyaya hərbi mühitdə böyüdüyünü, atasının və əmilərinin də hərbi dənizçi olduqlarını göstərirdi. Kolçak anası ilə möcüzə nəticəsində sağ qalıb mühacirətə gedən 9 yaşlı oğluna da son vəsiyyətvari məktubunda yazırdı ki, qoy o böyük şəxsiyyətlərin həyatını oxusun, bu, insanda güclü keyfiyyətlərin yaranmasına kömək edir.
Kolçak hələ
çox gənc ikən donanmada - uzaq Şərqdə
"Rürik" gəmisində işləməyə
başlayır. Bu yaşdan Şərq silahlarına aid materiallar və
maddi əşyalar toplamağa girişir. Müasirləri
gələcək admiralın hələ gənclik illərindən
ingilis, fransız, alman dillərində sərbəst
danışmasından, bütün Avropa dəniz
döyüşlərinin tarixini yaxşı bilməsindən
və eyni zamanda, gözəl hafizəsindən heyrətə
gəlirdilər.
Hələ gəncliyində əzab-əziyyətlə
təkbətək qalmalı olmuşdu: Rus şimal
ekspedisiyasında Arktika tədqiqatçısı geoloq Tolla
birlikdə iştirak edir; E.V.Tollun qrupu itkin düşəndə
qırx gün ölümlə üz-üzə dayanaraq onun
axtarışını dayandırmır. Geri
döndükdə Kolçakın Rusiya Elmlər
Akademiyasının Xəbərlərində hesabatları dərc
olunur. 1903-cü ildə ekspedisiyanın nəticələrinə
görə, müqəddəs Vladimir ordeni ilə təltif
olunur və Karsk dənizindəki bir adaya qəhrəman
leytenant Kolçakın adı verilir. Qeyd
edək ki, 30-cu illərin sonunda sovet elmi idarələri onun
adını ekspedisiyasının həlak olan digər
üzvü matros Rastorquyevin adı ilə əvəz edir.
Gənc Kolçak uzaq Şimala ilk məhəbbətin
hərarətini aparmışdı: sevdiyi qız Sofiyanın
adını elə orada kəşf etdiyi bir adaya vermişdilər.
Onun qoyduğu ad indi də yaşayır. 1904-cü ildə həmin qızla evlənirsə də
qar və buzlar hopmuş bu ailə həyatına ürəkdən
bağlana bilmir; tale ona böyük məhəbbət ərməğanı
hazırlamaqda idi.
Rus-Yapon müharibəsi onu
Yakutskda yaxalayır, müharibədə iştirak edir. Port-Arturda əsir
düşür. Əsirlikdən dönərkən,
şücaətinə görə üstü yazılı
qızıl qılınc və müqəddəs Anna ordeni ilə
təltif olunur. Baş Ştabda işə
başlayır. Yeni tipli hərb gəmilərinin
hazırlanması ilə bağlı dəniz desantı və
sualtı gəmilərə aid aktual mövzularda məruzələr
edir. Baltik dənizində və Qara dənizdə
minalar düzdürür. Kolçak
1916-cı ildə admiral rütbəsi alır. Milyonlarla insanın taleyini bir anda alt-üst edən
inqilab başlayır. Fırtına
dalğaları onu cəbhədən cəbhəyə
atır. Sibirin hərbi diktatoru hakimi seçilir (18 noyabr
1918-ci il).
Admiral özünə
yaxın olan intim dairələrdə idarəçilik
işinin ona yad olduğunu etiraf edirdi. Lakin vətənini
azad görmək arzusu ona ruh verirdi. Çox
inandığı generalları Zineviçin və Qaydanın
öz korpusları ilə qırmızılar tərəfinə
keçməsi onu ruhdan saldı. O bildi ki,
qırmızılara qələbə bəxş edən o
mükəmməl silah - yalan təbliğat, təşviqat
silahı onda yoxdur. Qırmızı Ordunun cəbhə
boyu irəliləməsini görüb Omsk şəhərini
tərk edir.
Yolda onu ələ keçirən
çexlər (Çexoslovak korpusu - I Dünya müharibəsində
ruslara əsir düşən çexlərdən təşkil
olunmuşdu) bu xilaskar admiralı bir böyük kisə
qızıla bolşeviklərə satır. Bolşeviklər
Sibirin Qızıl mədənlərindən tonlarla qızıl
ələ keçirmişdilər, bu elə də
böyük "qiymət" deyildi. İrkutskda həbsxanaya
salınan admiralı İnqilab Komitəsinin sədri
İ.Smirnov Leninin göstərişi ilə səssiz-səmirsiz
güllələdir: fevralın 7-də səhər saat 4-də
onu və baş nazir Pepelyayevi Uşakovka çayı sahilində
(əsil adı: Uşaq çayı) güllələyib, buz
deşiyindən çaya atırlar (33, s.280). O isə kamerada
ittihamı dinləyib ardınca belə vaxtsız gələnlərə:
"Deməli, məhkəmə olmadı?!" - deyə sormuşdu. Və həmin anda son
arzusunu bildirmişdi: Timirova ilə son görüş. Son arzu da dərhal rədd edildi. Qəlbində
korun-korun şölələnən daha bir sevgisi var idi: o bu həbsxana
divarları arasında oğlunun da
nigarançılığını çəkmişdi. Bu həsrət onu bu divarlardan daha artıq
sıxırdı. Mühacir rus
yazıçısı İvan Bunin gündəliyində Kolçakın
həlakının ildönümü münasibətilə
kilsədə keçirilən mərasimdə olduğunu və
bütün vaxtı ağladığını qeyd edir.
