Qulam Yəhyanın xatirələri

 

Pişəvəri dedi ki, fədailərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşmağa hazıram

 

9-cu yazı

 

Yadımda qalan hadisələrdən biri də Tehran ruznamə müxbirlərinin ADF ildönümü münasibətilə Təbrizə gedərkən yolüstü Zəncanda mənimlə görüşmələridir. Mən onlarla fədailər ştatındakı iş otağımda görüşdüm. Yoldaşvari söhbət etdik. Onlar mənə suallar verir, mən də onların suallarına cavab verirdim. Onlar çay içir, bəzən zarafatyana söhbətlərimiz də olurdu. Hər halda onların mənimlə ümumiyyətlə, müsahibə aparmalarını təsəvvürümə belə gətirə bilməzdim. Onlardan bəzilərilə hətta Tehrandan tanış idim. Onlarla söhbətim çox şirin və necə deyərlər, çox xoş keçdi. Onlarla xudafizləşib, ayrıldıq, mən onları qonaq dəvət etdim, onlar əcələ etdiklərini bildirdilər. Belə qərarlaşdıq ki, qayıdan zaman vaxtları olsa Zəncanda fədailərə qonaq olsunlar. Çox mehribanlıqla ayrıldıq, onları yola saldıq, Təbrizə getdilər və qayıdan baş deyəsən, Miyanadan qatarla Tehrana getdikləri üçün bir daha görüşə bilməzdik. Bir neçə gündən sonra Tehran ruznamələrindən öyrəndik ki, onlar Zəncanda mənimlə müsahibə aparıb, ruznamələrdə də bu müsahibələri dərc ediblər. Onlar mənə verdikləri sualları və mənim cavablarımı dərc ediblər. Mən onlardan bir neçəsini qeyd etmək istəyirəm:

Müxbirlərin Milli Hökumətlə İran hökuməti arasında bağlanmış müqavilə haqqında mənim fikrimi bilmək sualının cavabında demişəm ki, guman edirəm ki, onun əhəmiyyətini məndən yaxşı bilirsiz. Lakin məsələ müqavilənin nə qədər gözəl cümlə və ifadələrlə tərtib edilməsindən daha çox necə icra edilməsindədir. Tehran hökumətinin dediklərinə daha doğrusu, altından imza qoyduğu maddələrə necə əməl etməsindən asılıdır. Mən həmin maddələrə necə əməl edilməsinə misal olaraq sərhəng Zahidinin Qəzvindən bizə həmlə etməsi, qəhrəman fədailərimizin müqavimətinə rast gəlməsi və bir qədər itgi verib, geri çəkilməyə məcbur olmasını qeyd etdim. Sözümə davam edərək qeyd etdim ki, bizim İranın silahlı qüvvələri ilə tez-tez toqquşmalarımız olur və toqquşma bir qayda olaraq İran dövləti, onun silahlı qüvvələri tərəfindən baş verir. Indi özünüz deyin, biz necə hərəkət etməliyik.

Ruznamələr onu da qeyd etmişdilər ki, müxbirlərlə söhbət etdiyim zaman telefon zəng çalır, dəstəyi götürürəm, Kərəc tərəfdən Əsləhəbaşı, Həsən Cahanbəxşi və Məhəmməd Hüseynxanın atlılarının bizim fədai postumuza basqın etmələri barədə məlumat verilir və mən göstəriş verirəm ki, fədailərimiz müqavimət etsinlər və işin gedişi haqda vaxtaşırı məlumat versinlər. Onlardan qüvvələrinin nə yerdə olmasını soruşuram, cavab verirlər qüvvəmiz çatar, tutulmuş əsirin ifadəsindən aydın olur ki, onlar şapqun vurmağa gəlmişlər, əgər kücləri çatmasa yenidən qayıdıb, sərhəddən o taya keçəcəklər. Məndən sərhədi keçməyə, düşməni axıra qədər darmadağın etməyə icazə istəyirlər. Mən göstəriş verirəm ki, sərhədi keçmək olmaz. Sərhəddin toxunulmazlığı haqda bizim müqaviləmiz var. Biz onu poza bilmərik. Mən özüm də gələcəyəm, mətanətinizi əldən verməyin. Düşmən öz əhdini pozub, sərhədi keçibsə də hər halda biz əhdimizi poza bilmərik. Bizim söhbətimizi qonaqlarımız da eşidirlər.

Sonra müxbirlər məndən soruşurlar ki, bizim HTİ ilə əlaqəmiz necədir? Daha doğrusu, İran kərgər təbəqəsinin vahid hizbi olan bu təşkilata münasibətiniz necədir? Mən cavab verirəm ki, biz özümüzü hizbdən ayrı hesab etmirik. Ona görə onlar da biz də eyni məqsəd uğrunda mübarizə edirik. Hər ikimizin düşməni eynidir. Hər ikimiz beynəlxalq imperializm və daxili irticaya qarşı, İran xalqlarının səadəti və İranın istiqlalı uğrunda mübarizə edirik. Eyni zamanda hər ikimiz eyni ideyaya malikik. Biz HTİ bütün tədbirlərinə tərəfdar çıxırıq və onların həyata keçirilməsini arzu edirik.

