Güney Azərbaycan ədəbiyyatı: epik şeirin ideya xüsusiyyətləri

 

 

5-ci yazı

 

Müəllif poemada başlıca olaraq bu ideyanı irəli sürür, onun bədii təcəssümünə nail olmaq üçün xatırlatdığımız məlum süjetdə ibrətamiz əhvalatı yada salır və bu bədii priyomdan uğurlu bir vasitə kimi istifadə edir. İnsan qəlbinin dərinliklərinə şölə saçan bu ibrətamiz rəvayətlə həyatın iki üzü - ağ və qara qədər təzadlı qütbləri, gecəsi və gündüzü bir insanın - yoxsul Renatonun, uşaqlıqdan yetim və qayğıdan, mərhəmətdən uzaq böyüyən talesiz gəncin simasında bütün aydınlığı ilə görünür. Həm də taleyin hökmü, sərt gərdişi ilə bu qütblərin necə dəyişdiyini, bir-birini əvəz etdiyini poema müəllifi məharətlə canlandırır. Renato iztiraba düçar olmadığı günlərdə aydan arı, sudan durudur. Nə qəlbində, nə də üzündə acılar, əzablar iz qoymayıb. Gəncin simasındakı işıq, gözlərindəki ilahi duruluq, məsumluq, saflıq, baxışlarındakı mərdanəlik, duruşunda canlanan vüqar, əzəmət, rəftarındakı mədəniyyət, əxlaq, tərbiyə, incəlik bütün ruhunu çulğayan həyat eşqi, yaşamaq həvəsi rəssamı vəcdə gətirir. O, sanki əsl İsanı tapıb:

 

Baxışından üsyan yağır,

Gülüşündən zəhmət yağır,

Yerişindən göz sevinir.

Duruşundan izzət yağır,

Görən deyər: - Bu İsadır!

Azğınlara yol göstərər,

Qansızlara qan bağışlar,

Acizlərin əlin tutar,

Cansızlara can bağışlar.

Lap elə bil Məsihadır.

 

Deməli, təbiət insanı saf, müqəddəs, günahsız yaradıb. O, bütün mənəvi-əxlaqi dəyərlərin layiqli varisi və daşıyıcısıdır. Onun simasında Allahın nuru təcəssüm etməkdədir, başqa sözlə, ilahilik, ilahi saflıq insanın özündə, qəlbində, xislətindədir. Yəni Allah, əslində, özünü yaratdığı varlıq vasitəsilə dünyaya tanıdır. Bu məqamda “ənəlhəq”, “Mən Allaham!” sufi təlimi və böyük Nəsimi yada düşür, bu fəlsəfi baxışın ümumbəşəri mahiyyəti bir daha fərqli biçimdə ifadəsini tapır: Yer üzünün əşrəfi insandır!..

Əsərdə belə bir fikir ardıcıl izlənir ki, eyni xislətə malik insanı həyat həm zülmətə, həm də işıqlı dünyaya qovuşdura bilər, yəni bu şərtlər altında insan bədbəxt, yaxud da xoşbəxt ola bilər... Əgər cəmiyyət ədalətli qanunlarla idarə olunmursa, onda insanın mərhəmət və humanizmdən, sonda xoşbəxtlikdən uzaq düşməsi labüddür. Renatonu da uçuruma sürükləyən səfalətdir, ədalətsiz dünyanın rəzalətləri, məşəqqətli həyatdır. Yaşamaq eşqi ilə coşub-çağlayan vaxtında atasının vəfat etməsi onun qol-qanadını sındırır. Bundan sonra gənc oğlanın əsl faciəsi başlanır, yolunu azır. İşıq, aydınlıq axtardığı halda, zülmətə düşür, yolkəsənlərin caynağına keçir. Lakin öz etirafı ilə rəssama sübut edir ki, o hələ insanlığını büsbütün itirməmişdir. Qoca, həssas, mehriban sənətkarın aramsız göz yaşları onun daxilindəki çirkabı yuyub aparır. Siması yenə də işıqlanır, saflaşır, büllurlaşır. İblisə döndərilmiş insan əsl insanın qayğısı ilə ilahiləşir, uçurumlardan keçib qütbə qovuşur. K.M.Sönməz şair ustalığı ilə mükəmməl ümumiləşdirmələr aparır. Gənc Renatonun sözləri ilə bütün dövrlərdə insan cəlladlarını, gəncləri doğru yoldan azdırıb uçuruma sürükləyən, səfalətə yuvarlayan, insanlığın və mədəniyyətin qənimlərini, mühafizəkar qüvvələri tənqid hədəfinə çevirir. Poetik sözün qüdrətilə şair amansız üsul-idarələri, xalqın ölüm-dirim mübarizəsində zalımlara arxa-dayaq olaraq haqqın yolunu bağlayanları, “İsa”, “Allah”, - deyib yaradıcı adamları alovlarda, tonqallarda yandıran zülmkarları, mədəniyyət ocaqlarını söndürüb kor qoyan xalq düşmənlərini ittiham edir. Renatonun itti¬hamları K.M.Sönməzin ifşa hədəfini sərrast təyin edir, insan ovçularının iç üzünü tamamilə açıb göstərir. Şairin bədii məqsədi hər kəsi vicdanının səsini dinləməyə çağırışdır, vicdanın səsi haqqın -Tanrının səsidir:

 

Məsul kimdir? Sənsən, ya mən?

