Güney azərbaycanlı ziyalıların ana dili uğrunda mübarizəsi

 

4-cü yazı

Çoxmərhələli sosial, siyasi, etnik, mədəni struktura malik olan İran cəmiyyətində müxtəlif qrupların maraqlarını müdafiə edən ziyalıların mövqeləri çeşidli, bəzən də ziddiyyətlidir. Ümumilikdə ziyalıların milliləşməsini şərtləndirən amil, əsasən, onların mövcud sistemdə özünüifadə imkanlarının məhdud olması və ya əksinə, özünüifadə azadlığını təmin edən demokratik cəmiyyətin yaranmasıdır. İranda Azərbaycan türk ziyalılarının milliləşməsində yalnız birinci amilin rolundan danışmaq olar. İkinci amil 1941-1946-cı illər istisna olmaqla, heç zaman təsiredici faktor kimi mövcud olmayıb. Özünüdərk prosesinin mühüm mərhələsi olan Azərbaycan-türk etnikçiliyi uzun illər Pəhləvilərin və yeni yaranan İslam rejiminin ilk illərindən başlayaraq davam edən Azərbaycan türk dili, tarixi və mədəniyyətinin təhqir olunması və tamamilə məhdudlaşdırılmasına bir reaksiya kimi inkişaf etmişdi.

İranlı müəllifin qeyd etdiyi kimi, İrandakı Azərbaycan türklərinin kimliyinin mühüm göstəricisi, 100 ildən çox yaşı olan dil şüurunun bu cür yüksək səviyyədə inkişafının səbəbi Pəhləvi sülaləsinin xalqı fars dilində təhsil sistemi vasitəsilə homogenləşdirmək səyləri olub. Bu fikir inqilabdan sonra türk dilinin funksiyasının bütün sahələrdə bərpası məsələsinin ziyalıların milli-mədəni fəaliyyətində geniş yer tutması ilə öz təsdiqini tapdı.

Cəmiyyətin digər təbəqələri ilə birlikdə İran Konstitusiyasının 15-ci maddəsində əksini tapmış çox məhdud hüquqların təsdiqinə nail olan ziyalılar, mədəni cəmiyyətlər 1979-80-cı illər ərzində Azərbaycan dilində dərsliklər hazırlamaq və yeni qaydalı əlifbanın tərtibi istiqamətində çalışmışdılar. Xüsusilə də 1980-81-ci illərdə Azərbaycan dilinə uyğun gəlmədiyi üçün ərəb əlifbasında islahatların aparılması azərbaycanlı ziyalıların qarşısında duran əsas məsələlərdən idi. Bu sahədə Məhəmməd Fəridin azərbaycanlılar üçün latın qrafikası əsasında tərtib etdiyi əlifba ərəb əlifbasına nisbətən daha münasib idi. Azərbaycanlı ziyalı Həbib Azərsinanın 1980-ci ildə latın əlifbasına uyğun bir yazı qaydasının tətbiqi ilə bağlı hazırladığı broşur hökumət tərəfindən türkçü ideyaların təbliği kimi dəyərləndirilərək müəllifin pantürkist damğası altında həbsinə səbəb oldu. Lakin ziyalıların əksəriyyəti əlifbanın dəyişdirilməsinə yox, ərəb qrafikalı əlifbanın müəyyən islahat aparılmaqla saxlanmasına tərəfdar idilər. Təbrizdəki Azərbaycan Şairləri və Yazıçıları Cəmiyyəti bu əlifbanın Azərbaycan dili baxımından təkmilləşdirilmiş variantını hazırlayıb vərəqlər şəklində yaymışdı.

Doktor Həmid Nitqinin bu sahədəki təcrübəsinə əsaslanaraq Şimali Azərbaycanda artıq sınaqdan çıxmış imla prinsiplərinə və ərəb əlifbasının özünəməxsusluğuna istinad edərək Azərbaycan dilinin fonetik quruluşuna uyğunlaşdırılmış vahid bir sistem yaratması əlifba islahatı sahəsində mühüm xidmət hesab olunmalıdır. Çünki Cənubi Azərbaycanda imla prinsiplərinin ərəb əlifbasının spesifikasını nəzərə alan variantının nəşri ədəbi dilin tələffüz-orfoqrafiya normalarına uyğun olmayan təzahür xüsusiyyətlərinə qarşı mübarizə aparmaq üçün elmi əsaslar verirdi.

