Özbək ədəbiyyatı
4-cü yazı
Maraqlıdır ki, Ə.Nəvai Nizamidən fərqli olaraq Xosrovu daha çox mənfi planda təqdim edib. Xosrov ən adi insani dəyərlərdən uzaqdır. Hiylə və zor hər şeyi həll etmək üçün onun əlində yeganə vasitədir. Oxucu Xosrovun Məhinbanu, Şirin və Fərhadla qarşılaşdığı səhnələrdə onun bütün qəddarlıq və amansızlığını müşahidə edə bilir. Məs., “Fərhadın Xosrovun yanına gətirilməsi” səhnəsində Fərhadın ağıl və məntiqi qarşısında Xosrovun verdiyi qərarda bu halın şahidi oluruq:
Gərəkdir verdirən qətlinə fərman,
Ta ki, ibrət alsın gədalar ondan,
Bir də şah yanında duymadan dəhşət
Bir söz danışmağa etməsin cürət.
Ə.Nəvai Şirin surətini orijinal bir tərzdə qələmə alıb. Əgər Nizaminin Şirini Xosrova sədaqəti ilə seçilirsə, Nəvaidə isə bunun əksinə olaraq Şirinin Fərhada olan məhəbbəti ideallaşdırılmışdır. Şirin şan-şöhrətin yox, həqiqi sevginin tərəfdarıdır. O, Fərhada məhz bu duyğularla bağlanır:
Öyrənib halını bildi ki,
Şirin Olmuşdur əsiri bir təmiz eşqin
Məhəbbət könlünə atmışdır kəmənd
Sarmış yumaq kimi cismini bənd-bənd.
Ə.Nəvai “Xəmsə”sinə daxil olan “Leyli və Məcnun” (1484) poemasının mövzusu Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərinə uyğundur. Lakin mütəxəssislər bu əsəri həyat tablolarının təsviri baxımından tamamilə milli və hətta məhəlli, eyni zamanda Orta Asiya həyat-məişət tərzinə uyğun hesab edirlər. Çünki burada obrazların psixologiyası, so¬sial həyat tərzinin təsviri və ifadə tərzi orijinallığı ilə seçilir. Əsərin mövzusunun təməlində eşq, iztirab, vəfa və s. amillər dayanır. Ə.Nəvai Leyli və Məcnunun eşq macərası daxilində əsasən romantik duyğuların tərənnümünü əks etdirib. Özünün dediyi kimi, “mənim bu əbədi eşqi yazmaqda məqsədim əfsanə yazmaq deyildi. Ruhum bu əfsanənin iç aləmində bir yaxınlıq duyurdu”. Müəllif əsərdə Leyli və Məcnun məhəbbətini həqiqi eşq çərçivəsində təsvir edir. Bu səbəbdəndir ki, əsərdə Məcnun və Leylinin qarşılıqlı məhəbbətləri “məişət səviyyəsindən” çıxarılaraq ilahi bir səviyyəyə qaldırılır.
Ə.Nəvainin “Leyli və Məcnun”u məzmun etibarilə N.Gəncəvinin eyni adlı əsərindən fərqlənir. Əsərdə Leylinin xəstəliyə tutulmasından sonra atasının onun sağalması şərəfinə qonaqlıq təşkil etməsi, qonaqlıqda Qeysin huşunun başından çıxması, Nofəlin öz qızını Qeysə təklif etməsi, Qeysin bu təklifi rədd etməsi və s. detallar daha çox Dəhləvinin “Məcnun və Leyli” əsəri ilə səsləşir.
“Yeddi səyyarə” (1484) poeması əxlaqi-didaktik əsərdir və mövzu baxımından N.Gəncəvinin “Yeddi gözəl” əsərinə uyğundur. Poemanın süjet xəttini Sasani hökmdarı Bəhram şaha yeddi qəsrdə söylənilən nağıllar təşkil edir. “Yeddi səyyarə” sözün tərifi ilə başlayır. Bəhram şaha söylənilən nağıllara qədər isə nəzmin nəsrdən üstünlüyü, Nizami və Dəhləvi barədə söhbət açılır. Maraqlıdır ki, nağıllar Bəhram şaha müxtəlif saraylarda danışılır. Bəhram şah “Dördüncü səyyahın hekayəti”ni qırmızı, “Beşinci səyyahın hekayəti”ni mavi, “Altıncı səyyahın hekayəti”ni səndəli, “Yeddinci səyyahın hekayəti”ni kafuri və s. saraylarda dinləyir.
Poemada göstərilir ki, Bəhram şah sevdiyi qadın Dilaramla ova çıxır. Dilaram ov zamanı Bəhram şahın sərrast ox atmasını tərif etmir. Bundan qəzəblənən Bəhram şah Dilaramın əl-qolunu bağlatdırıb kimsəsiz düzə atdırır və saraya qayıdır. Lakin sonralar dərdə düşür. Dərdini unutmaq üçün 7 müxtəlif qəsr tikdirir. Əsərin sonunda Bəhram şah yeddinci səyyahın hekayətini dinləyərkən Dilaramın sağ olduğunu bilir və onu saraya gətizdirir.
