Güney Azərbaycan ədəbiyyatı: ənənəvi obrazlar yeni məzmun müstəvisində

 

 

M.Biriya “Ərk qalası əfsanəsi” poemasında sevginin xəyanət üzərində qələbəsini xeyirin şərə qalib gəlməsi kimi səciyyələndirir

2-ci yazı

Şair ləyaqətini, ismətini qorumağı bacaran mübariz, ağıllı və tədbirli Nərgiz obrazı ilə həm də Azərbaycan qadınlarının hüquqsuzluğunu, haqq səsinin eşidilmədiyini, eyni zamanda onların ən çətin məqamda, çarəsizlikdə belə düşünərək hərəkət etməyə qadir olduqlarını, müqəddəs saydığı şeylər söz qonusu olunca, qarşılarını heç bir gücün kəsə bilmədiyini diqqətə çatdırır. Çağdaş Güney Azərbaycan ədəbiyyatının ən geniş yayılmış mövzularından biri də ayrılıq çayı adlandırılan Araz mövzusudur. H.Tərlanın və B.Q.Səhəndin poemalarında Araz canlı obraz kimi səciyyələndirilib. Bəzi şairlər əsərlərində Araza qarşı qəzəbli ifadələr işlətsələr də, onlar Arazı yazıq, fağır, çarəsiz bir çay kimi təsvir edirlər. Ancaq ən önəmlisi odur ki, hər iki istiqamətin dərin qatında ictimai etiraz və bundan yaranan daxili üsyankarlıq ruhu hakimdir. H.Tərlanın, Ə.S.Alovun, hətta B.Q.Səhəndin poemalarında zəif işlənmiş hissələrə də rast gəlinir. Güneydəki mövcud durumu, ədəbi dilin inkişafının məqsədli şəkildə ləngidilməsini düşünsək, bu halın varlığı təbii görünür. Məsələn, H.Tərlan “Araz gülür” poemasında Arazla görüşünü daha qabarıq və təsirli verə bilməyib. Lakin həsrət yanğısının könül üzməsi poemada, həqiqətən, inandırıcı səslənir:

 

Dedim: Araz, mən Tərlanam, öz oğlunam,

Aydan duru, gündən duru düz oğlunam.

Bir ah çəkdi, qəlbin açdı varaq-varaq,

- Get, yazdığın "Araz” adlı şeirinə bax.

 

Mirzə Məhəmmədin “Həcrinin taleyi” poemasının mövzusu isə şair taleyi, şair həyatıdır. Poemada ağır həyat tərzinin mərd, vüqarlı şairin qətiyyətini qıra bilməməsi inandırıcı bədii lövhələrlə verilib. Qışın soyuq gecələrində nimdaş kürkünə bürünərək yoxsul daxmasının küncündə yalqız yaşayan, taleyi bir an da olsa, üzünə gülməyən, vəfasız dünyada dərd-qəmsiz bir gün görməyən və həyatda həmişə kədərli görünən, lakin şeirləri dillərdə dolaşan könlü nəğməli bir sənətkarın-qürurunu, ləyaqətini bütün dünya nemətlərindən üstün tutaraq var-dövlətə, mənsəbə satılmayan Həcrinin simasında Mirzə Məhəmməd dövrünün əsl söz ustadlarının hansı durumda yaşadıqlarını ümumiləşdirir. Poemanın bir çox bəndlərində şair el məhəbbətinin, xalq sevgisinin hər şeydən yüksəkdə dayandığını belə poetikləşdirir:

 

Kiçik daxmasını bir saray gördü,

Qəmsiz saraylarda sürünmədi o.

Şeir pərisinin saçını hördü,

Məddahlıq donuna bürünmədi o.

Yoxsulluq diviylə pəncələşsə də,

Şeirini qızıla satmadı Həcri.

Quru həsir üstə o, əyləşsə də,

Xalqını unudub atmadı Həcri.

 

Ə.S.Alovun “Acı çay” poeması “Araz çayı” mövzusunun başqa bir çalarda ifadəsi təsirini bağışlayır. Burada virtual olaraq çayın canlı varlıq kimi mühakimə edilməsi və bu kontekstdə yaxın-uzaq tariximizdə baş vermiş hadisələrin ustalıqla sıralanması və təsviri də müəllifin sənətkarlıq qüdrətindən doğur.

 

Acı çayı...

İlan kimi burulursan,

İlan kimi zəhərlisən.

Sahillərin şoradır.

Şoran bitər bir tək orda.

Suyun niyə acı olmuş?

