Orfoqrafiyanın qızıl qaydası
AMEA-nın müxbir üzvü, professor,
Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat
şöbəsinin müdiri Kamran Əliyev “Orfoqrafiyanın
qızıl qaydaları” adlı məqalə
yazılıb.
Azərbaycan Milli Elmlər
Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik
İnstitutu tərəfindən hazırlanan "Azərbaycan
dilinin orfoqrafiya qaydaları" (bundan sonra "Qaydalar")
layihəsi yeni redaktədə və təkmilləşmiş
formada AMEA-nın Rəyasət Heyətində müzakirə
edildikdən sonra ədəbi-elmi ictimaiyyətə təqdim
edilmişdir.
"Qaydalar"ın belə
bir geniş miqyasda müzakirəsi ilk dəfə ötən əsrin
50-ci illərində əvvəlcə akademik Səməd
Vurğunun, ikinci dəfə isə akademik Mirzə
İbrahimovun sədrliyi ilə həyata keçirilmiş və
o dövr üçün mükəmməl bir orfoqrafiya
qaydaları hazırlanmışdır. Həmin vaxt qəbul
edilən "Qaydalar" Orfoqrafiya lüğətlərinin
bütün sonrakı nəşrlərinin (1960, 1975, 2004,
2013) əsası olmuşdur. Onu da əlavə
etmək zəruridir ki, "Qaydalar" ötən əsrin
50-ci illərindən sonra ilk dəfədir ki, belə bir
geniş müzakirəyə çıxarılır.
"Azərbaycan Respublikasında
dövlət dili haqqında" 30 sentyabr 2002-ci il tarixində qüvvəyə minən Azərbaycan
Respublikası qanununda Orfoqrafiya lüğətinin 5 ildə
bir dəfədən az olmayaraq nəşrinin təmin edilməsi
13-cü maddə ilə təsbit edilmişdir. Bu isə onu göstərir
ki, Orfoqrafiya lüğətinin müəyyən fasilələrlə
və vaxtaşırı buraxılması Dövlət
sifarişidir və "Azərbaycan dilinin orfoqrafiya
qaydaları" ilə bağlı yeni layihənin müzakirəyə
çıxarılması da yeni Orfoqrafiya
lüğətinin buraxılması haqqında Dövlət
sifarişinin tələblərindən irəli gəlir.
Tarixi təcrübə göstərir
ki, ictimai həyatdakı yeniliklərin dilin lüğət tərkibinə
təsirinin mövcud dil qaydalarına nə dərəcədə
cavab verib-verməməsinin müəyyənləşdirilməsinə,
dilçiliyin digər bölmələri ilə müqayisədə
daha çox dəyişikliyə məruz qalan leksikadakı
yeniliklərin yazı qaydalarına uyğunluğunun dəqiqləşdirilməsinə
və alınma sözlərə nəzarətin güclənməsinə,
eyni zamanda, mövcud qaydaların yenidən təhlilinə həmişə
ehtiyac duyulmuşdur. Müzakirəyə təqdim
olunan "Azərbaycan dilinin orfoqrafiya qaydaları" layihəsini
birinci növbədə məhz bu cəhətlərə
görə dəyərləndirmək vacib və zəruridir.
Dil canlı bir orqanizmdir. Hər
hansı bir sözün, yaxud sözün dəyişilmiş
variantının qəbul edilib-edilməməsi daha çox
dilin özündən asılıdır. Xatırlatmaq
yerinə düşər ki, ötən əsrin 90-cı illərində
əksər ziyalılar türk dillərinin bazasında yaranan
"bilgisayar" sözünün işlədilməsinə
daha çox çalışırdılar. Elə o vaxtlar "kompüter" sözü də
dövriyyəyə daxil edildi. İndi
artıq bu, reallıqdır ki, "bilgisayar" və
"kompüter" yarışında "kompüter"
qalib gəldi. Bunun əsas səbəbi gənclərin
ingilis dilinə və kompüterə marağı ilə
bağlıdır ki, əslində də qalib gələn
ingilis dilinə və kompüterə olan marağın vəhdəti
idi. Dil isə öz növbəsində bu
gün belə "kompüter" sözünün
üstünlüyünü qoruyub saxlamaqdadır.
