101 il öncə Bakıda
törədilmiş soyqırımı
S.Şaumyan əsl daşnak xislətini bolşevik mundiri altında məharətlə gizlədərək bu hadisələrə Sovet hakimiyyəti uğrunda mübarizə donu geyindirmişdi
2-ci yazı
Məruzədə göstərilir ki, həmin gün
Müsəlman Xeyriyyə Cəmiyyətinin binası
“İsmailiyyə”də azərbaycanlıların
yığıncağı keçirilir. Keçmiş Bakı şəhər
rəisi Qaik Ter-Mikaelyants iclasa gələrək erməni Milli
Şurası və Daşnaksutyun partiyası adından bildirir
ki, əgər azərbaycanlılar bolşeviklərə
qarşı çıxış etsələr, ermənilər
də onlara qoşulacaq və bolşevikləri Bakıdan
qovmağa kömək edəcəklər: "Ertəsi
gün, martın 19-da səhər tezdən azərbaycanlılar
hələ yuxuda olduqları bir vaxtda, ermənilərin yalan vədlərinə
arxayınlaşmış şəhərin azərbaycanlı
hissəsinə hücum başlanır. Hücumda
yalnız erməni əsgərləri iştirak edir və azərbaycanlılar
əvvəlcə şəhərdə nə baş verdiyini
müəyyən edə bilmirlər. Xəzərdəki
hərbi gəmilər ermənilərin provokasiyası ilə
şəhərin azərbaycanlılar yaşayan hissəsini
top atəşinə tuturlar. Ermənilər rus
matroslarını inandırmışdılar ki, şəhərdə
müsəlmanlar rus əhalisini qırırlar. Matroslar əmin
olduqda ki, azərbaycanlılar şəhərdəki rus əhalisinə
toxunmurlar, onlar top atəşini dayandırmışdılar. Hücum ərəfəsində şəhərdəki
bütün ermənilər şəhərin azərbaycanlı
hissəsindən erməni hissəsinə keçmişdilər".
Tarix elmləri
doktoru Ataxan Paşayevin araşdırmasında yazılır:
"Yaxşı silahlanmış və təlim
görmüş erməni əsgərləri pulemyotların
atəşi altında əhalisi tamamilə azərbaycanlılardan
ibarət “Məmmədli” və “Zibilli dərə” deyilən
yerlərdə azərbaycanlıların evlərinə soxulur,
sakinləri xəncər və süngü ilə
doğrayır, uşaqları yanan evlərin içinə
atır, üç-dörd günlük körpələri
süngülərin ucuna keçirirdilər. Qaçmış
valideynlərin bütün südəmər körpələri
vəhşiliklə öldürülürdü. Valideynlərin özlərini isə küçələrdə
qovub qətlə yetirdilər. Şəhərin bu hissəsində
çox az adama qaçıb öz
canını qurtarmaq nəsib olmuşdu. Məruzədə
göstərilirdi ki, bu vəhşiliklərin şahidi
olmuş adamlar danışanda özlərini ağlamaqdan
saxlaya bilmir, həyəcanlanır, ona görə də hadisələri
yerli-yerində nəql edə bilmirlər. Azərbaycanlıları
qətl edərkən onların evlərini qarət edir, sonra
isə od vurub yandırırdılar. Azərbaycanlı qadınlarını
öldürür, çalalara dolduraraq üzərilərini
torpaqlayırdılar. Sonralar təkcə
bir çaladan burun və qulaqları kəsilmiş,
qarınları yırtılmış, cinsi orqanları
doğranmış 57 müsəlman qadınının meyiti
tapılmışdı. Şahidlər
deyirdilər ki, ermənilər öldürə bilmədikləri
qadınların hörüklərini bir-birinə
bağlayır, başaçıq, ayaqyalın qabaqlarına
qatıb küçələrlə qovur, yolda tüfəngin
qundağı ilə döyürdülər".
Məruzədə göstərilirdi ki,
öldürülmüş azərbaycanlıların
sayını müəyyənləşdirməkdə
komissiya çətinlik çəkir. Çünki evlərin
çoxunda ermənilər bütün ailəni
qırmış və indi elə bir adam
yoxdur ki, ondan öldürənlərin adını öyrənmək
mümkün olsun. Şəhərdə bir qədər
sakitlik yaranandan sonra meyitləri basdırmaq üçün
şəhərin bu hissəsinə gələnlər
böyük dəhşətlərlə üzləşmişlər.