Yenə gündəliyində artıq 1924-cü il avqustun 4-nə aid qeyddə
yazıçı Kolçakın xanımını və
oğlunu gördüyü barədə yazırdı:
"Kolçakın oğlu məndə güclü təəssürat
yaratdı. Onun necə tünd və qorxunc
gözləri vardı".
Timirova sağ qalıb ölümdən
addaya bilsə də az qala bütün
ömrü boyu çəkən həbsxana həyatı
yaşadı və xatirələri hansı yollasa kənara
çıxdı, 80-ci illərdə çap olundu. Yeganə
oğlundan,hələ uşaqkən öz
anasına əmanət etdiyi oğlundan bir xəbər bilmədi.
Kiçicik bir ümidlə - oğlunun anası
ilə bəlkə qaçmağa imkan tapdığına
özünü inandırmaqla dözüb dayanırdı.
Düşərgələrin birində -
Karakandada - 40-cı illərin lap sonunda bir dustaq onun oğlu ilə
vaxtilə bir düşərgədə olduğunu
çatdıraraq, Timirovanın oğlunun orada döyülərək
öldürülüb ümumi həbsxana çalasına elə
ayağı "birkalı" atıldığını xəbər
verir. Beləliklə, bu bədbəxt
qadının zədəli ürəyində 30 ilə qədər
hifz etdiyi son ümidi də puça çıxır.
Ömrü boyu daşıdığı
həsrət və nisgili yalnız admiralın ona ad
günündə - o bəxtiyar günlərdə Finlandiya
sahillərindən teleqrafla göndərdiyi bəyaz inci
çiçəkləri və onların ətri hopmuş
qısa vüsalların sevincli xatirəsi qovub dağıda
bilirdi. O
gözəl xatirələri nə bir kimsə ilə
bölüşə bilir, nə də o günlərin
xoşbəxtliyinə kimi isə şahid çəkə
bilirdi. Azadlığa çıxanda rus
mühacir yazıçısı Mark Aldanovun onun admiralla olan
məktublarını çap etdirdiyini eşidib, özü də
həmin məktubları görmək istəyir. Gör
aradan nə qədər vaxt keçib... İndi
63 yaşı var. Həbsxana qapılarından ilk dəfə
içəri qədəm qoyanda 22 yaşın içindəydi.
Məktublar gəlib çıxır, Allah
bilir, çətin sovet sərhədlərindən
yazıçı onu necə keçə bilib. Məktubları görən kimi o illəri - gəncliyini,
sevgiyə, eşqə qərq olduğu çağları
yada salır. Yandıqca yanır. Ona
yanır ki, admiralı tanıyanlardan heç kim
sağ deyil, sağ qalib yaşayanlar isə onu tanımayan,
yalançı karikaturasına inanlar idi.
Kolçakın
yazdığı gündəliyi (iki dəftərlik)
ölümündən sonra çexlər mənimsəmiş,
özləri ilə vətənə aparmışdılar. Hətta
xanımı Sofiya Kolçak bunu onlardan hüquqi yolla da ala
bilməmişdi. Nəhayət, 1945-ci ildə
məğlub olmuş Çexoslovakiyadan SSRİ-yə hərbi
qənimətlər sırasında gətirilmişdi. Gündəlik maraqlı bir üslubda - Timirovaya
ünvanlanmış məktublar şəklində
yazılmışdı.
Moskvada məktubları oxuyan
çekistlər Timirovanı təkrar həbs edirlər və
onun admiral Kolçakdan ötrü necə bir əziz insan
olduğunu anlayıb bədbəxt qadını qapalı həbsxanaya
keçirirlər. Kolçakın ölümündən 25
ildən artıq keçirdi, lakin hələ də o sovet
hökumətində qorxu və xof yaratmaqda idi.
İbrət olsun deyə qeyd edə
bilərik ki, admiralın ölümünün və ordunun məhvinin
iştirakçıları olan İrkutsk Fövqəladə
Komissiyası və İnqilab Komitəsi rəhbərlərinin
heç biri 37-ci ilin "sallaqxana"sından can qurtara bilməyiblər
- ailələri ilə birlikdə vətən xaini kimi
güllələniblər.
Çexlərin də xəyanətinin
cəzasını övladları çəkdi. Bir neçə
onilliklər sonra çex gənclərini sovet
tanklarının altında qoyanda və bu gənclər
nümayişkaranə surətdə özlərini meydanda
yandıranda öz sadəlövh ata-babalarının
bolşeviklərə tarixi xidmətlərini - iblisvari
satqınlığını təəssüflə yada
salmamışdılarmı?
...Türk adı Kolçak rus dilində
soyadı, tarixi hərbi termin, qolçaq, "bazubənd"
mənalarını bildirir (3, s.17, 92). Həm də
Kolçak rus dilində göbələk növlərindən
birinin adıdır. Görünür,
"düşmən-düşmən" deyilsə də nə
dildən düşməyəcək, nə könüldən
silinməyəcək bir tarixçədir bu.
Mənbə
Minaxanım Təkləli Türk Əsilli Ruslar kitabı