İranda fars və Azərbaycan dilləri əsas
dövlət dili olmalıdır
Biz deyirik: “Ana dilimizdə
təhsil almaq istəyirik"
2-ci yazı
Türk bazisli özünüdərk prosesinin təhlükəsindən
narahat olan Xatəmi hökuməti repressiya dalğasını
gücləndirdi. Siyasətçilər və mütərəqqi
ziyalılar həbs olunur, bəzi hallarda isə qətlə
yetirilirdilər. 1999-cu il yerli
şuralara seçkilər keçirilən zaman cənubi azərbaycanlılara
müxtəlif vədlər verərək onlardan səs alan
“islahatçı” hökumətin əsl mahiyyətinin əvvəlkilərdən
fərqlənmədiyi ortaya çıxdı. Bu
iqtidar da cənubi azərbaycanlıların - türklərin
milli haqlarının reallaşması, o cümlədən ana
dili ilə bağlı tələblərinin həyata
keçirilməsi üçün heç bir tədbir
görmədi.
2000-ci ilin əvvəlində İranın beynəlxalq
münasibətləri, xüsusilə ABŞ-la münasibətlərinin
pisləşməsi Cənubi Azərbaycanında da
ictimai-siyasi vəziyyətə mənfi təsir göstərir,
gərginləşdirirdi. Mahmudəli
Çöhrəqanlının Vaşinqtonda qəbul
olunmasından sonra isə Azərbaycan təşkilatlarının
ABŞ-dan açıq və ya gizli dəstək ala biləcəyinə
dair şübhələr səslənməyə
başlamışdı. Sözsüz ki, həmin
illərdə Cənubi Azərbaycandakı milli hərəkat
ABŞ-ın maraqlarına cavab verirdi. Çünki
İran dövlətinin zəiflədilməsinə yönəldilmiş
istənilən hərəkat ABŞ tərəfindən
alqışlanırdı. Qeyd olunan ölkənin cənubi
azərbaycanlıların mübarizəsinə dəstək
vermək cəhdi müşahidə olunsa belə, bu
superdövlətin milli hərəkata tam dəstək verməməsi
özünün maraqları və geostrateji amillərlə
yanaşı, İrandakı Azərbaycan türklərinin
mütəşəkkil, hərəkatın lokomotivi rolunu
oynaya biləcək güclü bir təşkilat yarada bilməməsi
və bütün qüvvələri ətrafında birləşdirən
xarizmatik liderin olmamasına bağlı idi.
Dünyada gedən qlobal dəyişikliyin ən
mühüm nəticələrindən biri demokratikləşmə
prosesinin İranda da həyata keçirilməsi məsələsi
bu dövrdə böyük dövlətlərin İrana təzyiq
vasitələrindən birinə çevrildi. Digər tərəfdən
İranda antidemokratik vəziyyətin güclənməsi milli
qüvvələrin mövqelərinin,
baxışlarının dəyişməsində növbəti
bir mərhələ oldu. Milli hərəkatda
əsas məqsədlərə gedən yolun demokratiyadan
keçdiyini hesab edən bir qrup yaranmışdı. Demokratiya milli haqların əldə edilməsi
üçün ən önəmli bir vasitə hesab edilirdi.
Güman edirdilər ki, demokratik təsisatlar bərqərar
olarsa, milli haqları da əldə etmək asanlaşar. Məsələn, milli hərəkatın
fəallarından olan, Dünya Azərbaycanlılarının
Haqlarının Müdafiə təşkilatının
(DünAzHaq) rəhbəri Böyük Rəsuloğlu bildirirdi:
“Nəhayət, ətrafımızda gedən oyunlara
düşməmək üçün öz demokrasi
şüarımızı xalqımızın nəzərinə
çatdırmalıyıq. Millətimiz bilməlidir ki, biz
deyirik: “Ana dilimizdə təhsil almaq istəyirik”. Demokratiya da onu deyir. Biz deyirik: “Ana dilimizdə
azad mətbuat və radio-televiziyamız olmalıdır”. Demokratiya da onu deyir. Biz deyirik:
“İqtisadiyyatımız inkişaf etməlidir”. Demokratiya da onu deyir. Biz deyirik: “Millətimiz azad
olmalıdır”. Demokratiya da onu deyir”.
Milli demokratik düşərgədə təmsil olunan,
yalnız demokratik dəyərləri əsas götürən
milli qüvvələrin fəaliyyəti rasional-realist fəallıq
müstəvisi üzərinə keçdi. Onların fəaliyyətində
milli-demokratik tələblərin önə
çıxması milli-siyasi məsələni ikinci plana
keçirdi. Milli identiklik məsələsi
əsasən demokratiya uğrunda mübarizənin tərkib
hissəsi kimi təqdim olunmağa başlandı.
