1997-2005-ci illərdə siyasi təşkilatların fəaliyyətində Azərbaycan dili məsələsi

 

Cənubi Azərbaycanda ana dilində azad mətbuat çap olunub yayılmalıdır

 

3-cü yazı

 

Qeyd olunan müxtəlif yönlü təşkilatların yaranması və rəsmi qeydiyyat üçün dövlət orqanlarına müraciət etməsi milli hərəkatın tarixində yeni hadisə - leqal siyasi təşkilatlanma mərhələsinə keçid idi. Bir çoxları konstitusiyanın uyğun maddələri əsasında fəaliyyət göstərəcəklərini bəyan etsələr də, onların qeydiyyata alınmalarından imtina olunurdu. Bu dövrdə fəaliyyət göstərən milli-siyasi qüvvələr, əsasən, 4 məsələ ətrafında etirazlar səsləndirirdilər:

- Cənubi Azərbaycanın tarixi torpaqlarında yaşayan 22 milyon Azərbaycan türkü, eləcə də İranın başqa bölgələrinə səpələnən 7-10 milyonluq azərbaycanlı Konstitusiyanın 15-ci maddəsinin ikinci bəndinə əsasən ibtidaidən ali təhsilə qədər ana dilində məcburi təhsil almalıdır;

- Cənubi Azərbaycanda ana dilində azad mətbuat çap olunub yayılmalı, radio-televiziya verilişləri yayımlanmalıdır. Bu haqdan İranın başqa bölgələrində yaşayan türklər də əhalinin say nisbətinə görə faydalanmalıdırlar;

- İqtisadiyyatın inkişafı. Tehran rejiminin bölgələrə münasibətdə yürütdüyü ayrı-seçkilik Cənubi Azərbaycanda iqtisadi inkişafın qarşısını alır. Burada sənayenin və iqtisadiyyatın başqa sahəsinin inkişaf etməməsi üzündən əhali öz dədə-baba yurdlarından iş dalınca qeyri-türk bölgələrinə köçür.

Milli hərəkat yüksələn xətlə inkişaf etdikcə hökumət zəif təşkilatları öz tərəfinə çəkmək üçün tədbirlər gördü. Hökumət belə siyasət yürütməklə hərəkatı tədricən öz nəzarətinə keçirməyə cəhd edirdi. Amma aldadıcı şüarlarla yeni liderlər hazırlayaraq “milli hərəkatı parçalamaq” siyasəti nəticə vermədi. Azərbaycan milli hərəkatının “demokratik bütövləşmə” metoduna əsaslanması parçalanmaların qarşısını almaqda böyük rol oynadı. Cənubi Azərbaycan və Tehranda müxtəlif fikirli 16 təşkilat və dərnəyin bir araya gəlib Cənubi Azərbaycan Ağsaqqallar Şurası adlı qurum yaratmaq niyyətinin ortaya çıxması milli hərəkatın parçalanmasının qarşısını alan preventiv tədbirlərdən biri oldu.

Milli hüquqlar uğrunda mübarizənin inkişaf səviyyəsinin ən mühüm göstəricisi dövlət strukturlarında çalışan bir sıra azərbaycanlı nümayəndələrin İran qanunvericiliyinə əsaslanaraq Azərbaycan dilinin hüquqlarının təmin olunması və statusunun yüksəldilməsi uğrunda təşəbbüsləri oldu. 2003-cü ilin mayında Şərqi Azərbaycan Əyalət Şurasının prezident Xatəmiyə ünvanladığı açıq məktubda bildirilirdi: “Şərqi Azərbaycan Əyalət Şurasının üzvləri İran qanunlarına hörmət edərək, tarixi zərurəti və şəraitin yetişdiyini nəzərə alaraq, habelə 113-cü maddəni əsas götürərək sizdən xahiş edir ki, əsas qanunun 15 və 19-cu maddələrinin (dil və milli bərabərlik) icra olunmasını əmr verəsiniz”. Şura üzvlərinin milli qüvvələri təmsil etmədiyi nəzərə alınarsa, bunu hakimiyyətyönlü cənubi azərbaycanlıların əsas qanunun tələblərini hüquqi, mədəni cəmiyyət ideyası çərçivəsində reallaşdırmaq cəhdlərindən biri hesab etmək olar. Belə təşəbbüslər sonralar daha ardıcıl şəkildə davam etdirilmişdi.

