İrəvan xanlığının əhalinin sayına təsir göstərən amillər

 

 

Rusiya-İran müharibələri dövründə əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qonşu ölkələrə qaçmağa məcbur olmuşdu

İrəvan xanlığı əhalisinin etniksay tərkibinin öyrənilməsi əsas məsələlərdən biridir. Mənbələrdə xanlıq əhalisinin sayı haqqında məlumatın kasadlığı problemin hərtərəfli həllində böyük əngəl yaradır. Xanlığın yaranmasından XIX əsrin əvvəllərinə qədər əhalinin sayı və etnik tərkibi haqqında heç bir məlumata rast gəlmədik. Yalnız XIX əsrin əvvəllərindən başlayaraq mənbə və tarixi ədəbiyyatda əhalinin sayı haqqında konkret rəqəmlər göstərilir. Rəqəmlər isə ziddiyyətlidir. İrəvan xanlığının əhalisi haqqında ətraflı məlumat işğaldan sonra, 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmada qeydə alınmışdı. Lakin bu siyahıyaalınma da əsl tarixi gerçəkliyi əks etdirmir.

Tarix üzrə fəlsəfə doktoru Elçin Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, bunun bir neçə səbəbi vardı. Birincisi, münaqişə və müharibələrlə əlaqədardır. Azərbaycanın qərb hissəsində yaranan bu xanlığın mövcud olduğu illərdə baş vermiş ara müharibələri, təcavüz və müdaxilələr, Qacar yürüşləri, 1804-1813 və 1826-1828-ci illər Rusiya-İran müharibələri dövründə əhalinin bir hissəsi öldürülmüş, bir hissəsi isə qonşu ölkələrə qaçmağa məcbur olmuşdu. İkincisi, müxtəlif illərdə kütləvi epidemiya xəstəliklərinin yayılmasıdır ki, bu da əhalinin sayının aşağı düşməsinə səbəb olmuşdu. Sonuncu səbəb isə XIX əsrin əvvəlliərindən başlayaraq İrəvan xanlığının ərazisinin kiçilməsi və onun tərkib hissəsi olan Şuragöl və Pəmbək mahallarının və digər ərazilərin Rusiya dövlətinin tərkibinə ilhaq edilməsidir. Məhz kameral siyahıyaalınmada bu iki mahalın əhalisi göstərilməyib. Müxtəlif mənbələrdə İrəvan xanlığının siyasi vəziyyəti ilə əlaqədar olaraq onun əhalisinin sayetnik tərkibinə mənfi təsir göstərən amilləri özündə əks etdirən bəzi faktlara rast gəlmək mümkündür. Belə faktların mötəbərliyinə əsaslanaraq əhalinin etnik tərkibində Azəri tüklərinin üstünlük təşkil etdiyiniişğaldan sonra rus məmurları tərəfindən 1829-1832-ci illərdə həyata keçirilən kameral siyahıyaalınmada Azərbaycan türklərinin sayının bilərəkdən azaldığının səbəblərini aydınlaşdırmaq olar. XVIII əsrin 60-70-ci illərində İrəvan xanı Hüseynəli xan Kartli-Kaxetiya çarı II İrakliyə qarşı apardığı müharibələrdə xanlığın əhalisi böyük itkilərə məruz qalmışdı. Xüsusilə, 1779-cu ildə II İrakli üçüncü dəfə İrəvan xanlığına hüçum edərkən minlərlə sakini Kartli-Kaxetiyaya əsir aparmışdı. Əsir aparılanların çoxu yollarda aclıqdan və dözülməz hava şəraitindən ölmüşdü. Sonralar Hüseynəli xan qalanlarını geri qaytarmaq üçün dəfələrlə II İrakliyə müraciət etsə də, yalnız bir hissəsini geri qaytara bilmişdi.