Eybəcər hala salınmış meyitlər içərisində
cinsi orqanlarına payalar soxulmuş qadın meyitləri də
tapılmışdı: "Şəhərin başqa azərbaycanlı
hissəsində də erməni əsgərləri pulemyot atəşləri
altında sürətlə hücuma keçir, azərbaycanlıları
sıxışdırıb öz məhəllələrindən
çıxarır, evlərə soxularaq azərbaycanlıları
qəddarlıqla öldürür, evlərini qarət edir,
sonra isə yandırırdılar. Qətllər
zamanı ermənilər nə cinsə, nə yaşa əhəmiyyət
vermirdilər. Məsələn, Hacı Əmir
Əliyevin evinə soxulan ermənilər onu – 80 yaşlı
qocanı, 60 və 70 yaşlı arvadlarını
öldürüb, 3 az yaşlı uşağı
doğramış və 25 yaşlı gəlinini diri-diri
divara mıxlamışdılar. Nikolay (indiki
İstiqlal) küçəsi ilə hücuma keçən
erməni əsgərlərinə əsasən erməni
ziyalıları rəhbərlik etmişdilər. Belə dəstələrdən biri bir evə girib 8
qadın və uşağı güllələmişdi.
Başqa dəstə Fars küçəsində
Bala Əhməd Muxtarovun evinə girərək 9 ziyalı azərbaycanlını
küçəyə çıxarmış və kilsə
meydanında güllələmişdilər.
Meyitlərdən 2-si ermənilər tərəfindən
“Dağıstan” mehmanxanasının alovları içərisinə
atılaraq yandırılmışdı. Bu evdə doktor
Tağıyev bolşeviklərin hakimiyyətini
tanımasını təsdiq edən sənədi erməni əsgərlərinə
göstərdikdə, onlar buna əhəmiyyət verməyərək
bildirmişlər ki, onlar daşnaklardır və bolşevikləri
tanımırlar…
Müdafiəsiz azərbaycanlıları məhv edərkən
ermənilər dənizçiləri və qırmızı
qvardiyaçıları da onların üstünə
salışdırmaq istəyirdilər. Məsələn,
martın 19-da səhər İran konsulu və dənizçi
Natonson qalaya gələrək azərbaycanlı nümayəndələrinə
bildirmişlər ki, azərbaycanlılar qalada olan rusları və
erməniləri öldürmüşdülər. Buna
cavab olaraq azərbaycanlılar onların hər ikisini
arasında ermənilərin də olduğu 240 xristian kişi, qadın və uşağın
saxlandığı Mir Əli Nağı Hüseynovun evinə
gətirirlər. Onlar xristianlara bu münasibəti
görüb qaladan gedəndən 3 saat sonra yenə də
qalaya qayıdırlar ki, 2 erməni icması xadimi bizə
yenidən xəbər verib, guya İran konsulu və dənizçi
Natonson qaladan gedəndən sonra azərbaycanlılar
qaladakı bütün xristianları doğrayıblar. Onların yenidən aldadıldığını
görən Natonson ermənilərin qalaya hücumunu dəf
etmək üçün qalada 20 matros qoyub özü
gedir".
Martın
20-də “Kaspi” redaksiyası ilə “İsmailiyyə” Müsəlman
Xeyriyyə Cəmiyyəti arasındakı döngəyə 3
əsgərin müşayiəti ilə erməni zabiti gəlir
və “İsmailiyyə”nin binasına girir. Bir
müddətdən sonra binanın pəncərələrindən
tüstü, alov görünür və təkcə Bakı
azərbaycanlılarının deyil, bütün şəhərin
bəzəyi olan bu möhtəşəm bina yanğından
məhv olur. Bəs bu hadisələrə onun bilavasitə
təşkilatçısı olduğu S.Şaumyan necə
qiymət vermişdi: "1918-ci il aprelin 13-də o, Moskvaya,
Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin
ilin martında Bakıda ermənilərin azərbaycanlıların
başına açdıqları müsibətlərə
siyasi don geydirməyə
çalışır. Guya ki, bu hərəkətlər
azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən
yox, Sovet hakimiyyətinə sədaqətindən
doğmuşdu. Məlumdur ki, 3 gün,
martın 30, 31 və aprelin 1-də Bakı şəhərində
şiddətli qırğın olmuşdu. Bu
qırğına siyasi vuruşma donu geyindirən Şaumyan
yazırdı: “Bir tərəfdən, Sovet Qırmızı
Qvardiyası, bizim təşkil etdiyimiz beynəlmiləl
qızıl ordu, qısa müddətdə yenidən qura
bildiyimiz qırmızı donanma və erməni milli hissələri,
digər tərəfdən “Müsavat” partiyasına
başçılıq etdiyi və içərisində
çoxlu rus zabiti olan müsəlman "dikaya
diviziyası" və silahlı müsəlman quldur dəstələri
vuruşurdular”.
Bu qısa məlumatdan da görünür ki,
S.Şaumyan bu işdə nə qədər rəzil rol
oynamış, əsl daşnak xislətini bolşevik mundiri
altında məharətlə gizlədərək bu hadisələrə
Sovet hakimiyyəti uğrunda mübarizə donu geyindirmişdi. Onun məktubuna diqqət
yetirdikdə görürük ki, guya onun tərəfində
olanların hamısı, o cümlədən başkəsən
daşnak cəlladları da “əsl sülh göyərçinləri”,
əks tərəf isə qaniçən cəlladlar imişlər.
