Qarabağ xanlığının tarixi ilə bağlı tədqiqatlar

 

Elm xadimləri qarşısında duran vəzifələrdən biri də ermənilərin sərsəm torpaq iddialarının əsassız olduğunu elmi faktlarla isbat etməkdir

 

3-cü yazı

 

Zemfira Hacıyevanın araşdırmasında vurğulanır ki, aktlardakı bir çox sənədlər Qarabağ xanlığı əhalisinin sayı, etnik-dini tərkibi, əhalinin təsərrüfat fəaliyyəti, bölgənin inzibati-ərazi sistemi, vergi və mükəlləfiyyətlərin müxtəlif növləri və həcmi haqqında zəngin məlumatlar verir. XIX əsrin 80-ci illərində nəşr olunmuş «Zaqafqaziya dövlət kəndlilərinin məişətini öyrənmək üçün materiallar» adlı toplu da Qarabağ xanlığının tarixini öyrənmək üçün müəyyən əhəmiyyətə malikdir: "Mövzunu öyrənmək üçün şübhəsiz, mühüm mənbələr arasında tarixşünaslığa «Qarabağnamələr» adı ilə daxil olmuş əsərləri qeyd etməmək olmaz. Bunlardan ilki və həm də ən əhəmiyyətlisi Mirzə Adıgözəl bəyin «Qarabağnamə»sidir (1845-ci il).

Mirzə Adıgözəl bəyin əsərində Qarabağın 1736-cı ildən 1828-ci ilə qədərki siyasi tarixi təsvir olunub. Müəllifin uzun müddət rus xidmətində olması, təbii ki, hadisələrin işıqlandırılması səciyyəsinə təsir etməyə bilməzdi. O, bu əsərin Qafqaz canişini M.S.Vorontsova təqdim ediləcəyini də nəzərə alıb. «Qarabağnamə»də Mirzə Adıgözəl bəy Nadir şahı idealizə etsə də, onun Ziyadoğulları nəslindən olan Gəncə bəylərbəyinə qarşı qərəzli münasibətini gizlətməyib. Müəllif Qarabağ xanlığının banisi Pənahəli xanı da səciyyələndirib və bir sıra hallarda tarixi təhriflərə yol verib. Əsərdə Pənahəli xanın urmiyalı Fətəli xan Əfşara məğlubiyyətindən sonra xanın öz böyük oğlu İbrahimxəlil ağanı girov göndərməsi hadisəsini müəllif Pənah xanın xeyrinə yozmağa çalışır, hətta iddia edir ki, guya Fətəli xan İbrahimxəlil ağanı xəyanət və aldatmaq yolu ilə əsir alıb".

Maraqlı cəhətlərdən biri də budur ki, Mirzə Adıgözəl bəy rəsmi rus tarixşünaslığının mövqeyini kor-koranə müdafiə etmir. O, mayor Lisaneviçin İbrahimxəlil xanı ailəsi ilə birlikdə xaincəsinə və qəddarlıqla öldürməsinə mənfi münasibətini ifadə edə bilməsə də, hər halda rəsmi tarixşünaslıqda olduğu kimi, xanı xəyanətdə də günahlandırmır və bu barədə susmağı üstün tutur. Əsərin XVIII yüzilin hadisələrini təsvir edən hissəsi isə daha çox hekayə səciyyəsi daşıyır, çünki müəllifin özünün də etiraf etdiyi kimi, bu hadisələr haqqında məlumatı o, əsas etibarı ilə qocaların ixtilatlarından alıb. Müəllifin müasiri olduğu XIX əsrə dair hadisələrin təsviri isə ilk mənbə-sənəd səciyyəsi daşıyır. Mirzə Adıgözəl bəy Qarabağ xanlığının sosial-iqtisadi, inzibati quruluşuna ayrıca fəsillər həsr etməsə də, öz əsərində xanlığın siyasi tarixinin şərhilə bağlı, bir sıra hallarda xanlığın mahallara bölgüsü, hər mahalın təbii sərvətləri, əhalinin ödədiyi vergi və mükəlləfiyyətlər, xan idarəçiliyi haqqında qiymətli məlumatlar verir: "Qarabağ xanlığının tarixinə dair ikinci mühüm əsərin müəllifı İbrahimxəlil xanın, daha sonra Mehdiqulu xamn vəziri olmuş Mirzə Camal Cavanşirdir. 1847-ci ildə Mirzə Camal Vorontsovun tapşırığı ilə fars dilində «Tarixi-Qarabağ» («Qarabağ tarixi») əsərini yazıb. Həm xanlıq, həm də Rusiya üsuli-idarəsi dövründə idarəçilikdə iştirak etdiyi üçün müəllifın bilavasitə müşahidələri əsasında verdiyi məlumatlar çox qiymətlidir.