Ağa Məhəmməd şah Qacarın qoşunları İrəvan xanlığına hücum edərkən yerli əhalinin xeyli hissəsi qonşu ölkələrə qaçmışdı. Lakin onların çoxu qaçarkən aclıqdan və dözülməz hava şəraitindən yollarda ölmüşdü. XIX əsrin əvvəllərində Rusiyanın Cənubi Qafqaza müdaxiləsi bölgənin, həmçinin İrəvan xanlığının əhalisinin say tərkibinə mənfi təsirini göstərmişdir. Rusiyanın hərbi və mülki məmurlarının yazdıqları məlumatda İrəvan əhalisinin rus qoşunlarının hücumundan ehtiyat edərək kəndlərini başlı-başına buraxaraq qonşu ölkələrə qaçmaları haqqında ətraflı faktlara rast gəlmək mümkündür. General mayor Lazarevin Qafqaz qoşunlarının baş komandanı Knorrinqə 1801-ci il iyulun 13, 15 və 28-də göndərdiyi məlumatında göstərirdi ki, Rusiya təsirinin güclənməsi və çar II İraklinin nümayəndəsinin yeritdiyi siyasətdən narazılıq edən Pəmbək əyalətinin 14 kəndinin 5-6 min əhalisi evlərini tərk edərək İrəvan xanlığının mərkəzi ərazilərinə sığınmışdılar. İrəvana sığınan əhali etnik baxımdan türklər idi. General-mayor Lazarevin təkidi ilə əhalinin bir hissəsi geri qayıtsa da, böyük hissəsi bundan imtina etmişdi. 1804-cü ildə pəmbəklilər Rusiya itaətini qəbul etmək istəmədiyindən yenidən üsyan qaldırdılar. İyulda Pəmbək bəyləri Rəhim bəy və Səid bəy öz tərəfdarları ilə bölgəni tərk edərək Qars paşalığına qaçmışdılar. Knyaz Sisianov onları geri qaytarmaq üçün dəfələrlə Qars hakimi Məhəmməd paşaya müraciət etmişdi.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında daha sonra bildirilir ki, Rusiya-İran müharibələri dövründə həm şimaldan, həm də cənubdan hücuma məruz qalan İrəvan əhalisi kütləvi surətdə qonşu olkələrə qaçırdılar. 1804-cü ilin mayında şah qoşunları İrəvana hücum edərkən Azərbaycan türklərindən və ermənilərdən ibarət 2000 ailə Qars paşalığına qaçmağa cəhd göstərmişdi. Lakin rus komandanlığının gördüyü tədbirlər nəticəsində həmin ailələr Kartli-Kaxetiya ərazisində yerləşdirilmişdi. Birinci İrəvan döyüşü başa çatdıqdan sonra 1000 ailə geri qayıtsa da, qalanı orada həmişəlik məskunlaşmışdı.

Rus qoşunlarının İrəvan xanlığına hücumları zamanı əhalinin əmlakını, mal-qarasını çapıb-talaması kəndlərin boşalmasına gətirib çıxarırdı. Onlar əhalini qorxutmaqla İrəvanı Rusiyanın təbəəliyinə keçməyə məcbur etmək istəyirdilər. Belə hadisələr istər-istəməz əhalinin say tərkibinə mənfi təsir göstərirdi. Rus qoşunlarının vəhşi hərəkətləri komandanlığın göstərişi ilə həyata keçirilirdi. 1811 -ci il oktyabrın 27-də baş komandan markiz Pauluççi general-mayor Lisaneviçə göndərdiyi məktubunda yazırdı: «Bununla belə, sizə tapşırıram ki, bu ekspedisiyada müxtəlif dağıntılarla yerli əhalini elə güclü qorxuya salmaq lazımdır ki, bu irəvanlılann yaddaşında uzun illər qalsın...». Digər baş komandan A.Yermolov da sərhəd qoşunlarının başçısı təyin etdiyi general D.Davudovabelə məzmunlu göstəriş vermişdi. Onun başçılığı ilə rus qoşununun İrəvan xanlığına hücumu zamanı sərhədə yaxın səkkiz kənd qarət edilib dağıdılmışdı.