İran cəmiyyətində müxtəlif siyasi-ideoloji cərəyanların parçaladığı cənubi azərbaycanlı ziyalıların milli yönümlü nümayəndələri özünüdərk, özünütəsdiq prosesinin kütləviləşmə mərhələsinə aparan yolunun elmdən və maarifçilikdən keçdiyini bilir və bu sahəyə diqqəti artırır, fars millətçiliyi ideologiyasına “sadiq” qalan ziyalılar isə inqilabdan sonra da hakim millətçi siyasətin ruhuna uyğun fəaliyyət göstərirdilər. İkinci qrupdan olanlar Azərbaycan dilində kitabların dövlət hesabına çap olunmasına maneələr yaradır, bu mümkün olmadıqda, çap olunmuş kitablar haqqında qərəzli yazılar nəşr etdirir, “vahid millət”, “vahid dil” nəzəriyyəsini aktuallaşdırmaqla Azərbaycan türkcəsini azərbaycanlılara qarşı qoyurdular. Paniranizm və fars millətçiliyi şahlıq dövründəkindən də eybəcər şəkildə, çox geniş miqyasda Əbdüləli Karəng, Sərhəng Şuari, Mənuçöhr Mürtəzəvi, Yəhya Zəka, Şəfəq Rzazadə, İnayətullah Rza, Nəsrullah Purcavadi, Məzdək Bamdadan, Nəsim Nəsrin, Cəlil Dustxah, Məhəmməd Səhər, Əmir Hüseyn Xunci, Şirindoxt Dəqiqiyanın kimi həm fars, həm də türk ziyalılarının əsərlərində inkişaf etdirilirdi. İranda nəşr olunmuş tarix haqqında kitablarda İran ərazisində yeganə qurucu etnik elementin farslar olduğu göstərilir, ərəb və türk istilasının fars mədəniyyətinə, inkişafına vurduğu “mənfi təsirlər”, indiki problemlərin kökünün bu işğallara bağlı olması araşdırılırdı. Tədris müəssisələrində istifadə edilən tarix kitablarını araşdırmış Haggi Ram yazır ki, İran Pəhləvi sülaləsinin “əzəli İran milləti” əsaslarına sadiq qalmış, fars millətçiliyi ayətullahların hakimiyyəti dövründə daha da çiçəklənmişdi. Zahirən qeyri-rəsmi dairələri təmsil etdiklərini nümayiş etdirən şovinist “ziyalılar”a cavab olaraq artıq 1980-ci illərin başlanğıcında bəzi milli ziyalıların tədqiqatlarında şahlıq rejiminin türkdillilik və türk xalqlarına mənsub olma arasındakı əlaqəni inkar edən tezislərinə qarşı azərbaycanlıların türk olmaları ideyasını əsaslandıran alternativ tezislər yer alırdı.

İnqilabdan sonra ilk dəfə olaraq Azərbaycan xalqı, dili, mədəniyyəti ilə bağlı yüksək səviyyəli nəzəri araşdırmaların aparılmasına, Azərbaycan dilinin elmi tarixi ilə bağlı əsərlər yazılmağa başlandı. Bu məsələ ilə məşğul olan Cavad Heyət fars dilində yazdığı “Türk dilinin tarixi və ləhcələri” adlı əsərini şahlıq rejimi zamanı İran dilçilik elminin və hakim ideologiyanın Azərbaycan-türk dilinin müstəqil və zəngin bir dil olmasını inkar etməsinə cavab kimi ortaya qoymuşdu. Müəllif Azərbaycan dilinin tarixini, bu dilin yaranmasında iştirak edən etnik birlik və qrupları, bu dilin dünya dilləri arasındakı yerini, azərbaycanlıların etnik ərazisini nəzərdən keçirərək belə nəticəyə gəlmişdi ki, indi İranda türk dilində danışan əhali türkdilli yox, hər cəhətdən türkdür. C.Heyət bu mövzuda yazdığı “Müqayisətül-lüğəteyn” adlı digər əsərində Azərbaycan türkcəsinin leksik və qrammatik zənginliyini göstərmək üçün onu fars dili ilə müqayisə etmiş və türk dilinin bəzi üstünlüklərini göstərmiş, “Azərbaycan türkcəsinin adı və yeri” məqaləsində isə paniranistlərin şovinist istəklərini, düşüncələrini kəskin tənqid etmiş, Azərbaycan dilinin təkamülü və təşəkkülündən danışıb. Müəllifin fars dilində yazdığı “İran və zəbane qovmi” (İran və etnik dillər) əsərində Cənubi Azərbaycanın İrandan ayrılmasının əleyhinə çıxılır, həmçinin Azərbaycan dilinin fars dili ilə yanaşı tədris edilib yayılmasına əngəl törədənlər ifşa olunurdu. Cavad Heyət öz tədqiqatlarında M.Ə.Yaşar, H.N. Altay, H.Nitqi, M.Fərzanə, C.Heyət, T.Gənceyi Azərbaycan dili, tarixi, mədəniyyəti ilə bağlı dərin araşdırmaları ilə elmi-maarifçilik missiyasının önündə dayanaraq, türkçülük ideyalarının formalaşmasında əhəmiyyətli rol oynadılar. C.Heyət həm də İranda Azərbaycan dilinin bəzi dialektlərinin ilk tədqiqatçılarından idi.

