İranda fars və Azərbaycan dilləri əsas
dövlət dili olmalıdır
1-ci yazı
1997-ci ildə İranda yeddinci
prezident seçkiləri zamanı mühafizəkarlarla
islahatçılar arasında namizədlərin seçilməsi
ilə bağlı toqquşmalar baş verdi.
Ölkədə islahatçı və müəyyən
dərəcədə rejimdən “narazı” (Mədəniyyət
və İslami irşad naziri postundan istefa verməyə məcbur
edilmişdi) imicinə malik olan höccətülislam Seyid Məhəmməd
Xatəmi prezident seçildi. S.M.Xatəminin
prezident seçilməsi İranda demokratiyanın mühüm
qələbəsi hesab olunurdu. Xatəmi öz seçki
platformasında bir sıra demokratik, sosial və s. dəyişikliklərlə
yanaşı milli azlıqların millətlərin İran
konstitusiyasının 15-ci maddəsində nəzərdə
tutulmuş hüququnun təmin ediləcəyi barədə vədlər
verməklə azərbaycanlıların da rəğbətini
qazanmışdı. Seçicilərin
böyük qismini təşkil edən azərbaycanlıların
orta hesabla 70 faizi öz səsini məhz Xatəmiyə
vermişdi.
Xatəminin hakimiyyətə
gəlməsi ilə bütün ölkədə
“islahatçılar” adlanan bir hərəkat başladı. “İslahatçılar”
sivil cəmiyyət, qanun, azadlıq, müstəqillik
anlayışlarını islami bir çərçivədə
şərh etməyə çalışırdılar.
Bu siyasətə görə, İranda milli və etnik mənsubiyyət
məsələsinə fərqli yanaşma var idi: milli mənsubiyyət
fars dili çərçivəsində,
etnik mənsubiyyət isə mədəni sahədə
qalmalı, siyasi meydana girməməlidir. Xatəmiyə
görə İran etnik, dil və din fərqliliklərindən
ibarət bir ölkədir. İranlılıq
bütün bu fərqlərin üstündə olan bir
faktdır. İranlılıq sünni, şiə, fars, türk ünsürlərini öz içərisində
saxlamaqdadır. Başqa cür deyilsə,
“İran bütün İranlılarındır”. Xatəmi siyasi islahatlarını “vətəndaş
cəmiyyəti” çərçivəsində həyata
keçirməli idi. Həmin layihəyə
görə, cəmiyyət fərdlərinin fərdi və
ictimai haqları rəsmən tanınırdı və
onların etnik mənsubiyyətinə toxunmadan, bütün
sahələrdə (iqtisadi, siyasi, mədəni və s.) fəaliyyətlərinə
imkan yaradılmalı idi. Bu layihə təcrübədə
həyata keçmədi. 1997-ci ildə Xatəminin
başçılıq etdiyi “islahatçılar”ın
yürütdüyü daxili siyasət ab-havanı nisbətən
mülayimləşdirmiş və siyasi mühitdəki
canlanma Cənubi Azərbaycan milli qüvvələrinin siyasi fəaliyyətlərini
gücləndirməsi üçün şərait
yaratmışdı. “İslahatçılar”ın
hakimiyyətə gəlməsindən 2005-ci ilə qədərki
dövrü cənubi azərbaycanlıların
apardığı mübarizənin IV mərhələsi hesab
etmək olar. Mövcud şərait siyasi
qüvvələrin fəaliyyətinin istiqaməti və məzmununa
mühüm təsir göstərdi. Bu mərhələnin
əvvəllərindən başlayaraq milli qüvvələrin
cəmləşdiyi siyasi qurumlar tədricən leqal fəaliyyətə
keçdilər. Aparılan mübarizədə
türkçülük məfkurəsi əsas ideoloji xətti
təşkil edirdi. Adında Azərbaycan-türk
kəlmələri olan təşkilatların sayı
artmağa başlamışdı. Güney Azərbaycan
Türk Dirçəliş Təşkilatı, Gənc
Türklər Təşkilatı, Bizim Yol Güney Azərbaycan
Milli Azadlıq Təşkilatı, Milli Hərəkat
Quruluşu (MOHEQ), Milli İslami Hərəkat (MİH) və
s. bu qəbildən olan qurumlar idi. Həmin təşkilatlar
ana dilinə dövlət statusu verilməsi, federasiya və
istiqlal uğrunda mübarizə aparırdılar.
1998-ci ildə Azərbaycan
Respublikasında Dünya Azərbaycanlılarının
Haqlarını Müdafiə Komitəsi qurulub. Öz fəaliyyətini
insan haqlarının müdafiəsi prinsipləri üzərində
quran bu təşkilatın qurucusu və rəhbəri
hazırda Norveçdə yaşayan Böyük Rəsuloğludur
və Cənubi Azərbaycan məsələsinin beynəlxalq
bir məsələ kimi qəbul edilməsi yönündə
fəaliyyət göstərir.
