“Vyana görüşündən
dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlılarıyla
görüşdü”
Hikmət Babaoğlu: “Bununla da danışıqlar masasında öz xalqına və onun güclü ordusuna arxalandığını nümayiş etdirdi”
Azərbaycan
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyev Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı
Qüvvələrinin N saylı hərbi hissəsində hərbçilərlə
görüşündə mühüm mesajlar verib.
Dövlət başçısı bildirib ki, son Vyana
görüşü Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması üzrə mövcud danışıqlar
formatını bir daha təsdiqlədi. Dövlət
başçısı bildirib ki, Dağlıq Qarabağ
münaqişəsi yalnız ölkəmizin ərazi
bütövlüyü çərçivəsində öz
həllini tapmalıdır: “Dağlıq Qarabağ bizim əzəli,
tarixi torpağımızdır. Əsrlər
boyu xalqımız bu torpaqlarda yaşayıb, qurub, yaradıb.
Bu gün bütün dünya Dağlıq
Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi
tanıyır. Bütün mötəbər
beynəlxalq təşkilatlar müvafiq qərar və qətnamələr
qəbul etmişlər. Bu, tarixi və
hüquqi əsasdır. Heç bir ölkə qondarma
“Dağlıq Qarabağ respublikası”nı
tanımayıb, əminəm ki, tanımayacaqdır. Ona görə danışıqların davam etdirilməsinin
məqsədi işğal edilmiş torpaqların azad
olunmasıdır. Siz bilirsiniz ki, Ermənistanın
yeni rəhbərliyi danışıqların formatını
dəyişdirmək istəmişdir. Verilən
bəzi bəyanatlar da ictimaiyyət üçün bəllidir.
Ancaq Azərbaycanın birmənalı mövqeyi
bunu mümkün etməmişdir. Münaqişə
Ermənistan ilə Azərbaycan arasındadır. Bizim torpaqlarımızı Ermənistan işğal
edibdir. İşğal edilmiş torpaqlarda
qarşı tərəfdə hərbçilərin 80 faizi
Ermənistan vətəndaşlarıdır. Ona görə danışıqlar prosesi də iki
ölkə arasında aparılmalıdır və
aparılır. Son Vyana
görüşü, o cümlədən ona görə
önəmli idi ki, bu mövcud formatı bir daha təsdiqlədi.
Həm xarici işlər nazirləri arasında
aparılan danışıqlar, həm də rəhbərlik
arasında keçirilmiş görüş bir daha onu
göstərir ki, bu, Ermənistan-Azərbaycan münaqişəsidir.
Biz hər dəfə bu münaqişə ilə bağlı
sözümüzü deyəndə bu münaqişəni belə
də adlandırırıq: Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi".
Dövlət
başçısı vurğulayıb ki, ordumuz
üçün nə lazımdırsa, onu edirik və edəcəyik:
“Bu gün ordu quruculuğu baxımından Azərbaycan
dünyanın güclü ölkələrindəndir. Ordumuz üçün ən müasir silahlar,
texnikalar alınır, ordumuzun döyüş qabiliyyəti
artır. Aprel döyüşləri bunun
bariz nümunəsidir. Ordumuz üçün nə
lazımdırsa, biz onu edirik və edəcəyik...”.
