Qulam Yəhyanın xatirələri

 

"Xalq Cəbhəsi" qəzetinin ötən ilki saylarında Qulam Yəhyanın xatirələrini təqdim etmişdik. Bu saydan növbəti yazıları təqdim edirik.

9-cu yazı

Bizim söhbətimizdən sonra Xoy fırqə komitəsi və fədai başçılarının birgə təşəbbüsü ilə şəhərdə ümumi mitinq təşkil edildi. Mitinqdə çıxış edib, yaranmış ümumi vəziyyət və yeni vücuda gəlmiş cavan Milli Hökümətin qarşısında duran vəzifələrdən, o cümlədən məhəlli təşkilatların xüsusilə Xoy firqə təşkilatının, fədailərin qarşısında duran zəruri vəzifələrdən danışmaqla birlikdə, eyni zamanda qeyd etdim ki, şəhərdə silahlı adamların gəzmələrini məsləhət görmürük və axırda qeyd etdim ki, bunu qadağan edirik. Kimliyindən asılı olmayaraq tərksilah edilməsi haqqında göstəriş verilib.

Çox keçmədən kürd qardaşlarımız şəhərdən çıxıb, öz yerlərinə getdilər. Xoy əhalisi bu tədbirdən razı qaldıqdlarını bildirdilər. Xoydan Salmasa getdim, orada da eynilə Xoyda həyata keçirdiyimiz tədbiri təkrar etdikkürd qardaşlarımız şəhərdən çıxıb, öz yerlərinə getdilər. XoySalmasdan sonra əsas məmuriyyət yerimiz olan Urmiyəyə getdim. Urmiyyədə vəziyyət Xoy-Salmasdakı kimi deyildi. Burada vəziyyət ağır idi. Urmiyyəyə yetişən kimi sərhəng Azəri və fərmandar Rəfiyyənin yaranmış mövcud vəziyyət barədə məlumatlarını dinlədik. Onların məlumatlarından vəziyyətin ağır olması lap aydın oldu. Məlumatdan aydın oldu ki, kürdlər sərbazxananı üç tərəfdən mühasirə ediblər. Bu vəziyyəti bilən əhalinin böyük təşvişinə səbəb olub.

Bu vəziyyətdən düşmən istifadə etməyə çalışır. Xüsusilə mərkəzi dövlətin sazimani-əmniyyət təşkilatı aranı qızışdırıb, qardaş qırğını törətməyə can atırdı. Xülasə, fövqəladə gərgin vəziyyət yaranmışdı. Azacıq yubanmaqkiçicik ehtiyatsızlıq böyük fəlakətə səbəb ola bilərdi. Deməli, fovqi, əqilli və təsirli tədbir görmək lazım idi. Mən ilk növbədə sərhəng Azərini xətircam etdim ki, nə lazımdırsa, edəcəyik. O, ancaq ayıq olsunheç bir provakasiyaya yol verməsin. Ona tapşırdım ki, bir qədər xünsərd olmaqla yanaşı eyni zamanda bir qədər də ciddi olsun. Fərmandar Rəfidən xahiş etdi ki, kürd tayfa başçılarını fərmandarlığa dəvət etsin. Onlarla yaranmış vəziyyətdən çıxış yolu haqqında söhbət edək. Mən hər şeydən əvvəl onların fikir və məqsədlərini bilmək istəyirdim. Onların nə istəməsini açıq desək, ətraflı bilmirdim. Hər halda müəyyən xoşagəlməz tədbirə əl atmaq istədiklərinə artıq zərrəcə belə şübhə yox idi.

Fərmandarın vasitəsilə toplaşan kürd tayfa başçıları ilə söhbət başlandı. Yaranmış vəziyyət və qarşıda duran vəzifələr haqqında danışdıqdan sonra Azərbaycan-kürd xalqlarının tarixi dostluğundan hər ikisinin eyni düşmən tərəfindən möhkəm təzyiqə məruz qalmasından hər ikisinin milli zülmə məruz qalmasına aid misallar gətirdik, xülasə bir qədər söhbətdən sonra hər iki qardaş millətin qarşısında durmuş, eyni düşmənin hiyləsindən də misallar söyləməklə, vahid düşmənə qarşı hər iki qardaş xalqın vahid vəzifələrindən danışdım. Bütün bunlardan sonra əsas mətləbə keçib, belə bir sual verdim: İndi sizdən soruşuram, silahlı dəstələrinizi gətirib, sərbazxananın yanında saxlamaqda məqsədiniz nədir? Biz qardaşıq ona görə də nə qədər açıq danışsaq, bir o qədər yaxşı olar. Bu əməlinizlə nə etmək istəyirsiniz? Bəlkə bir qədər də açıq danışaq, əgər Urmini tutmaq istəyirsinizsə, onda özünüzbilirsiniz ki, gücünüz çatmaz. Gəlin lap açıq danışaq və düşmənin feilinə uymayaq, gəlin düşmənin istədiyini yox, öz xeyrimizi nəzərdən keçirib, ona əməl edək. Düşmənin toruna düşməkdənsə, gəlin dostluğumuzu bir qədər də möhkəmlədək, qardaşlığımız daha da möhkəm və sarsılmaz olsun.

