Kantemir xan adını
knyaz tituluna dəyişdirdi…
SSRİ
Elmlər Akademiyasının Şərqşünaslıq
İnstitutunun arxivində cəmi bir nüsxədə
üç səhifəlik bir manifest saxlanılır. Bu ərəb əlifbası ilə türk dilində
yazılmış gözəl, süslü nəqşlərlə
bəzədilmiş bir sənəddir. Söhbət
Azərbaycana hücum edərkən I Pyotrun bu xalqa müraciətinin
mətnindən gedir. Pyotru bu səfərdə
müşayiət edən adamlar arasında tarixçi Dmitri
Kantemir də var idi. Kantemirlə birlikdə
bu səfərdə oğlu 14 yaşlı Antiox Kantemir də
iştirak edirdi. Rusiyada ərəb
şriftli mətbəənin yaranması Kantemirin adıyla
bağlıdır. 1722-ci ildə Pyotrun
göstərişi ilə həmin mətbəə Azərbaycana
yürüşdə götürülüb istifadə
edilirdi. Məhz bu "üzən mətbəədə",
Astarxanda 1722-ci il 15 iyulda Pyotrun Xəzərboyu
torpaqların türk əhalisinə müraciəti çap
olundu.
Üslub
və ifadə tərzi, xüsusən əsrarəngiz dil
manifest müəllifinin türk dilinə dərindən
aşina olduğunu göstərirdi. Bu səfərdə
Pyotrun əhatəsində olan, onunla dostcasına sərbəst
davranan Kantemir bu torpaqlarda da azad və sərbəst surətdə
tarixi müşahidə və araşdırmalara girişir.
Dərbəndin qədim qəbirstanlığında
qəbirüstü kitabələrin üzünü
köçürüb, onları oxuyaraq şərhini verir.
Bu axtarışlar gələcəkdə
Kantemirin əsərləri toplusuna daxil ediləcəkdi. Avqustun 5-də
(1722-ci ildə) qoşun yürüşə başlayır.
Həmin manifestin üzü
çıxarılıb 150 nüsxədən ibarət olmaqla
yerli hakimlərə, ellərin qabaqcıl adamlarına,
hampalara və məmurlara göndərilir. Kantemir rəsmən I Pyotrun Şərq məsələləri
üzrə müşaviri idi. Rusiyaya yerləşən
kimi çarın əllərindən var-dövlətlə
birlikdə (bəxş olan bu torpaqlar ana vətənindən -
Moldaviya ərazilərindən böyük idi) knyaz titulu da
aldı. Pyotr onu sevirdi və
inanırdı. Onların "dostluğ"u çoxdan
başlanmışdı...
Kantemir moldav hakimi Konstantin Kan Temirin (1627-1693) oğlu idi. 22 il
İstanbulda yaşamışdı. Burada
diplomatik missiyanı yerinə yetirirdi. Bu
zaman ərzində türk dilini gözəlcə öyrənmiş,
bu xalqın mədəniyyətinə, ədəbiyyatına və
tarixinə bələd olmuşdu. Öz zəmanəsinin
yaxşı təhsil görmüş bir adamı idi. İstanbulda, həm də "Patriarx məktəbi"ndə
təhsil almışdı. Bu məktəb
əski Vizantiya ənənələrini hifz etmiş məktəb-təhsil
ocağı idi. Beləliklə, türk dilini bilən, ərəb
və fars dillərinə də aşina
olan Kantemir həm də yunan-latın təlimi
almışdı.
Onun xariqə
keyfiyyətlərini nəzərdə tutan V.Belinski Kantemiri
"Rus yazıçılarının portret
qalareyası" əsərində hərtərəfli adam kimi xarakterizə edir: "Knyaz Kantemir alim
bir şəxs idi... Berlin akademiyasının üzvü idi,
türkcə, farsca, yunanca, latınca, italyanca, rusca, moldavca
danışır, fransız dilini əməlli-başlı
bilir, özündən sonra latın, yunan,
moldav və rus dillərində bir çox əsərlər
qoyub gedib".
Dmitri Kantemir qədim tatar xanı sülaləsindən
çıxmışdı. Onun familiyası kan
(xan) Temir (temir, timir, dəmir) buna sübutdur. A.N.Kononov
onun Əmir Teymurun (Teymurləngin) nəslindən olduğunu
irəli sürür.