Millət
vəkili, politoloq Hikmət Babaoğlu “Xalq Cəbhəsi”nə
bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı
Qüvvələrinin N saylı hərbi hissəsindəki
çıxışışında diqqəti cəlb edən
xeyli mühüm məsələlər var: “Bunlardan birincisi
ondan ibarətdir ki, Vyana görüşündən dərhal
sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlılarıyla
görüşdü. Bununla da
danışıqlar masasında öz xalqına və onun
güclü ordusuna arxalandığını nümayiş
etdirdi. Ancaq Vyana görüşündən
sonra Ermənistanın baş nazirinin haraya telefon
açdığına diqqət etsək görəcəyik
ki, bu şəxs xalqına və ordusuna deyil, elə zəng
etdiyi mərkəzlərə arxalanır. Yəni
Ermənistan müstəqil dövlət deyil, forpostdur, kiminsə
hərbi bazası statusunda olan bir subyektdir elə
danışıqlara da sahibindən aldığı təlimatlar
əsasında gedir. İkinci mühüm
məsələ isə, Ali Baş Komandanımız bir daha
bildirdi ki, müharibə hələ bitməyib, müharibənin
birinci mərhələsi başa çatıb. Bu gün Azərbaycan Ordusu dünya miqyasında
güclü ordular sırasındadır. Bu
fikir əslində işğalçı Ermənistana verilən
ciddi ismarıc kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya yaxud
manipuliyasiya etmək cəhdlərinizə Azərbaycan sona qədər
dözmək fikrində deyil və Azərbaycan öz
torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu
özündə saxlayır. Üçüncü
mühüm ismarıc, Ermənistan Azərbaycan Dağlıq
Qarabağ münaqişəsi tarixində digər
bütün faktorlarla bərabər Aprel döyüşlərindən
sonra hərbi- psixoloji əhval ruhiyyənin də Azərbaycanın
lehinə dəyişməsilə əlaqədar idi. Prezident İlham Əliyev bildirdi ki, əlverişsiz
mövqelərdən bizim hərbçilərimiz çox
önəmli strateji yüksəklikləri
işğalçılardan azad ediblər. Eyni zamanda, bu döyüşlərin mənəvi-psixoloji
baxımdan da böyük əhəmiyyəti vardır. Çünki uzun illər ərzində Ermənistan
təbliğatı belə bir mif yaradırdı ki, onlar hərbi
cəhətdən bizdən üstündür”.
Millət
vəkilinin fikrincə, aprel döyüşləri
bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu
gün ən yüksək keyfiyyətlərə malikdir və
istənilən anda istənilən vəzifəni icra edə
bilər: “Bu mühüm əhəmiyyətli fikir həm də
o deməkdir ki , baxmayaraq bu gün xeyli sayda strateji yüksəkliklər
və rayonlar işğal altındadır, ancaq Azərbaycan
ordusu bir həmlə ilə mövcud reallığı dəyişmək
gücündədir. Buna Ali Baş Komandanın
siyasi iradəsi və güclü ordumuzun hərbi gücü
çatar. Və nəhayət, Prezident
İlham Əliyev bir daha bəyan etdi ki, münaqişə
yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini
tapmalıdır. Bütün bunlar isə belə bir
ümumiləşdirmə aparmağa məntiqi əsas
yaradır ki, Azərbaycan bütün üstünlüklərə
shib olan ölkə kimi öz ərazi
bütövlüyünü bərpa etməyə hazırdır , qadirdir və geostrateji şərtlər
uyğun olan kimi bu istiqamətdə qəti addımlar atacaq”.
Millət
vəkili Elman Məmmədov diqqətə
çatdırıb ki, Azərbaycan Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin
Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin
N saylı hərbi hissəsində etdiyi
çıxışında da qeyd etdiyi kimi Dağlıq
Qarabağ münaqişəsi ilə bağlı
danışıqlar yalnız Azərbaycan və Ermənistan
arasında aparılır: “Bu isə o deməkdir ki,
danışıqların formatı dəyişməzdir”.
Vyanada Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın
baş naziri Nikol Paşinyan arasında keçirilən
görüşün Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması istiqamətində danışıqların
aparılması üçün yeni imkanlar açdığını
deyən deputat söyləyib ki, bu görüş erməni tərəfinin
danışıqların formatının dəyişdirilməsi
cəhdlərini bir daha iflasa uğratdı. E. Məmmədovun
sözlərinə görə, Vyana
görüşünün nəticələri ilə
bağlı sülh prosesinin irəli aparılması
üçün mühitin yaradılması,
danışıqlar prosesində konkret və nəticəyönümlü
addımların atılması vacibliyi bildirilir: "Atəşkəsin
davam etdirilməsi, danışıqların intensiv, substantiv əsaslarla
bir-birini tamamlaması vacib şərtlərdəndir, bunlar
paralel və davamlı aparılmalıdır. Ötən
gün Prezident İlham Əliyev bir daha bildirdi ki,
münaqişənin həlli ilə bağlı Azərbaycan
dövlətinin mövqeyi bəllidir və birmənalı
xarakter daşıyır. Bu münaqişə
yalnız ölkəmizin ərazi bütövlüyü
çərçivəsində öz həllini
tapmalıdır”.
