Qulam Yəhyanın xatirələri

 

Üç aydan sonra bildim ki, Pişəvəri vəfat edib. Pişəvərinin ölüm xəbəri məni bərk sarsıtdı, bir neçə gün özümə gələ bilmədim

11-ci yazı

 

Mühacirət dövrünün başlanğıcında görülən mühüm işlərdən biri də fədailərlə təlim keçirilməsi işi idi. Bu işin təşkili və ona rəhbərlik etmək mənə həvalə edildi. Fədailər tədbiri çox həvəs və ruh yüksəkliyi ilə qarşıladılar. Onlar verilən bütün tapşırıqları can-başla yerinə yetirirdilər, bu işə təmiz vicdan və pak qəlblə başladılar. Biz bu işi əsasən iki yerdə təşkil etmişdik. Bizə verilmiş tapşırıq yerinə yetiriləndən sonra tam hazır olduğumuzu bildirdikdən sonra bir neçə gün gözləməyi məsləhət gördülər. Vəd edilmiş vaxt başa çatdı. Mən yenə də müraciət etdim, yenə də məsləhət gördülər ki, bir qədər də səbr edək. Bu haqda Pişəvəriyə məlumat verdim. O da dedi ki, bu dəfə mənimlə Kirovabada (Gəncəyə-red.) getmək fikrindədir. O da işin tezliklə başlanılmasına tələsirdi.

Biz Kirovabada (Gəncəyə-red.) çatdıq. Mən fədailərin işi, onların məişət və başqa qayğıları ilə də məşğul oldum. Pişəvəri də şəhərlə tanış olurdu. Biz Kirovabaddan (Gəncədən-red.) Şəkiyə getməli idik. Pişəvəri nə isə çox tələsirdi. Axşam belə qərara alındı ki, səhər tezdən Kirovabaddan (Gəncədən-red.) çıxıb, Şəkiyə gedək. Mən xahiş etdim ki, qalan işlərimi də gecə görüb qurtarım və səhər nə vaxt desələr, o zaman hazır olum.

Pişəvəri keçmişdən bir yerdə işlədikləri Nəzər Heydərovun evində qalırdı. Səhər saat 5-də məni çağırdılar. Mexmanxanadan çıxdım. Bizim belə tezdən getməyimizə Nəzər Heydərov bərk etiraz etdi. Pişəvəri cavabında dedi ki, ürəyim zəifdir, Yevlaxın istisinə düşməmək üçün istəyirəm ki, oranı tezdən keçək. Biz maşına oturarkən dedim ki, mən gecəni yatmamışam. Ona görə də mümkündür maşında məni yuxu tutsun. Ona görə də qabaqcadan üzr istəyirəm. Mənim maşının arxa tərəfində oturmağımı məsləhət gördülər. Mənə elə gəlir ki, maşın hələ şəhərdən çıxmamış yatmışam. Sonrasından daha xəbərim olmayıb.

Sonrakı hadisələrin gedişi bir daha göstərdi ki, məndən sonra sürücü ilə qabaqda əyləşmiş Pişəvərini və arxada mənimlə yanaşı əyləşmiş Nuri Quliyevi də yuxu tutur. Bu zaman yəqin ki, sürücünü də səhərin xoş və sərin havası xumarlandırır. Bu zaman maşın yoldan çıxır, Pişəvəri sürücüyə qışqırır ki, nə edirsən, sürücü yəqin ki, tormoz əvəzinə qazı basır. Maşını sağdan birdən sola tərəf alır, maşın körpünün divarına dəyir. Zərbədən Pişəvərinin bir neçə qabırğası sınır. Quliyevin ayağı lülədən sınır və hətta bud lüləsi əti deşib, üzə çıxır. Mənim də başım bərk dəyir və özümdən gedib, huşumu itirirəm. Bizi oradan Yevlax xəstəxanasına apardılar. 7 saat huşsuz özümü hiss etmədən qalıram. Bu hadisə haqqında tez Bakıya xəbər verilir və rayonlara da səs yayılır ki, belə bir bədbəxt hadisə baş verib. Mənim uzun müddət huşsuz qaldığımı görüb, ölümüm barədə xəbər yayılmışdı. Özümə gələrkən ağlamaq səsi eşitdim, lakin gözlərimi aça bilmədim, başımdan axan qan gözlərimi tutmuşdu. Ancaq onu soruşdum ki, nə üçün yoldaşlar ağlayır, nə olub? Yoldaşlar mənim sualımdan sevinib dedilər ki, heç nə olmayıb, ağlamırlar, əksinə, gülürlər. Yoldaşların dediklərinə görə əvvəlcə Pişəvərinin halı yaxşı imiş, mənə baxıb, demişdi ki, “Heyf olsun, Qəvamüs-səltənədən intiqam almadan Qulamı əldən verdik”.