Kantemir (1673-1723) İstanbulda yaşayarkən artıq
gizli casuslar vasitəsilə Pyotrla əlaqəyə girir. Pyotr
Osmanlı imperiyasına daxil olan xristian xalqlarının
xilaskarı rolunu boynuna çəkərək, Balkan
xalqlarının xristian və slavyan hisslərini coşduraraq
onları özü üçün alət etməkdə
idi. Beləliklə, 1710-cu ildə sultan tərəfindən
Moldav taxtına əyləşdirilən Kantemir bu tacı bircə
il daşıya bildi. Türkiyə
ilə savaşa başlayan I Pyotr Kantemirə böyük
ümid bəsləyirdi; Kantemir ona əsgəri güc də
vəd etmişdi. O, lazımi anda arxadan qoşunu ilə
qalxıb Pyotra qoşulmalı idi. Lakin gözlədikləri
kimi olmur. Purut çayı (əsil adı: Burat)
üstündə rus qoşunları biabırcasına məğlub
olur, deyirlər Pyotr özü də bu döyüşdə
türklərə əsir düşür. Çar Pyotr bu barədə
sonralar etiraf etməkdən usanmırdı: "Prut xəcalətimi
mən ölüm yatağında belə unutmayacağam".
Rus tarixində bu döyüş "Prut bədbəxtliyi"
adlandırılır.
Odur ki, məğlubiyyətdən sonra öz ölkəsində
qala bilməyən Kantemir 4 minlik qoşunu, arvadı, altı
uşağı ilə Rusiyaya keçir. Geriyə yolu
bağlanan Xan Purut sülhü bağlanandan sonra həmişəlik
Rusiyada yerləşir. Əvvəl ailə
Xarkovda məskunlaşır və Ukraynada, Kurskdakı malikanələrində
yaşayır. 1713-cu ildə isə knyaz
ailəsi ilə Moskvaya köçür. Sülh
bağlanarkən türk tərəfi məğlub olan
Rusiyadan xain çıxan moldav hakimi Xan Temiri də geri istəyirlər.
Çar Pyotr diplomatik işlərini həvalə etdiyi vəkili
Şapirova bununla bağlı yazdığı məktubunda
göstəriş verirdi: "Mən knyazı onlara verə
bilmərəm. O, mənə sevgisi üzündən
var-dövlətindən, mal-mülkündən keçdi. Verdiyim sözü geri götürə bilmərəm.
Mən indi vicdandan başqa heç nəyə sahib deyiləm...
Əgər onu geri versəm, onda bu mənimçün
padşah olmaq şərəfindən məhrum olmaq deməkdir".
1719-cu ildə çarın dəvəti ilə
paytaxta - Peterburqa köçür.
Dmitri Kantemir Rusiyanın dövlət işlərinə
cəlb edilir.
Pyotr Kantemirin xidmətlərini layiqincə qiymətləndirdi;
onu Senata üzv təyin etdi, Moskvada və Peterburqda ev bağışladı, Kursk
yaxınlığında malikanələr verdi, ildə 60 min
manatlıq təqaüd təyin etdi. Pyotr ona da,
oğullarına da yaşayıb fəaliyyət göstərmələri
üçün həqiqətən padşah inayəti
göstərirdi. Şübhəsiz,
çar yalnız Rusiyanın yaxın Şərqdə
maraqları xatirinə Türkiyə və İslam tarixini
öyrənən Kantemirə fikir verirdi. Tarixçi
Kantemir bütün əsərlərini Rusiyada yaratdı.
Kantemirin "Moldaviyanın tarixi, coğrafi və
siyasi təsviri" əsəri öz tarixi və etnoqrafik
qiymətinə görə bu gün də eyni dəyəri
saxlamaqdadır.
1716-cı ilin sonlarına doğru Kantemir "Osmanlı
xanədanının yüksəlişi və süqutu" əsərini
tamamladı. Bu kitab Osmanlı imperiyasının siyasi və hərbi
vəziyyətinə dair ilk sistematik əsər idi və dərhal
ingilis, alman, fransız dillərinə tərcümə edildi.
Aradan az keçməmiş, 1720-ci ildə
daha bir mükəmməl əsər ortada idi. Bu
yeni kitab "Türk imperiyasının vəziyyəti və
dini sistemi" adlanırdı. Dmitri
Kantemirin ailəsində uşaqlarının müəllimi
İvan Yuryeviç İlinski yaşayırdı. Bu kitabı rus dilinə o tərcümə
etmişdi. İlinski daha sonra Kantemirin
şəxsi katibi işləmişdi. Lakin
İlinskinin əsl şöhrəti qabaqda idi. Onun adı Seçenev, Radlov kimi simalarla bir çəkiləcəkdi.
