Güney Azərbaycan ədəbiyyatı: epik şeirin ideya xüsusiyyətləri

 

 

4-cü yazı

 

Zəmanəsinin övladı olan Səhənd sosializmə qəlbən inanır, onu bəşəriyyətin müqəddəs həqiqət yolu, ellərə əbədi səadət bəxş edən quruluş sayır, Arazın quzey tayını - Şimali Azərbaycanı ömründən “qara qışı qovub sosializm cənnəti” quran əmək dünyası, səadət yuvası adlandıraraq yazırdı:

 

Min zəfərlə qurulur sosializmin cənnəti.

Təbiəti dəyişir insanların qüdrəti.

İçimdə oyanırdı gurultulu bir tufan.

Azğınlıqlara qarşı ruhum edirdi üsyan.

 

Humanizmə və vətənə sevgi duyğularına söykənən Güney şeirini həm forma, həm də məzmunca yeniləşdirən, yeni qəhrəman obrazları yaradan qələm sahiblərindən biri də Məhəmməd Bağırzadə Biriya (1914-1988) idi. “Vurma əl türbətimə, türbəti - Adəm də mənəm, Nə o dünya, nə bu dünya, iki aləm də mənəm”, - misralarında odlu ruh, böyük həyat eşqi duyulan M.Biriyanın milli məfkurəli əsərləri sırasında “Azərbaycan qəhrəmanı, yaxud Azərbaycan əsgəri” poeması önəmli yer tutur. Şairin bu mövzuya müraciətini təsadüfi hesab etmək olmaz. Fil.ü.e.d., prof. Almaz Əliqızı da qeyd edir ki, “Məhəmməd Biriya hətta müharibənin ilk illərində, faşizmin hələ irəli getdiyi, ölkələri diz çökdürdüyü ağır günlərdə də Hitler ordusunun məğlub olacağına inanır, faşizmin yer kürəsi üçün böyük fəlakət olduğunu dərk edir, onun sonunun iflasa uğraya¬cağına bütün varlığı ilə əmin olduğu üçün həmvətənlərini də buna hazırlayırdı”. M.Biriyanın şəxsi həyat, namuslu yaşamla bağlı düşüncələri də məhz bu nüanslara söykənirdi. Təəssübkeş şair dildə söylədiklərini əməllərində təsdiqləyirdi. Eynilə araşdırıcı Hökumə Məmməd qızının yazdığı kimi: “Biriya ailə qurduğu qızı çox sevirdi. O, Bürhan Həmidə Səməd qızı ilə nişanlanarkən əhd etmişdi ki, Azərbaycan azad olmayana qədər toy etməyəcəyəm. Və belə də oldu. 1945-ci il dekabr ayının 12-də - 21 Azər günündə Azərbaycan muxtariyyət qazandı. Biriya öz əhdinə vəfa etdi, sevdiyi qızla çox təmtəraqlı və təntənəli şəkildə ailə qurdu. Yəni üç gün, üç gecə özünə toy elədi”. O, əmin idi ki, “vətəni-mizin düşmənləri mütləq məhv olacaq və məmləkətimiz azadlığa çıxacaqdır”.

Sovet ideologiyasının əsas istiqamətlərini özündə ehtiva edən “Azərbaycan qəhrəmanı” poemasında bu “od-alov” şairi cəsur Azərbaycan oğullarından birinin - Mikayılın o zaman bütün sovet vətəndaşlarının doğma Vətən bildikləri keçmiş SSRİ-nin faşizmdən xilası, azadlığı yolunda gedən ölüm-dirim savaşında keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Məhəmməd Biriya vətən uğrunda canından keçməyə hazır olan Mikayıl obrazını yaratmaqla xalqına, əslində millətinə illərdən bəri qəlbində bəslədiyi məhəbbəti, arzu və düşüncələri izhar etmişdir. “Klassik Şərq poeziyasından, eyni zamanda zəngin Azərbaycan folklorundan məharətlə bəhrələnən Biriya lirikası zamanla nəfəs alır və dövrün bir sıra cahanşümul hadisələri çox böyük ustalıq və bir qədər də romantik pafosla onun poeziyasının predmetinə çevrilir. Biriyanın lirik şeirləri məzmun, mündəricə, mövzu etibarilə nə qədər rəngarəng olsa da, milli savaş və istiqlal ideyası bu şeirlərin baş, aparıcı xəttini təşkil edir” ki, bu cəhətləri onun “Azərbaycan qəhrəmanı” poemasına da şamil etmək olar.