DünAzHaq 2001-ci ilin yanvarında “Amnesty İnternational” beynəlxalq
təşkilatının Orta Şərq üzrə nümayəndəsi
D.Dik və təşkilatın rəhbəri A.Harrisona göndərdiyi
müraciətdə İranda hakimiyyət qanadları
arasında qarşıdurma nəticəsində antidemokratik
meyillərin həddindən artıq güclənməsinə
toxunaraq “...Hüquqlarımızın bərpası
üçün qanuni mübarizə apardıqlarına
görə həbsxanaya salınanların qaranlıq gələcəyinə
az da olsa işıq tutmağınızı xahiş edir,
siyasi məhbus kimi onlara kömək etməyinizi diləyirik”.
DünAzHaq və BAB-ın mart, may
aylarında İranın dini lideri Xamneyiyə bu dövrdə
həddini aşmış repressiya dalğasının
dayandırılması, milli hüquqlar uğrunda mübarizə
aparan milli fəallar haqqında düzgün qərar
çıxarılması barədə müraciətlərdən
sonra onlara qarşı ittihamlara, əks-təbliğat
aparılmağa başlanmışdı.
İranın beynəlxalq münasibətlər sistemindəki
mövqeyi ilə yanaşı, eyni zamanda ölkə daxilindəki
milli-siyasi proseslərin dərinləşməsi 2001-ci ilin əvvəllərində
İranda hakimiyyət qanadları arasında baş verən
qarşıdurmanı gərginləşdirən səbəblərdən
sayıla bilər. İranda olan Qərb müxbirlərdən
birinin yazdığı kimi “Xatəmi şeytan
üçbucağına işarə etdiyi
danışığı ilə İranı uzun bir böhran
bataqlığına salan və özünə müxalif
olanların çörəyinə yağ sürtən və
milli islahat ümidlərini yarımçıq qoyan Buşu
günahlandırır”. Doğrudan da mühafizəkarların
bir neçə seçimdə qələbəsi,
islahatçıların məğlubiyyəti də bunu
sübut etdi (2003-cü il bələdiyyə,
2004-cü il məclis və nəhayət, 2005-ci il prezident
seçkiləri). 2005-ci ildə hakimiyyətə
mühafizəkar qüvvələrin gəlişinin səbəblərindən
biri də irançı qüvvələrdə milli birliklə
bağlı yaranan qorxu hissi idi.
Hakimiyyət qanadları arasında
qarşıdurmanın dərinləşməsi ölkədəki
antidemokratik vəziyyəti daha da möhkəmləndirirdi. Lakin bu antidemokratik vəziyyət
hərəkatın inkişafına mane ola
bilmədi, əksinə, yeni təşkilatlar yarandı. 2000-ci ildə yaradılmış Günəş
Partiyasının əsas məqsədi cənubi azərbaycanlıların
mədəni-siyasi hüquqları (“Azərbaycanın qanuni
hüququnun bərpası, dilinin, tarixinin və mədəniyyətinin
özünə qaytarılması”) uğrunda mübarizə
aparmaq idi. Partiya 2002-ci ildə öz
varlığını elan etmiş və qeydiyyatdan keçmək
üçün sənədlərini İranın Daxili
İşlər Nazirliyinə təqdim etsə də “Günəş”çilərin
istəkləri təmin olunmadı.
2001-ci ildə yaradılmış “21 Azər” təşkilatının
son məqsədi Azərbaycan Milli Hökumətini bərpa etmək
idi. Bunun üçün qarşıya qısamüddətli
(taktiki) və uzunmüddətli (strateji) məqsəd
qoymuşdu. Təşkilatın proqramında uzunmüddətli
məqsəd belə ifadə edilir: “İranda bəlli ərazidə
yaşayan və çoxluq təşkil edən millətin
milli dövləti, bəlli ərazidə yaşasa da,
azlıqda olan millətlərə milli muxtariyyət və
iç-içə yaşayan millətlərə mədəni
muxtariyyət haqqı rəsmən tanınmalıdır”. Taktiki məqsəddə isə ana dilində təhsilin
təmin edilməsi əsas vəzifə kimi müəyyən
edilir.
Bu dövrdə GAMOH da fəaliyyətini genişləndirirdi. GAMOH-un 2002-ci
ildən başlayaraq xarici nümayəndəlikləri və
təmsilçilikləri açılırdı. Təşkilatın
Azərbaycan Respublikasında, Türkiyədə, Avropa ölkələrində
və ABŞ-da 24 bürosu fəaliyyət göstərirdi. GAMOH BMT-nin müxtəlif komissiyalarının, Avropa
Birliyinin, Avropa Parlamentinin, eləcə də demokratik dövlətlərin
rəsmən tanıdığı demokratik təşkilat
idi. 2002-ci ildə İranda siyasi məhbus
olan azərbaycanlılarla bağlı məlumatları
dünyaya, beynəlxalq təşkilatların nəzərinə
çatdırmaq məqsədilə cənubi azərbaycanlı
milli fəallar Azərbaycan Siyasi Məhbuslarını
Müdafiə Komitəsi (ASMEK) yaratdılar. Əsas məqsədləri cəmiyyəti, beynəlxalq
ictimaiyyəti insan hüquqları məsələləri ilə
məlumatlandırmaq, bu yöndə mədəni və ictimai
işlərin görülməsi, cənubi azərbaycanlı
siyasi məhbuslara müxtəlif istiqamətlərdə
kömək göstərilməsi idi. 2004-cü
ildə təşkilatın fəaliyyətinə qadağa
qoyulsa da, gizli şəkildə öz işini davam etdirib.
