Güney Azərbaycan ədəbiyyatı:
epik şeirin ideya xüsusiyyətləri
3-cü yazı
Həmid Nitqinin (1920-1999) tarixi mövzuda qələmə
aldığı və özünüdərk fəlsəfəsinə
əsaslanan “Təbriz” poeması bu xüsusiyyətləri
geniş mənada özündə ehtiva edir. Poemada iztirab və
sarsıntı ilə yanaşı, həm də ənənəvi
xalq ruhuna uyğun nikbinlik də var. “Təbriz”
poemasının ümumi məzmunu tarixi hadisələri əks
etdirsə də, əsas ideyası mənəvi dəyərlərə
sahiblik hissləri aşılamağa, genetik yaddaşın,
milli ruhun oyanmasına xidmət göstərir.
İnsanı,
bütövlükdə cəmiyyəti ruhani-mənəvi
oyanışa səsləyən humanist ideyaları ilə
yadda qalan “Təbriz“ poeması H.Nitqinin
yaradıcılığında mühüm yer tutur.
Dövrün, cəmiyyətin iç üzünə -
sosial-siyasi ziddiyyətlərinə ayna tutan, mənfi və
müsbət tərəflərini, neqativ və pozitivlərini
oxucunun diqqətinə çatdıran poemada şair vətəninin,
xalqının başına gətirilən siyasi olaylardan,
milli faciələrindən, əsrlər
boyu Azərbaycanın baş şəhəri olmuş Təbrizin
ağrılı taleyindən söhbət açır. Həmid Nitqinin tarixi mövzulara müraciət etməsi
təsadüfi xarakter daşımır.
Müasirləri
arasında ensiklopedik biliyi, çox geniş mütaliəsi,
xariqüladə hafizəsi ilə seçilən Həmid
Nitqi sərbəst vəznin tələblərinə uyğun
yazdığı “Təbriz“ poemasında məsələlərə,
tarixi hadi-sələrə ümummilli mənafedən
yanaşmışdır. Şair toxunduğu
bütün problemləri konkret tarixi faktlar əsasında təqdim
etmiş, hətta hadisələrin hansı tarixdə baş
verdiyini belə dəqiqliklə göstərmişdir.
Şair üç minillik möhtəşəm tarix yaşamış
inqilablar beşiyi qoca Təbrizin azad səmasında parlayan
günəşi, bu şəhərin xoşbəxt, firavan həyat
yaşayan sakinlərini, ecazkar gözəlliklərini,
yaşıl bağlarını, röyanı xatırladan cənnət
məkanlarını təsvir etməklə yanaşı,
şəhərin qürub çağlarını da təsvir
etməyi yaddan çıxarmır. Əsəri
oxuyarkən təsəvvürümüzdə “gözündə
yaş gilələri, üzündə gülümsünmə
işığı” parlayan bir şairin obrazı canlanır.
Bu obrazın “gözündəki yaş
şairin ürəyində çağlayıb-daşan dərd
bulağının damcılarıdır. Üzündəki
gülümsünmə isə nikbinlikdir, oxucusuna təsəllidir-oxucusunda
ümidsizlik yaratmamaq üçündür”. Forma
yeniliyi, fəlsəfi məzmunu və bədii ümumiləşdirmələrlə
seçilən, başdan-başa daxili təbəddülatların
poetik əksi olan “Təbriz” poemasında təsvir və tərənnüm
olunan hadisələr təlatümlü, fırtınalı,
sanki heç vaxt sakitləşməyəcək
qasırğalı dənizi xatırladır ki, bu, şair təxəyyülünün
əslində baş vermiş olaylara, acı həqiqətlərə,
haqsızlıqlara qarşı etiraz səsi,
üsyanıdır.
Həmid
Nitqi 1727, 1780 və 1787-ci illərdə - bir əsrdə
üç dəfə dağıdıcı zəlzələyə
məruz qalan, təkcə ictimai-siyasi deyil, elm və sənət
mərkəzi kimi də məşhur olan Təbrizin və Azərbaycan
xalqının, millətinin faciəsinə biganə qala
bilmir, əsərini bir ittiham aktı, mesaj kimi şovinistlərə,
türkün əzəli-əbədi düşmənlərinə
ünvanlayır. İkisi bir can olan Təbriz və Azərbaycanın
yadelli, yaddilli düşmənlərin hücumundan qurtula bilmədiyini
ürək ağrısı ilə dönə - dönə
vurğulayan şair azadlığın necə şirin,
güclü bir duyğu olduğunu əsl vətəndaş təəssübkeşliyi
ilə təsvir və tərənnüm edir.