Deputat əlavə
edib ki, Azərbaycanın münaqişənin həlli istiqamətində
mövqeyinin əsasını Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik
Şurasının müvafiq qətnamələri təşkil
edir: “BMT Təhlükəsizlik Şurasının qətnamələrinin
tələblərinə uyğun olaraq Ermənistan
qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən
çıxarılmalı və Azərbaycanın ərazi
bütövlüyü və suverenliyi təmin
olunmalıdır. Azərbaycan bu mövqeyindən
bir addım da olsun geri çəkilməyəcək”.
İsrailli
ekspert Arye Qut isə vurğulayıb ki, Azərbaycan Ordusu cəbhə
xəttində hadisələrin istənilən şəkildə
inkişafına hazırdır: “İndi Azərbaycan ordusu ən
güclü, ən müasir texnika və silahlar, ən
yüksək döyüş hazırlığı,
nizam-intizam və şəxsi heyətin mübariz ruhu deməkdir.
Azərbaycanın və Ermənistanın maliyyə
imkanlarındakı fərqlər onların müdafiə və
hücum potensialındakı fərqlərdə əks olunur.
Globalpower.org rəsmi hərbi statistika saytının
hesablamalarına görə, həm hərbi, həm də
siyasi və iqtisadi amillər, o cümlədən rəsmi
Bakının daimi dövlət gəlirləri mənbələrinin
olması, Ermənistanın isə bu cür mənbələrinin
olmaması nəzərə alınmaqla Azərbaycanın hərbi
qüdrəti Ermənistanın müdafiə qabiliyyətindən
1,5 dəfə yüksəkdir. Bu gün müstəqil
Azərbaycan ölkənin müdafiə sektoruna Ermənistanın
bütün dövlət büdcəsinə uyğun məbləğdə
sərmayə qoymağı özünə rəva görə
bilər. Təcrübə göstərir
ki, müasir müharibədə döyüş əməliyyatları
aparılması üçün kimin daha çox inkişaf
etmiş, yüksək texnoloji vəsaitləri varsa, həmin tərəf
qalib gəlir. 2016-cı ilin aprel
döyüşləri zamanı erməni
işğalçılarına qarşı İsrailin pilotsuz
zərbə aparatlarının səmərəli şəkildə
tətbiq edilməsini xatırlamaq kifayətdir və bu barədə
çox danışmaq olar.
Heç
kəs unutmayıb ki, 2016-cı il aprelin əvvəlində
Azərbaycan Silahlı Qüvvələri Ermənistanın hərbi
təxribatlarına cavab olaraq və öz vətəndaşlarının
təhlükəsizliyini təmin etmək məqsədilə
Ermənistan ordusuna sarsıdıcı hərbi zərbə
endirdi. Heç kəs üçün sirr deyil
ki, bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və
qüdrətli ordusu olan ölkədir. Ermənistanın
baş naziri və müdafiə naziri çox gözəl
bilirlər ki, Azərbaycanla birbaşa hərbi toqquşma Ermənistanın
qəti iflasına və fiaskosuna gətirib çıxaracaq.
Mən Azərbaycanın hərbi
potensialını Ermənistanla heç müqayisə etmək
istəmirəm, çünki bunlar tamamilə müqayisəolunmaz
şeylərdir. Zənnimcə, Paşinyan
çalışacaq ki, vəziyyət son həddə
çatmasın, çünki bundan sonra onun üçün
və Ermənistan üçün
qarşısıalınmaz nəticələr baş verə
bilər”.
Əli
Xalq cəbhəsi 2019.- 4 aprel.- S.6.