Güney Azərbaycan ədəbiyyatı: ənənəvi obrazlar yeni məzmun müstəvisində

 

 

3-cü yazı

 

Sönməz yaradıcılığına aid yüksək tərənnüm və təsvir xüsusiyyətləri “İtin vəfası” poemasında olduğu kimi, “Əliboş getmə” poemasında da xüsusi rol oynayır. Bu poemada müəllif azadlıq yanğısını və özgürlük hisslərini vacib və məsuliyyətli mövzu kimi dəyərləndirir. Bu da əsərin istər məzmun, istərsə də şəkil rəngarəngliyi baxımından tamamlanmasına təsir göstərib. “Böyük dərd” poemasını da Sönməz həmin mövzunun isti və narahat duyğularının işığına bürüyüb. Poema süjet, kompozisiya baxımından maraqlı təsir bağışlayır. Həmçinin, əsərlərdə müəllifin qarşıya qoyduğu məqsəd və məram, mövzu inandırıcıdır. Sönməzin poemalarının mövzusu real həyati-bədii məziyyətlərə malikdir və burada ali həqiqət diqqət mərkəzinə çəkilir. Əsərlərin məzmununu təşkil edən həyat materialı son dərəcə aktual və müasirdir. Onun şair qətiyyəti, fikir duruluğu, sənətkar qəlbi, həyatı, hadisələri görmək və seçmək, oxucunu real varlıqlara və yeni mütərəqqi ideyalara inandırmaq bacarığı və s. kimi ədəbiyyatımız üçün vacib olan xüsusiyyətlər əsərlərinin həm mövzu, həm də bədii-estetik təsir gücünü artırır, yadda qalır. Sönməzin poemaları şairin özü ilə dialoq da adlandırıla bilər. Şair içindəki “Mən” ilə həmdərddir. Şairin poemaları aydın süjetə və struktur quruşuna malikdir. Bunu şairin “Babam özü gələcək” poemasında da sezirik. Bu poema da əvvəlkilər kimi hisslərin üzərində qurulub. Bir növ, bu əsər Balaş Azəroğlunun Sönməzin “İsanın son şamı” poemasına həsr etdiyi bir şeirə cavabdır.

“İsanın son şamı” poeması Sönməzin yaradıcılığında xüsusi əhəmiyyət kəsb edir. Çünki poemanın mövzusu bəşəridir. Bu poemada sənətkarlıq daha qüdrətlidir. Maraqlı və əhatəli bir quruluşa malik poemada hadisələr şairin hissləri üzərində cərəyan edir, lakin burada bir sıra fərqli xüsusiyyətlər özünü yansıdır. Şair bəşəriyyətə məlum olan bir hadisəni - həyat materialını geniş bədii lövhələrlə əks etdirmək üçün məhz poema janrını seçir. Poemanın başlığı - proloqu, sonluğunu - epiloqu üzvi surətdə tamamlayır. Əsərdə şairin məsləhət və nəsihətləri də ayrıca bir dinamizm kimi səciyyələnir.

Təbii ki, sənətkarlıq məsələlərinin konkret məqsədini və məra¬mını bədii cəhətdən şərh etmək üçün ilk növbədə sənətkarı yetişdirən dövr və mühit kontekstini ayrıca qabartmaq lazımdır. Bunun üçün isə cəsarətlə deyə bilərik ki, İran ədəbi-ictimai ənənələrinin 40-cı illər ədəbi hərəkatının genişlənməsi istiqamətində rolu böyükdür. 1940-cı illərin əvvəllərindən başlayaraq poeziya aləmində diqqəti cəlb edən Əli Fitrət, Mir Mehdi Etimad, Məmmədəli Səfvət, Hilal Nasiri, Məhəmmədəli Məhzun, Həbib Sahir, Balaş Azəroğlu, Hüseyn Səhhaf, Cəfər Kaşif, Mir Mehdi Çavuşi, Məhəmmədbağır Niknam, Müzəffər Dirəfşi, İbrahim Zakir, Yəhya Şeyda, bir qədər sonra isə Əli Tudə, Mədinə Gülgün, Hökümə Bülluri, Haşım Tərlan, Sədi Yüzbəndi və b. xalqın arzu və istəklərinin tərcümanı, mütərəqqi - demokratik ideyaların carçısı kimi çıxış edirdilər.

Əsrin əvvəllərindən İranda yürüdülən mürtəce siyasət və bu siyasətin doğurduğu nəticələr Güney ədəbiyyatında sənətkarlığın inkişaf meyllərinin qarşısını almaq üçün sipər rolunu oynayırdı. Lakin milli ruhlu ədəbiyyat bu yöndə bütün çətinliklərə sinə gərir və Güney ədəbiyyatında qüdrətli sənətkarlar yetişirdi. Həmin sənətkarların qüdrəti ilk növbədə ictimai-siyasi baxımdan cəsarətli mövzulara müraciət etməkdə, milli azadlıq ideyalarına xidmət göstərməkdə öz ifadəsini tapırdı.