Rus imperiyasına daxil edilən istila torpaqlarının yerli
türk əhalisini xristianlaşdırmaqda çarizmin dəstəyi
olan missionerlər kimi...
Kitab ən çox "Məhəmməd dininin
hazırki vəziyyəti" adı ilə
yayılırdı. Pytorla Azərbaycandan geri dönən
Kantemir yolda ikən 1723-cü ilin avqustunda vəfat edir. Kantemirlə I Pyotr arasında bir vicdan əhdləşməsi
var idi; nə zaman Moldaviya Rusiyaya keçəcəksə, onun
hakimi Kantemirlərdən olmalı idi. Odur
ki, bu ümid bu ailədə hələ uzun illər
yaşamaqda davam edəcəkdi. Buna görə
də, ata Kantemirdən sonra onun oğulları bu ideyanın bəhrəsini
səbrlə gözləməkdə idilər. Pyotrun
ölümündən çox-çox illər sonra, Pyotrun
qardaşı qızı Anna İvanovnanın vaxtında
baş verən Rus-Türk müharibəsinin (1736-1739) nəticələri
Kantemir oğullarını bərk
maraqlandırdığından satirik şair olan Antiox Kantemir
"İmperatriça Annaya doğum günü münasibətilə"
mədhiyyəsini yazdı. Çünki Antiox
Kantemir öz atası ilə Pyotrun əhdini bilirdi; bu səbəbdən
müharibənin nəticəsinə öz ailə müqəddəratı
kimi yanaşırdı. Antiox Kantemir öz
şeirini "qələbə nəğməsi"
sanırdı.
Annaya üç mədhiyyə yazmış, birini hətta
"İmperatriça Annaya onun varvarlara qarşı qələbəsi
münasibətilə" adlandırmışdı. Odur ki, Şair bu müharibə
uğurlarından qanadlanaraq dövlət adamlarına
yazdığı məktublarında (məsələn:
A.M.Çerkasskiyə - Çerkasski onun xahişini
imperatriçaya yetirəcəkdi) türkləri nəinki bir
qeyri-xristian xalq, kafir kimi, söyüb yamanlayır, bununla bərabər
onları özünün irsi düşməni sayaraq lənətləyirdi.
Sanki vətəni tərk edib qürbətə düşmələrinin
günahkarı nə özləri, nə girdikləri cəsusluq
girdabı, nə siyasi avantüra, xəyanət torları
qurub toxumaları idi...
Bu sətirlərin müəllifi kimi onu da buraya əlavə
etmək istəyirəm ki, İstanbulda olduğum zaman
2003-cü ildən Şişli bələdiyyəsi tərəfindən
qədim bir parkın Dmitri Kantemirin anadan olmasının 330
illiyi münasibətilə onun adı ilə
adlandırılmasının şahidi oldum. Park
"Maçka bağı", Dmitri Kan Temir bağı
adlanır (həmin zamanlar şəhərin bu ərazisinin
adı Maçka imiş). Məhz,
Osmanlı hökuməti onun atasına Moldaviyada hakimlik imtiyazı
vermiş, ardınca oğullarını şahzadə kimi
tanımışdı. İahzadə
Kantemir də İstanbulda pərvəriş
tapdığından türk musiqisini elə sevmiş, elə
sevmişdi ki... onu ən çox musiqi adamı kimi
tanıyırdılar. Kanunu dizlərinin
üstünə alıb necə vəcdlə
çalarmış?!
Kantemirin "Osmanlı imperiyasının tarixi" əsəri
Türkiyə haqqında yazılan ən yaxşı və ən
obyektiv əsər idi. Volter öz "Məhəmməd"
faciəsini yazanda həmin kitabdan istifadə etmişdi. Bunu o sonralar tarixçinin oğluna
yazdığı məktubda etiraf edirdi.
Kantemirin uşaqları Rusiyada var-dövlət və şan-şöhrətə çatdılar; ən adlı-sanlı familiyalarla qohum oldular. Hər zaman monarxların nəzəri üstlərində oldu. Rusiyanın satirik şairi sayılan Antiox Kantemir çariça tərəfindən ayrıca minlərlə kəndli ailəsi ilə mükafatlandırıldı; hələ çox gənc ikən İngiltərəyə səfir göndərildi. Çox gənc ikən də - 36 yaşın içində vəfat etdi. Hələ yaradıcılıq imkanlarının yarısını belə sərf etmədən. Bu tale idi... Heyf...
Minaxanım Təkləli
Professor
Xalq Cəbhəsi.- 2018.- 27 yanvar.-
S.14.