Qulam Yəhyanın xatirələri

 

Göz yaşlarımı saxlaya bilmədim, deməli, ən aciz adamlar kimi gözümün yaşı axa-axa fədailərlə, ölüm səngəri yoldaşlarımdan ayrıldım…

 

9-cu yazı

 

Bu söhbətdən bir neçə gün sonra yenə də köhnə qayda özünü biruzə verməyə, köhnə atmosfer bərpa olmağa başladı. Belə ki, keçmişdəkilərdən bir qədər də irəli getmək oldu. Deyilməsini vacib bildiyim hadisələrədən biri də İran qoşununun Azərbaycana gəlməsi haqda razılıq əldə edilməsidir. Salamulla Cavid və Şəbüstəri məni təcili Təbrizə istədislər. Onlar məni birlikdə qəbul etdilər və ümumi təşrifatı hal-əhvaldan sonra mənə bildirdilər ki, İran qoşununun Azərbaycana gəlməsi haqqında razılıq əldə edilmişdir. Onların sözündən təqribən belə çıxırdı ki, mən İran qoşununun Azərbaycana (Zəncan və oradan da başqa yerlərə) gəlmələrinə maneçilik törətməməli və hətta onlardan istiqbal da gözləməliyəm. Onların sözü, demək tərzlərindən aydın idi ki, onlar bilirdilər mən belə bir “razılaşmaya” razı olmayacağam, ona görə də mənimlə bir qədər “ehtiyatla” və hər sözün mənasını “aydınlaşdıra-aydınlaşdıra” danışırdılar. Biri dediyini əksər halda dig əri “izah” edirdi. Xülasəsi bundan ibarət idi ki, İran hakimə heyəti İranda, o cümlədən Azərbaycanda XV dövrə məclisə seçkiləri tam “demokratik” üsulda keçirmək məqsədilə bu işi qoşuna həvalə ediblər. Ona görə ki, “xalq” tərəfindən seçiləcək nümayəndələr fədailərin “tüfəng zoru” ilə deyil, azad surətdə İran qoşununun nəzarəti altında seçilsinlər. Onlar mənim hərəkətimdən hiss etdilər ki, belə “razılaşmaları” Azərbaycanda “azad” seçki keçirilməsi və buna oxşar söhbətləri eşitməyə həvəsim yoxdur. Odur ki, söhbəti qısa etmək məqsədilə mənə bildirdilər ki, biz fədailəri buraxmalı, yalnız Zəncanda 300 nəfər fədai saxlamalıyıq. İran qoşununa öz vəzifəsini Azərbaycanda yerinə yetirmək üçün heç növ müqavimət göstərməməliyik. Bu əhvalat mənə elə deyildi ki, etiraz etmək və ya başqa bir fikir söyləməyə ehtiyac qalmırdı. Söhbətimizin nəticəsi bununla tamamlandı ki, mən fəqət icra etmək “hüququna” malikəm.

Mənə şifahi göstərişin əvəzində kətbi (yazılı-red.) göstəriş tələb etdim. Onlar kətbi (yazılı-red.) sənəd verməkdən imtina etdilər və mən də əvəzində bildirdim ki, onların şifahi göstərişini yerinə yetirməyəcəyəm. Cavid dedi ki, biz səni vadar edərik, sən də tabe olarsan. İşin ciddiləşməsini görüb, mən soruşdum ki, siz məni belə bir işə necə məcbur edə bilərsiniz. Mən bununla onların məni məcbur edə biləcək vasitələrini bilmək istəyirdim. Cavid dedi ki, biz fədailərə xərc vermərik. Onda mən çox tez cavab verdim ki, biz xərcimizi taparıq, o, tez soruşdu ki, xərcinizi hardan taparsız? Mən söhbəti qısa etmək məqsədilə dedim ki, səni tutaram və səndən də xərcimizi alarıq. Söhbətimiz zahirən zarafat xarakteri daşısa da, əsl həqiqətdə biz biri-birimizlə “zarafatın” mənasını çox yaxşı bilirdik. Hər halda otaqda qeyri-adi atmosfer hökm sürürdü.

Onlar mənim orada olmağım barədə Pişəvəriyə xəbər verdilər. Pişəvəri ilə birlikdə Milli Məclisə gəldik. Pişəvəri Şəbüstəri ilə söhbətində dedi ki, Qulam Yəhya sizdən kətbi (yazılı-red.) sənəd istəməkdə haqqlıdır (orasın da deyim ki, Pişəvəri həmişə mənə “Qulam” deyə müraciət etdiyi halda Şəbüstəriyə “Qulam Yəhya” dedi). Şəbüstəri Milli Məclisin sədri kimi Zəncanın boşaldılması haqda məktubu imza edib, mənə verdi. Mən məktubu alandan sonra daha Zəncana getmədim. Müavinim Mürtəzəviyə göstəriş verdim ki, Zəncanda olan fədailəri Miyanaya müntəqil etsin. O da fədailərin Miyanaya gəlməsini təşkil etdi.

