Qədim türk təfəkküründə
təbiətlə insan ruhu
arasında möcüzəvi birlik
2-ci yazı
V.Basilov əyələr haqqında göstərir ki, hərfi mənada “sahib” anlamında olan “ee”, “iya”, “iyə, “iə”, “eya” Volqaboyu, Orta Asiya, Şimali Qafqaz, Qərbi Sibir, Altay və sayan türk xalqlarının mifologiyasında həmişə hər hansı bir yerlə bağlı ruhların adıdır. İyə inamı qədim türk mifologiyasına gedib çıxır. Onların funksiyaları haqqındakı təsəvvürlər müxtəlif xalqlarda eyni deyildir. İyə Kazan və Qərbi Sibir tatarları və başqırdlarının mifologiyalarında təbiətin müəyyən elementləri, yaşayış yerləri ilə bağlı olub, bu üsulla ruhların su (su iyəsi), qulyabanı (orman iyəsi), damdabaca (ev iyəsi, yurd iyəsi) kimi xüsusi kateqoriyalarını yaradırlar.
Göründüyü kimi, dağın ruhu var və o, kosmoqoniya, yaradılışla birbaşa bağlıdır. Məsələn, telengitlərdə oğlu-uşağı olmayan bir qadının mübarək üzlü dağa çıxıb dua etməsi ilə övladı ola biləcəyinə inanılıb. Bu, Azərbaycanda da geniş yayılmış inancdır. Ölkəmizin müxtəlif yerlərində daş pirləri var, uşağı olmayan qadınlar həmin pirlərə gedirlər. Relyeflərlə bağlı əfsanələrdə dağla bərabər, qaya, daş və s. kimi relyef elementləri də yaradılış mifi ilə əlaqələndirilir. Mətnlərə nəzər salaq.
“Nisə əmisi oğlu Sadığa ərə getmişdi. Ancaq uşağı olmurdu. Ona görə də narazılıq var idi. Nisə bir gün yuxuda görür ki, Şiş qayanın başında yerdə bir bələkli oğlan uşağı qoyulub. Kimsə ona dedi ki, o uşaq sənindir, götür əmizdir. Yuxudan durub dağa getdi, şiş qayanı axtarmağa başladı. Gördü qayanın başında bir uzunsov daş var. Daşı qucağına götürdü. Bəs deyincə ağladı. Sonra daş haqqında bayatı dedi. Daşı bələdi kəndə gəldi, utandığından tövlədə qaranlıq bucağa qoydu, gündə 2-3 dəfə daşa baxıb gedirdi. Əri ona dedi ki, bu yazacan uşağın olmasa, gedib döşü südlü arvad alacağam. Səndən ötəri sonsuz qalmayacağam ki? Nisə göz yaşı tökdü. Gecə yuxuda bir nurani qoca ona dedi:
– Ay qızım, boynunda uşaq var, niyə evdəkilərə demirsən?
Nisə gəlib qayınanasına dedi. Bir ay sonra Nisə yenə yuxuda o nurani kişini gördü:
– Ay qızım, beş aylıq uşağı niyə ərindən, anandan gizlədirsən?
Nisə əlacsız qalıb əhvalatı evdəkilərə dedi. Dedi, uşağım var. Hər gün də gedib bələkli daşa and içirdi. Vaxta az qalmışdı. Nə özü, nə də başqaları bir şey başa düşürdü. Yenə yuxu gördü, ona yuxuda dedilər, get o uşağı götür, ağlamaqdan səsi batdı. Nisə tez tövləyə getdi, uşaq səsi eşidib özündən getdi, ayıldı gördü bələkdəki daş deyil, uşaqdır. Nisə gördü ki, döşünə süd gəlib. Səsə əmisi, qayınanası yuxudan ayılıb tövləyə gəldilər. Nisənin qucağında uşağı görüb danladılar ki, niyə bizə demədin sancı çəkirsən? Hamıya səs düşdü. O vaxtdan Nisə qayaya gedərdi. O yerə “Bələk daşı” deyirlər”.
Bu əfsanə bizə yaradılış mifini çox mürəkkəb süjet kombinasiyasında təqdim edir. Mətnin əsasında “daşdan doğulma” mifologemi durur. Ancaq bu mifologem sadə süjet şəklində deyil. Burada həmin mifologem üçün xarakterik olan bütün kosmoqonik elementlər “yerindədir”. Bunu kosmoqonik prosesi ardıcıllıqla izləməklə görmək olar:
1. Xaos: Nisə ilə Sadıq ailə qursalar da, övladları yoxdur. Bu, ailənin sonsuzluğu, özü-özünü davam etdirə bilməyib dağılması deməkdir.