Bizi Yevlaxdan təyyarə ilə Bakıya gətirdilər və mən üç aydan sonra bildim ki, Pişəvəri vəfat edib. Pişəvərinin ölüm xəbəri məni bərk sarsıtdı, bir neçə gün özümə gələ bilmədim. Bağda qalmayıb, şəhərə köçdük. Ona görə ki, onun dəfn olunduğu yerdən keçərkən mənə çox pis təsir edir və uzun müddət özümü ələ ala bilmirdim. Məhz ona görə də bağda qala bilmədim. Mən Pişəvərinin şəxsiyyəti, iş bacarığı, məlumatı, adamları tanıması, işə bağlılığı və sair bu kimi keyfiyyətləri haqqında danışmaq fikrində deyiləm. Onun nə qədər böyük adam olmasını onu tanıyanlar, onunla işləyənlər qat-qat yaxşı bilirlər. Xüsusilə onun sağlığında və ölümündən sonra baş verən hadisələr nə qədər hazırlıqlı, rəhbərə xas olan çoxlu keyfiyyətlərə malik olmasını hadisələr bir daha təsdiq etdi. Mən onun haqqında, daha doğrusu, onun insani, rəhbərlik, inqilabçılıq, əqidəsinə vurğunluq və başqa bu kimi ancaq və ancaq müsbət keyfiyyətləri haqqında fikir söyləməyə özümdə cəsarət hiss etmirəm. Ancaq Engelsin özünün həyat və əqidə dostu Marksın qəbri üstə dediyi bir sözü burada bir də yada salmaq istəyirəm: “Onun çox əleyhdarları ola bilərdi, lakin çətin ki, onun bircə nəfər də şəxsi düşməni olsun”.

Həqiqətən Pişəvəri ancaq azadlıq uğrunda mübarizə üçün yaranmışdı. Deyə bilərəm ki, həyatımda şəxsən tanıdığım adamlar içərisində heç kəs məndə Pişəvəri qədər xoş təəssürat bağışlamamışdı. 1947-ci ilin axırlarına yaxın ADF MK təşkil olundu. Bununla da ADF-nin mühacirətdə rəsmi Mərkəzi Komitəsi yaranmış oldu. Bundan sonra məhəlli təşkilatların da həm işləri rəsmi şəkildə qaydaya düşdü, həm də Mərkəzi Komitəsi ilə əlaqəsi rəsmiləşdi. 1947-ci illlərin əvvəllərində bütün məhəlli təşkilatlarda seçki yolu ilə İdarə Heyəti üzvləri seçildi. Onun ardınca məhəlli komitələrinin konfransı təşkil tapdı. Getdikcə təşkilatın qaydaya düşməsi ilə yanaşı onun rəsmiləşməsi dərəcəsinin inkişafı ilə məsuliyyət daha da artmağa başladı. Bütün təşkilatlarda, xüsusilə Bakı təşkilatında yüksək templə canlanma özünü hiss etdirirdi. Elə bu zaman daha doğrusu, 1949-cu ilin əvvəllərində Mahmud Pənahiyanın başçılığı ilə, təşkilata zidd olan bir cərəyan meydana gəldi ki, adını “Molodaya qvardiya” ("Gənc qvardiya"-red.) qoymuşdular. Mən bu haqda Pənahyan ilə söhbət etdim, bu dəstənin qeyri-təşkilat, təşkilatın ziyanına olması haqda bir neçə dəfə danışdıq, lakin o, ya başa düşmür, ya da başa düşmək istəmirdi. Ona görə də Pənahiyanın məsələsi MK-da qoyuldu, əməlindən əl çəkməyib, özünün qeyri-təşkilati hərəkətində israr etdiyinə, onun rəhbərlik etdiyi “Molodaya qvardiya” ("Gənc qvardiya"-red.) qrupu firqənin ziddinə olduğuna görə Pənahyan firqənin Mərkəzi Komitəsi tərkibindən xaric edildi, bununla da qrupun fəailiyyətinə son qoyuldu.

Yoldaşların ümumi dəqiq uçotunu aparmaq üçün görülən tədbirlərdən biri də 1949-cu ildə ümumi-sual vərəqəsinin tərtib edilməsidir. Bu anketlərin doldurulmasının başa çatması ilə firqənin mühacirətdəki ümumi vəziyyəti, birinci növbədə uçot işi qaydaya düşdü. Bununla da firqə üzvləri müəyyənləşdirildi, firqə kartları verilməyə başlanıldı. Bu da firqədə nizam-intizamın möhkəmlənməsi, yoldaşlarda məsuliyyət hissinin artması, istehsalat-təsərrüfatda qabaqcılların sayının surətlə çoxalmasına səbəb oldu. Məhz bu zaman Sosialist Əməyi Qəhrəmanları, Lenin ordeni alanlar və s. qabaqcıllar meydana gəlməyə başladılar. Bu işin ilk təşəbbüsçiləri Şamaxıda üzümçülük sovxozunda yarandı. Eyni zamanda burada firqənin əleyhinə olan “Kommunist təşkilatı” meydana gəlməyə başladı ki, onlar özlərini İran Kommunist fırqəsinin varisləri adlandırmaq təşəbbüsündə idilər.