1998-ci ildə Azərbaycan türklərinin
köklü milli maraqları uğrunda irimiqyaslı
ictimai-siyasi fəaliyyətin mərkəzləşdirilməsi
istiqamətində növbəti cəhd edildi. Güney Azərbaycan
Türk Dirçəliş Təşkilatı, Bizim Yol
Güney Azərbaycan Milli Azadlıq Təşkilatı, Vahid
Müstəqil Azərbaycan Cəbhəsi, Azərbaycan
Qurtuluş Təşkilatı, Güney Azərbaycan Gənc
Türklər Təşkilatı, Güney Azərbaycan
Demokratik Cəbhəsi 1998-ci il aprel ayının 28-də birləşmələri
haqda belə bir bildiriş
yaymışdı: “Xalqımızın
varlığını, torpaq
bütünlüyümüzü, dil və mədəniyyətimizi
sual altında qoyanlarla amansız mübarizəyə qərar
verildi. Bu təşkilatlar “Güney Azərbaycan
Türk Azadlıq və İstiqlal Şurası” (Milli Şura
da deyilirdi - Y.H.) adı altında fəaliyyət göstərəcəklər.
Milli Şura Cənubi Azərbaycanın
istiqlalı uğrunda mübarizə aparmaqla bərabər, vətənin
vahidliyinə olan sarsılmaz inanc çərçivəsində
Qüzey Azərbaycanın müstəqilliyinin qoruyucusu
olduğunu bildirir”.
Təşkilat 1999-cu ilin 31
dekabrında Dünya Azərbaycanlılarının Həmrəyliyi
günü münasibətilə müraciət qəbul
etmişdi. Müraciətdə
deyilirdi: “Vətənimizin Güney hissəsində yaşayan
30 milyona yaxın qarabəxt insan nəinki öz adi insan
haqqına qovuşmayıb, fars şovinizminin açıq və
gizli təhqirlərinə məruz qalaraq öz milli
varlığını itirməkdə və assimilyasiya
olunmaqdadır. 40 milyonluq güclü Azərbaycan
dövlətinin yaranmasına doğru addımlamalıyıq.
Güney Azərbaycanda millətimizin faciəsini
bütün dünyaya çatdırmaq, hədəfə yetmək
üçün azərbaycanlılara tövsiyə edilir ki,
quzeylisi-güneylisi, iqtidarlı-müxalifətli,
kasıb-varlısı, bütün təbəqələri əl-ələ
versinlər. Bütün
çıxışlarında milli
bütünlüyümüzü, milli
varlığımızı təbliğ etsinlər və
azadlığımızın milli birliklə, türklük
yolu ilə demokratiya körpüsündən keçəcəyini
xalqımıza çatdırsınlar”.
Milli Şuranın
yaranmasına minimal effekt baxımından yanaşsaq belə,
faydalı sayılmalıdır. Bu, təşkilatların
fəaliyyətinin daha geniş tutumlu ictimai-siyasi fəallıq
müstəvisinə keçdiyini göstərməklə
yanaşı, fərqli baxışların
daşıyıcılarının bir mərkəzdə birləşməsi
və hamısı üçün eyni dərəcədə
aktual olan ana dili məsələsində mövqelərinin dəqiqləşməsi
sahəsində növbəti addım kimi müsbət qiymətləndirilməlidir.
Türklük şüuruna söykənən,
sıralarında siyasi cəhətdən fəal qüvvələri
birləşdirən təşkilatlar əvvəlki illərdə
olduğu kimi təkmil mexanizmin olmaması, təcrübəsizlik
və s. səbəblərdən milli hərəkatda elə
bir mühüm və ciddi hadisəyə çevrilə bilmədilər.
Milli məsələnin həllinə müxtəlif
yanaşma və baxışları olan siyasi təşkilatların
problemin həlli ilə bağlı ideyalarını belə
qruplaşdırmaq olar:
- Bir qrup belə hesab edirdi ki,
İranı tarix boyu türklər idarə ediblər, bu ənənə
davam etdirilməlidir. Sadəcə olaraq İranda Azərbaycan
türkcəsinin fars dili qədər
dövlət dəstəyi və imkanları qazanması
uğrunda mübarizə aparmaq lazımdır. Yəni
İran iki milli dilli – farsdilli və azərbaycandilli ölkə
olmalıdır. Onlar Azərbaycan türkcəsinin
statusunun yüksəldilməsi, dövlət dili elan edilməsi
uğrunda çıxış edirdilər.
- Digər qrup İranın inzibati-ərazi
quruluşunun federativ əsasda yenidən təşkil edilməsinin
tərəfdarı idi.
