İrəvan xanlığında vergi yığımı sistemi

 

 

3-cü yazı

 

1829-1832-ci illərdə tərtib edilmiş kameral təsvirdə göstərilir ki, sərdar adətən vəziyyətə görə bütün elatlardan hər yüz qoyun və keçidən bir böyük və bir xırda olmaqla heyvan alırdı. Zilani kürdləri 100 minlik sürüdən 500 tümən dəyərində qoyun verirdi. Hər 1000 qoyundan digər kürd cəmiyyətlərinin ödədikləri vergilər isə bunlardır: Sakentlilər - 8,500 baş qoyun və keçidən 48 tümən 1 minaltun 5 şahı; Bilxixanlılar və Tuşmal ağanın heyvanlarının bir hissəsi - 11.000 baş qoyundan 60 tümən 5 minaltun; İsa ağaya məxsus 5.750 ədəd qoyuna görə 31 tümən 3 minaltun, 10 şahı; Xəlilxanlılar 15.250 qoyuna 83 tümən 3 minaltun; Qızılbaşuşağı 3.500 qoyuna 19 tümən 2 minaltun 10 şahı; Misirkəndlilər 7.700 qoyuna 40 tümən 1 minaltun 10 şahı. Yekunda bu kürd cəmiyyətləri 51.700 baş qoyuna 282 tümən 6 minaltun 15 şahı dəyərində xəzinəyə vergi ödəyirdilər.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmada bildirilir ki, kürd elatlarından əlavə, Azərbaycan türk elatları da vergi verirdilər. Həmin elatlara məxsus 100 minlik sürüdən 500 tümən dəyərində xəzinəyə vergi ödənilirdi. Beləliklə, bütün elatlara məxsus 251,700 xırdabuynuzlu sürüdən xəzinəyə ildə 1.282 tümən 6 minaltun 15 şahı vergi daxil olurdu.

İ.Şopenin tərtib etdiyi siyahı elatların yerinə yetirdiyi yeni mükəlləfiyyət növü ilə bizi tanış edir. Bu mükəlləfiyyət - dişbədiş və amani (amanat) adlanır. Dişbədiş o mükəlləfiyyətə deyilirdi ki, sərdar müəyyən miqdarda öz sürüsünü elatlara otarmaq üçün verirdi. Elatlar isə xanın tələbi nəticəsində verilmiş miqdarda sürünü geri qaytarmalı və eyni zamanda hər sağılan qoyundan xana ildə yarım batman yağ, bir stil yun ödəməli idi. Yeni döğulmuş bala isə saxlanılmağa verilirdi. Hətta kameral təsvirdə xana məxsus ayrı-ayrı elatlara verilmiş sürülərin sayı da qeyd olunmuşdu. Göstərilən sürülərin sayı bunlardır: Böyük Çobanqaralarda 2.484; Kərimbəylərdə 519; Şeyxlərdə 500; Saraşlılarda 1.000; Biryükilərdə 5.000; Əli Şərurluda 200; Qafarlıda 1.138.

Sərdar bu sürülərdən ildə 5.420 batman yağ və 504 batman yun alırdı. Amani mükəlləfiyyətinə görə, iri buynuzlu heyvanların balası və xırda buynuzlu heyvanların yunu sərdara məxsus idi. Bundan əlavə, xan hər sağılan qoyundan yağ, hər camışdan 6 batman və hər inəkdən isə 4 batman ildə vergi alırdı. Elatlarda amani mükəlləfiyyətində olan xırda buynuzlu heyvanların sayı Çobanqaralarda 4.219 baş, Qafarlılarda isə 4.206 baş olmaqla 8.425 başdan ibarət idi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, xanın mal-qarasına məvacib alan çobanlar baxırdı. Məvacib natural və yaxud xüsusi qaydada verilirdi. Belə ki, 500 baş naxırı otaran iki çoban ildə 20 quzu və 120 batman buğda alırdılar. Çobanbaşıya isə min və yaxud beş min baş sürüyə görə xüsusi məvacib təyin edilmişdi. Vergilərdən əlavə, elatlar xana yük heyvanları da verməli idi. Zilani kürdləri hər il xana 1000 baş öküz və 50 baş dəvə, digər elatlar isə 6000 baş yük heyvanı verirdilər. Xan yük heyvanlarından Qarsa, Bəyazidə, Xoya, Naxçıvana və Tiflisə pambıq, çəltik, və digər yüklər göndərmək üçün istifadə edirdi. İrəvan xanı hər il yük heyvanlarından 4.782 tümən, 6 minaltun və 10 şahı gəlir əldə edirdi. Hər il elatlar yun və yun məmulatından xana 925 tümən, 2 minaltun, 10 şahı dəyərində 3.701 batman yun, 62 tümən 5 minaltun dəyərində isə yundan toxunmuş 250 cüt kisə vergi verirdilər.

