Su ilə bağlı Azərbaycan
əfsanələri
Su mifoloji
düşüncənin əsas obrazlarından biridir.
Mifoloji düşüncədə
yaradılışda iştirak edən su stixiya (başlanğıc)
sayılır. A.Babək yazır ki, “su stixiyası” ifadəsi dünyanın –
kainatın ilkin
yaradılışının əsasında duran
“su ünsürü”
mənasındadır. Su stixiyası Azərbaycan mifoloji,
fəlsəfi düşüncəsində çox
qədimlərdən bəri varlığın əsasını
təşkil edən dörd ünsürdən
biri hesab olunub. Ümumiyyətlə, dörd
ünsür qədim Azərbaycan fəlsəfi
düşüncəsi, dini-mifoloji
görüşlərində çox məşhurdur
və folklorda da
geniş yayılıb. Məsələn,
“Ab-atəş-xak-bad” məsələsinə aşıq
poeziyasında çox rast
gəlinir. Burada ab – su, atəş
– od, xak
– torpaq, bad – hava (külək) deməkdir.
Türk mifologiyasında suyun rolu ilə bağlı
iki məlumat diqqəti cəlb edir. Bahəddin Ögel su ünsürü də daxil olmaqla dörd
ünsürdən bəhs
edir. O göstərir
ki, İran və Ön Asiya mifologiyasında külək, atəş, su və torpaq
insanın yaradılışında
çox əhəmiyyətli
rol oynayırdı. Altay və Sibir
türk mifologiyasında
isə bu dörd ünsürə çox rast gəlmirik. Bu, ilk dəfə uyğurların
zamanında görünür.
F.Bayat isə su ünsürü
də daxil olmaqla beş
ünsürdən bəhs
edir. O göstərir ki, haqlarında məlumatları yalnız
müştərək mifoloji
motivləri ehtiva edən Çin qaynaqlarından əldə
etməyin mümkün
olduğu bu beş ünsür
bunlardır: torpaq, ağac, atəş, dəmir, su.
Bu məlumatları müqayisə
edən A.Babək göstərir ki, dörd ünsürdəki
üç element (ab/su, atəş/od və xak/torpaq) beş
ünsürdə də
var. Dörd ünsürdə
fərqli ünsür
bad/hava, beş ünsürdə isə ağac və dəmir ünsürləridir.
Suyun hər iki sistemdə
olması yenə də onun dünyanın
yaradılmasının əsas
ünsürlərindən biri
olmasına dəlalət
edir.
Su stixiyasının mifologiyadakı
roluna münasibət C.Bəydilinin (Məmmədov)
yaradıcılığında öz ifadəsini belə tapır: “Bütün etnik-mədəni
sistemlərdə etnosların
yaratdıqları kosmoqonik
miflərdə ilkin başlanğıc kimi Xaos götürülmüşdür.
Bir etnos üçün həmin başlanğıc
boşluq olub, digər biri üçün qaranlıq
zülmət, bir başqa ənənə üçün isə strukturyaradıcı başlanğıc
sayılan su olub. Çünki xaosla ilkin su eyniləşdirilirdi.
Mifoloji ənənələrdə biçimsiz
su mühitindən – “dəryayi-mühit”dən yerin
yaradılması dünyanın
sahmana salınması
yolunda ən mühüm akt kimi kosmoqonik miflərdə təsvirini
tapır”.
Göründüyü kimi, “xaosla ilkin
Suyun eyniləşdirilməsi”
suyun hər bir mifoloji düşüncə
sisteminin əsas ünsürü olduğunu
göstərir. Bu halda
belə hesab edə bilərik ki, su stixiyası
mifoloji universumdur.
O, mifoloji düşüncənin
sistemləşdiyi dünya
modelində hökmən
var olan ünsürdür. Onsuz dünya
modelinin məkan-zaman quruluşu təsəvvür
olunmur. S.Averintsev göstərir ki,
su dünyanın ən fundamental stixiyalarından
biridir. O, ən müxtəlif mifologiyalarda
ilk başlanğıc, bütün
varlığın ilkin
vəziyyəti, ilkin xaosun ekvivalentidir. Suya əksər mifologiyalarda dünyanın ilkin okeanın dibindən qaldırılmasını təsvir
edən motivdə rast gəlinir. Su əjdahası həm
demiurqların çarpışmasında
yaradıcı tanrının
tərəfdaşı kimi,
həm də eyni zamanda dünyanın
qurulmasının materialı
kimi çıxış
edir. Su bəşəri
mayalanmanın və yaranışın mühiti,
maddəsi və prinsipidir. Lakin mayalanma həm kişi, həm
də qadın başlanğıclarını tələb edir. Buna görə də
su mifologeminin iki aspekti vardır.