Şair faşizmə qarşı mübarizədə mərdliklə vuruşan Azərbaycan əsgərlərinin apardığı ölüm-dirim mübarizəsini, döyüşlərin birində yoldaşları ilə otuz dörd nəfər düşməni məhv edən Mikayılın şücaətini ehtiva edən hadisələrin bədii təsvirinə daha çox yer verməklə müharibənin nə qədər ağır fəlakətlərə səbəb olduğunu diqqətə çatdırır. Taqanroq uğrunda gedən qanlı döyüşlərdə igidlik göstərən və sinəsini odlu gülləyə sipər edən Mikayılın yaralandığı səhnəni canlandırmaqla düşmənə kini, nifrəti daha da artıran, faşizm taununu qamçılayan şair Vətən fədaisinin şücaətini qiymətləndirərək deyir:

 

Mikayıl haqqında gəlib bir fərman,

Fərmanda yazılıb ali komandan,

Təşəkkürlər edib igid oğluna.

Qəhrəmanlıq adı veribdir ona.

 

Yaralan sağalandan sonra yenidən döyüş meydanına atılan igid əsgərin xarakterik xüsusiyyətlərini əlvan boyalarla canlandırılan “Azərbaycan qəhrəmanı, yaxud Azərbaycan əsgəri” poeması vətənpərvərlik motivləri üzərində qurulmuşdur. Ümumilikdə Azərbaycan qəhrəmanının şərəfli ömür yolunun tərcümanı olan bu əsərdə şair oxucusunu Vətənə, doğma yurda məhəbbət ruhunda kökləyir, Ana torpağa, yetişdiyi məmləkətə dərin sevgi, xoşbəxt gələcəyə inam kimi humanist, bəşəri duyğular aşılayır.

K.M.Sönməz də şeir və poemalarında insan həyatının bir göz qırpımında heçə dönə biləcəyini cəmiyyətə anlatmağa çalışır və cəmiyyət üzvləri arasında azadlıq ruhunun tam bərqərar olmamasından, insanlığın, yaşamın tam dərk edilməməsindən şair qəlbi narahatçılıq keçirir. Çünki “Sönməz şeirin, sənətin kökünü, mayasını xalq həyatından ayırmır. Xalqın dərdindən, istək və arzusundan cücərməyən şeiri məqbul saymır. “Allahu-əkbər” deyə-deyə xalqı soyanlara lənət nəğmələri oxuyur”. Sadiqlik və sədaqətin bədii izharı olan və Hacı Möhsün ağa Fərahətin əziz xatirəsinə həsr olunan “Yeni yol” poemasında bu hisslər, xalq ruhuna yaxınlıq özünü qabarıq şəkildə göstərir. Poemanın başlanğıcında:

 

Su havada pərən-pərən ovularkən,

Şəkər kimi səpələnir başımıza.

Büllur sular həyat verir,

Dərəmizə, dağımıza, daşımıza.

Təmiz hava ciyərlərdə mey düzəldir,

Hey içdirir, hey düzəldir.

Bu dərədə təbiətin görünüşü

Gözəlliyin kamalıdır,

 

- yazan şair bildirir ki, hər kəsin qəlbində ucalmaq həvəsi var. Lakin həyatın çətinlikləri insanın ucalmaq arzusunu daim aşırımlar qoynuna atır. Bu aşırımlardan keçə bilmək və ucalığa doğru getmək insandan səbir, dözüm və iradə tələb edir. Fikirlərin sadə və rəvan dillə ifadə olunduğu poemada şair əsas olaraq bu problemlərə işarə vurur və bunlar əsərin bədii siqlətini daha da artırır. Burada həqiqətin meyarı ölçüsüzlük həddini meydana çıxarır. Bu, insan şəxsiyyətinin bəşəriliyi ilə paralellik yaradan amillərə körpü salır və insan - zaman fəlsəfəsinin açılmasına xidmət edir. Əsərdə həyati dəyərlərə üzqarası olan köhnəliyin, geriliyin xüsusiyyətləri sistemli şəkildə oxucuya çatdırılır və oxucu dərhal anlayır ki, köhnə fikirli adamlar insanlıqdan uzaq məkanda həyat üçün zəruri olan bütün məqamlara kölgə salmağa çalışırlar.