Layihədə diqqəti daha
çox cəlb edən məsələrdən biri indiki
"Qaydalar"ın əvvəlkilərlə münasibətinə
aiddir. Müəyyən sözlər yaddaşlarda möhkəmləndiyinə
görə onlara olan baxışın dəyişilməsi
haqlı olaraq bir çox suallar doğurur. Məsələn, "alqı-satqı"
sözü bu qəbildəndir. Aydınlıq
üçün qeyd edim ki, 1960-cı il
Orfoqrafiya lüğətində bu söz
"alğı-satqı" formasında yazılıb. Yəni konkret olaraq "al" söz kökünə
"ğı" şəkilçisi artırılıb.
Həmin söz Orfoqrafiya lüğətinin 2004-cü il nəşrinə daxil edilməyib.
Lüğətin 2013-cü il nəşrində
isə yeni variant - "alqı-satqı" forması meydana
çıxıb. Layihədə isə 1960-cı il variantına qayıdılaraq 43-cü maddədə
"alğı-satqı" yazılıb. Göründüyü
kimi, sözün tarixi mənzərəsi də müəyyən
çətinliyin mövcudluğunu nəzərə
çarpdırır. Bəs yeni layihə
müəllifləri bu sözdən yan keçə bilməzdilərmi?
Əlbəttə, yan keçə bilərdilər: ya əvvəlki
variantı saxlayardılar, ya da müzakirəyə
çıxarmadan həmin sözü lüğətin nəşrində
sakitcə kənara qoya bilərdilər. Amma mövcud
lüğətdə işləndiyi kimi
"alqı-satqı" sözünün yeni iqtisadi
münasibətlər sistemində xüsusi yerinin olması
layihə müəlliflərinin obyektiv mövqe
tutmasının əsasını təşkil etmiş və
onlar ən doğru variantı seçmişlər:
alğı-satqı. Doğruluq ondan ibarətdir ki,
sözün al(maq) kökü cingiltili
samitlə qurtardığına görə ona [ğı]
şəkilçisi, sözün sat(maq) kökü kar samitlə
qurtardığına görə ona [qı] şəkilçisi
artırılmışdır. Müqayisə et:
vurğu, durğu; yaxud: qatqı, basqı.
"Qaydalar" müəyyən
edilən normalara dilçilik elminin tələbləri
baxımından yanaşmağı zəruri edir. Əks təqdirdə
irəli sürülən müddəalar havadan asılı
formada qala bilər. Nümunə üçün qeyd
edim ki, layihənin 14-cü maddəsində eyni tipli digər
sözlərlə müqayisədə "vitse"
sözündəki "ts" hərf birləşməsinin saxlanması nəzərdə
tutulur. Belə bir dilçilik mövqeyi onunla
bağlıdır ki, "vitse" sözündəki
"t" səsinin ixtisarı həmin sözü
"vise" formasına salır, bu isə söz məxrəcinin
tamamilə itməsi deməkdir. Layihədə "vitse"
sözündəki "ts" hərf birləşməsinin saxlanması da həmin elmi
prinsipə əsaslanır. Buna nəzərən
"lisey" sözü barədə də şəxsi-subyektiv
fikir söyləmək mümkündür. Yəni demək
olar ki, təhsil ocağının adı kimi qəbul edilən
"lisey" sözünün tələffüzü
zamanı söz elə bil ağızdan sürüşüb
düşür, "litsey" variantında isə tələffüz
yüksələn ton qazanır. Sözün
"litsey" forması həmin tipli məktəblərə
və ümumiyyətlə, təhsilə olan marağı
artırmaq gücünə və enerjisinə malikdir. Hətta
quraşdırdığım bu cür gözəl, cəlbedici
sözlər belə "litsey" variantına
qayıtmağa imkan vermir, ona görə ki, bu sözdəki
"t" səsinin ixtisarı söz məxrəcini qətiyyən
itirmir. Yəni dilçilik qaydası
"litsey" barədə quraşdırdığım
gözəl sözlərə üstün gəlir.