Su qadın başlanğıcı
rolunda ana ağuşu və bətninin, həmçinin
mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir... Su qadın başlanğıcının digər
təcəssümlərindən biri kimi Yer
ilə eyniləşdirilə
bilər... Göyün
kişi başlanğıcı kimi
yerlə, yaxud su ilə kəbin
kəsdirməsi geniş
yayılmış motivdir...
Lakin su eyni zamanda yeri
“doğmağa” məcbur
edən mayalandırıcı
kişi toxumudur.
S.Averintsevin bu söylədiklərində
su stixiyası haqqında unuiversal cizgilər, yəni hər bir mifoloji
ənənə, o cümlədən
bizim folklorumuzda öz əksini tapmış mifoloji ənənə üçün
səciyyəvi olan cəhətlər ifadə
olunub. Beləliklə,
alimin fikrindən aşağıdakı qənaətlər
hasil olur:
1. Su – mifoloji dünya modelinin ən fundamental stixiyalarından biridir.
2. Su – mifologiyada ilk başlanğıc,
bütün varlığın
ilkin vəziyyəti, ilkin xaosun ekvivalentidir.
3. Su – mifologiyada dünyanın yaradılışını təsvir
edən süjetin əsas elementidir.
4. Su – bəşəri mayalanmanın
və yaranışın
mühiti, maddəsi və prinsipidir.
5. Su – bəşəri mayalanmanın
başlanğıcı kimi
özündə həm
kişi, həm də qadın başlanğıclarını
birləşdirir.
6. Su – qadın başlanğıcı
rolunda ana ağuşu və bətninin, həmçinin
mayalanan dünya yumurtasının analoqu kimi çıxış edir və qadın
başlanğıcının digər təcəssümlərindən
biri kimi Yerlə eyniləşdirilə
bilir.
7. Su – Yeri “doğmağa” məcbur edən mayalandırıcı kişi toxumudur.
Düşünürük ki, S.Averintsevin fikrindən hasil olan bu qənaətlər
su haqqında Azərbaycan əfsanələrinin
mifoloji su stixiyası ilə əlaqəsini açmaq,
suyun həmin əfsanələrdəki obrazlaşma
sistemini, motivlənmə
sistemini, yaradılış
mifindəki əsas rolunu görməyə imkan verir. Bu cəhətdən V.Toporovun
su stixiyasının əsas obrazlarından olan dünya okeanı haqqında yazdıqları da səciyyəvidir. O göstərir
ki, dünya okeanı mifopoetik ənənədə yerin,
daha geniş halda bütün kosmosun əmələ gəldiyi ilkin sulardır. Bu okean
stixiya və onunla doldurulan məkan, həmçinin okeanın təcəssümünün
müxtəlif formalarında
(ilahi personajlar, xaosla bağlı əjdahalar şəklində)
mücərrəd mühakimə
prinsipi kimi çıxış edir.
Çox
əski mifoloji konsepsiyalara görə, okean xaosun əsas
təcəssümlərindən biri, hətta xaosun özüdür.
Bir çox qədim kosmoqonik versiyalarda okean və xaos
biri-birindən ayrılmaz,
bir-birinə bərabərdir.
Buradan belə bir qənaətə gəlmək olur ki, su mifologiyada dünyanın əvvəlki halıdır. Odur ki, su ilə bağlı Azərbaycan əfsanələrini araşdırmaq dünyanın ilkin halı, kosmosdan öncəki xaos mərhələsi haqqında təsəvvürləri araşdırmaq, bir çox əsaslı nöqtədə bizim malik olduğumuz müasir şüur məntiqindən tamamilə fərqli olan məntiqlə üzləşmək deməkdir. Su haqqında Azərbaycan əfsanələrinin mifoloji su stixiyası ilə əlaqəsini göstərmək üçün su stixiyasının türk mifologiyasındakı obrazlarına toxunmağı gərəkli sayırıq.
Mirəli Seyidovun yaradıcılığında su stixiyası ilə bağlı iki obrazdan geniş şəkildə bəhs olunub: Yer-Sub və Öləng ilahəsi. Bundan başqa M.Seyidovun müxtəlif əsərlərində su stixiyası ilə bağlı qənaətləri öz əksini tapıb. O göstərir ki, Azərbaycan və bir çox türkdilli xalqların animist baxışlarına görə, dağlar, göllər, çaylar insan kimi sevib-sevilir, duyurlar, göllər, sular müqəddəsdirlər. Əski türkdilli insan göllərə də tapınırdı. Çay-su ilk başlanğıc, həyat verənlərin ilkinindən sayılıb.