E.Qarayevin İrəvan xanlığı ilə bağlı araşdırmasında bildirilir ki, İrəvan əhalisinin müharibələrdən bezib kütləvi şəkildə yerlərindən didərgin düşməsi, qonşu ölkələrə qaçması o dövrdə adi hala çevrilmişdi. Baş komandan A.Paskeviç qraf Neselroda 1827-ci il iyulun 27-də göndərdiyi məlumatında yazırdı ki, «Mən kilsədə olanda buranın əhalisi haqqında məlumat topladım. Araşdırmanın nəticəsi aşağıdakılardır: bizim gəlişimizə qədər İrəvan xanlığının 16 mahalında maldarlıqla və əkinçiliklə məşğul olan 20 Azərbaycan-türk tayfası (elat-E.Q.) yaşayırdı. Axırıncı qismə ermənilər də daxil idi. Bizim qoşunun ərzaq toplamaq ümüdünü puç etmək, taxılı yığmağa imkan verməmək üçün sərdar oturaq əhalini Arazın cənubuna köçürmüşdü. Qorxuya düşmüş köçərilər, digər xırda tayfalar (elatlar-E.Q.) dükanları talan edərək ailələri və sürüləri ilə örüş yerlərini tərk edərək Osmanlı ərazisinə keçmişdilər. Qarapapaqlardan 100 ailə, ayrumlardan 300 ailə Qarsa, güclü Uluxanlı tayfasından (elatından-E.Q.) 600 ailə Bəyazidə, Cəlali kürd tayfasının (elatının-E.Q.) bir hissəsi isə Muşa qaçmışdı. Digər qarapapaqlılardan 800 ailə Həsən xana qulluq edən Nağı xan və İsmayıl bəyin başçılığı ilə Araz çayından cənubda düşərgə salmışdı. Cəmadinli kürdlərindən 70 ailə, birunilərdən 400 ailə, çobanqaralardan 200 ailə, Hüseyn ağanın başçılığı ilə 1000 ailə zilani kürdləri onlarla birlikdə idi». Baş komandanın məlumatına görə, axırıncı Rusiya-İran müharibəsi dövründə Azərbaycan türklərindən və kürdlərdən ibarət olan 3470 ailə xanlığı tərk edərək qonşu ölkələrə pənah aparmışdı. Rus qoşununun hücumundan qorxub qonşu ölkələrə qaçanlar əsasən müsəlman əhalisi olmuşdu.

Xanlıqda baş verən kütləvi epidemiyalar da əhalinin sayına mənfi təsirini göstərmişdi. 1806-cı ilin payızında İrəvan xanlığında yayılmış qızdırma xəstəliyindən əhalinin çoxu qırılmışdı. Həmin il oktyabrın 21-də erməni Arşakov general-mayor Nesvetayevə göndərdiyi məktubunda şahın İrəvan xanı təyin etdiyi Əhməd xanın xəstəlikdən öldüyünü bildirərək yazırdı ki, «orada (qalada-E.T.) yerləşən yerli əhali və qoşun qızdırma xəstəliyinə tutulmuşdu. Bu xəstəlikdən xeyli adam ölmüşdü». Maku xanının Xoylu Gəfərqulu xana yazdığı məktubu da həmin ildə xəstəlikdən İrəvanda çoxlu əhalinin öldüyünü təsdiq edirdi. O, Gəfərqulu xana yazırdı ki, «əgər İrəvanda olan vəziyyətlə maraqlanırsızsa, irəvanlıların hamısı xəstələnərək ölürlər. Əhməd xanın özü də xəstədir». Əhalinin kütləvi surətdə qırılması ilə nəticələnən belə epidemiya 1829-1832-ci illərdə yerli əhalinin siyahıyaalınması zamanı da baş vermişdi. 1829-cu ildə yayılan taun xəstəliyi bir sıra kəndləri bütövlüklə məhv etmişdi. Siyahıyaalmanı aparan heyət səhər yuxudan durarkən yerləşdikləri düşərgənin ətrafında çoxlu meyidlərin olduğunu göstərmişdi. 1830-cu ildə baş qaldırmış vəba xəstəliyi əhalini ölümcül sınağa çəkmişdi.

 

Elçin Qaliboğlu

 

Xalq Cəbhəsi.- 2019.- 27 aprel.- S.13.