Ya göydəki böyük Tanrı?

Ya onlar ki: - Tanrı, - deyib, - İncil, - deyib

Həqiqəti, haqqı deyən, düz danışan insanları

Zəncirləyib iradəsin, hey qırırlar?

Ya onlar ki, qılınc kimi zalimlərə qarşı duran,

Kütlələri ayıq salan.

İşıq saçan qələmləri görün kimlər söndürürlər.

Harda kültür ocağı var, harda bilik çırağı var.

Hansı yurddan işıq gəlir, vurub dərhal söndürürlər!

 

Şairin qənaəti belədir ki, gərək insan tutduğu məqamdan asılı olmayaraq öz həmcinsinin şərəfini qorumağı müqəddəs qanun kimi dərk etsin. İnsan özünün və digər bəşər övladlarının qədrini bilməsə, ümumbəşəri dəyərlərdən də məhrum olar. Təsadüfi deyil ki, poemanın sonunda da önlükdəki həmin ibrətamiz hekayət - “Miyanə şallaqçısı” xatırlanır.

Digər poemalarında da bu ideya-estetik mövqe müəllifin fikir və düşüncələrində aydın şəkildə görünməkdədir. “Əliboş getmə”, “Böyük dərd” və “Babam özü gələcəkdir” poemalarında şairin qətiyyəti, mübarizliyi, nikbinliyi birbaşa hiss edilən, duyulan poetik xüsusiyyətlər kimi dərk olunur. Bu poemalarda poeziyanın vətəndaşlıq qayələri, sənətkarın ictimai-siyasi fəallığı, el-obanın taleyinə cavabdehlik duyğusu daha qabarıq nəzərə çarpır və poetik ricətlər, monoloqlar qovuşur, çarpazlaşaraq bir məcraya düşür. Həmin poemalardan belə bir fikir hasil olur ki, bizim Səttarxan hərəkatına, 1940-cı illərdəki milli azadlıq hərəkatına və son dövr İran həyatında cərəyan edən hadisələrə də münasibətimiz büsbütün yeniləşməlidir, tarixin sərt dönəmlərində bizi yanlışlığa yönəldən böyük səhvlərimizi başa düşüb onlardan ibarət dərsi götürməliyik.

Güney Azərbaycan ədəbiyyatında yaranmış poemalarda lirik-fəlsəfi yön üstünlük təşkil edir. Güney şairlərinin poetik duyumu, ədəbi düşüncəsi öncəki yaradıcılıq nümunələrinin məntiqi davamıdırsa, həyata baxış və dünyəvilik prinsiplərinə münasibət baxımından bir qədər başqadır. Onlar ədəbi-fəlsəfi ardıcıllığa söykənən poemalarda hər fikrin dərk etdikləri səviyyədə elmi-bədii izahını verir, daxili duyğularının fəlsəfəsini tendensiyalı şəkildə oxucuya çatdırırlar. Sönməzin “Əliboş getmə”, həmçinin “Böyük dərd” poemalarında da həmin tendensiya nəzərə çarpır:

 

Edam hökmü yazır qətli-nəfs üçün,

Ruhların qatili şən, azad gəzir.

Lülehin oğrusun əlin kəsirlər,

Şərəf oğruları bəylərbəyidir.

...Qəm var ki, acıdır, ağırdır yükü,

İnsan diz çöksə də, güc verər, qalxar.

Bir elə qəm də var, canından iraq,

Sal kimi ağırlar, belin sındırar.

 

1978-1979-cu illər İran inqilabı Güney Azərbaycanda poeziyanın inkişafına müsbət təsir göstərmişdir. Lakin zaman-zaman əfsanəvi tarixi şəxsiyyətlər, görkəmli inqilabçılar yetirmiş Azərbaycan xalqı hələ inqilaba qədər üç dəfə müstəbidlərin diktatura rejiminə, şah üsuli-idarəsinə qarşı milli azadlıq hərəkatını alovlandırıb, bütün dövrlərdə öz sözünü deməyi bacarıb. Səttarxan, Şeyx Məhəmməd Xiyabani və Seyid Cəfər Pişəvərinin başçılığı ilə qələbə çalmış inqilablar Güney Azərbaycanın tarixində qızıl səhifələr açmış, dövrün ziyalılarının, qələm sahiblərinin dünyagörüşünün, milli şüurunun formalaşmasında mühüm rol oynamışlar.