Araşdırma materiallarına əsasən demək olar ki, Güney ədəbiyyatında fəlsəfi fikirlə ədəbi istiqamətlərin bir-birini sıx surətdə izləməsi sənətkarlığın ən vacib elementi kimi özünü göstərir.

1910-1920-ci illərdə İranda yaşayıb-yaratmış türk kökənli, ancaq fars dilində yazıb-yaradan şairlər - Arif Qəzvini, Mirzadə Eşqi və İrəc Mirzənin də dövrün aktual problemlərini, hadisə və prosesləri daha geniş panoramda əks etdirə bilən mövzulara müraciət etmələri, məhz sənətkarlıq meyarı olan “mövzu seçimi” məsələsinin aktuallığını yenidən qabadıblar.

Qüzey Azərbaycan ədəbiyyatında olduğu kimi, Güney Azərbaycan ədəbiyyatında da şairlər bir-birindən fərqli müstəvidə bədii-fəlsəfi mərhələ yaradırlar. Bu baxımdan yanaşdıqda Şəhriyar yaradıcılığının daha üstün olduğunu görürük. Çünki o, daim axtarışda olmaqdan, ədəbiyyatımızın milli koloritini dərinləşdirmək üçün çalışmaqdan yorulmamış, əksinə, poetik axtarışlar şairin yaradıcılığına qeyri-adi rəngarənglik və təravət gətirmişdir. Şəhriyardan fərqli olaraq, Səhənddə dünyaya poetik-fəlsəfi baxış bir qədər gizli, mübarizlik, əzmkarlıq, cəmiyyətdə mövcud olan naqisliklərə, haqsızlıqlara qarşı etiraz, üsyankarlıq daha açıq, Sahirdə romantik əsalət güclü şəkildədir.

Ümumiyyətlə, Güney şairlərinin poemaları mövzu baxımından həyati gerçəkliklərə söykəndiyindən onlarda bədii-fəlsəfi meyar, ideya qabarıqlaşır, eyni zamanda ənənəvi mənəvi-əxlaqi, ictimai məsələlər geniş təsvirdə təqdim olunur. Onların əksəriyyəti realist olduğundan əsərlərində də vətəndaşlıq pafosu, fəlsəfi mənalandırmalara meyil güclüdür və hadisələrə realist-romantik yanaşma daha müfəssəldir. Bu müfəssəlliklə də Vətənə, torpağa, yurda, yerə və göyə olan etiqadını, sədaqətini əbədiləşdirirlər. Məsələn, Səhəndin bu vaxta qədər tanış olduğumuz əsərlərinin mövzusunda həyat isti-qamətləri ayrıdırsa, son qələm nümunələrində işıqlı gələcəyə böyük inam hissi aşılanır, qəribə həyat yaşantıları izhar olunur. H.Tərlan sadə əməkçi ailəsində doğulub böyüdüyündən lap erkən yaşlarından, yeniyetməlik və gənclik çağlarından işləməyə məcbur olmuş və xalqın kasıb təbəqəsinin yaşayışını daha yaxından müşahidə etmiş, dərdləri, qayğıları ilə tanış olub. Buna görə də ona daha doğma olan bu təbəqənin həyat və yaşayışından gələn mövzuları nəzmə çəkmiş, əməkçi insanın sadə həyat tərzindən, saf mənəviyyatından ilham almışdır. Şairin “Toxucu qız və Savalan” kiçik həcmli poe-masının mövzusu da ictimai məna daşıyır və incə barmaqları ilə möcüzələr-gözəllik dünyası yaradan xalçaçı qızın başı qarlı Savalan dağı ilə mükaliməsi əsasında qurmuşdur. Toxucu qız Savalan dağına kədərli həyat hekayəsini nəql edir. Doğma yurdunda iş tapa bilməyən və maddi sıxıntılardan cana gələn gənc oğlan-qızın nişanlısı toy etmək, ailə qurub vüsala yetmək üçün pul qazanmaq məcburiyyətində qalır və bu məqsədlə ayrılıq cövrünü gözə alaraq Tehrana yollanır. Sevgilisi isə xalça karxanasında çox cüzi əmək haqqı müqabilində işləməyə davam edir. Amma ağır zəhmətə tab gətirərək işini axsatmasa da, hicran əzabına dözməyə tabı çatmır. Həyatdan, acı günlərdən, kədərli taleyindən şikayətlənir, için-için ağlayaraq göz yaşlarını ürəyinə axıdır. Göz yaşlarına selə dönən qızın halına Savalan dağı acıyır, dilə gələrək ona təsəlli verir. Ancaq daşürəkli namərdlərə meydan oxuyur, çıxış yolunun isə birləşməkdə, haqq-ədalət yolunda qılınc çalıb mübarizə aparmaqda olduğunu bəyan edir. “Toxucu qız”da əsərin qəhrəmanının Savalan dağına söylədikləri bu tip əmək müəssisələrində, xalça karxanalarında çalışan bütün Güney Azərbaycan qadınlarının mövcud durumunu əks etdirir:

 

Mən anadan olan gündən qara geymiş bəxtim mənim,

İş dəzgahı axşam-səhər olmuş xabe-rəxtim mənim.