Mənim açıq danışmağım, xüsusilə vəziyyəti olduğu kimi izah etməyim həmsöhbətlərimin xoşlarına gəldi. Yaxşı bilirdim ki, kürdlərlə nə qədər sadə və düz danışsaq bir o qədər yaxşıdır. Ona görə də diplomatik dildən “sadə dilidaha üstün tutdum. Yeri gəlmişkən, bir cəhəti də qeyd edim ki, “diplomatik dildə” danışmaqdan özümünxoşum gəlmir. Mən hiss etdim ki, açıq və sadə söhbətim kürd başçılarının əsil vəziyyətlə tanış olmalarında təsiri pis olmadı.

Söhbətimizin sonunda kürd tayfa başçılarından Nuri bəy adlı birisi dedi ki, “Siz həmişə kürd və azərbaycanlıların qardaş olmasından danışırsız, amma dağı bizə verib, şəhərləri özünüz götürmüsünüz. Onda bəs bucür qardaşlıqdır? Odur ki, Urmini də bizə verin”. Onun sualı bir qədər zarafatyanakeçmiş el misallarına əsaslanıb deyilməsinə baxmayaraq, bəzilərinin həqiqətən məqsədləri bəzi şəhərləri işğal etmək idi. Mən bu haqda geniş mübahisə və izahın yersiz olmasını hiss edib, dedim ki, “Hələlik gəlin hökumətimizi möhkəmlədək, vahid qüvvə ilə düşmənin qarşısına çıxıb, bu yerlərin həqiqi sahibi olaq, ondan sonra birlikdə oturub, iki qardaş öz arzularımızı həll edərik”.

Bugünkü işimiz düşmən niyyətini puç etməkdən ümumi işimizin xeyrinə olan tədbirləri həyata keçirək. O tədbirlərdən birisizin hərbi hissələrinizin öz yerlərinə qayıtmalarıdır. Şəhərdə silahlı adamların gəzmələri əhalinin narahatlığına səbəb olur ki, bu da yaxşı deyil. Sözümüzü yekunlaşdırıb, onlara dedim ki, gedib, səhər saat 10-a qədər fikirləşsinlər və saat 10-da bir də görüşək. Onlar çıxıb getdilər. Mən fədailərin və qızılbaşların hazır olmaları haqda göstəriş verdim.

Sabahısı gün razılaşdığımız vaxt yenidən toplaşıb söhbət etdik, onlar öz silahlı dəstələrini sərbazxana ətrafından çıxarıb, öz yerlərinə aparmaqları haqda razılığa gəldiklərini bildirdilər. Beləliklə, kürdlər həm sərbazxana ətrafından, həm də şəhərdən çıxıb, öz yerlərinə getdilər. Bununla da yaranmış qorxunc fövqəladə vəziyyətə son qoyulmuş oldu. Doğrudur      son zamanlar,  xüsusilə ikinci dünya müharibəsindən sonra HTİ-nin vücudə gəlməsi ilə əlaqədar vəziyyət bir qədər dəyişmişdisə də, hər halda tarixi faciələrin təsiri hələ də qalmaqda idi. Bunu aradan aparmaq üçün uzun müddət təbliğatla yanaşı, əməldə bir sıra faktlar lazım idi. Halbuki düşmən əks təbliğatından nəinki əl çəkməmişdi, əksinə, əks təbliğatı getdikcə surətləndirir və “yeni-yeni faktlarladaha zənginləşdirib, düşmənçilik hərəkətlərini qızışdırırdı.

Kürdlər şəhərdən çıxıb getdikdən sonra yenə də tayfa başçıları ilə söhbətimizi davam etdirdik. Ümumi vəziyyətlə yanaşı, mən onlara dedim ki, Milli Hökumət sərhədimizi qorumaq məqsədilə burada 300 nəfərlik bir nigahbanlıq yaratmaq qərarına gəlib. Mən eyni zamanda bildirdim ki, onların xərcini, eləcə də silahlandırılması işini Milli Hökümət öz öhdəsinə götürməklə bu tədbirin əməli işini kürd qardaşlarımıza tapşırmaq qərarına gəlib. Milli Hökumətin bu tədbirini ürəkdən bəyəndiklərini bildirməklə, bu işin məhz kürdlərə tapşırılmasından da çox razı qaldıqlarını izhar edib, belə etimada qarşı öz təşəkkürlərini bildirdilər. Bu tədbir həqiqətən azərbaycanlı və kürdlərin dostluq və qardaşlıqlarının möhkəm olmasından və onun daha da möhkəmlənəcəyindən xəbər verirdi.