Mal-qaradan hər il sərdara Zilani kürdləri 500 batman, Sakenlilər 102 batman, Bilxanlılar 192 batman, Xəlilxanlı 183 batman, Qızılbaş uşağı 42 batman, Misir kəndli 87 batman, Ayrumlar 200 batman yağ verirdilər. Bundan əlavə, sərdarın özünə məxsus mal-qaradan da yağ əldə olunurdu. Dişbədiş mükəlləfiyyətində olan qoyunlardan ildə 5.420 batman, əmanidən isə 3.154 batman yağ xana çatırdı. Bu yağın ümumi dəyəri 2.985 tümən 1 minaltun 5 şahı idi.

İrəvan xanlarının əmrinə əsasən, elatlardan lazım gəldikdə qoşun üçün silahlı süvari dəstələri də yığılırdı. Bu dəstələr müharibələrdə ən çevik dəstələr sayılırdı. Belə ki, Zilani kürdləri - 1.000 atlı, Cəmadinlər 250 atlı, Böyük Çoban Qara, Saraşlı, Dəmirçili, Kərimbəyli, Qafarlı və Şeyxlər birlikdə 300 atlı, Qarapapaqlılardan Göycə mahalında (Nağı xanın başçısı olduğu qarpapaqlar) 1000 atlı, Dərəçiçək mahalı (Mərdan xanın başçısı olduğu qarapapaqlılar) 600 atlı, Ayrumlar 200 atlı, Ağsaqqallılar 90 atlı, Seyidli və Taşanlılar 160 atlı olmaqla elatların xan qoşunu üçün verdiyi süvarilərin sayı 3.600 nəfərə bərabər idi. Hər bir atlını saxlamaq üçün təxminən 24 gümüş rubl tələb olunurdu. Ümumilikdə elatların verdiyi süvarilərə 86,400 gümüş rubl lazım gəlirdi. Burada qeyd etmək yerinə düşərdi ki, vergi və mükəlləfiyyətin bütün ağırlığı sadə elatların üzərinə düşürdü. Elat əyanları (sultan, bəy, ağa və s.) hərbi xidmət istisna olmaqla bütün vergi və mükəlləfiyyətlərdən azad edilmişdilər.

Qeyd edilən vergilərdən əlavə, irəvanlılar odun və kömür vergisi də ödəyirdilər. Kəndlilərin vəziyyətinə görə bu vergilərin miqdarı müxtəlif cür olurdu. Belə ki, binaçı vergisi ödəyən hər bir bəhrəkər sərdara ildə 3, yarıkərlər isə 1 yük odun verməli idi. Beləliklə, 539 bəhrəkərdən 1.617 yük, 300 yarıkərdən 450 yük, Ağsaqqallılardan 200 yük, 125 nəfər binaçı vergisi verən Seyidlilərdən 375 yük, Misxanlı cəmiyyətindən 150 yük odun, bundan əlavə, xan ildə Ağsaqqallılardan 200 yük, Misxanlılardan isə 100 yük kömür alırdı. Ümumilikdə odun və kömürün dəyəri 639 tümən 8 minaltun 12 şahıya bərabər idi; İrəvan xanı ayrı-ayrı mahallardan 9.822 toyuq, 19.644 yumurta vergisi alırdı. Bu verginin ümumi dəyəri 147 tümən 2 minaltun idi. Lakin Şərur mahalında bu vergi çəltik həvəngi ilə əvəz edilmişdi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, bu mahalın əhalisi hər çəltik həvənginə görə ildə 55 tümən vergi ödəyirdi. Nəticədə, toyuq, yumurta və çəltik həvəngindən alınan verginin ümumi dəyəri 202 tümən 2 minaltun edirdi. Natural şəkildə alınan vergi kəndlərin və rəiyyətlərin güzaranından asılı olaraq toplanılırdı. Mənbənin verdiyi məlumata görə, «... sərdar vergini əkin sahəsinə, kotanlarının sayına görə deyil, əldə edilmiş məhsulun keyfiyyətinə və vergi verənin vəziyyətinə uyğun tələb edirdi. İrəvan xanlığında belə sistemin (vergi-E.Q.) əsas qaydaları aşağıdakılardır:

a) Zəngin və əlverişli ərazidə yerləşən kəndlər, əhalinin yaşayışına görə, həyətlərə bölünürdü. Bu həyətlər 1-dən 6-ya qədər olurdu. Bunlar binaçı adlanırdı və ildə 10 tümən və yığılan məhsulun 3 hissəsini verməli idilər. Belə kəndlilər bəhrəkərlər adlanırdı.