Folklorda su kultundan bəhs edən R.Əlizadə də göstərir ki, suyun həyat, ölümsüzlük, gənclik bəxş etməsi ilə bağlı inamlar Azərbaycan miflərində, nağıl və dastanlarında rəngarəng şəkillərdə əksini tapmışdır. Azərbaycan türklərinin inamlarında suyun kultlaşması onun ata, əcdad olması, övlad verməsi, and yerinə çevrilməsi və digər faktlarda gerçəkləşib. Su kultu bir çox türk mənşəli xalqların folklorunda sakral dəyər qazanmış tapınaqdır. Suyun bərəkət və qüvvət qaynağı kimi, həm də hifzedici, yaxud cəza verən Tanrı timsalında türk mifoloji inamlarında mövcudluğu müəyyənləşib. Kosmosun yaradılmasında ilkin başlanğıc olan su insan nəslinin artımından sonra göl, çay, dəniz, bulaq və s. şəkillərdə inamlar sisteminə daxil olmuş və türk xalqlarının yaşadıqları məkanlarda həyatı, yaşamı şərtləndirən mühüm amil statusunu alıb. Türk xalqlarının təsəvvürlərində Su Tanrısı obrazının formalaşması isə suya tapınmanın izlərini geniş müstəviyə çıxarıb.
Düşünürük ki, buraya qədər toxunduğumuz fikirlər su haqqında Azərbaycan əfsanələrində öz izlərini saxlamış yaradılış mifində su stixiyasının yerini, rolunu, forma və şəkillərini müəyyənləşdirmək üçün kifayət qədər sanballı nəzəri bünövrə yaradır. Elə bu bünövrə əsasında sözügedən əfsanələr qrupunu təhlil etməyə çalışacağıq. “Göyəzəndə qızıl piyalə” adlı əfsanəyə nəzər salaq: “Kəsəmən xanın qızı Nabat oğlan kimi təlim alır, igidlərdən geri qalmır. Əmisi oğlu Halaya nişanlanır. Bir gün Halay ova gedir, qayıtmır. Nabat yaraqlanıb Halayı axtarmağa getmək istəyir, ancaq atasından həya edir. Qızıl piyaləsi vardı, dar ayaqda Nabatın harayına yetərdi. O, öz piyaləsini su ilə doldurur, suya yalvarır ki, sən aydınlıqsan, Halayın taleyini mənə aydın elə! Su ona deyir ki, sevgilisi Göyəzən dağında son nəfəsdədir. Birdən bir qızılquş şığıyıb içi su ilə dolu qızıl piyaləni dimdiyinə alıb göyə qaldırır. Quş göylə, Nabat yerlə Göyəzən dağına çatırlar… Qızılquş əvvəlcə bir çəmənliyə enir, oradan da bir daşın üstünə qonur. Nabat zirvədən baxanda görür ki, Halay bir az aşağıda al-qan içindədir. O, tez özünü Halaya yetirir, sağ qoluna sancılmış oxu çıxarır, üzünə qızıl piyalədəki suyu səpir, yaralı sinəsini və qolunu yaylığı ilə sarıyır. Halay gözlərini açanda bərk təəccüblənir ki, Nabat bu dağa necə gəlib çıxıb?! Halay başına gələn sərgüzəşti açıb söyləyir. Deyir ki, dağın o biri üzündən buraya yol var. Bir ceyranı mənə tərəf gələn gördüm, onu nişan aldım, yayı çəkməmiş qəfildən bir ox sinəmi yaralayıb sağ qoluma batdı. Sən demə, bu ceyranı başqa bir ovçu qovurmuş. Sonrasından xəbərim olmayıb. Nabat onu sevgilisinə qovuşduran qızılquşa minnətdarlıq etmək istəyir. Heç bir şeyə gücü çatmır. Qızıl piyaləni ona uzadır. Qızılquş piyaləni dimdiyində götürür və insan əli çatmayan bir qayaya qonur. İki aşiqi vüsala çatdıran qızıl piyaləni dağın ən uca zirvəsinə qoyur. Piyalə günəşin altında bərq vurub zülmətə düşmüş aşiqlərin yolunu işıqlandırır. Belə deyirlər ki, hələ də o qızıl piyalə Göyəzən dağının zirvəsindədir”.
Elçin Qaliboğlu
filologiya üzrə fəlsəfə
doktoru
Xalq Cəbhəsi.- 2019.- 17 avqust.-
S.7.