Mən tayfa başçılarına müraciət edərək dedim ki, gedin öz aranızda razılaşın, hər tayfadan nə qədər adam verəcəyini müəyyən edin. Onlar mənim yanımdan çox razı halda çıxıb, getdilər. Söhbətimizdən üç gün keçənə qədər orada idim. Hələ də kürd tayfa başçılarından xəbər yox idi. Mən onları bir də fərmandarlığa dəvət etdim. Onlardan məsələnin nə yerdə olmasını soruşdum. Necə böldüklərinin saylarını istədim. Onlar əvvəlcə ayrı-ayrılıqda mənim yanıma gəlib bildirdilər ki, bizə fişəng verin, o biri tayfanı aradan aparaq. Digər tayfa başçısı da, eynilə bu sözü deyirdi. Bu söhbətlərdən aydın oldu ki, nigahbanlıqda xidmət edəcək 300 nəfərdən hər tayfa nə qədər verəcəyindən razilığa gələ bilməyiblər.

Mən onlardan soruşdum ki, niyə öz aranızda razılığa gələ bilmirsiz? Onlardan biri dedi ki, biz necə bölürüksə, bir başqasına 10 nəfər adam az düşür. Mən soruşdum ki, biz 10 nəfər artırsaq, işiniz düzələr? Hamısı bir ağızdan dedilər ki, onda düzələr. Mən dedim ki, mən öz məsuliyyətimlə 10 nəfər artırıram. Onda hamısı sevindilər. Beləliklə, məsələ dostcasına həll edildi. Onlarla görüşüb, dostcasına ayrıldıq. Bununla da şəhərdə silahlı gəzintinin qadağan edilməsi tədbiri icra edilməyə başlandı. Biz orada öyrəndik ki, belə bir xoşagəlməz halın meydana gəlməsində yerli mülkədarların və sazimani-əmniyyət casuslarının böyük təsiri olub. Biz onlardan 9 nəfərini həbs edib Təbrizə gətirdik. Beləliklə, Urmiyyədə də işlər öz qaydasına düşdü və hər kəs öz adi işi ilə məşğul olmağa başladı.

İşimiz Urmiyyədə qurtarandan sonra Təbrizə getməyə hazırlaşdım. Oranın fərmandarı Hacı Əlinizam Rəfiyi təklif etdi ki, naharı bir yerdə yeyəndən sonra yola düşək. Mən onun təklifini qəbul etdim. Süfrə başında müxtəlif işlərdən danışılır və hərə öz fikrini bəyan edirdi. Rəfiyi oradakı sakitlikdən istifadə edərək, sözə başladı və dedi: "İndiyə qədər məndən soruşsaydılar ki, dünyada xoşuna gəlməyən birinci adam kimdir, mən heç fikirləşmədən deyərdim ki, Qulam Yəhyadır. Amma mən yoldaş Danişianın Urmiyyədəki fəaliyyətini gördükdən sonra, daha doğrusu onunla bir neçə gün bir yerdə yoldaş olub, birgə fəaliyyətdən sonra, ona yaxından bələd olduqdan sonra, indi məndən soruşsalar ki, dünyada xoşuna gələnlər içərisində birinci kimin adını çəkərsən, onda mən yenə də fikirləşmədən Qulam Yəhyanın adını çəkərəm".

Mən yoldaşlarla görüşüb ayrıldım və Təbrizə yola düşdük. Təbrizə yetişən kimi oradan göndərdiyimiz dustaqların harada olması ilə maraqlananda məlum oldu ki, siyasi idarənin rəisi Abbas Pənahi onları zəmanətə buraxıb. Mən onunla əlaqə saxlayıb soruşdum ki, əgər bir məqam tərəfindən sənin ixtiyarına həbs edilmiş birya bir neçə nəfər göndərilirsə, siz onların işlərilə tanış olmadan onların pərvəndəsindən xəbəriniz olmadan nəyə əsasən, hansı ölkənin və ya hansı quruluşa aid olan qanuna əsasən zəmanətə buraxırsız? Onlar yenidən həbs edilib məhkəməyə verildilər.

Xoy, Salmas və Urmiyyədə görülən tədbirlər haqqında Pişəvəriyə məlumat verdikdən sonra ona müraciət edib, əgər mənimlə başqa işi yoxdursa, Zəncana getmək istəyimi bildirdim. O, istədi ki, fəaliyyətimdən öz razılığını bildirsin. Mən onu qabaqlayıb, dedim ki, ağayi Pişəvəri (Mən həmişə nədənsə ona belə müraciət edirdim. Xüsusilə təklikdə söhbətimiz zamanı başqa cür müraciət etdiyim yadıma gəlmir) mən Milli Hökumətin bir sıravi sərbaziyam və hər əmri olsa bacardığım qədər yerinə yetirməyə hazıram - dedim. Pişəvərinin mənim cavabımdan çox bərk mütəəssir olmasını, hətta bir qədər kövrəlməsini də hiss etdim. Ancaq özümü bilməzliyə vurdum, onun da hər halda o vəziyyətdə olmasını biruzə vermək istəmədiyini hiss etdiyim üçün tez ayrılmağa cəhd etdim. Mənim üzümə diqqətlə baxıb, əlimi bərk sıxdı və ayrıldıq. Mən oradan çıxandan bir neçə dəqiqə sonra Zəncana tərəf yola düşdüm.

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq    Cəbhəsi.- 2018.- 23 yanvar.- S.14.