- Birbaşa istiqlal uğrunda
mübarizəni vacib sayan təşkilatlar da çox idi.
Məsələnin həllinin
perspektivi barədə xarici müəlliflərin də
mövqeyi maraqlıdır. Bayron Qud və Meri Qud
kimi müəlliflərin fikrincə, azərbaycanlılar
İranda hökumətin daha demokratik formaları uğrunda
mübarizənin önündə getməkdə davam edəcəklər.
Azərilər (ifadə müəlliflərindir)
İrandan ayrılmaqdansa, mərkəzi hökumətdə mərkəzi
rol oynamaq təşəbbüslərini davam etdirəcəklər”.
Cənubi azərbaycanlı fəallar arasında
İranın ərazi bütövlüyünün
saxlanılması ilə rejim dəyişikliyini istəyənlərin
sayı kifayət qədərdir.
90-cı illərin sonundan
milli qüvvələrin mübarizəsi kütləvi xarakter
almağa başlamış və mütəşəkkil
forma kəsb etmişdi. Milli hərəkatın yeni kütləvi
formalarından biri “Babək qalası”na
yürüşlərin təşkili idi. 1999-cu ildən
başlayaraq hər il iyulun 4-ü və
5-də yüz minlərlə insan Bəzz qalasına
toplaşır, bildirişlər yayırdılar. Bu
bildirişlərdə dil məsələsi xüsusilə
diqqəti cəlb edirdi: “Milli hoviyyətin, mədəniyyətin
yox olmasını harada görürsünüz? Gəlin 15-19-cu maddələri öz ailəmizdən
başlayaq. Gəlin birlik və məhəbbət
əlini bir-birimizə uzadaq, gəlin azərbaycanlı olaq”.
Ən möhtəşəm yürüş
2002-ci ildə baş tutmuşdu. Həmin il
tarixdə ikinci dəfə əzəmətli yürüş
keçirilmişdi. Bir milyona yaxın insanın
iştirak etdiyi bu yürüşdə milli-mədəni
haqlarla bağlı şüarlar səslənmiş, Azərbaycan
dilində şeirlər və musiqi oxunmuşdu. Cənubi Azərbaycanın milli bayrağı
2003-cü ildə Babək qalasına yürüş
zamanı on minlərlə azərbaycanlı tərəfindən
milli hərəkatın simvolu kimi qəbul edilmişdi.
Həmin illərdə milli
haqların İran sərhədləri çərçivəsində
təmin olunması tələbi daha çox səslənirdi. Əvvəllər
radikal çıxışlara söykənən hərəkatda
mülayim meyillər güclənmiş, müstəqillik,
bütövləşmə tələbləri
azalmışdı. Onların tələbləri
ən uzağı Cənubi Azərbaycana müstəqillik
verilməsinə qədər gedib çıxırdı.
Bu dövrdə bütöv Azərbaycan məsələsinin
bəzi qurumlar istisna olmaqla, Cənubi Azərbaycan təşkilatlarından
ötrü prioritet olduğunu iddia etmək çətindir.
Əsasən, Azərbaycan-türk kimliyinin qorunması,
Konstitusiya çərçivəsində hərəkət
etmək, ana dilində mətbuat, radio, televiziya və məktəblərin
açılması, ədalətli davranma və s. tələblər
qoyulurdu. Mübarizə milli dil-türk dili, milli
kimlik-türk kimliyi uğrunda etiraz dalğasına
çevrilmişdi. Bu dövrdə cənubi
azərbaycanlıların fərqli platformalara və taktikaya
malik təşkilatlarını birləşdirən ümumi əsas
cəhət milli kimlik uğrunda mübarizələri idi.
Kollektiv özünü tanıtma
formalarından biri, məhz müstəsna
türkçülüklə eyniləşdirilən sosiomədəni
özünüidentifikasiya milli haqlar uğrunda mübarizənin
əsasını təşkil edirdi. Özünüidentifikasiya
prosesində prioritet kimi müəyyən edilmiş türk
bazis komponenti milli ideyanın yeganə forması kimi təklif
edilməkdə idi və istər daxili, istərsə də
xarici siyasi fəaliyyətdə bütün sonrakı
addımlar yalnız bu amildən irəli gəlirdi. Hərəkatın xarakterindəki bu ümumiləşdirici
cəhət Avropa müəlliflərinin də diqqətini
çəkmişdi. Avropa müəlliflərindən
bəziləri belə hesab edir ki, İran türk millətçiliyindən
ehtiyat edir. Tehran türkçülük hərəkatını
hamı üçün ən böyük təhlükə
hesab edir.
Yeganə Hacıyeva
Xalq cəbhəsi.-
2018.- 16 yanvar.- S.14.