2. Butavermə: Nisəyə yuxuda uşaq buta verilir.
3. Uşaq – butanı dağ ruhunun verməsi: Nisə yuxuda görür ki, Şiş qayanın başında yerdə bir bələkli oğlan uşağı qoyulub. Kimsə ona dedi ki, o uşaq sənindir, götür əmizdir. Süjetdən aydın olur ki, həmin kimsə dağ ruhudur.
4. Daş uşaq: Nisə yuxuda gördüyü dağa gedir və orada uzunsov bir daş tapır. O, bu daşı buta – qismət kimi evə gətirib gizlədir.
5. Dağ ruhu – Nurani qoca: Nurani qoca Nisənın yuxusuna girərək ona uşağa qaldığını xəbər verir.
6. Kosmoqoniya – daşın uşağa çevrilməsi: Nisə hamilə olduğunu evdəkilərə xəbər verir. 9 ayın tamamında daş uşağa çevrilir.
7. Yeni kosmos: Nisəyə uşaq verən qayaya insanlar sonradan “Bələk daşı” deyirlər.
Burada diqqəti cəlb edən odur ki, qadına övladı dağ verir. Bu da dağın övladverici funksiyasını zahirə çıxarır.
“Gəlin qayası” adlanan mətnə nəzər salaq: “Kasıb və mərd gəncin həyat yoldaşına bir bəyin gözü düşür. Gəlini ələ keçirmək istəyir. Ancaq gəncin mərdliyindən, onun xalq arasındakı hörmətindən qorxan bəy bu işi açıq-aşkar etməyin mümkün olmadığını görür. Fürsət gözləyir. Taxıl biçininin yaxınlaşdığını görən camaat çölə-zəmiyə gedir. Bu fürsətdən istifadə edən bəy gəlini ələ keçirmək istəyir. Bəyin hiyləsini başa düşən gəlin Allaha yalvarır ki, daşa dönmək daha yaxşıdır. Elə o vaxtdan gəlin daşa dönür”.
Burada da eyni sxemi və eyni mənəvi-mental dəyərləri görürük. Gəlin qayası adlı obyektin əmələ gəlməsi qadının ölümündən keçir. O, ölərək qayaya çevrilir. Ancaq burada Azərbaycan xalqının yaradılış mifindən gələn həqiqətləri də özünə yer alıb. Gəlin namussuzluqdansa ölməyi üstün tutur. Lakin bu ölüm məhv olma yox, yeni həyatdır. Azərbaycan xalqı “İgid ölər, adı qalar” deyir. Adın qalması əbədi həyatdır və burada xaos-kosmos əvəzlənməsi var.
Digər bir mətndə deyilir: “Qədim zamannarda bir varrı kişi varıydı. Ho ho qədər xəsisiydiki honnan bir şey almax olmurdu. Hamı aclıxdan qırılırdı. Xəsis kişi süd gölündə üzürdü. Ho qabaxdan qalan çörəh qırıxlarını da kasıplara qıymırdı. Hamı hona yalvarıp-yaxarıp çörək isdiyirdi. Ho deyirdi:
– Dinuzdan, imanuzdan məə versəz də, sizə çörəh verən döylüyəm.
Zulum ərşə çıxmışdı. Adamlar aclıxdan qırılırdı. Oğurrux, adam öldürməh dünyanı başına götürmüşdü. Xəsisinsə daş bağrı daşıydı. Hamı bir ağızdan Allaha duva eliyip yalvarırdı ki, yarəbb, sən habu xəsisi daşa döndər. Allah xalxın səsini eşidir. Çaparax xəsisi daşa döndərir. Ho vaxdan insannar honnan hayıf çıxmax üçün daşı kəsir, qala divarlarına qoyur. Xəsisin var-döyləti də daşdarın içində qalır. Hindi də insannar xəsisin var-döylətini daşdarın arasından tapanda söyünür”.
Burada xəsisin daşa dönməsi ona verilmiş cəza kimi təqdim olunur. Lakin bu bədii süjetin altında yaradılış mifinin məntiqi açıq şəkildə görünür. Yeni kosmos – daş xaosdan törəyir. Bu əfsanə də təsdiq edir ki, relyeflə bağlı əfsanələrin də mifik bünövrəsini yaradılış mifləri təşki edir.
Qeyd edək ki, qədim türk təfəkküründə təbiətin ruhu ilə insanın ruhu arasında möcüzəvi birlik, doğmalıq mövcuddur. Əfsanələrin mayasındakı kosmoqonik yaradılışın əsasında əcdadlarımızın təbiət ruhunu insanlaşdırmaq, özüylə, ruhuyla doğmalıq görmək istəyi dururdu. Türklər inanırdılar ki, onların ruhu ilə təbiətin ruhu arasında yadlıq yoxdur. Bu səbəbdən də təsəvvürdə, duyumda təbiətdəkilərə çevrilmə əcdadlarımız üçün təbii, qəbulolunan idi. Çünki insan təxəyyül vasitəsilə əfsanəvi çevrilmədə mahiyyətə yetirdi. Mahiyyətin dərki əfsanəvi biçim və məzmun tələb edirdi.