Poemada şairin məqsədi çayı qınamaq, yaxud ittiham etmək deyil. O, sadəcə, hadisələrin hansı məcrada cərəyan etdiyini oxucu dərkində sistemləşdirir, poemada xəyali təsəvvürləri canlandırır. Əsərin sonunda təbiətin sirlərindən biri kimi düşünən insanların daim diqqətini çəkən Acı çayında suyun acı-duzlu olmasının səbəbini şair məcazi mənada yozursa da, mütləq mənası açılmamış qalır. Doğrudan da, Yer üzündə elə çaylar vardır ki, onların suyundan yalnız ilin müəyyən dövrlərində istifadə etmək mümkün olur. Qalan dövrlərdə isə suyun tərkibində duzun həddindən çox olması suvarılma işini çətinləşdirir. Belə çaylardan biri də Acı çaydır. “Acı çay başlanğıcını Savalan dağının Şərq ətəklərindən alaraq Sərab mahalını suvardıqdan sonra Xanımrud mahalında İsgəndərçayla birləşir və Təbriz şəhərinin şimalındakı Mayan, Axola, Baranlı, Satınlı və Şora kəndlərinin ərazisindən keçərək Urmiya gölünə tökülür”. Acı çaya xitabən arzularını da dilə gətirən şairin bu diləklərinin özündə belə doğma yurdun dərdlərindən, acılığından qurtuluş istəyi yer alır. Arzuların ustalıqla ifadəsi, orijinal deyim tərzi poemanın bədii təsir gücünü artırır və oxucu qəlbində müəllifə mehr-məhəbbət yuva qurur. Ə.S.Alov ana təbiətin bir möcüzəsi olan Acı çayın timsalında Azərbaycanın və Azərbaycan xalqının başından keçən olayları, keşməkeşli tarixini də ustalıqla canlandırır. Acı çayın suyunun bu dərəcədə şor olması tarix boyu ölkəmizə axışan ərəblərin, monqolların, talançı quldurların ayaqları altında əzilən, boğulan bir xalqın göz yaşı, fəryad səsi, çayın üzərindən adlayıb yurdumuza basqın etmiş yadellilərlə döyüşən millətin zülm və əsarətə qarşı etirazı, üsyanıdır.

Güney Azərbaycan ədəbiyyatında “Ərk qalası” mövzusunun xüsusi yeri vardır. Alov eyni adlı poemada inqilabi əhvali-ruhiyyəni xəyali təsəvvürlər üzərində canlandırmaqla oxucunu Ərk qalasının tarixə sinə gərərək təbiət hadisələrinin təsirinə və insan müdaxilələrinə-müharibələr zamanı hücumlara məruz qalan divarlarında oxunan nəğmələrlə ovuda bilir. M.Biriyanın “Ərk qalası əfsanəsi” poemasında da bu cəhət özünü qabarıq təzahür etdirir. Bu poemada da şair fikrinin bədii izharı-insan qəlbini riqqətləndirən bir eşq hekayəsi müəyyən qədər zəif verilir, lakin ifadə forması və poetik qəlib əsərin ideya-məzmun xəttini müəyyənləşdirməyə yardımçı olur. Azərbaycan folklorundan süzülüb gələn ibrətamiz bir eşq əfsanəsinin motivləri üzərində qurulmuş “Ərk qalası əfsanəsi” poemasında Məhəmməd Biriya məhəbbət və inam, sevgi və etibar, sədaqət və dözüm kimi bəşəri duyğuları tərənnüm edir. “Ərk qalası” əfsanəsinin yarandığı vaxtdan uzun illər, əsrlər, qərinələr ötmüşdür. Ancaq bu qalanın tikintisi ilə bağlı yaranmış ibrətamiz əfsanə xalqın, mütəfəkkir ədiblərimizin ruhunda, təfəkküründə bütün dövrlərdə öz yerini qoruyub saxlamış və qəhrəmanlıq, sevgi, vəfa, etibar, sədaqət rəmzi kimi nəsillərdən- nəsillərə ötürülərək tarixin yaddaşında daşlaşıb.

Muradəli Qaflantı (Qaflanti Muradəli Qüreyşi-1934) “Bizim kəndin bir illik tarixi” poemasında insani hisslərin geniş anlamını verməklə, həyat və zaman faktorunu sonsuzluq kontekstində təsəvvür edir. Bu təsəvvür predmetik xüsusiyyət kimi əsərin bütün hissələrini vahid bir məcrada birləşdirir. Ayrı-ayrı istiqamətlərin bir nöqtədə təkrarsız birləşməsi şairin sənətkarlıq qüdrətindən irəli gəlir.