b) Əhalisi olan və bir qədər əlverişsiz ərazidə yerləşən kəndlərin əhalisi toxumu borc verdiyinə görə sərdara yığdıqları məhsulun yarısını ödəyirdi. Bunlara yarıkərlər deyirdilər. Lakin Zəngibasar mahalında bu cür kəndlər 3 tümən binəçı vergisi ödəyirdilər.

c) Sərdar sahəsi daşlı və tamamilə əlverişsiz ərazidə yerləşən kəndlərin əhalisindən və köçmə maldarlıqla məşğul olan elatların əkinçiliklə məşğul olan hissəsindən məhsulun 30 hissəsindən 7 hissəsini vergi alırdı. Məhsulun qalan 23 hissəsini isə əkinçiyə güzəştə gedirdi.

Məhsul vergisi xan nökərləri olan sərkərlər tərəfindən toplanırdı. İrəvan xanlığında 150 vergiyığan sərkər vardı. Lakin xanın vergi yığanlarından əlavə, hər bir mahalın öz vergiyığanı da olurdu.

Xanın sərkərləri hər il məhsul yığımı zamanı kəndlərə göndərilərək yerli sərkərlərlə məhsulun miqdarını müəyyənləşdirir və yığılan məhsulun oğurlanmasının qarşısını alırdılar. Kəndlərə göndərilmiş nökərlər əhalinin hesabına yaşamalı idi. Bununla xan onları məvaciblə və yeməklə təmin etmək əziyyətindən azad olurdu.

Hər bir mahalın payına düşən vergiyə mirbölük cavabdeh idi. Belə ki, məhsul yığıldıqdan sonra hər bir mirbölük mahalın vergi hesabatını xana təqdim edirdi. Xan hesabatı keçənilki hesabatla müqayisə edirdi. Əgər gəlir çox idisə, xan mirbölüyə təşəkkür elan edirdi. Əks halda gəlir azlığının səbəblərini müəyyən etmək üçün istintaq qurulurdu. Gizli istintaq başlanır və vergi az verən kəndlərin sərkərləri dəyişdirilirdi. İrəvan xanları vergiyə ciddi yanaşdığından bir-biri ilə yola getməyən mirbölük və sərkərləri tez-tez dəyişirdilər. Lakin vergiyığanlar xanın onlara olan etimadından mütəmadi istifadə edirdilər. Onlar əhalini ələ alaraq məhsulun oğurlanmasında özləri iştirak edirdi. Məsələn, xanın yaxın adamlarından olan Cəfər xan üç mahaldan 5.000 tümən gəliri mənimsəmişdi. Xan öz vergi yığanlarını yaxşı tanıdığından buna ciddi əhəmiyyət vermirdi, yalnız özünəməxsus mülkiyyətə toxunduqda adamlarını cəzalandırırdı. Gəlir itkisi həmin vergi yığanların mülkiyyətini müsadirə etməklə və onları ciddi cərimələməklə doldurulurdu.

Vergi yığılarkən əhali həmişə yalanla və alçaqlıqlarla üzləşirdi. Həm xanın, həm də mirbölüyün adamlarının soyğunçuluğu ilə rastlaşan əhali onlara müxtəlif vasitələrlə müqavimət göstərirdi. Əhali varlı düşmənlərinə qarşı ölçü götürərək hiyləgərliyə hiylə ilə, yalana yalanla, tamaha tamahla, xəsisliyə xəsisliklə cavab verirdilər.

Kəndlilər vergidən əlavə sahibkar üçün əvrəz və biyar adlanan mükəlləfiyyəti də yerinə yetirməli idi. Əvrəz bütün kənd camaatının birlikdə sahibkarın təsərrüfat və ev işlərində icra etdikləri mükəlləfiyyətə deyilirdi. Əhali bu mükəlləfiyyəti yerinə yetirməyə məcbur idi. Əvrəzi yerinə yetirən kənd caamatı elliliklə bu mükəlləfiyyəti yerinə yetirir və sahibkarın xeyrinə ev, dəyirman tikərkən və s. işlər görərkən bir-birinə xəbərdarlıq etdikdən sonra başa çatdırırdılar. Bəzi sahibkarlar bu mükəlləfiyyəti pulla əvəz edirdi. Biyar isə məcburi günlərdən əlavə əhalinin sahibkarın təsərrüfat işlərində icra etdikləri mükəlləfiyyət idi. Digər xanlıqlarda olduğu kimi, İrəvan xanlığında da biyar 3 gündən 6 günə, əvrəz isə 2 günə bərabər idi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 25 aprel.- S.13.