Mən Şamaxıya getməli oldum, oranın bürosunda, aktivin iştirakı ilə həmin adamların yanlış hərəkətləri müzakirə və ifşa olundu. Səhvən onlara qoşulmuşlar öz səhvlərini boynlarına alıb, bir daha belə hərəkət etməyəcəklərinə söz verməklə onların yanlış yola düşmələrinə səbəb olan 2-3 nəfər öz yaramaz hərəkətlərində israr etdiklərinə görə firqədən çıxarıldı. Bununla da Şamaxı təşkilatı daha da möhkəmlənmiş oldu.

Qeyd edilməsini lazım bildiyim hadisələrdən biri də 1952-ci ildə respublika aktivi çağırmağa hazırlaşmaq hadisəsidir. Biz ümumi respublika aktivi çağırmazdan əvvəl, ümumi işimizi nəzərdən keçirib, aktivə məlumat vermək və ondan sonra qarşımızda duran vəzifələrdən danışmalı idik. Hər şeydən əvvəl MK-nın büro üzvləri arasında mövcud olan fikir ayrılığını aradan aparıb, aktivin qarşısında qoyulacaq vəzifələrin müəyyən edilməsində yedkil olmalı idik. Bunsuz aktivdən gözlədiyimiz nəticəyə nail ola bilməzdik.

Biz qərara aldıq ki, bürodakı vəziyyət haqqında əlaqədar yoldaşlara məlumat vermək məqsədilə məktub yazaq. Bu iş MK-nın sədri kimi Badiqana tapşırıldı. Çünki mövcud şəraitdə işləmək mümkün deyildi. Biz məktubda eyni zamanda yoldaşlarımızın məsləhətlərinə ehtiyacımızın da olmasını qeyd edirdik. Bir neçə gündən sonra məni istədilər və mənim bu barədə şəxsi fikrimi bilmək istədiklərini bildirdilər. Mən də təqribən Badiqanı yazdıqları kimi vəziyyəti şərh etdim. Eyni zamanda yoldaşları xəbərdar etdim ki, indiki şəraitdə işləmək mümkün deyil. Yoldaşlar mənə dedilər ki, büroda olan yoldaşlar haqqında öz fikrimi yazım. Bu təklifi qəbul etmədim və dedim ki, buna ehtiyac hiss etmirəm. Ona görə ki, büroda olan yoldaşları siz məndən də yaxşı tanıyırsız. Bununla da söhbətimiz bitdi.

Bir neçə gündən sonra məni yenə də dəvət etdilər və xeyli söhbətdən sonra MK-ya başçılıq etmək işini mənim öhdəmə qoymaq istədilər. Daha doğrusu, öz məsləhətlərini dedilər. Mən dedim ki, mən işin öhdəsindən gələ bilmərəm. Ona görə də yaxşı olardı ki, bu iş Kambəxşə həvalə edilsin. Kambəxş MK-nın sədri olsa, mən ona lazımi köməklik edərəm. Bu dəfəki söhbətimiz də bununla qurtardı. Bir neçə gündən sonra məni bir də dəvət etdilər. Bu dəfə də məsləhətlərini dedilər və mənim MK-nın sədri olmağımın gərəkliyini bildirdilər. Dedilər ki, əgər məsləhətdirsə Kambəxş müavin olsun. Bu məsələni belə qurtardıq və respublika aktivi çağırmağa hazırlaşdıq. Aktivdə:

1. Ümumi vəziyyət və təşkilatın qarşısında duran vəzifələr;

2. Qarşıdakı vəzifələrin öhdəsindən gələn rəhbərlik yaratmaq kimi vəzifələr dururdu.

Aktivlər yığıncağında birinci məsələ ilə bağlı mən çıxış etdim. Çıxışımın   canını təşkilatımızı möhkəmlətmək, Vətəndə işləmək üçün yollar araşdırmaq, yoldaşlarımızın hərtərəfli inkişafı üçün bütün vasitələrdən istifadə etmək və s. dururdu. İkinci məsələ ilə bağlı, daha doğrusu, MK-nın tərkibi aktiv bir səslə bəyənildi. Yoldaşlar çıxış edərək yeni tərkibdə olan MK-ya yaxından kömək edəcəklərini bildirdilər və həqiqətən sonradan da işlərin gedişi göstərdi ki, verdikləri vədlərə layiqincə əməl etdilər.

 

Hazırladı: Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2018.- 30 yanvar.- S.14.