Yeni "Qaydalar"da bəzi
sözlərin 2013-cü ildən də əvvəlki yazı
formasına qaytarılması təklif olunur. Bu da təbiidir,
çünki təklif olunan sözlər dəyişiklik
müddətində aidiyyatı olan tədris müəssisələrində,
ayrı-ayrı obyektlərdə, idarə və təşkilatlarda, daha çox da kütləvi
informasiya vasitələrində özünə kifayət qədər
yer tuta bilmədi, bu isə o deməkdir ki, dil həmin dəyişiklikləri
qəbul etmədi. Belə ki, "Qaydalara" görə
sonuncu orfoqrafiya lüğətində özünə yer
tutan "metafor", "profilaktori", "sanatori" sözlərindən
"metafora", "profilaktoriya", “sanatoriya" sözlərinə
qayıdış geriyə deyil, irəliyə doğru
atılmış addım hesab edilməlidir. Ən azı ona
görə ki, "metafor", "profilaktori", "sanatori" sözləri tələffüzdə
sanki məlum alınma sözün başqa bir alınma
sözə çevrilməsinə bənzəyir.
Sözün "metafor" forması "metafora" ilə
müqayisədə dilə yatımlı olmadığına
görə orta məktəblərdə bədii təsvir və
ifadə vasitələri ilə bağlı mövzunun tədrisində
həmin termindən imtina etmək halları baş verdi, o tipli testlər də qəbul
imtahanlarından çıxarıldı. Sözün
"sanatori" forması o cür müəssisələrə
yerli sakinlərin və turistlərin gəlməsinə müəyyən
qədər maneə olduğuna görə həmin müəssisələr
təbliğat bülletenlərində SPA variantına
üstünlük verdilər. Yazıda və
şifahi nitqdə işlədilməsi məcburiyyət kimi nəzərdə
tutulan "profilaktori","sanatori" sözlərinin
sonluğu da bizim dilimizin tələffüz qaydalarına
tamamilə ziddir. Müəyyən bir
sözün dilimizin tələffüz qaydalarına uyğun gəlməməsi
indiyə qədər dilimizdə bu cür örnəklərin
olmaması ilə də əlaqədardır. Yəni orfoqrafiya və orfoepiyadakı müəyyən
dəyişikliklər zamanı dildə mövcud və
oxşar nümunələrin olması şərti çox
vacibdir. Başqa sözlə, hər
hansı bir dəyişikliyin dil tərəfindən qəbul
edilməsi həmin dildə olan oxşar örnəklərə
də bağlı məsələdir. Nəhayət,
bu, dilin canlı orqanizm olması anlamına da gəlir.
Dünyada bütün dillərin
lüğət tərkibi milli və alınma sözlərin məcmusundan ibarətdir.
Dilimizin keyfiyyətini milli sözlərin təyin
etməsinə baxmayaraq, dilimizdə də əsl Azərbaycan
sözləri ilə alınma sözlər yanaşı
işlənir. Ona görə də
"Qaydalar"da alınma sözlərin dilimizə daxil
olması zamanı baş verən dəyişikliklər
aydın şəkildə öz həllini
tapmışdır. Layihədə
ayrıca "izahat vərəqi" olmadığından
"mənbə dil" ifadəsinin tez-tez xatırlanması
izahat xarakteri daşıyır. Eyni zamanda,
alınma sözlərə başqa dilin nümunələri
kimi həm diqqətlə yanaşılır, həm də
dilimizin qayda-qanunlarının aparıcı mövqedə
olması şərti qorunub saxlanılır. Layihədə
dilimizin aparıcı mövqeyi aşağıdakı
müddəalarda və formalarda təmin edilmişdir:
1. Mənbə dildən fərqli
olaraq bir qism alınma sözlərə yalnız bizim dilə
aid olan [ü] saitinin artırılması (məsələn:
bülleten, jüri, kompüter, uvertüra);
2. Sonu [a] saiti ilə bitən
alınma sözlərdə [a] saitinin düşməsi (məsələn:
anket, fonem, kaset, reklam);
3. Mənbə dildə tərkibində
[ll], [nn], [pp] qoşa samitləri olan alınma sözlərdə
samitlərdən birinin ixtisarı (məsələn: paralel,
ton, qrup;)
4. Mənbə dildə sonu qoşa
samitlə bitən iki və ya çoxhecalı sözlərin
bir samitlə yazılması (məsələn: hüsnxə
t, kiloqra m, meta l, sərhə d);.