İran qoşunları Zəncana daxil olan kimi əhali ilə vəhşicəsinə rəftar etməyə başladılar. Açıq fikirli bir nəfər din xadimini ikimərtəbəli evin balkonundan yerə atdılar və onu faciəli surətdə öldürdülər. Bu hadisələrdən sonra Miyanaya getməli oldum. Miyana-Zəncan arasında bir neçə dəfə bərk toqquşmalarımız oldu. Fədailər İranın təpədən dırnağa qədər son modern silahla silahlanmış qoşununu geri oturmağa məcbur etdilər.

Biz yenidən Zəncana həmlə etməyə hazırlaşırdıq. Bu işə Kağızkunun mahalından başlamaq fikrində idik. İran qoşunu isə Kaflanqu istiqamətində Miyanaya basqın etməyə hazırlaşırdı ki, bizim bundan kifayət qədər xəbərimiz var idi. Biz onların planlarını pozmaq məqsədilə kaflangu körpülərini partlatdıq. Beləliklə, onların Miyanaya basqınlarının qarşısı alınmış oldu. Vaxtdan istifadə edib, hücum etmə vaxtımızı bir qədər surətləndirdik. Elə bu zaman Təbrizdən göstəriş verildi ki, heç bir əmələ əl atmadan Təbrizə hərəkət edək.

Mən bankın rəisini yanıma dəvət edib, ondan bankda nə qədər pul olmasını soruşdum. O bildirdi ki, bankda 280 min tümən pul var. Mən ondan soruşdum ki, həmin pullar kimindir. O, dedi ki, onun 80 min tüməni əhalinin və 200 min tüməni dövlətindir. Mən göstəriş verdim ki, bankın rəisinə rəsid verib, 200 min tüməni fədailərə xərc etmək üçün götürsünlər və qalan 80 min tümən isə xalqın pulu kimi bankda qaldı. Bizim vəziyyətmiz o qədər də yaxşı deyildi. Geri çəkilmək heç kəsin xoşuna gəlmirdi. Ümumiyyətlə, bir əsəbi mühit yaranmışdı. Bizim topların gülləsi olmadığına görə onları Təbrizə göndərdim. Bu özü də xoşagəlməz hadisə olmaqla, onsuz da əsəbi mühitin bir qədər də pisləşməsinə səbəb oldu.

Mən yaranmış vəziyyət haqqında Pişəvəri ilə danışmaq üçün Təbrizə getdim və evə dönmədən birbaşa MK-ya getdim. Pişəvəri yerində yox idi. Onun harada olmasını soruşduqda, oradakılar mənə çox təəccüblə baxdılar. Mən yenə də bir şey başa düşmədim. Mənim məqsədim necə olursa-olsun tez Pişəvəri ilə görüşüb, vəziyyətimizi ona demək idi. Bizim Təbrizə gəlməyimiz haqda ona göstəriş veriləndən sonra, sanki biz yaddan çıxmışıq, ehtiyaclarımızı öyrənən yox, bir sözlə, bizimlə maraqlanan yox idi. Bizim geri çəkilməyimizlə əlaqədar, harada dayanmalı, harada müdafiə xətti yaratmalı, ümumiyyətlə, nə edəcəyimizi bilmirdik. Nə hərbi sürsat, nə də ərzaqla təmin olunmağımız barədə düşünən yox idi. Ona görə də yeganə fikrim tezliklə Pişəvəri ilə görüşüb, bütün dediklərim haqqında ona məlumat verib, məsləhət və kömək almaq istəyirdim. Eyni zamanda Pişəvərilə tez görüşüb, tez fədailərin yanına qayıtmaq fikrində idim. Bu ayaqda onları tək qoymaq olmazdı.

Xülasə, MK-da Pişəvərinin yerinə Biriyanı və Vilaini gördüm. Qısaca söhbətdən aydın oldu ki, MK Biriyaya tapşırılıb. Bunu bilcək tez ayağa qalxdım, onlar mənə məsləhət gördülər ki, doktorla görüşüm, o qədər əsəbi idim ki, hansı doktorla görüşmək lazım olmasını belə onlardan soruşmadım. Oradan ustandarlığa getdim. Cavid yerində yox idi. Oradan doktor Səmədovun yanına getdim. General Pənahyan və Məhəmmədivənd Əbdülməcid orada idilər. Mən onlara dedim ki, MK-ya getsinlər, mən də oraya gəlirəm. Doktor ümumi vəziyyət haqqında qısa məlumat verdikdən sonra mənə məsləhət gördü ki, tezliklə Təbrizdən çıxıb gedim. Mən ona dedim ki, fədailəri qoyub heç yerə getmək fikrində deyiləm. Oradan çıxıb, müavinim Mürtəzəviyə zəng etdim ki, fədailəri Təbrizə gətirsin, eləcə də necə hərəkət etmək lazım gəlməsi haqqında qısaca telefonda danışdıq. Oradan evə getdim, gördüm ki, ailəmi aparmaq üçün maşın gətiriblər. Evdəkilər məni salamat gördükləri üçün çox sevindilər və təklif etdilər ki, ailəmlə birlikdə gedim. Mən dedim ki, onlar getsinlər mən də sonradan gələrəm. Mən fədailəri gözləyirdim ki, gəlib, Təbrizə çıxsınlar, onların təkliflərini müəyyən edək.

