Aprel döyüşləri
Azərbaycan Ordusunun gücünü bir daha düşmənə
göstərdi
Hələ 2016-cı il Aprel döyüşlərindən özünə gələ bilməyən işğalçı Ermənistan yenə də rəsmi Bakını müharibə ilə hədələməkdə davam edir. Belə ki, Ermənistanın
Respublikaçılar Partiyası Müdafiə naziri David
Tonoyanın Azərbaycanın yeni ərazilərinin
işğalıyla bağlı bəyanatını dəstəkləyib.
Jurnalistlərə açıqlamasında partiyanın sədr
müavini Armen Aşotyan Azərbaycana müharibəyə
başlamamasıyla bağlı mesaj göndərilməsi gərəkliyini
bildirib.
“Düşməni yeni müharibəyə
başlayacağı halda yeni itkilər verəcəyini
başa salmaq lazımdır. “İsgəndər”lərin tətbiqi
də burada istisna olunmamalıdır. Müharibə nəticəsi
yeni ərazilərin “azad edilməsi” ola bilər”, – deyə o
bildirib.
Qeyd edək ki, Vyana görüşündən dərhal
sonra Ermənistan Müdafiə naziri David Tonoyan Nyu Yorkda erməni
icması qarşısında çıxış edərək,
İrəvanın Azərbaycana heç bir torpaq
qaytarmayacağını bildirib. O, həmçinin “sülh naminə
ərazi” formulu əvəzinə “yeni ərazilər
uğrunda yeni müharibə prinsipinə üstünlük
verəcəklərini, hücum bölmələrinin
sayını artıracaqlarını” açıqlayıb.
Ermənistan Baş naziri Nikol Paşinyan Tonoyanın bu bəyanatını
dəstəkləyib. Paşinyan nazirin ondan icazəsiz hərəkət
etmədiyini bildirib.
Paşinyanla bərabər Daşnaksütyun Partiyası
da Tonoyanla həmfikir olduğunu bəyan edib.
Rusiyalı politoloq, tarixçi Oleq Kuznetsov deyib ki, Aprel
müharibəsi, hərbi dillə desək, Azərbaycan
Ordusunun taktiki əməliyyatıdır. Azərbaycan hərbi fəaliyyətlərlə
lokal uğura nail oldu və cəbhə xəttinin müəyyən
məntəqələrinin konfiqurasiyasını özü
üçün daha əlverişli hala gətirdi.
Onun
sözlərinə görə, bu əməliyyatın Azərbaycan
Ordusu və ictimaiyyəti üçün mənəvi-psixoloji
nəticələrini qiymətləndirmək olduqca çətindir:
“2016-cı
ilin aprelindəki döyüşlərdə Azərbaycan
Ordusu qələbənin dadını hiss etdi, onun komandirləri
isə erməni həmkarları ilə nəinki
döyüşməyin, eləcə də onları
açıq hücum döyüşündə məğlub
etməyin mümkün olduğunu praktik şəkildə
gördülər. 2016-cı ilin aprelin əvvəlində
qazanılmış uğur Azərbaycanın hərbi-siyasi rəhbərliyinə,
zabitlər və əsgərlərə qələbə ruhu
aşılamağa imkan verdi. Bu şərtlər qoşunların döyüş
hazırlığı və bütövlükdə dövlətin
hərbi doktrinasının təyin olunması
üçün son dərəcə vacibdir”.
Rusiyalı
ekspert Aprel döyüşləri ilə bağlı
medalın əks tərəfinin olmasına da diqqət çəkib:
“Əgər tam açıq danışsaq, həmin
hadisələr həmçinin qoşunların
hazırlığı, xüsusən döyüş
meydanında qoşunların idarə edilməsi cəhətdən
çatışmazlıqlar və boşluqların
olduğunu göstərdi. Bütün bunlar o
zaman əsassız itkilərə gətirib
çıxardı. Həmin vaxtdan keçən 3 il ərzində
Azərbaycan ordusunun rəhbərliyi müvafiq nəticələr
çıxardı, kadr rotasiyası və komandir heyətinin
yeni hazırlıqları həyata keçirildi, yeni
ağır hücum silahlarının alınması
hesabına raket artilleriyasının atəş gücü
qaldırıldı, döyüş meydanında itkiləri
azaltmaq üçün döyüş vəziyyətində
silah növlərinin qarşılıqlı əlaqələndirilməsi
sistemi yenidən nəzərdən keçirildi”.
Kuznetsovun sözlərinə görə, bütün
bunları cəmləşdirdikdə Azərbaycanda yeni qərargah
düşüncə tərzi modelinin
yarandığını söyləmək olar. Bu
döyüşən ordu üçün prinsipial əhəmiyyət
daşıyır.