5. Mənbə dildə sözlərin
sonunda işlənən qoşa [ss] samitindən birinin ixtisarı (məsələn:
ekspres, konqres, stres);
6. Mənbə dildə söz
ortasında qoşa [ss] samiti olan sözlərdə bir [s] hərfinin
yazılması (masaj, pasaj, şose);.
7. Mənbə dildə tərkibində
qoşa [m] samiti olan və sonu [a] saiti ilə bitən sözlərin
bir [m] hərfi ilə yazılması (proqram, stenoqram, teleqram).
İndiyə qədər
orfoqrafiya qaydalarının müəyyənləşməsində
üç prinsip - fonetik, morfoloji və tarixi-ənənəvi
prinsip mövcuddur və orfoqrafiya qaydalarının tərtibində
bunlar həmişə əsas götürülür. Düzgün
yazı qaydalarının əsas fəlsəfəsi isə
oxu ilə yazını bir-birinə
yaxınlaşdırmaqdır. Orfoqrafiya ilə
orfoepiyanın qarşılıqlı münasibətlərini
də daha çox onları bir-birindən uzaqlaşdıran,
bir-biri ilə "yadlaşdıran" müddəalar deyil,
bir-birinə yaxınlaşdıran, bir-biri ilə
doğmalaşdıran qaydalar təmin edir. Bu qaydalar isə mövcud üç prinsipdən
birinə - fonetik prinsipə əsaslanır. Fonetik prinsip orfoqrafiyanın qızıl
qaydasıdır.
"Əsl Azərbaycan sözlərinin
yazılışı" və
"Alınma sözlərdə saitlərin
yazılışı" bölmələrindəki 13 maddənin,
demək olar ki, hamısı tələffüz qaydalarına nəzərən
formalaşdırılmışdır. Bu, sözlərin
yazılış qaydalarına aydınlıq gətirmək istəyindən və
orfoqrafiyanın tələffüzlə yazının sıx əlaqələri
zəminində formalaşması müddəasından irəli
gəlmişdir.
Bu gün adamların yazı
zamanı çoxlu səhvlər etdiyi barədə şikayətləri
tez-tez eşidirik. Hətta orta məktəblərdə və
qəbul imtahanlarında esse yazmaq tələbinin meydana çıxması
yazı zamanı çoxlu səhvlər
buraxılmasının qarşısını almaq məqsədi
daşıyır. Məgər uzun illər
orta məktəblərdə imla, ifadə və inşa yazan
şagirdlərin yazılarında orfoqrafik səhvlər
olmurdumu? Yaxud esse yazmaqla bu məsələni
köklü şəkildə həll etmək mümkündürmü?
Bu sualların cavabı da yenə orfoqrafiya
qaydalarına gedib çıxır. Yazı
zamanı buraxılan səhvlərin köklü şəkildə
aradan qaldırılması üçün ən
mühüm yol tələffüzlə yazı
arasındakı fərqlərin aradan qaldırılması,
yaxud da bu fərqlərin minimuma endirilməsidir. Həmçinin, bu yol mərhələli orfoqrafiya
islahatına aparan yoldur.
Layihənin 37-ci maddəsində
fonetik prinsip açıq şəkildə elan edilmişdir:
"Əvvəlki orfoqrafiya lüğətlərində tərkibində
- iyyat, - iyyət və - iyyə şəkilçisi olan
sözlər qoşa yy samiti ilə yazılmışdır. Hazırda həmin sözlər bir [y] ilə tələffüz
olunur. Buna görə də fonetik prinsipə
əsaslanaraq tərkibində həmin şəkilçilər
olan sözlərin bir y ilə yazılması məqsədəuyğun
sayılır. Məsələn: cərrahiyyə - cərrahiyə,
dövriyyə - dövriyə, ədəbiyyat - ədəbiyat,
fəaliyyət - fəaliyət, maliyyə - maliyə ,
üslubiyyat - üslubiyat və s".