Evdən çıxıb, MK-ya getdim. Pənahyan və Əbdülməcidi orada görmədim. Orada Firudin İbrahimi ilə rastlaşdıq və ürəkdən dərdləşdik. Bu zaman dok. Cavid gəlib çıxdı. O, xahiş etdi ki, şəhərin əmin-amanlığını təmin edək. Bundan başqa dedi ki, bir zindana da baxmaq lazimdir. Yaranmış şayiələrə görə məhbuslar zindandan qaçıblar. Mən oradan zindana getdim, hər şey qaydasında idi. Zindan rəisi bizi görcək sevindiyindən ağladı. Mən ona tapşırdım ki, ayıq olsun, səhər yenidən görüşərik.

Oradan da hərbi məktəbə gəldim. Oradakılara da məsləhət gördük ki, hərə öz işində olsun. Mən Firudin İbrahimi ilə söhbətimdə ona dedim ki, sabah fədailər Təbrizə gələcəklər, o da bizimlə getsin görək axırı nə olur. O bir qədər narazı halda mənə dedi ki, yoldaşlar buradan gedərkən mənə təklif etmədilər ki, mən də onlarla gedim, ona görə də burada qalmaq istəyirəm. Mən ona dedim ki, yoldaşlar sənə getməyin haqda təklif etməyiblərsə, mən sənə təklif edirəm. Biz fədailərlə gedərik, mümkündür dağlarda qalmalı olduq, o zaman bizimlə birlikdə qalarsan. Hər halda o mənimlə getməyə razılıq vermədi və nə etmək istədiyini də bildirmədi. Onunla öpüşüb, ayrıldıq.

Səhər saat 6-da fədailər Təbrizə çatdılar. Artıq vəziyyət aydın idi. Biz Təbrizdən çıxıb, harasa getməli idik. Təbrizdə qalmaq olmazdı. Mən fədailərlə görüşdüm və istədim ki, vəziyyət haqqında onlara qısaca məlumat verim. Bunu edə bilmədim. Boğazım qəhərləndi. Dünənə qədər qələbə ümidilə və hücum məqsədilə yaşayan fədailərə bu gün geri çəkilmək, özü də nə üçün və hansı istiqamətdə, nədən ötrü geri çəkilməyimizi demək mənim üçün həyatımda deyə bilərəm ən çətin anlardan biri, bəlkə də əvvəlinci və sonuncu idi. Nəhayət, fədailərə təklif olundu ki, istiqaməti məlum olmayan səmtə kim mənimlə getmək istəyirsə, maşında otursun. Kim qalmaq və ya evlərinə getmək istəyirsə, 50 tümən də pul alıb getsinlər. Eyni zamanda bizimlə getmək istəməyib qalanlar silahlarını da istəsələr saxlaya bilərlər.

Yuxarıda qeyd etdiyim kimi, həyatımda çətin anlarım olub. Məni ilk dəfə Ərdəbildə zindana salarkən 200 şallaq vurublar, ölüm həddində tək kameraya salıblar, buradan salamat çıxmağıma naümid olduğum halda, nəinki qəhərləndim, hətta canımın ağrısını belə hiss etmirdim. Burada düşmənlə üz-üzə dayandığım üçün hər an onun acizliyinə qəhərlənmək yox, gülmək istəyirdim. Sonra 1944-cü ilin mart ayında İşlə kəndinə gedərkən İran və yerli irtica qüvvələri tərəfindən ölənə qədər döyülməyim, başımın kəsilməsi və yarımcan basdırılmağımın heç biri məni qəhərləndirə bilmədiyi halda, göz yaşlarımı saxlaya bilmədim, deməli, ən aciz adamlar kimi gözümün yaşı axa-axa fədailərlə, ölüm səngəri yoldaşlarımdan ayrıldım. Son görüşümüzdə onlara dedim ki, darıxmasınlar, yenə də vaxt gələr görüşərik, möhkəm olsunlar. Bu səhnəni heç vaxt yadımdan çıxara bilmədiyim və daim istədiyim vaxt gözümün önünə gətirə bildiyim halda, onu olduğu kimi təsvir etməyə söz tapa bilmirəm.

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq cəbhəsi.- 2018.- 25 yanvar.- S.14.