“Bütün bunlar mart ayında keçirilən Azərbaycan
Silahlı Qüvvələrinin genişmiqyaslı təlimlərinin
nəticələri ilə aydın şəkildə
nümayiş edildi. Bütün bunlara görə, Azərbaycan
Ordusunun müdafiə ordusundan Qarabağın azad edilməsi
uğrunda vuruşan hücum ordusuna çevrildiyi nəticəsinə
gəlmək olar”, - ekspert bildirib.
Siyasi təhlilçi
yuxarıda qeyd olunanlara əsaslanaraq bildirib ki, 2016-cı ilin əvvəllərində
baş verən hadisələr Azərbaycanda hərbi
quruculuğun yeni bir məqsədyönlü mərhələyə
keçdiyini göstərir, həmçinin Silahlı
Qüvvələrin həm hərbi-texniki, həm də mənəvi-psixoloji
cəhətdən yeni keyfiyyət səviyyəsinə
qalxmasına səbəb olub:
“Həqiqətən, bu gün adi əsgərdən
tutmuş Müdafiə naziri və Baş Qərargah rəisinə
qədər, Azərbaycan Ordusunun bütün hərbi
qulluqçuları özlərini qalib və ərazi azad edən
kimi hiss edirlər. Kənardan müşahidə edən biri
kimi tam məsuliyyəti ilə deyə bilərəm ki,
islahatlar Azərbaycan Ordusunun struktur dəyişikliklərinin
final mərhələsinə qədəm qoyub. Tamamilə başa çatmamasına və
inkişaf potensialını özündə saxlamasına
baxmayaraq, sistemin artıq Azərbaycanın hərbi-siyasi rəhbərliyinin
təyin etdiyi kriteriyalarla uyğun olduğunu söyləmək
olar. Bu prosesin – Azərbaycan Ordusunun struktur
və düşüncə tərzi cəhətdən yenilənməsinin
əsası 2016-cı ilin Aprel hadisələri ilə start
götürüb. Bu planda onların tarixi əhəmiyyətini
qiymətləndirmək çətindir”.
Ekspert
Hikmət Şikarov “Xaq Cəbhəsi”nə
açıqlamasında bildirib ki, xalqımız bu tarixi
qürurla anır, qəhrəman oğullarımızı fərəhlə
yad edir:”Azərbaycan Respublikasının Prezidenti, Ali Baş
Komandan İlham Əliyev aprel döyüşlərinə
xüsusi önəm verərək, onu şanlı tariximiz
adlandırdı. Xüsusilə erməni
işğalçıları tərəfindən
işğal olunmuş torpaqlarımızın 2000 hektar ərazisi
Azərbaycan Ordusu tərəfindən azad edildikdən sonra
ölkə başçısının cəbhəyanı
bölgələrə səfər etməsi və əsgərlərimizlə,
zabitlərimizlə görüşməsi, orada yaşayan əhalinin
yaşayış şəraiti ilə yaxından tanış
olması bir daha xalqımızın mənfur düşmən
üzərində əldə edəcəyi növbəti qələbələrə
inamını artırdı. Bu baxımdan,
dövlət başçısının aprel
döyüşlərinin bizim şanlı qələbəmiz
olduğunu vurğulaması bu qələbələrin
davamlı olacağına, bir qarış
torpağımızın belə düşməndə
qalmayacağına dair verdiyi mesaj kimi qiymətləndirilməlidir.
Aprel döyüşləri dünya ictimaiyyətinə
Azərbaycan Ordusunun nə qədər qüdrətli ordu
olduğunu bir daha nümayiş etdirdi. Bütün
dünya şahidi oldu ki, Azərbaycan Ordusu bu döyüşlərdə
necə peşəkarlıq, qəhrəmanlıq, məharət
göstərdi. Aprel döyüşləri
öz ordusu haqqında yalanlar, miflər uyduran Ermənistanın
təbliğatına ciddi zərbə vurdu, erməni cəmiyyətini
sarsıtdı.
Ali Baş Komandan İlham Əliyevin həyata
keçirdiyi düşünülmüş siyasət nəticəsində
bu gün Azərbaycan Cənubi Qafqazın ən güclü
iqtisadiyyatına və modern ordusuna sahibdir. İlham
Əliyev sistemli şəkildə təmas xəttində, səngərlərdə
olur, əsgərlərlə görüşür, onları təltif
edir, durumları ilə maraqlanır, onlarla birgə əsgər
yeməyi yeyir. Bunlar həm orduda
böyük ruh yüksəkliyi doğurur, həm də onun
daxilində olan məsələləri öyrənib problemlərin
dərhal həll olunmasına şərait yaradır.