Bir cəhəti nəzərə
almaq vacibdir ki, irəli sürülən təklif ərəb
dilndən alınan "iyyat",
"iyyət" və "iyyə" şəkilçilərinin
(məhz şəkilçilərinin!) tərkibində olan
qoşa "yy" samitinə aiddir və bu şəkilçilər
də digər alınma şəkilçilər kimi dilimizdəki
alınma sözlərə artırılır. Məsələn,
"iqtisad+iyyat", "ədəb+iyyat", "zehin+iyyət"
(zehniyyət), "ədl+iyyə" tipli sözləri
kök və şəkilçiyə ayırdıqda bu, tam
aydınlığı ilə görünür. Yəni qoşa "yy" samitinin birindən imtina
sözdəki yox, şəkilçidəki samitdən imtina
deməkdir. "Xəyyam", "Səyyad", "səyyarə",
"niyyət", "hədiyyə" kimi sözlər
yalnız kökdən ibarətdir və onlarda qoşa
"yy" samitli şəkilçiyə rast gəlinmədiyinə
görə həmin qayda layihədə göstərildiyi kimi,
bu tipli sözlərə qətiyyən aid edilə bilməz.
Yaxud "qafiyə", "saniyə", "mərsiyə"
kimi sözlər düzəltmə olmadığına
görə "iyə" hissəsi
söz kökünün tərkibindədir və "iyyə"
şəkilçisi ilə heç bir
bağlılığı yoxdur, deməli, həmin qayda bu
tipli sözlərdən tamamilə kənardadır.
Məsələnin məğzinə
gəldikdə isə
layihədə qoşa "yy" samitindən
birinin ixtisarı ilə bağlı təklif birbaşa
orfoqrafiyanın qızıl qaydasına aiddir və həmin
maddənin dilçi mütəxəssislər, bu sahə ilə
bağlı olan peşəkarlar tərəfindən qəbul
edilməsi, şübhəsiz, bununla əlaqədardır. Hətta
belə düşünmək olar ki, layihədə həmin
maddənin yerinə tələffüzdə iki sait arasına
"y" səsinin daxil
olduğu "ayilə", "Nayilə" tipli sözlərin
yazılışının tələffüzdəki kimi qəbul
edilməsi təklifi irəli sürülsəydi, müəyyən
şərtlər daxilində həmin maddə də əksər
mütəxəssislər tərəfindən bəyəniləcəkdi.
Çünki orfoqrafiya üçün fonetik
prinsip əsasdır.
Yazı zamanı şəkilçinin
tərkibində olan qoşa "yy" samitindən birinin
ixtisarı ilə bağlı təklif o demək deyildir ki,
bu, müxtəlif sözlərin tərkibində olan
bütün qoşa samitlərə (məsələn, dd, bb,
kk, qq və s.) şamil edilməlidir. Həmçinin, bu, o da demək
deyildir ki,
bütün sözlərin tələffüzdə
müşahidə olunan normalarını məhz elə indi
yazıya gətirmək lazımdır; belə bir
düşüncə tərzi konkret elmi yanaşmanın
prinsiplərinə tamamilə ziddir.
Layihənin 37-ci maddəsində
irəli sürülən təklif dilimizlə bağlı gələcək
bir çox hadisələri də işarələyir. Əslində, bu maddə ilə
orfoepiya ilə orfoqrafiya arasındakı fərqləri
mümkün qədər aradan qaldırmaq, onları bir-birinə
daha da yaxınlaşdırmaq, Azərbaycan dilinin başqa dillərdə
danışanlar tərəfindən öyrənilməsini
asanlaşdırmaq, yazı mədəniyyətini inkişaf
etdirmək, yazı prosesində buraxılan səhvləri
minimuma endirmək, dilə olan sevgini gücləndirmək kimi
ali məqsədlərin anonsu verilir.