O, 1502-ci
ildə - Şah İsmayıl Xətainin dövründə,
Paris kommunasından üç yüz il
qabaq xalqının əlinə bayraq götürüb
döyüş meydanlarına atıldığını,
qalib gələrək azadlığı
daddığını iftixarla xatırladır. Həmid Nitqi
İranda yaşayan bütün xalqların istiqlaliyyət
uğrunda mücadiləsinə Azərbaycan türklərinin
ürəklə qoşulduğunu və sonadək mübarizənin
ön cərgəsində olduğunu iftixarla xatırladır:
On yeddinci
əsrin yarısında
Alovlar arasında təzədən canlandı.
Bu ölməz
Səməndər, Təbriz ayağa dururdu,
Köhnə
Şərqin qəlbi vururdu
Qara illər yenə qapımızı çaldı.
1721-də zəlzələ ölkəmə haray
saldı.
80 min insan getdi qurban.
Dörd il keçmədən genə Osmanlı
savaşı
Döyüş,
yəğma, istila...
30 min kişi keçirildi qılıncdan.
- yazan müəllifin əsərində hadisələrin
sürətli axan bəzən quru və sxematik təsir
bağışlasa da, poema janrının tələb olunan
qaydalarına riayət olunmuş, Şərqin incisi kimi qiymətləndirilən
qəhrəman Təbrizdə baş verənləri ümumiləşdirərək
qısa, lakonik şəkildə oxucuya
çatdırılıb.
Milli təəssübkeşlik,
vətənpərvərlik ruhunda yazılmış “Təbriz“ poeması Həmid Nitqi
yaradıcılığının şah əsərlərindəndir.
Şairin böyüklüyü ondadır ki,
milli faciələrin fonunda bəşəriyyətin,
insanlığın mənəvi, cismani məhrumiyyətlərini
sərgiləyə bilmişdir.
Həmid
Nitqinin lirik qəhrəmanı “hürriyyət uğrunda
savaşan, qan töküb, can verən səf-səf qəhrəmanların
əməyinin hədər getməsindən” - inqilabın məğlub
edilməsindən üzüntü duyur. Şair
“müstəqillik uğrunda mübarizə aparan xalq birinci
növbədə ölümə hazır olmalıdır.
Qorxu millətin, azadlığın və bəşəriyyətin
əsaslarını po¬zursa, əksinə igidlik həmin əsasları
sarsılmaz edir, qoruyur və möhkəmləndirir. Xalqın hüququnu qəsb etmiş adamlara rəhm
etmək kütləyə xəyanətdir. Biz Azərbaycan xalqının sədaqətini,
İranın səfalət və fəlakətdən xilas
olmasını istəyirik. Hər bir millətin
şərafətinin birinci şərti onun istiqlalıdır.
Bir məsləkli iki adam, qardaş kimidir”,
- əqidəsi ilə yaşayıb mübarizə aparan
Şeyx Məhəmməd Xiyabaninin əməllərinin və
ideya davamçılarının əbədi var olacağına
inanır. Ürəyi vətən dərdindən qubar
bağlayan şairin azadlıq uğrunda mübarizəsi
bununla sona çatmır, faktları qələmə
almaqla
kifayətlənmir, əksinə, milli ruhun oyanış salnaməsini,
türkün qan yaddaşını vərəqləyir və
çalışır ki, tarixi keçmişimizdən hər
insan özünə görə nəticə
çıxarıb ibrət dərsi ala bilsin. Həmid Nitqi
istibdadın hökm sürdüyü, meydan
suladığı bir dönəmdə
soydaşla¬rının, ana dilinin hansı məhrumiyyətlərlə
üzləşdiyini, var-yoxlarının
talandığını, istismarçı rejimin
talançılığını dönə-dönə
qeyd edir və yazır:
Varı-yoxu
talayıb sındırdılar belləri,
Uzun illər boyunca bağladılar dilləri.
Elimizə yalandan min-bir böhtan yaxdılar.
Doğma ana dilinə kinlə yan-yan baxdılar.
"Özünü, varlığını
kökündən dan!” - dedilər,
"Yalanlara göz görə inan və qan!” - dedilər.
Türkdilli xalqlar, o cümlədən Azərbaycan
türkləri zaman-zaman belə rəzalətlərlə
üzləşsələr də, qadir bir millət və xalq
olaraq ruhunun yenilməz gücü ilə
varlığını qoruyub saxlamağı bacarıblar. Əsasında məhz bu
ideyanın durduğu, forma ilə məzmunu bir-birini tamamlayan,
bədii-tarixi əsərlərin dəyərli nümunələrindən
olan “Təbriz” poemasında H.Nitqi bir daha israr edir ki, bir millətin
dilini, vətənini, torpağını, elini hegemonluqla,
güclə əlindən almaq olar, lakin onun genetik
yaddaşına, ruhuna, mənliyinə heç zaman sahib
çıxmaq olmaz. Aşağıdakı misralar dediklərimizə
tutarlı dəlildir:
Və bir
il keçmədi ki, inqilab günəş
kimi
Qaranlığa
son verdi, bizə bahar gətirdi.