“Zavallı xəlqinin dərdin gərəkdir Biriya çəksin, Bu yolda qanıma batsam, böyük bir iftixarım var”, - missiyası ilə yaşayan və yazıb-yaradan Məhəmməd Biriyanın da məramı o dövrün milli ruhunu, yaşam tərzini, ideyalarını sənətkarlıqla yenidən qələmə almaqla heç zaman tükənməyən böyük eşq, məhəbbət duyğularının əbədiyaşarlığına diqqəti çəkmək, insanın, bəşər övladının kamilləş-məsində, özünə qayıdışında böyük rol oynadığını sübuta yetirməkdir. M.Biriya yaratdığı obrazların dili ilə bütün sirli məqamlara, onu düşündürən suallara cavab tapır və baş verən qarşısıalınmaz mürəkkəb situasiyaları necə aşdığını göstərir. Yalnız eşqin, məhəbbətin xəyanət və rəzalətə qalib gələcəyini vurğulayır. Eşqsiz, məhəbbətsiz bir ürəyin tar-mar olduğunu əsər boyu oxucunun diqqətinə çatdırır. Ürəyi məhəbbətlə, pak sevgi ilə çırpınan şair haqqa, həqiqətə çatmanın yolunu da elə bunda görür. M.Biriya ixtiyar bir qocanın oğlunu, ömür-gün yoldaşını itirdikdən sonra dünyanı tərk etdiyini kədərli ovqatla anlatdıqdan sonra, elə yaratdığı obrazın dili ilə bir çox sirli məqamların, əsl həqiqətin üzərindən də pərdəni götürür.

Ərk qalasının yarımçıq qaldığını gördükdə Xadim ilə böyük hökmdar da vəziyyətdən narahatlıq keçirir və tez pusquda durduqları yerdən çıxırlar. Həqiqətən də, dərdini heç kəsə aça bilməyən Qara qulun qəmgin halı, üzüntüdən öləcək duruma düşməsi hökmdarı pərişan edir. Xadimə təcili tədbir görməsini, vəziyyəti düzəltməyi əmr edir və Ərk qalasının tikintisi yarımçıq qalarsa, onları dar ağacından asdıracağını bildirir.

Beləliklə, uca eşqin qarşısında məkr, hiylə, yalan ifşa olunur. Qarının hiyləsinə aldandığını, riyakarlığın, hiylənin qurbanı olduğunu başa düşən gəlin sonda səhv etdiyini anlayır, əməlindən peşiman olur, ərinin sevgisi, etibarı qarşısında yenilir. Yenidən sevgisindən ilham alan Qara qul məhəbbətin gücü ilə əvvəlki nəşəli həyatına qayıdır. Sevgilisini bağışlayır, onun eşqi ilə Ərk qalasının tikintisinin başa çatmasında həlledici rol oynayır, xariqələr yaradır:

Sevindi fəhlələr, güldü bənnalar,

Hökmran əməldən oldu xəbərdar.

Düşündürdü onu bu dərsi-ibrət,

Söylədi doğurdan zövqü məhəbbət,

Hakimdir hər zaman bütün bəşərə!..

O baisdi fəqət xeyirə, şərə.

Məhəbbətinə sadiq olan Qara qulun həyatını Ərk qalasının taleyi ilə bağlayan şair bununla hər bir insanın, bəşər övladının içində ucalan məhəbbət qalasını da əks etdirməkdədir. M.Biriya “Ərk qalası əfsanəsi” poemasında sevginin xəyanət üzərində qələbəsini xeyirin şərə qalib gəlməsi kimi səciyyələndirir. O, əsl sənətkar məharəti ilə tarixən “bütün şairlərin müraciət etdikləri məhəbbət mövzusunu da yeni biçimdə şeirə gətirə bildi. Əsas məsələ məhəbbətdə duyğu ilə kamalın üz-üzə qoyulmasıdır”. O, həm sırf lirik-romantik, həm də tənqidi realizm, satirik ruhlu əsərlərinə ictimai-siyasi rəng qatdı və yeni məzmun çalarları ilə bəzədi. Lakin şair “Ərk qalası əfsanəsi” poemasında bir daha göstərdi ki, ölkələri fəth etmiş hökmdarlar, fironlar belə, bir gün fani dünyadan köçünü çəkəcək, yer üzündən silinib gedəcəklər, lakin qəlblərdə, ürəklərdə heykəlləşən müqəddəs sevgi, paklığını qoruyub saxlayan və ürəklərdə heykəlləşən ülvi məhəbbət bütün pisliklərə qalib gələcək, əbədiyyətədək yaşayacaq. Çünki “məhəbbət insanı mənəvi cəhətdən yüksəldir, onu təmiz, xeyirxah, nəcib əməllərə sövq edir. Məhəbbət təbiətdəki bütün gözəlliklərdən yüksəkdir”.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 9 aprel.- S.14.