Öz qanımla boyanmışdır toxuduğum qırmızılar.

Gözlərimin nurun aldı yaratdığım nəqşi-nigar.

İlmə çaldım axşam-səhər, dil açmadım dosta, yada,

Zəhmət çəkdim hünərimlə, dəsti-rəncim getdi bada.

Daş ürəkli zalım ərbab oğurladı sərvətimi,

Fəqət gündə beş qırana aldı mənim sənətimi.

 

Bu misralardan da göründüyü kimi, şair istismar olunan xalqının çətinlik və məhrumiyyətlərini sadə bir dillə, səmimiyyətlə təsvir edə bilib. Ancaq qüdrətli sənətkarlar yetişdikcə hakim dairələrin sinfi mübarizələri də daha kəskin xarakter alıb. Eyni zamanda, təkcə hakim dairələr deyil, onlara xidmət edən şair və yazıçılar da bu sənətkarların yetişməsinə və cəmiyyətdə mühüm rol oynamalarına ciddi maneə törədirdilər. Onlar istismarçı siniflərin mənafeyini müdafiə edir, kütlələri itaətə çağıran mövzulara müraciət edir, beləliklə, onları inqilabdan uzaqlaşdırmağa çalışırdılar. Belə vəziyyətdə isə qüdrətli sənətkar kimi yetişmək, əlbəttə, çox çətin idi. Amma dövr çətinlikləri ilə bərabər, bir məqamı ilə də cəmiyyətlərə həmişə açıq olub. Bu səbəbdən, yetişən sənətkarlar ədəbiyyatda xəlqilik prinsiplərinə cavab verən mövzulara böyük üstünlük verməklə özlərini sinfi mübarizələrdə seçilən və qələbə çalan tərəf kimi göstərməyə müvəffəq olublar. “Bu sənətkarların əsərləri bədii keyfiyyətləri ilə də nəzər-diqqəti cəlb edir. Onların dil, dolğun mənalı təşbehlər, yatımlı, oynaq xalq ifadələri, fikri-fəlsəfi ümumiləşmələrə meyil, vətənpərvərlik hisslərinin ümumbəşəri ideallarla aşılanması bu ədəbiyyatın qiymətli xüsusiyyətləridir”.

Şəhriyar ədəbiyyatın psixoloji-həyati istiqamətlərini yaxşı bildiyindən hər hansı bir mövzuya müraciət edərkən də fikir qarışıqlığında çaşmırdı. Onun əsərləri o taylı-bu taylı ədəbiyyatımızın inkişaf istiqamətlərinin müəyyənləşməsi üçün güclü zəmin yaradır. Bu əsərlərin spesifik xüsusiyyətləri, paradoksal-funksional sistem ardıcıllığı, ədəbi-bədii fikir sistematikası, parametrik göstəriciləri, bədii-estetik düşüncə tərzi, elmi-nəzəri və metodoloji siqləti və s. ilk növbədə oxucunun diqqətini cəlb etməyə yönəldildiyindən kütlə arasında böyük maraq doğurur. Şəhriyar yaradıcılığında şair düşüncəsinin yayılma arealının genişliyi məhz həmin siqlətdən irəli gəlir. Şair əksər şeirlərində müraciət etdiyi mövzularda yaşanmış və yaşanacaq tarix üçün (bütöv münasibət baxımından) bir kontekst yaratmışdır. Bu kontekstdə kapitalizm və sosializm strukturunun gerçək reallıqları cəmlənir, mövcud cəmiyyətlərin sosial həyat yaşantıları qabardılır. Şairin bu tip əsərlərində həmçinin, cəmiyyətlərin (xüsusi olaraq cəmiyyətimizin) milli-mənəvi, əxlaqi-mədəni, dini-dünyəvi, etik və estetik dəyərləri ilə yanaşı, qlobal sərhədləşmə qütbündə əks-postmodernist fikrə yanlış yanaşma aspektləri də özünü açıq-aydın büruzə verir. Həmçinin, Şəhriyar şeiri həyatla, gerçəkliklərlə bağlayır və onu ictimai varlığın sənətkarın şüuruna təsirinin nəticəsi kimi izah edir. Şairin bədii-estetik görüşlərində bu cəhət aparıcı xətdir.

 

Esmira Fuad

 

Xalq Cəbhəsi.- 2019.- 13 aprel.- S.14.