1980-ci illərin əvvəllərində azərbaycanlıların təsis etdiyi dövri nəşrlərdə Azərbaycanla bağlı məsələlərin müzakirəsi genişləndi. Bu baxımdan milli maarifçilik fəaliyyəti və elmi səviyyəsi ilə seçilən “Varlıq” dərgisinin rolu xüsusi qeyd edilməlidir. Dərginin naşiri Dr. Cavad Heyət yazırdı ki, Əhməd Kəsrəvinin “Azəri dili” haqqında fikirləri doğru olsa belə, o bugünkü Azərbaycan əhalisinin varlığına kölgə sala bilməz. Çünki “İranın çağdaş türkdilli əhalisi elm tərəfindən kimliyi dəqiq müəyyən edilməmiş tayfa və qəbilələrin tarixi deyil, Mərkəzi Asiya və qonşu regionlarda böyük dövlətlər qurmuş, mədəniyyətlər yaratmış qədim türklərin (hunlar, savirlər, xəzərlər, göytürklər, uyğurlar və b.) tarixini nəzərdə tutur.

Tarixi mövzulara həsr edilmiş yazılarda sübut olunur ki, türk hökmdarları irqçi araşdırmaçıların dediyi kimi fars dilini sıxışdırmamışlar, əksinə, bu dilin fəaliyyət sahəsini genişləndirmişlər. Doktor Cavad Şeyxülislaminin farsçı tezislərinin əsassızlığını tarixi dəlillərlə sübut etməyə çalışan C.Heyət yazırdı: “Heç kəs bu faktı inkar edə bilməz ki, fars dili İrana Qəznəvi və Səlcuq türkləri vasitəsilə gəlib, türk sultanlarının vasitəsi ilə İranın, Kiçik Asiyanın və Hindistanın rəsmi və ədəbi dilinə çevrilib. Sonralar isə türkdilli klassik şairlərin həmkarlığı ilə ədəbi dil səviyyəsinə yüksəlib”.

Farsçı tezislərlə çıxış edən digər müəllif Naseh Natiqə Teymur Pirhaşiminin “Varlıq” dərgisində dərc olunmuş cavabı da maraq doğrur. Azərbaycan xalqının İran tarixində şərəfli rolundan danışan N.Natiq azərbaycanlıların iranlı kimi düşünməsi, farsca yazması, lakin türkcə danışmasını onların dilinin öz kökü etibarilə İran dil qrupuna mənsubluğu ilə əlaqələndirərək qeyd edir ki, monqol istilasına qədər bu dil fars dilinin ikinci dərəcəli ləhcələrindən biri olmuş və sonralar türk dili onu sıxışdırıb aradan çıxarıb. Guya indiki Azərbaycan ərazisində qədim Azərbaycan dili ayrı-ayrı yerlərdə hələ də işlədilməkdədir. Məsələn, Mərənd yaxınlığında Hərzənd kəndinin əhalisinin danışdığı hərzəndi ləhcəsi elə həmin Azərbaycan dilidir. Teymur Pirhaşimi “Varlıq” da dərc olunmuş cavabında Azərbaycan dilinin öz qanunları əsasında yaranıb inkişaf etdiyini və bu qanunlara tabe olduğunu elmi şəkildə isbatlayaraq vurğulayır ki, Azərbaycan dili yeni sözlər yaratmağa qadir bir dildir və yad mənşəli sözlərin qəbul edilməsində heç də başqa dillərdən fərqlənmir. Müəllif türkdilli Azərbaycan xalqının arasında bu dil qrupuna mənsub olmayan dillərdə danışan kiçik əhali qruplarının yaşaması məsələsini də elmi şəkildə düzgün və ətraflı öyrənməyi təklif edir.

T.Pirhaşimi N.Natiqin İran kimi çoxmillətli bir ölkədə vahid ünsiyyət dilinin zəruriliyi fikri ilə razılaşsa da, İran dövlətinin inkişafında, xüsusilə azadlıq hərəkatları tarixində böyük rol oynamış Azərbaycan türklərinin öz milli ənənələrini və milli şöhrətini daima qoruyub saxladığını göstərir və beləliklə, bu xalqın öz dilində danışmağa, yazıb-yaratmağa haqqı olduğunu xüsusi qeyd edirdi. Paytaxt Tehranda nəşr olunan “Varlıq” dərgisində ziyalıların debatları Azərbaycan dili və tarixi ilə bağlı problemlərin ictimai-siyasi və mədəni məsələyə çevrildiyini və müzakirə predmeti olduğunu göstərir. 1982-ci ilin sonlarında İranda rejimin müəyyən etdiyi siyasi-ideoloji paradiqmalara müxalif ruhlu dövri nəşrlərin çapına qadağa qoyuldu və həmin dövrdə Azərbaycan milli ziyalıları yalnız “Varlıq” dərgisində siyasi rejimin müəyyən etdiyi çərçivədə olsa da, milli-maarifçilik istiqamətində fəaliyyətlərini davam etdirdilər.

 

Yeganə Hacıyeva

 

Xalq Cəbhəsi.- 2018.- 19 yanvar.- S.14.