Əsərdə şair məqsədi fəlsəfi, sosial, ailə-məişət və s. problemlər daxilində açıqlanır. Hekayətlər müxtəlif qəsrlərdə danışıldığı kimi, müxtəlif ideyaların da təbliğini önə çəkir. Məs., “Dördüncü səyyahın hekayəti”ndə (qırmızı qəsrdə) ədalət, səxavət, humanizmin tərənnümü (Cevnə və Məsudun simasında), zülmə, ədalətsizliyə nifrət (Ceysur və Məllövün timsalında), “Beşinci səyyahın hekayəti”ndə (mavi qəsrdə) azad sevgi və məhəbbət, xoşbəxt tale və s. məsələlər (Süheyl və Mehrin simasında), quldurluq və zülmün ifşası (Cabirin timsalında) özünə yer tapır. Digər beş hekayətdə də müxtəlif ideyaların tərənnümü yüksək bə¬dii ifadə formasında diqqəti cəlb edir.
“Xəmsə”yə daxil olan sonuncu əsər “Səddi-İsgəndər”dir (1485). Poema fəlsəfi-didaktik səciyyə daşıyır. Ə.Nəvai ümumiləşmə apararaq Makedoniyalı İsgəndərin simasında ədalətli hökmdar və idarəçilik problemlərindən danışıb. Əsərdə İsgəndər bir tərəfdə dövlət xadimi, digər tərəfdə isə müdrik insan tipi kimi təqdim olunur. Onun uşaqlığı, təhsili, müəllimləri, atası, hakimiyyətə gəlişi, Məqribdən tutmuş Hindistana qədərki yürüş və müharibələri haqqında söhbət açılır. Həmçinin İsgəndərin sədd tikdirməsi, dəniz səyahətində olması ilə bağ¬lı verilən bədii səhnələr baş qəhrəmanın həyatı və fəaliyyətinin ikinci mərhələsi haqqında təəssüratları genişləndirir. İsgəndərin əsərdə geniş bədii təqdimi onun xarakterinin açılması və təyin olunmasında böyük rol oynayır. Bu müəyyənləşmədə biz İsgəndərin iki xarakter tipi ilə üz- üzə dayanırıq: hökmdar və müdrik insan-filosof.
Ə.Nəvainin əsərdə İsgəndərin Orta Asiyaya yürüşünü təsvir edərkən bu əyalətdə yerləşən tarixi şəhərlərə (Herat, Səmərqənd) məhəbbətlə yanaşması hiss olunur. “Nizaminin Bərdədən qürurla söhbət açması təbii olduğu kimi, Nəvainin də Mavərənnəhri iftixarla vəsf etməsi təbiidir. Demək, Nizaminin tarixi rəvayətləri, əfsanələri müasirləşdirmək ənənəsini Nəvai inkişaf etdirib” .
Ə.Nəvai Sultan Hüseyn Bayqaraya ithaf etdiyi 3500 beytlik “Li- sanüt-teyr” əsərini (1498-1499) sufi filosof Fəridəddin Əttarın “Məntiqüt-teyr” əsərinə nəzirə olaraq yazıb. Şair insana məhəbbət daxilində sufi ideyaları təbliğ edir və bunun müqabilində insanı saflığa çağırır. “Lisanüt-teyr”ə daxil olan 515 beytlik “Şeyx Sənan” klassik ənənələr zəminində qələmə alınmış müstəqil əsərdir. Ayrı-ayrı təzkirə və tədqiqatlarda (Sam Mirzə Səfəvinin “Töhfeyi-Sami” və F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixi materialları”) “Şeyx Sənan”ın Ə.Nəvai yaradıcılığında ayrıca əsər olması təsdiqlənir.
“Mizanül-övzan” (1492) (“Vəznlərin tərəzisi”) türkdilli əruz vəznli şeirin nəzəri əsaslarını yaratmaq və onun tətbiqini asanlaşdırmaq, əruz vəzni və nəzm şəkillərinə dair sistemli bilgi formalaşdırmaq sahəsində Ə.Nəvainin ən maraqlı əsərlərindən biridir. Ə.Nəvai “Mizanül-övzan” əsərində əruzun təkcə nəzəri düsturunu vermir, türkdilli şeir nümunələrinin tətbiqi yolu ilə fikirlərinin praktik isbatına nail olur. Əsərdə əruzun tarixi, onun yaradıcısı (Xəlil ibn Əhməd) və ifadə etdiyi məna haqqında qısa məlumat verilir. Bu məlumatlardan sonra əruzun nəzəri əsaslarının şərhi yolu ilə türk dillərinin əruz qanunlarına cavab verdiyi sübuta yetirilir. Əlişir Nəvai “Mizanül-övzan” əsərini yazmaqla türk dillərinə yad olan əruzu milliləşdirməyə çalışıb, “türk dillərini fonetik baxımdan, qrafik nöqteyi-nəzərdən əruzun tələblərinə uyğunlaşdırmaq istəyib”. Bu yolla Ə.Nəvai ümumtürk əruzunun qarşısında dayanan problemləri sistemləşdirmək arzusunda olmuş və bunun müəyyən mənada öhdəsindən gəlib.