Qeyd edək ki, hər inqilabdan sonra Güney Azərbaycan türklərinin milli təfəkkürü, milli şüuru öz inkişafında yeni mərhələyə qədəm qoymuşdur. Obyektivlik naminə deyək ki, bu inqilablar xalqın həyatına münasibətin onun siyasi, mənəvi-mədəni fəaliyyətində inikas tapmasına, yəni “Güney Azərbaycan türklərinin milli şüurunun məzmununun subyektiv gerçəklikdən obyektiv reallığa çevrilməsinə şərait yaradıb”. Həmin mərhələnin əsas ədəbi hadisəsi xalqın dili, milli ədəbiyyatı, incəsənəti, gələcək həyatı barədə fikir və düşüncələrinin yüksək səviyyədə ilk dəfə doğma ana dilində - Azərbaycan türkcəsində ifadə edilməsidir. Yəni, illərdən bəri dili, mədəniyyəti, tarixi keçmişi, milli hüquqları, bu günü və gələcəyi haqqında fikir və ideyalarını ana dilində ifadə etməkdən məhrum olunmuş Güney Azərbaycan xalqı həmin inqilabların qələbəsindən dərhal sonra, həmçinin inqilabi prosesin başlanma ərəfəsində və yaşandığı zamanda öz ana dilini müxtəlif qəzet, jurnal, toplu və kitablarda əks etdirməyə başladılar. Bu cəhətdən 1945-1946-cı illər “21 Azər nehzəti” (inqilabı) Güney Azərbaycan xalqının milli azadlıq mübarizəsi tarixində ən parlaq səhifədir.

Xalqın aydınları, vətənpərvər söz ustaları həmin illərdə milli ayrı-seçkiliyə, mövcud hakimiyyətin şovinist siyasətinə qarşı mübarizənin yeni mərhələsinə başladılar. Dahi Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın yaradıcılığı buna bariz nümunədir. Əslində 50-ci illərdə bütün türk dünyasını ana dilində ən sadə sözlərlə heyrətləndirərək, zövqlərdə və həyata baxışlarda mədəni inqilab yaradan, türkdilli ədəbiyyatın inkişafında güclü təkan olan məşhur “Heydərbabaya salam” poeması, daha sonra “Azərbaycan” qəzəli zülm səltənətinə, İran monarxiyasına və onun havadarlarına ittihamnamə idi. Hər iki əsər yeni nəsil oxucu zövqünü formalaşdırdı, Güney ədəbiyyatında təzə sosial-siyasi yüklü mövzu qalereyasının yaradılmasına çağırış etdi. Ədəbiyyatsevərlər H.Tərlan, Saplaq, Barışmaz, Şəhrək, Ə.N.Oxtay, H.Sahir, Bəyani, İ.Səlahi, M.Q.Qaflantı və A.Barizin və onlardan sonrakı nəsil yazarlardan Ə.Miyanalı, Ə.Duman, Ə.Səlami, H.İldırım, E.Muğanlı, H.Qaraçay, Adsız, Ə.Daşqın və başqalarının əsərlərinə böyük sevgi göstərməyə başladılar. Bu illərdə Güney Azərbaycanda ziyalılar, söz ustaları milli mənlik şüurunun günün tələbi səviyyəsində formalaşması nəticəsində belə bir təsəvvürü möhkəmləndirməyə çalışırdılar ki, “İranda yaşayan azərbaycanlılar özünəməxsus, müstəqil və ayrıca bir millət olub türk xalqları qrupuna daxildirlər və hər bir azərbaycanlı həmin millətin bir fərdi olmaqla İran ölkəsinin vətəndaşı, Azərbaycan ta¬rixi və mədəniyyətinin yaradıcısı, eyni zamanda İran tarixi və mədəniyyətinin də ən fəal subyektidir. Buna görə də Güney Azərbaycan milləti İran daxilində azad və müstəqil yaşamaq haqqına malikdir”. Sağlam diplomatik məzmuna malik olan belə bir milli-siyasi oriyentiri ictimaiyyət arasında yaymaq Güney ədəbiyyatında incə yolla siyasiləşməyə davam prosesinə müdriklik əlaməti, özünü qorumaq hüququ verirdi.

 

Esmira Fuad

Filologiya üzrə elmlər doktoru

 

Xalq Cəbhəsi.- 2019.- 27 aprel.- S.14.