Elə buradaca layihədəki
22-ci maddəyə də aydınlıq gətirmək
lazımdır. Bu maddədə diqqət
əskər, əskinas, İskəndər, işkəncə
kimi sözlərin elə o şəkildə yazılması təklifinə
yönəldilmişdir və həmin sözlərin dilimizdə
məhz tələffüzlərinə əsasən indiyədək
"g" hərfi ilə yazılması məqsədəmüvafiq
hesab edilmir. Beləliklə, 22-ci maddə uzun
müddət fonetik prinsipin bərqərar olduğu sözlərin
həmin prinsipdən təcrid edilməsi anlamına gəlir.
Əlavə olaraq son dörd orfoqrafiya lüğətində,
təxminən 60 ildir ki, həmin
sözlər "g" hərfi ilə yazılır, məsələn:
İsgəndər, əsgər. Belə olduqda orfoqrafiyanın
həm fonetik, həm də tarixi-ənənəvi prinsipləri
birləşərək Nizami Gəncəvinin "İsgəndərnamə" poeması və
mübariz Azərbaycan əsgəri tərəfindən
çıxış edir.
"Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın layihəsi indiki halda elmi düşüncəni ifadə edən mətndir - əsərdir. Bu mətn Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edildikdən sonra rəsmi bir sənədə çevriləcək və oradakı müddəalar həm geniş miqyasda, həm də illər boyu öyrəniləcəkdir. Ona görə də "Qaydalar"a daxil edilən nümunələr də müəyyən prinsip əsasında və son dərəcə diqqətlə seçilməlidir. Aparıcı prinsip nümunələrin əlifba sırası ilə düzülüşüdür ki, mətndə buna tam şəkildə əməl edilmişdir. Məsələn: addım, dəniz, gəlin, günəş, qoşun, oğul və yaxud: bulud, palıd, söyüd və yaxud da: ilan, ildırım, ilğım, ilxı, ilıq, inanmaq, işartı, işıq.
Nümunələrə gəldikdə isə bunları qaydaya müvafiq olaraq dildəki uyğun gələn ixtiyari sözün seçimi kimi başa düşmək doğru deyil. "Qaydalar" ayrıca bir mətn - əsər səciyyəsi daşıdığına görə oraya daxil edilən nümunələr xalqın düşüncəsini, psixologiyasını, həyat tərzini, arzu və istəklərini ifadə edə bilmək gücünə malik olmalıdır. Bu nümunələrə yazı normaları ilə xalq təfəkkürünün vəhdətini nümayiş etdirən ötürücü vasitə kimi baxılmalıdır. Məsələn, müharibə şəraitində yaşadığımıza görə "Qaydalar"ın mətninə müvafiq maddələrə uyğun olaraq "general", "qoşun", "tüfəng", "avtomat" kimi sözlərin daxil edilməsi son dərəcə təqdirəlayiqdir.
Həmçinin, "Qaydalar"da müasir dövrümüzlə bağlı olan neologizm xarakterli sözlərin nümunələrə daxil edilməsi layihənin əhəmiyyətini xeyli dərəcədə artırır. Məsələn: tütor, əmlak, kollec, veb-sayt, vindos, vörd və s. Müstəqillik dövründə demokratiyanın inkişafı ilə əlaqədar olaraq senzuradan yaxa qurtardığımıza görə söz köklərində samitlərin yazılışına aid 14-cü maddədə nümunə kimi verilmiş "senzura" sözünü də mətndən çıxarmaq daha məqbul hesab edilə bilər.
"Azərbaycan
dilinin orfoqrafiya qaydaları" layihəsi dilimizə daha
böyük diqqət və qayğı ilə yanaşmaq, bu
dilin keşiyində durmaq, səmərəliliyini
artırmaq, onu müxtəlif
vasitələrlə inkişaf etdirmək, yad təsirlərdən
qorumaq, and yerinə çevirmək kimi vəzifələri
yenidən gündəmə gətirir. Hər bir xalq, hər
bir millət öz dilinin gücünü bildikdə daha
qüdrətli olur.
Kamran
ƏLİYEV
AMEA-nın
müxbir üzvü, Əməkdar elm xadimi
Xalq cəbhəsi.-
2018.- 24 yanvar.- S. 4-5.