Ə.Nəvai Şərqdə türk dilində ilk dəfə “Xəmsə” yazmaq və həmin dildə dörd divan tərtib etmək səbəbindən insanları heyrətə gətirməklə yanaşı, həm də bu dilin bədii imkanlarının intəhasızlığını dünyaya yaydı. “Mühakəmətül-lüğəteyn” (1499) əsərində isə bir alim kimi o, türk dilinin fars dilindən həm ədəbi-bədii, həm də danışıq dili kimi üstün olmasını müqayisə və elmi təhlil yolu ilə sübuta yetirdi. Ə.Nəvainin 500 il bundan əvvəl yazılmış, türk təəssübkeşliyi baxımından hal-hazıra qədər əhəmiyyətini itirməyən “Mühakəmətül-lüğəteyn” (“İki dilin mübahisəsi”) əsərində türk dilinin üstünlükləri elmi, tarixi və praktik cəhətdən özünə yer tapıb. “Söz və ifadə yaratmaqda türk sartdan daha mahirdir” deyən Ə.Nəvai məhz türk dilinin üstünlüyü kimi onun canlı xalq, şifahi danışıq və bədii dil ifadə imkanlarının böyüklüyünü nəzərdə tutur, türk xalqlarının söz yaratmaq fəhminin genişliyini təsdiqləyir: “Məlumdur ki, türk sartdan daha fəhmli və aydın idraklı, xilqəti daha saf və daha pak məxluqdur... Türkün əsli xilqətdə sartdan incə təbli olduğuna bundan tutarlı tanıq-sübut yoxdur və heç kim bunun müqabilində heç nədən dəm vura bilməz. Əgər sartlar türk dili qarşısında acizdirlərsə, bunun səbəbi var, çünki türk sözlərini yaradanlar uzun zamanlardan bəri öz nitqlərini daima kamilləşdirmiş və xüsusi anlayışların ifadəsi üçün elə sözlər yaratmışlar ki, bunları təcrübəli adam izah eləməsə başa düşmək olmaz”.
Ə.Nəvai regionda türk dilinin mövqeyini, siyasi proseslər nəticəsində bu dilin siyasi və bədii dil imkanlarının genişlənməsini leksik-frazeoloji məna kəsb etməkdə üstünlüyünü və s. elmi-tarixi kontekstdə nəzərə çarpdırır. Ə.Nəvai doğru olaraq dilin inkişafında siyasi proseslərin rolunu yüksək qiymətləndirir. Bu mənada o, əsərdə türk əsilzadələrinin hakimiyyətə gəlişini türk dilinin inkişafına təsir göstərən mühüm amil kimi dəyərləndirir: “Elə ki hakimiyyət ərəb və sart sultanlarından türk xanlarının əlinə keçdi, Hülaki xan zamanından, Sahibqıran Sultan
Teymur Görəgən zamanından başlamış ta onun fərzəndi-xələfi Şahrux Sultan zamanının axıracan türk dilində yazan şairlər peyda oldular”.
“Mühakəmətül-lüğəteyn” əsəri türk mənəviyyatının, türk təfəkkürünün, bədii-düşüncə tərzinin üstünlüyü, təsdiqi yolunda ən böyük və etibarlı mənbədir. Əsərin son abzasında bu məntiq Ə.Nəvainin dili ilə öz ifadəsini belə tapır: “...Türk ulusunun fəsihlərinə ulu həqiqət sübut elədim ki, öz söz və ibarələrinin həqiqətindən və öz dil və lüğətləri keyfiyyətindən vaqif olsunlar. Farsdillilərin ibarə və söz meydanında tənə etdikləri danlaqdan qurtarsınlar”.
Bunlardan başqa Ə.Nəvainin türk dili və ədəbiyyatı, türk fəlsəfi-düşüncə tərzi, ictimai-ədəbi və siyasi-tarixi və s. bağlı elmi-fəlsəfi, estetik, sosioloji araşdırma və ümumiləşdirmələrini özündə əks etdirən elmi-ədəbi, elmi-tarixi əsərləri də mövcuddur. Ə.Nəvainin “Mizanül-övzan” və “Mühakəmətül-lüğəteyn” əsərləri kimi “Tarixi ənbiya və hükəma”, “Tarixi-mülki Əcəm”, “Nəzmül-cəvahir”, “Məhbubül-qü- lüb”, “Məcalüsün-nəfaüs”, “Münşəati-türki”, “Əruzi türki” və s. əsərləri bu günün özündə də elmi-fəlsəfi əhəmiyyətini itirməyib.
Elman Quliyev
filologiya üzrə elmlər doktoru, professor
Xalq Cəbhəsi.- 2019.- 2 aprel.-
S.14.