Mən dediklərimə əlavə etdim ki, düşmənin təhrikilə bir may nümayişində dok. Kəşavərzinin başını sındırıblar. Biz onun da qisasını almaq fikrindəyik. Doğma firqəmizin ildönümü günü düşmən bizə bir neçə yerdən xüsusilə Qəzvin və Kərəc nahiyyələrindən güclü həmlə etdi. Mən göstəriş verdim ki, fədailərimiz geri çəkilməsinlər. Mən fədailərimizlə müstəqimən əlaqə saxlamaqla yanaşı, Pişəvəriyə də zəng edib, əhvalatı demək istədim. Dedilər ki, iclasdadır. Xahiş etdim ki, mümkün olsa onu telefona çağırsınlar. Təbrizdən dedilər ki, o cələsədə məruzə edir. Bir qədərdən sonra, daha doğrusu, cələsə qurtarandan sonra Pişəvəri telefonla mənimlə danışıb, firqəmizin yaradılması günü münasibətilə bizim hamımızı fədailərimizi, qızılbaşları, fədai başçılarını, qızılbaş qoşun əfsərlərini, bir sözlə bütün yoldaşları bu əziz bayram münasibətilə təbrik etdi. O eyni zamanda soruşdu ki, biz nə ilə məşquluq, fırqənin bu tarixi gününü necə təşkil etmişik, fədailər bayramı necə qeyd edirlər. Mən ümumi vəziyyətimiz haqqında qısaca məlumat verdikdən sonra dedim ki, düşmən iki istiqamətdə bizə basqın etmiş və fədailərimiz qəhrəmancasına düşmənlə vuruşurlar. Mən Pişəvəriyə dedim ki, indi özüm də oraya yola düşürəm. O dedi ki, mən hazıram ora gələm və bir fədai kimi fədailərimizlə çiyin-çiyinə düşmənə qarşı vuruşam.

Mən Pişəvərini xətircəm etdim ki, bizim fədailərin düşmənə gücü çatar. Onları geri oturtmağa hər cür imkanımız var. Pişəvəri bizə müvəffəqiyyətlər arzu etməklə bir də tapşırdı ki, düşməni geri oturdarkən sərhəd məsələsini yaddan çıxarmayıb, sərhəddi gözləyək. Pişəvəri bir də qeyd etdi ki, onun adından fədailərə salam yetirim. Mən əlavə etdim ki, ADF MK adından hədiyyə də verək. Pişəvəri bu işə də öz razılığını bildirdi.

Mən yoldaşların yanına getdim, bir qədər əməliyyatdan sonra düşməni zorla geri çəkilməyə məcbur etdik. Düşmən təlafata uğradı, ölən və yarananlardan başqa 12 nəfər də əsir alındı. Mən fədailərə belə qəhrəmanlıqları müqabilində ən qiymətli mükafat kimi Pişəvərinin salamını yetirdim. Bu da yoldaşların böyük ruh yüksəkliyinə səbəb oldu. Mən Pişəvərinin göstərişinə əməl edərək, firqənin ildönümü münasibətilə hər fədaiyə 5 tümənlik şirni bayramlıq verilməsi barədə göstəriş verdim. Biz də fədailər adından bayram münasibətilə Pişəvəriyə bir savari maşın göndərdik. Fədailərin öz rəhbərinə cəbhədə daim vuruşmada olmalarına baxmayaraq, savari maşın göndərmələrinin böyük təsiri oldu.

Qeyd edilməsini lazım bildiyim hadisələrdən biri də Tehran hökuməti ilə razılaşma əsnasında Azərbaycanın bir hissəsini, dəqiq desək, Xəmsə mahalını, tərkibində Zəncan da olmaqla Mərkəzi Tehran hökumətinə təhvil verilməsi idi. Məni Təbrizə çağırıb, bildirdilər ki, biz Zəncanı mərkəzi Tehran hökumətinə təhvil verməliyik, özü də bu tədbir hələlik birtərəfli həyata keçirilirdi. Daha doğrusu, Tehran hökumətinin bizə verilməsini nəzərdə tutulmuş nahiyyə bizə verilmədən Xəmsə Tehran hökumətinə verilirdi. Bu tədbir haqqında Azərbaycanın ustandarı kimi Salamulla Cavid razı idi. Bu işi mənim vasitəmlə icra etmək istəyirdilər. Həqiqətən mən özümü çox çıxılmaz vəziyyətdə hiss etdim. Hər qarışı uğrunda Azərbaycan oğullarının qanı axıdıldığı torpağın indi hamısını birdən-birə dünənə qədər vuruşduğumuz düşmənə təhvil verməyi, orada yaşayan bacı və qardaşlarımızı öz əlimizlə düşmənin əsarəti altına verməyi mənə həvalə edirdilər.