Digər tərəfdən Azərbaycan xalqının su ilə bağlı inanclarının tarixi mif yaddaşının qədimliyini sübut edir. Qədim türk təfəkküründə suyun yaradılış xüsusiyyətini folklor mətnləri əsasında nəzərdən keçirdikdə bu qənaətə gəlmək olur ki, su mifoloji düşüncədə əsasən ilkin yaradılış elementidir. Mətnlərdə suya olan dərin, mistik, möcüzəvi inam diqqəti çəkir.
Yaradılış mifində suyun başlanğıc, yaradıcı, xüsusən də dirildici xüsusiyyəti var. Bu, ondan irəli gəlir ki, mifologiya ilkin başlanğıcdır. Varlıq aləminin hər bir ünsürü öz təkamül və inkişafında heç vaxt ilkin başlanğıcından ayrılmır. Çünki ilkinlik – fiziki və mənəvi fitrətdir, bünövrədir. Elə buna görə də Azərbaycan əfsanələrində mifik düşüncəmizin təməl sütunları – ilkin stixiyalar əsas yer tutur. Türkün mifoloji baxışlarında, ilkin dünyagörüşündə kifayət qədər izlərini qoymuş suya inam müqəddəsliyi ilə bağlı danışan M.Seyidov qeyd edir ki, zaman-zaman mifik təfəkkürdən sonra yaranmış dünyagörüşlər, dinlər suya inamı Azərbaycan əfsanələrindən, rəvayətlərindən tamamilə silib ata bilməyib.
Qeyd edək ki, A.Babəkin “Azərbaycan folklorunda su ilə bağlı inamlar” kitabında suyun mifoloji yaddaşda ilkin yaradılış keyfiyyəti tədqiqata cəlb edilib, su stixiyası mifologiyada dünyanın yaradılmasının ilkin əsası kimi nəzərdən keçirilib. O yazır ki, mifoloji dünya modelində də su dünyanın əsası, ən əsas ünsürlərindəndir. Lakin suyun mifoloji dünya modelindəki ob¬razı ilə tarixi şüurdakı obrazı biri-birindən tam şəkildə fərq¬lənir. Tarixi şüurda su maddə şəklində qavranılır. Mi¬fo¬loji dünya modelində isə su insan kimi canlıdır: surəti, şəkli (başı, əli, ayağı) var. Bu cəhət təkcə suya aid yox, mifoloji dünya modelində olan bütün elementlərə eyni dərəcədə aid¬dir. Yəni mifoloji dünya modelində hər şey, o cümlədən su ünsürü canlıdır və öz şəklinə – obrazına malikdir. Bunu başa düşmək üçün mifoloji dünya modelinin obrazlaşdırma üsuluna diqqət vermək zərurəti yaranır.
Suyun ilkin düşüncə sistemi olan mifologiyadakı özəllikləri Azərbaycan əfsanələrində geniş motiv və obrazlarla təmsil olunur. Su ilə bağlı çoxsaylı əfsanələr var. Məsələn, görkəmli əfsanəşünas alim, əfsanələrlə bağlı neçə-neçə toplama və tədqiqatlar müəllifi S.P.Pirsultanlının əfsanələrə dair son toplama işi olan “Azərbaycan türklərinin xalq əfsanələri” kitabında “Bulaq, çay və dəniz” başlığı altında 24 müxtəlif məzmunlu və bir-birinin variantı olmayan əfsanə mətni verilib. Kitaba ön söz yazmış S.Rzasoy bu başlıq altında toplanmış əfsanələri mifik düşüncə modeli kontekstində qısa şəkildə belə səciyyələndirib: “Bu bölgüdə gerçəkliyin epik düşüncədə işarələnmiş modelinin su stixiyası əsasında təşkil olunmuş obrazlarının yaratdığı hidrosəviyyə əhatə olunub”.
S.P.Pirsultanlının topladığı su ilə bağlı əfsanələr, təbii ki, sular, bulaqlar, göllər, nəhrlər, sellər, daşqınlar, sehrli sular (övladverən, ölü dirildən, kor gözləri açan “Abi-həyat”//”Dirilik suyu” mifologemi) və s. haqqında Azərbaycan əfsanələrini kəmiyyət baxımından əhatə etməsə də, motivlər sistemi baxımından demək olar ki, tam əhatə edir. Bu cəhətdən Azarbaycan əfsanə fondu, o cümlədən S.P.Pirsultanlının toplama və tədqiqatları su ilə bağlı motivlərin epik süjet fondunda geniş və davamlı yer tutduğunu göstərir. Bu da öz növbəsində diqqəti əfsanələrin mifoloji köklərinə, daha doğrusu, mifoloji su stixiyasına, onun yaradılış mifindəki yeri və roluna yönəldir.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2019.- 10 avqust.-
S.7.