Şair Mir Mehdi Xəzaninin Azərbaycan dilində yazılmış "Qarabağın tarixi" əsəri də qiymətli mənbədir. Mir Mehdi Xəzani Mirzə Camalın nəvəsi Məhəmməd bəy Cavanşirin xahişi ilə Azərbaycan dilində yazılmış, 24 fəsil və xatimədən (nəticədən) ibarət «Kitabi-tarixi-Qarabağ» əsərinin müəllifidir. Bu əsər ilk dəfə 1991-ci ildə «Qarabağnamələr»in ikinci kitabına daxil edilərək nəşr olunub. Əsər kompilyativ səciyyə daşısa da, onun Qarabağın tarixi coğrafiyasma həsr olunan hissələri müəyyən empirik dəyərə malikdir".

Qarabağ taıixinə aid yazılmış əsərlərdən biri də Əhməd bəy Cavanşirin 1883-cü ildə rusca qələm ə aldığı və ilk dəfə «Qafqaz» qəzetinin 1884-cü ilə aid saylarmda nəşr olunmuş «Qarabağ xanlığının siyasi vəziyyətinə dair (1747-ci ildən 1805-ci ilə qədər əsəridir. Əhməd bəyin tarixi əsəri kompilyativ səciyyə daşımaqla dövriin salnam ələrindən fərqlənmir. Onun istifadə etdiyi əsas mənbələr Mirzə Camalın, Mirzə Adıgözəl bəyin və Mir Mehdi Xəzaninin kitabları, habelə müxtəlif tayfa və qəbilələr haqqında rəvayətlər, N.Dubrovinin «Zaqafqaziya 1803-cü ildən 1806-cı ilə qədər» adlı əsəri olub. Ə.Cavanşirin özündən əvvəlki müəlliflərdən üstünlüyü rus tarixçilərinin əsərlərindən istifadə etməsidir. Əhməd bəy Nadir şahın fəaliyyətinə mənfi münasibət bəsləyib, Pənahəli xanı idealizə edib, onu «igid və qoçaq bir dövlət xadimi» kimi qələmə verib. Ə.Cavanşir öz əsərində ikinci babası olduğu üçün Mehrəli bəyə dərin məhəbbət hissi ilə yanaşıb, babası Məhəmməd bəyi isə «Koroğluya bənzər» əfsanəvi bir qəhrəman kimi tərifləyib, öz yüksəlişində İbrahimxəlil xanın Məhəmməd bəyə minnətdar olduğunu iddia edib.

Müəllif hətta qeyd edir ki, “xalqı hədsiz tələbləri ilə taqətdən salan İbrahim xan artıq öz dövrünü keçirmiş və məmləkəti idarə etmək üçün daha zirək bir hakim lazım idi”. “Qarabağnamə”də Ə.Cavanşir Ağa Məhəmməd şah Qacarın basqınları və qarabağlıların bu basqınlara müqavimətinə də geniş yer ayırıb: "Bu əsərdə İbrahimxəlil xanm sarayında xarici meyil məsələsində bir-birilə mübarizə aparan iki qrupun olması haqqında digər əsərlərdə rast gəlinməyən məlumatlar var. XIX əsrin Azərbaycan salnaməçilərindən biri də Mirzə Yusif Qarabağidir (Nersesov) (1798-1864). Mirzə Yusifin «Tarixi-safı» əsərində də Qarabağ xanlığının yaranmasından süqutuna qədərki dövrü təsvir olunub. Əsər əsasən kompilyativ səciyyə daşıyır. Lakin əsərdə xristian məlikliklərinin hüdudları barədə verilən məlumat öz orijinallığı ilə diqqəti cəlb edir.

XIX əsrdə Qarabağ xanlığının tarixinə həsr olunmuş əsərlərdən biri də Azərbaycanın tanınmış şairlərindən olan Mirzə Rəhim Fənanın «Tarixi-cədidi-Qarabağ» əsəridir. Lakin sözügedən əsərdən yalnız bəzi fraqmentlər mühafızə olunub. Əsər əsasən kompilyativ səciyyə daşıyır. Burada Qarabağ xanlığının sərhədlərinin nisbətən dəqiq təsvir olunması, Şuşa şəhərinin inşasının ardıcıl təsvir olunması diqqəti cəlb edir. XIX əsrin sonlarına yaxın Baharlı soyadlı bir şəxs «Əhvalati-Qarabağ» əsərini yazıb. «Əhvalati-Qarabağ» əsəri ilk dəfə 1991-ci ildə «Qarabağnamələr»in ikinci cildində işıq üzü görüb. Kompilyativ səciyyə daşıyan və xeyli dərəcədə folklor nümunələri əsasında yazılan bu əsərdə Qarabağ xanlığınm tarixi, xüsusilə onun siyasi tarixi qırıq-qırıq, sistemsiz, həm də bir sıra hallarda yanlış təsvir edilib. Lakin əsərdə Qarabağın memarlıq abidələri, tarixi şəxsiyyətləri, adət-ənənələri, etnoqrafık xüsusiyyətləri haqqında olan məlumatlar əvəzsizdir.