2004-cü ildə təqribən 160-a yaxın təşkilatın iştirakı ilə Bəzz qalasına yürüş zamanı iştirakçılar Qumda yaşayan ayətullah Mələkutiyə müraciət etmişdilər. Ayətullah Mələkuti Babəki Abbasilər xilafətinə qarşı vuruşan milli qəhrəman adlandıraraq yürüşün keçirilməsinə mane olmamaq barədə fitva imzalamışdı. Bu, milli hərəkatın tarixində yeni bir hadisə idi.

Lakin hakim dairələrdə təmsil olunan azərbaycanlıların etno-milli problemə, əsasən də ana dilinə münasibəti yuxarıda qeyd etdiyimiz bəzi istisnalar xaricində əvvəlki kimi idi. Qacarların hakimiyyəti illərində olduğu kimi, İslam inqilabından sonra da cənubi azərbaycanlılar müxtəlif intensivliklə mərkəzi və məhdud miqyasda yerli hakimiyyətdə təmsil olunurdular. Təkcə onu demək kifayətdir ki, Müvəqqəti hökumətin (1979-1980) başçısı M.Bazərqan, İranın ilk prezidenti (1980-1981) Ə.Bənisədr, İslam İnqilabı Şurasının bir sıra üzvləri, inqilabın qələbəsindən sonra Ali Məhkəmənin sədri ayətullah Musəvi Ərdəbili, baş prokuror Musəvi Xoiniha, 1981-1989-cu illərdə baş nazir olmuş M.H.Musəvi, 1989-cu ildən 2007-ci ilə qədər “Rəhbər”i seçən Xübrəqan Məclisinin sədri Əli Mişkini, 1989-cu ildən İran İslam Respublikasının ali rəhbəri olan ayətullah S.Ə.Xameneyi və bir çox nazirlər azərbaycanlı olmuşlar. Amma onlar da Qacarlar kimi Azərbaycan xalqını təmsil etmir, etno-milli problemlərinin həll edilməsi üçün yuxarıda qeyd etdiyimiz bəzi istisnalar xaricində heç bir təşəbbüs göstərməyiblər. Bu baxımdan İranda hakim dairələrdə təmsil olunmuş azərbaycanlılar Qacar sülaləsinin nümayəndələrindən heç nə ilə fərqlənmirlər. Bunun da səbəbi bəzi Qərb alimlərinin fikirlərinə görə, azərbaycanlıların bu ölkədə mühüm dövlət postlarında təmsil olunmaması ilə bağlıdır.

2004-cü ildə Ərdəbil məhkəməsində Azərbaycan türkcəsinin işlənməsi də diqqəti çəkən mühüm hadisə idi. Antiiran təbliğatı aparmaqda, pantürkizmdə, qanunsuz təşkilat yaratmaqda, Babək qalasında keçirilən tədbirin təşkilatçılığında, türk dilində təqvim çıxarmaqda ittiham olunan milli fəal Abbas Lisani və onun vəkili Saleh Kamrani məhkəmə prosesində türkcə danışacaqlarını əsas gətirərək tərcüməçi verilməsini tələb etmişdilər. İttiham tərəfi buna ciddi etiraz edərək onların farsca bildiyini əsas gətirmişdi.

A.Lisani isə insanların məhkəmədə öz dillərində danışmaq hüququna malik olduqlarının İran konstitusiyasında təsbit edildiyini xatırladaraq sözünün üstündə durmüş və ana dilində ifadə verəcəyini bildirmişdi. Bundan sonra hakim müdafiə tərəfinə türkcə danışmağa icazə vermişdi. Bu hadisə Cənubi Azərbaycanda Milli Hökumətin süqutundan sonra türkcənin işləndiyi ilk məhkəmə prosesi idi və ana dili uğrunda mübarizədə diqqətəlayiq addım sayıla bilər. A.Lisaninin öz taleyini nəzərə almadan belə bir tələb üzərində israr etməsi göstərir ki, İran rejiminin repressiyaları da insanları geri çəkilməyə məcbur etmək iqtidarında deyil. 2005-ci ildə İranda ölkənin ali dini rəhbərinin iştirakı ilə keçirilən Məşrutə inqilabının 100 illiyinə həsr olunmuş konfrans zamanı Azərbaycan dilində himnin səsləndirilməsi də xüsusi diqqəti çəkən hadisələrdən hesab olunmalıdır.