2004-cü ilin aprelində ermənilərin
Türkiyə əleyhinə nümayişləri zamanı
etiraz bildirdikləri üçün üzvlərinin
çoxu həbs olunmuş və fəaliyyətinə
qadağa qoyulmuşdu.
2003-cü ildə yaradılmış Azərbaycan Milli Cəbhəsi
Azərbaycanın tarixi torpaqlarında milli quruluşun bərpa
edilməsini əsas məqsəd kimi qarşıya
qoymuşdu. Təşkilatın 21 mart 2003-cü ildə 12 maddədən
ibarət müraciətnaməsində onun proqramı əks
olunub. Qeyd olunan tarixdə
yayınlanmış Fərmanın B bəndinin 6-cı
paraqrafında Azərbaycan türk dilinin milli və rəsmi
dil olması tələbi irəli sürülürdü.
2004-cü ildə isə Güney Azərbaycan
İstiqlal Partiyası təsis edilmişdi. Partiyanın nizamnaməsində (05.12.2004) Cənubi
Azərbaycanın tam müstəqil olması, Demokratik Respublika
yaradılması uğrunda mübarizə
aparıldığı bildirilir. Partiya
müstəqil Cənubi Azərbaycan Respublikasından kənarda
qalan azərbaycanlıların taleyini də nəzərdən
qaçırmır. Tehran və ətrafının
ikidilli (fars, türk) respublika elan
olunmasına, qaşqaylar üçün muxtar dövlət
yaradılmasına çalışacağını bəyan
edir.
2004-cü il aprelin 11-də “Ərdəbil ostanına Azərbaycan əbədi adının qaytarış komitəsi” adlı bir komitə öz varlığını bəyan etdi. Komitənin əsas məqsədi Azərbaycan adının azərbaycanlıların yaşadığı ostanlara qaytarılması uğrunda mübarizə aparmaqdır. 2004-cü ildə Cənubi Azərbaycanın qərb bölgəsinin kürdləşməsi əleyhinə mərkəzi Urmiyada yerləşən Batı Azərbaycan Milli Müdafiə Komitəsi (BAMMK) yaradılmışdı. Komitə hədəfləri belə qeyd olunurdu: terrorizmə qarşı olmaq; Azərbaycanın qərb bölgəsinin kürd və beynəlxalq terroristlərdən təmizlənməsi; terroristlərin əsl simalarını sənədlərlə sübut etmək və xalqı onlara qarşı duyuq salmaq; xalqı məlumatlandırmaqla milli müqavimət hərəkatı yaratmaq; kürdlərin şüurlu surətdə köçürülməsi siyasətini xalqa açıqlamaq; Azərbaycanın qərb bölgəsinin etno-demoqrafik şəklinin dəyişdirilməsinin əsas istiqamətlərini müəyyən etmək; bu bölgənin Azərbaycanın qədim yurdu olması ilə bağlı tarixi, etnoqrafik sənədlərin beynəlxalq aləmə çatdırılması.
2004-cü ildə yaradılmış Azərbaycan Federal-Demokratik Hərəkatı (əsası İsveçdə yaşayan Əlirza Ərdəbili və Məhəmməd Azadgər tərəfindən qoyulub) öz qarşısına İranda federativ və demokratik bir cümhuriyyət və İran türklərinin Federativ Cümhuriyyətini yaratmaq məqsədini qoymuşdu. Qurumun platformasında göstərilirdi: “İran Federativ Respublikası 2 parlamentli dövlət olmalı, İranda yaşayan millətlərin federativ dövlətləri, muxtar bölgələrin dövlətləri və özəl şəhər Tehran hökumətinin azad və könüllü şəkildə birləşməsi nəticəsində yaranmalıdır… Mərkəzi dövlətin 6 rəsmi dili olacaq… Azərbaycan dili Azərbaycanda və muxtar türk qurumlarında dövlət dili olacaq. Xorasan türkləri, İranın cənubunda yaşayan türklər, Qaşqay türkləri yerli hakimiyyət orqanları yaratmaq hüququna malikdirlər”. 2005-ci ildə yaranan digər qurum - Azərbaycan Milli Əncüməni bütün milli qüvvələrin bir cəbhədə birləşməsi və vahid məqsəd uğrunda mübarizə aparmasını istəyirdi.
Yeganə Hacıyeva
Xalq
Cəbhəsi.- 2018.- 17 yanvar.- S.14.