Yenə
ümid budağı qönçələndi, gül
açdı,
Yenə gözəl Təbriz sözə gəldi, dil
açdı.
Səhəndin
“Araz”, “Xatirə”, “Sazımın sözü”, Sönməzin
“Ağır illər”, “Üçüncü göz”,
“Böyük dərd”, M.Ə.Harayın “Yandırılan
sazlar”, H.Qaraçayın “Sonsuzluq” və s. kimi poemalarında
da kədər və nikbinlik əsas motiv kimi təqdim olunur. Oxucu bu əsərlərdə müəlliflərin
qətiyyət və inamına heyran qalır, bədii həqiqətlərin
işığında özünün konkret həyati istiqamətlərini
müəyyənləşdirir.
B.Q.Səhəndin
“Kitabi-Dədə Qorqud“ dastanının
motivləri üzə¬rində yazdığı
“Sazımın sözü” silsiləsindəki bütün
poemalarının ideyasının əsasında milli zülm
və zalımlara qarşı mübarizə dayanır. B.Q.Səhəndin
bu trilogiyanı - “Sazımın sözü”, “Dədəmin
kitabı” və ən nəhayət, ”Qardaş andı”nı
“Dədəmin kitabı” adında təqdim etməsi şairin
milli məramına, məqsədinə müvafiqdir,
çünki “Kitabi-Dədə Qorqud”dan pərvəriş
tapan silsilə ulularımızın bizlərə miras
qoyduğu böyük mədəniyyətə və ədəbiyyata
qapı açan bir Dədə - Ata kitabıdır. Ola bilsin ki, B.Q.Səhənd sələfi Mirzə Cəlilin
“Anamın kitabı” ilə çıxdığı qutsal
özünüdərkə çağırış yolunu
“Dədəmin kitabı” ilə davam etdirmişdir. Ancaq Şah zamanında bu adla kitab nəşrinin
mümkünsüz olduğunu dərk edən uzaqgörən
şair trilogiyanı el-ağız ədəbiyyatından gələn,
xalqın yaddaşında daşlaşmış kəlmələrlə
- “Sazımın sözü” adlandırmış, bir növ
bu monumental əsərin gələcəyini, onu gözləyən
qadağanları sığortalayıb. Böyük məna
daşıyan ”Qardaş andı” cildində
yer almış poemaların hər birini vətəndaş
şair milli azadlıq uğrunda mübarizə manifestinə
çevirə bilmişdir. Şair “Kitabi-Dədə Qorqud”da
“Basatın Təpəgözü öldürməsi”ndən bəhs
edən və daha çox mifik məzmun daşıyan boyu
birbaşa faciələr doğuran müasir dövrlə -
Güney Azərbaycandakı milli ayrı-seçkiliklə,
xalqımızın ən adi milli haqq və
hüquqlarının tapdalanması ilə açıq şəkildə
əlaqələndirmiş, bu siyasəti həyata keçirənləri
qəddar, quduz, kaftar, “adamzad” - adamyeyən Təpə¬gözə
bənzədib. Təpəgözün simasında həm də
imperializmin mənfur obrazını canlandıran şair əminliklə
imperialist qüvvələri milli zülmlərin baiskarı
sayır...
Şahlıq
rejiminə, eyni zamanda fars şovinizminə
yaradıcılığa başladığı andan kəskin
etirazını bildirən, doğma dil, özgürlük
uğrunda mübarizə aparan və bu səbəblərdən
də qəddar şah rejiminin həbsxanalarına atılan Səhənd
“Araz” poemasını 1952-ci ilin soyuq qışında həbsxanada
yazsa da, misraları arasından oxucunun ruhuna bir istilik, munislik,
xoşbəxt gələcəyə inam hissi
ötürür. Nikbin ruhlu bu əsərin
başlıca qayəsi xalqın özünü onun
özünə tanıtmaqdır. Hər
bir bəşər övladı üçün xoşbəxtlik
idealına çevrilmiş azad dünyaya - o zamankı sovet Azərbaycanına
vurğunluğu duyulan “Araz” poemasında Səhənd,
fil.ü.e.d. Vüqar Əhmədin də
yazdığı kimi, “məhrumiyyətlərə
düçar olan xalqın qiyamətə qədər
sağalmayacaq yaralarını, ağrı-acısını təkrarsız
bədii poetik lövhələrlə, böyük sənətkarlıqla
oxucusuna çatdırır. “Araz” poemasında real həyat
hadisələri - Vətənin quzeyində qurulan yeni həyatın
Güneydən əsaslı şəkildə fərqlənməsi,
sosializmin xalqa bəxş etdiyi zahiri azadlığın
Arazın o tayına təsirsiz qalması şairin ruhunda etiraz
və üsyan duyğularını coşdurur.
Esmira Fuad
Filologiya üzrə
elmlər doktoru
Xalq Cəbhəsi.- 2019.- 23 aprel.-
S.14.