Hədəfi müasir həyatın təzadlarını, qanunsuzluq və ədalətsizliklərini oxucunun nəzərində canlandırmaq olan şairə görə cəmiyyəti elə qanunlarla idarə etmək lazımdır ki, insan azadlığı dərk etsin və köləyə çevrilməsin. Bu mənada “İsanın son şamı” poeması dövrünün aynası olmaqla bərabər, ədəbiyyatda novatorluq mövqeyindən də böyük dəyərə malikdir. Bu əsər K.M.Sönməzin sənət aləmində kimlik vəsiqəsidir. Professor Həmid Məmmədzadənin təbirincə desək, bu poemada “sanki şairin ümumbəşəri ideyaları daha vüsətli üfüqlərdə öz əzəmətini daha tam, daha bütöv şəkildə cilvələndirir. Ayrıca kitab şəklində buraxılmış “İsanın son şamı” poeması şairə ədəbi şöhrət qazandırdı, oxucular haqlı olaraq onu “İsanın son şamı” şairi adlandırdılar. Bu poemadakı parlaq ideyalar, insanpərvər fikirlər, həyəcanla vicdanı silkələyən, oxucunun ruhunun dərinliyinə nüfuz edən mühakimələr haqqında gərək ayrıca bəhs olunsun”.

Əsər vətənin qürub mənzərəsinin vəsfi ilə açılır. “Yorğun günəş” qürubu ilə də gözəldir, füsunkarlığı, əsrarəngizliyi ilə insanı heyrətləndirir. Ay ona “salamat qayıt”, ulduzlarsa “gülə-gülə”, - deyib vidalaşır. Şair bu sətirlərdə bir neçə məqama toxunur: aləmə işıq saçan Günəş hər gecə ayrılığa, çıxmağa məhkumdur. Başqa sözlə, al-əlvan gündüzlərin də ömrü qısadır, hər gündüz axşam olunca öz yerini zülmət gecəyə verməlidir, yəni həyatda hər şey keçicidir, əbədi olan isə insanlıq və saf mənəviyyatdır:

 

Bilməm nədən nankor insan,

Əl götürmür təkəbbürdən?

Bu əbədi dolanışıq Həqiqətin görə-görə,

Zərurətin bilə-bilə.

 

Vətən təbiətinin möhtəşəmliyi, əsrarəngizliyi, al-əlvanlığı içərisində insan əməllərinin naqisliyi şairin ürəyində etiraz, üsyan duyğuları oyadır. Onun Miyanə şəhər meydanında gördüyü dəhşət, faciəli səhnə heç bir dini-əxlaqi, sosial-mənəvi meyarla ölçülə bilməz. Bir stəkan şərab içdiyinə görə yazıq, yoxsul bir kişini qırmancla döyüb öldürürlər. Atasının harayına yetən oğlanı da şallaq- layırlar və cəsədin ayaqları altına atırlar. Şallaqların zərbəsindən gəncin dərisi soyulur, ancaq amansız üsuli-idarənin qansız buyruq qulunun - fərraşın qəddarlığı qarşısında inildəmir, “uf” da demir, mətanətlə ağrıya dözür. Bundan sarsılan şallaqçı xəstələnib yatağa düşür. K.Sönməz öz oxucusunun diqqətini bu qəribə və paradoksal vəziyyətə yönəldir: hər şey keçici olduğu, dünya malı dünyada qaldığı halda, insan oğlu nədən bir-birinin qənimidir?

 

Bu gün dünya Tərbiyətlə, məhəbbətlə

Ən yırtıcı heyvanların

Xasiyyətin dəyişdirir,

İnsanlarla qovuşdurur.

Sən indi də öyünürsən

İnsanları tapdamaqla.

 

Cəza, zülm nə qədər şiddətli olursa, zalımın buyruqçusu - şallaqçı əməllərindən dəhşətə gəlir, mənəvi sarsıntı keçirir. Şair qətiyyətlə bildirir ki, insanları tapdamaqla, əzməklə öyünənlərin özləri zülmə, cəzaya məhkumdurlar. İnsan ucadır, müqəddəsdir, fəqət onu həyatın əzabları, amansızlıqları fəlakətə, qəddarlığa sürükləyir, çirkablar içərisinə yuvarlayaraq günahkara, cinayətkara, oğruya, quldura, əxlaqsıza çevirir, bütün saf duyğuları öldürür, mənəvi dünyasını tarmar edir

 

Esmira Fuad

filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 25 aprel.- S.14.