Mən Pişəvəridən xahiş etdim ki, əgər bu iş hökmən icra edilməlidirsə, məni oxumağa göndərmək adı ilə işdən azad edin. Bunu da əlavə edib, Pişəvəriyə dedim ki, mən istefa verib, işdən kənara çəkilsəm, təsiri yaxşı olmaz. Ancaq oxumağa getmək adı ilə işdən kənar edilsəm, onda hər halda pis olmaz. Mənim təkidimi görən Pişəvəri işdən çəkilməyimin əsl səbəbini soruşdu və xahiş etdi ki, onunla lap açıq danışam. Mən açıq söhbətə başladım və dedim ki, siz ümumi rəhbər, fırqə və hökumət başçısı, eyni zamanda külli fərmandeh kimi bir cür göstəriş verirsiz, dok. Cavid də ustandar kimi başqa cür, bəzən sizin göstərişinizin əksi olan başqa göstəriş verir. Mən kimin göstərişini özü də necə və nə cür yerinə yetirməkdə çox çətinlik çəkirəm. Açığı desəm mən özüm də o qüvvəni hiss etmirəm ki, sizin aranızda yaranmış qeyri-adi vəziyyətin öhdəsindən gələ bilim. Daha doğrusu, mən kimin göstərişini yerinə yetirməli olsam, digərinə qarşı çıxmış olacağam. Başqa sözlə, birinin lehinə olduğum halda, özü- özlüyündə digərinin əleyhinə çıxmış olacağam. Hər halda hər ikinizin göstərişinə qulaq asmayıb, öz bildiyim kimi hərəkət etməyin də indi vaxtı deyil. Bu iş məsləhət də deyil. Onu da deyim ki, mən heç vaxt belə hərəkət etmək fikrində də deyiləm.

Mən məsələni tam açıqlığı ilə Pişəvəriyə söylədikdən sonra o mənə məsləhət gördü ki, N.Q. yoldaşla görüşüm. Mən bu məsləhətin artıq olmasını söylədim. Pişəvəri bir də təkid etdi ki, mən çox vacib bir məsələdən danışıram, o yoldaşla görüşməyim məsləhətdir. Mən Pişəvərinin israrına əsasən həmin yoldaşla görüşdüm, onunla da bir qədər açıq söhbət edib, vəziyyəti, daha doğrusu, heç növ müsbət nəticə verə bilməyəcək vəziyyət haqqında danışdım. O, məsləhət gördü ki, bir də sabah saat 7-də görüşək. Razılaşdığımız vaxt onlara getdim. Pişəvəri, Şəbüstəri, Cavid, Badiqandan başqa H.H. və M.İ. da orada idilər. Qonaqlıq üçün möhkəm hazırlıq görülmüşdü. Mizin üstə hər şey var idi. Məclis açıq elan edildi. Möhkəm söhbət başlandı. Bir-birinin ünvanına mehriban tostlar deyildi. Bir sözlə, çox səmimi dostluq məclisinə xas olan atmosfer hökm sürürdü. Mənim də sağlığıma tost demək növbəsi gəlib çatdı. Sağlığıma deyilən tost nuş edildikdən sonra dedim: "Bugünkü qonaqlığın səbəbi aydın olmasa da hər halda səbəbkarı mənəm. Sizin belə “zəhmətə” düşmənizin səbəbkarı mən olmuşam. Mən belə hərəkət etməyə məcbur idim. Çünki çıxılmaz vəziyyətdə qalmışam". Hamının nəzər-diqqəti mənə cəlb edildikdən sonra məsələni tam açıqlığı ilə, lakin bir qədər qısa şəkildə dedim. Mən açıq dedim ki, onların arasındakı qeyri-adi vəziyyətlə işləmək olmaz. Bir tərəfdən düşmən hücum edir, digər tərəfdən sizin aranızda olan qeyri-səmimi atmosferin arasında qalmışam. Daha doğrusu, sonu görünməyən təzyiq altındayam. Hər iki tərəfdən məngənə sıxır. Orasını da deyim ki, məngənənin düşmən tərəfi ilə bacarmaq, onun öhdəsindən gəlmək, ona cavab vermək mənim üçün məngənənin digər tərəfindəki təzyiqə tab gətirməkdən daha asandır. Mənim çıxışımdan sonra mübahisələr başlandı və bir az bundan qabaqkı səmimi tostlardan əsər-əlamət belə qalmadı. Mübahisələrin yekunu bir-birinə söz vermək, bundan sonra daha mehriban olacaqları və başqa bu kimi “səmimi” sözlər və “mehriban” münasibətlərlə sona çatdı. Zahiri, formal-sakitlik yarandı, biri digərinə qarşı vəfadar olacaqlarına aid vədlərlə məclis sona çatdı.

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq cəbhəsi.- 2018.- 24 yanvar.- S.14.