Xatəminin 8 illik fəaliyyəti dövründə milli və etnik azlıqların problemlərinin həlli istiqamətində irəliləyiş əldə edilmədi. G.Rouks Xatəminin hakimiyyəti illərində dövlətin etnik məsələyə münasibətini belə ifadə edir: “Xatəmi “İran iranlılar üçündür” şüarı ilə siyasi və mədəni hüquqlarının təmin olunması iddiaları ilə çıxış edirdi. Lakin onun etnik iğtişaşlara repressiv yanaşması göstərir ki, mərkəzi hökumət tələblərin nəzərə alınması və milli məsələni həll etmək siyasətinin həyata keçirilməsi yollarını çox çətin tapır”. Özündən əvvəlki sələfi kimi (Rəfsəncani) ziddiyyətli bir mövqe göstərərək daha çox İngiltərə və Qərb təmayüllü siyasi konsepsiyanı davam etdirsə də fars dilini İran millətinin tarixi kimliyi və milli birliyinin simvolu olaraq tanıdı. Onların milli zəmindəki baxışları daha çox Azərbaycan türklərinin əleyhinə yönəlmiş və mühafizəkarlara nisbətdə daha təhlükəli idi.

Siyasi qüvvələrin fəaliyyəti ilə bağlı araşdırma bizə belə qənaətə gəlməyə əsas verir ki, İran rejiminin hərəkatı yatırmaq, öz orbitindən çıxarmaq yönündə müxtəlif vasitələrlə həyata keçirdiyi siyasətlə yanaşı, milli-siyasi qüvvələr arasında qarşıya qoyulmuş məqsədlərlə bağlı konsensusunun çox zəif olması və ya bəzən də yoxluğu milli mübarizənin inkişafı qarşısında maneələr yaradırdı. Hərəkatın yüksəlməsi yolunda çətinlik doğuran səbəblər arasında cənubi azərbaycanlıların siyasiləşmiş təbəqəsi arasında gedən mürəkkəb sosial-mənəvi-psixoloji, nəzəri-konseptual çəkişmələr xüsusi ağırlıq təşkil edir.

Cənubi azərbaycanlıların İİR bürokratiyasında təmsil olunması, yüksək rütbəli ruhanilər, ordu zabitləri və İran ziyalılarının əhəmiyyətli hissəsini təşkil etmələri, cəmiyyətin müxtəlif sahələrində önəmli vəzifələrdə olması onların İran cəmiyyətinə bəluclara və kürdlərə nisbətdə daha yaxşı inteqrasiya olunduğunu göstərir ki, bu da milli məsələnin həlli perspektivlərinin məhdudlaşdırılmasına gətirib çıxaran səbəblərdən biridir.

Beləliklə, inqilabın qələbəsindən sonra İranda Azərbaycan türklərinin təşkil etdikləri siyasi, ictimai-siyasi təşkilatların qeyd olunan mərhələlərdə milli məsələnin həlli variantlarına münasibəti həm dünyada və regionda baş verən hadisələrdən, həm də İranda mövcud ictimai-siyasi atmosfer və proseslərdən asılı olaraq müxtəlif cür təzahür etsə də, onların nəzərində Azərbaycan dilinin funksionallığının artırılması və ona rəsmi status verilməsi digər problemlərin fonunda daha aktual məsələ kimi öndə dayanır. Lakin kütləviləşmə mərhələsində hərəkatın sosial-siyasi tərkibinin hədsiz rəngarəngliyi, qeyri-yekcins xarakter daşıması, eyni zamanda uzun illər çeşidli cəbhələrdə qazanılmış fərqli, ayırıcı siyasi mədəniyyət, təcrübə, siyasi əxlaq elementləri milli-siyasi qüvvələr arasında ünsiyyət problemi, ideoloji-siyasi, mənəvi-psixoloji maneələr yaradır, hərəkatdaxili ziddiyyətlər doğurur. Mübarizənin səviyyəsi Azərbaycan türklərinin milli formalaşması, eyni zamanda İranın ictimai-siyasi quruluşunda tutduqları mövqe ilə sıx bağlıdır.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2017.- 18 yanvar.- S.14.