Qarabağ tarixinə həsr olunmuş əsərlər arasmda Rzaqulu bəy Mirzə Camal oğlunun «Pənah xan və İbrahim xanın Qarabağda hakimiyyətləri və o zamanı hadisələri» adlı əsəri də özünəməxsus yer tutur. XIX əsrin ortalarında yazılmış A.Bakıxanovun «Gülüstani-İrəm» əsərində də Qarabağ xanlığının tarixi ilə bağlı qiymətli məlumatlar var. A.Bakıxanov 1823-cü ildə Qafqazdakı rus qoşunlarmın komandanı Yermolovun əmri ilə Qarabağ əyalətini tədqiq edən komissiyanın üzvü təyin olunmuşdu. Bu komissiyada fəaliyyət ona Qarabağın tarixi və coğrafıyasına dair yenı məlumatlarla tanış olmağa imkan verib. «Gülüstani- irəm»in sonuncu, beşinci fəslində Azərbaycan xanlıqlarının, o cümlədən Qarabağ xanlığının tarixinə dair məlumat verilir.

Mövzunun tədqiqi üçün XVIII əsrin sonu, XIX əsrin əvvəllərində Azərbaycanda olmuş səyyahların xatirələri, XIX əsr Azərbaycan tarixçiləri və rus qafqazşünasların ilkin qaynaq xarakterli əsərləri müəyyən əhəmiyyət kəsb edir. XVIII əsrin sonunda Şuşada olmuş rus polkovniki S.D.Bumaşev və XIX əsrin əvvəllərində Azərbaycana gəlmiş ingilis səyyahı Q.Keppel Şuşa şəhərinin strateji-coğrafı mövqeyi, ticarət əlaqələri və şəhər əhalisinin sayı haqqmda məlumatlar veriblər.

XIX əsrin əvvəllərində Rusiya Cənubi Qafqazı işğal etdikdən sonra buranm iqtisadi cəhətdən mənimsənilməsini asanlaşdırmaq məqsədi ilə regionu dərindən öyrənib, tarixi-coğrafı, iqtisadi vəziyyəti əks etdirən çoxsaylı əsərlər meydana çıxıb ki, bu əsərlərdə hadisələr əksər hallarda tədqiq edilməyib, lakin bəzi faktlar qeyd olunduğundan onlar ilkin mənbə səciyyəsi daşıyır: "Belə əsərlərdən danışarkən S.B.Bronevskinin əsərinin adını çəkmək olar. İki hissədən ibarət olan bu əsərin birinci hissəsində müəllif Qafqazm coğrafiyası, ikinci hissəsində isə Qafqazın, o cümlədən Azərbaycanın yaxın tarixi keçmişi, xüsusilə də Azərbaycan xanlıqlarının ərazisi, tarixi, dövlət quruluşu və bəzi başqa məsələləri işıqlandırıb. Bir sıra tarixi hadisələrin bilavasitə iştirakçısı və şahidi olmuş rus qafqazşünası P.Zubovun əsərində Azərbaycan şəhərlərinin, o cümlədən Şuşa şəhərinin ətraflı təsviri verilib, başqa bir əsərində isə Qafqaz ölkələrinin tarixi-statistik, etnoqrafık, maliyyə və ticarət baxımından şərh edilib. Digər qafqazşünas İ.N.Berlinin səyahətnamələrinin ikinci və üçüncü hissələrində Şimali Azərbaycan xanlıqları, rus-İran müharibələrinin Azərbaycana dağıdıcı təsiri haqqında qeydlər mövcuddur. Rus qafqazşünası P.Q.Butkov XVIII əsrin sonlarında rus qoşunlarmın Azərbaycana yürüşündə iştirak edib, bir çox hadisələrin iştirakçısı və müşahidəçisi kimi üçcildlik məlum əsərin ikinci cildində Azərbaycan xanlıqları, o cümlədən Qarabağ xanlığı haqqında mənbəşünaslıq səciyyəli bir sıra maraqlı məlumatlar verib.

 

Elçin Qaliboğlu

 

Xalq cəbhəsi.- 2018.- 25 yanvar.- S.13.