Özü də Moskvanın dilini bağlamaq
üçün müsəlman dikaya diviziyasında çoxlu
rus zabiti olduğunu xüsusi vurğulayır. Əsl erməni ikiüzlülüyü və erməni
hiyləgərliyi.
Həqiqət isə necə idi? Müsəlmanların
həqiqətdə elə bir qüvvəli silahlı dəstələri
və silahı yox idi. Onun təsvir etdiyi bütün
Sovet hərbi hissələrində vuruşanlar isə əslində
erməni daşnakları və bolşevik cildinə girmiş
erməni şovinistləri idi: "Görün azərbaycanlılar
üzərində erməni daşnaklarının bu vəhşiliklərinə
görə o, necə də öyünür,
lovğalanır: “Biz döyüşlərdə parlaq nəticələr
əldə etmişik. Düşmən tamamilə
darmadağın edilib. Biz onların
qarşısında şərtlər qoyduq və onlar bu şərtləri
danışıqsız imzaladılar.
Müsəlman millətçi partiyalarının
müqaviməti üzündən Bakıda Sovet hakimiyyəti
daim tükdən asılı idi. Yelizavetpolda və Tiflisdə yerlərini
möhkəmləndirmiş olan feodal (bəy və xan)
ziyalıları başda olmaqla bu partiyalar, menşeviklərin
açıq və qorxaq siyasəti nəticəsində
özlərini son zamanlarda Bakıda da çox təcavüzkarcasına
aparırdılar… Zaqafqaziyanın müqəddəratı
həll olunurdu. Əgər onlar Bakıda
üstün gəlsəydilər, şəhər Azərbaycanın
paytaxtı elan edilərdi, bütün qeyri-müsəlman
ünsürləri tərksilah edib qırardılar”.
Təəssüflər olsun ki, komissiya Bakıda ermənilərin
xalqımıza vurduğu maddi zərərin miqdarı qətlə
yetirdikləri və yaraladıqları əhalinin
sayını dəqiq müəyyənləşdirmək
işini başa çatdıra bilməyib. S.Şaumyan isə
Moskvaya yazdığı məktubda bilərəkdən bu rəqəmi
azaldaraq guya hər iki tərəfdən cəmi 3 min nəfər
olduğunu yazmışdı. Lakin saxlanılan sənədlərdəki
məlumatlarla tanışlıq, o dövrdə bu hadisənin
bilavasitə iştirakçılarının xatirə və
məqalələri, Bakıda dağılıb, xarabazara
çevrilmiş küçə və evlərin əlimizdə
olan foto şəkilləri sübut edir ki, şəksiz bu
hadisələrdə 10 minlərlə adam
qətlə yetirilmiş, xalqımıza yüzlərlə
milyon manatlıq maddi zərər vurulmuşdu. 1933-cü il
aprel aynın 1-də Almaniyanın Münhen şəhərində
M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr
olunan “İstiqlal” qəzetinin 31-ci nömrəsində həmin
hadisənin 15 illiyi münasibəti ilə çap olunmuş
məqalədə oxuyuruq: “1918-ci il 22 martda Bakının
“İsmailiyyə” binasının möhtəşəm
salonunu milli musiqi, tans, qəhqəhə sevinc və
gülüş titrədirdi. “Novruz” bayramı
qarşılanmaqda idi. Bir həftə sonra 31 martda isə,
bu tarixi bina, Azərbaycanın bütün siyasi, elmi, ədəbi,
bədii, iqtisadi və ictimai cəmiyyət və təşkilatları
ilə, kitabxana, qiraətxana, yetimlər yurdunun yerləşmiş
olduğu bu qoca saray quru bir kabus halında matəm içərisində
idi. Yandırılmışdı. Yandırılan bir tək “İsmailiyyə” deyildi.
Türklərə məxsus bütün mətbəələr,
mətbuat idarəxanaları, milli teatro binaları, məktəblər,
xəstəxanalar, camilər, milli mədəni müəssisələr
yerlə yeksan edilmişdi. Bir həftə
içərisində Bakı bütün simasını dəyişmişdi.
31 martda 15 min günahsız türk kəsilmişdi... Günün qəhrəmanları: Şaumyan, Avakyan,
Arakelyan, Ter-Mikaelyan, Saakyan, Lalayan, Hamazasp, Əmiryan və b.
idi. Əlində Lenin və Stalinin 13 nömrəli dekreti olan
Stepan Şaumyan həmin dekretə görə “Böyük
Hayıstan”a müqabil Azərbaycanı “Sovetsizə” edərək
burada Moskva hakimiyyətini quracaqdı. Bunun üçün
silahlı erməni qüvvələrinə dayanaraq
türkləri kəsirdi".
Elçin
Qaliboğlu
Xalq cəbhəsi 2019.- 4 aprel. - S.14.