Bütövlükdə ordu-rəhbər birliyi, ordu-xalq vəhdəti
özünün yüksək səviyyədə həllini
tapmışdır! Bu vəhdətin sübutunu biz
üç il əvvəl aprel
döyüşlərində də gördük. Həmin vaxt həyata keçirilən hərbi əməliyyatlar
Azərbaycan Ordusunun nəyə qadir olduğunu göstərdi.
Gördük ki, bu ordu çox qısa müddətdə
qarşısına qoyulan vəzifələri yüksək səviyyədə
həyata keçirmək iqtidarındadır. Aprel döyüşləri başlayanda yüzlərlə
Azərbaycan gənci hərbi xidmətə
çağırış vərəqəsini gözləmədən
döyüşmək istəyi ilə səfərbərlik
orqanlarına müraciət etdi. Əməliyyat
gedən əraziyə bu gəncləri buraxmamaq
üçün bir sədd yaratmışdılar. Ermənistan
tərəfdə isə Azərbaycan əsgərindən, Azərbaycan
silahından qorxub qaçan erməni əsgərlərini
saxlamaq üçün sədd çəkmişdilər, hətta
onları geriyə qaytarmaq üçün güllə ilə
vururdular da! Bərkə düşən kimi erməni
hərbçiləri qaçmağa başladılar.
Çünki bilirdilər ki, Qarabağ onların deyil və
bu ərazidə müvəqqətidirlər! Azərbaycanın
Ermənistana tərs silləsi olan aprel müharibəsi həm
Dağlıq Qarabağ münaqişəsində indiyədək
yaranmış vəziyyəti ərazi baxımından qismən
dəyişdi, həm qüvvələr nisbətində
baş vermiş ciddi dəyişiklikləri nümayiş
etdirdi, həm də çox ciddi psixoloji dönüşə
səbəb oldu! Cəmi dörd gün çəkən aprel
müharibəsi göstərdi ki, Azərbaycan iqtisadi, siyasi, mənəvi-psixoloji
və hərbi cəhətdən düşməndən
qat-qat güclü və üstün mövqedədir!
Uğurlu
Aprel qələbəsindən daha da ruhlanan Azərbaycan Ordusu
iki il sonra daha bir böyük zəfər
qazandı. Ötən ilin mayında Əlahiddə
Ümumqoşun Ordu tərəfindən Günnüt kəndi
və ətraf ərazilərin nəzarət altına
alınması bir daha göstərdi ki, əsgər və
zabitlərimiz qarşıya qoyulan istənilən
tapşırığı yerinə yetirmək əzmindədir.
İstər şanlı Aprel döyüşləri
və Günnüt zəfəri, istərsə də ötən
ilin iyununda və sentyabrında Bakıda keçirilmiş iki
möhtəşəm hərbi parad bütün dünya
ölkələrinə bir daha göstərdi ki, Azərbaycan
hər an öz torpaqlarını düşmən
tapdağından azad etməyə qadir ölkədir”.
Xatırladaq
ki, 2016-cı il aprelin 1-dən 2-nə
keçən gecədən başlayaraq Azərbaycan və Ermənistan
Silahlı Qüvvələrinin Qondarma Dağlıq-Qarabağ
Respublikasının hərbi birləşmələri
arasında hərbi münaqişə baş verib. Aprel döyüşləri Dağlıq Qarabağda
1994-cü ildə atəşkəs haqqında saziş
imzalandıqdan bəri ən şiddətli döyüşlər
olub. Döyüşlər Azərbaycan Silahlı
Qüvvələrinin qələbəsi ilə nəticələnib,
Tərtər rayonunun Talış kəndi ətrafındakı
yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl
rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı,
Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun
Qazaxlar kəndi və Tərtər rayonunun Madaqiz kəndi
istiqamətində yollar düşməndən azad olunub.
5 apreldə hər iki tərəfin
razılığı və beynəlxalq qurumların
müşahidəsi ilə yenidən atəşkəs
müqaviləsi imzalanıb. Buna baxmayaraq, Ermənistan
tərəfindən dəstəklənən seperatçı
qüvvələr atəşkəs imzalanmazdan bir neçə
saat sonra onu dəfələrlə pozub. Azərbaycan
Respublikasının verdiyi rəsmi məlumata görə Azərbaycan
Silahlı Qüvvələri 2,000 hektarlıq ərazini azad
edib.
Cavid
Xalq cəbhəsi 2019.- 4 aprel.- S.9.