Xan Şuşinskinin anadan olmasından 118 il ötür
Ömrünü xalq musiqisinin təbliğinə həsr
edənləri xalq heç vaxt yaddan çıxarmır,
unutmur. İllər ötdükcə bu qəbildən olan insanların xatirəsi daha böyük hörmət və ehtiramla yad olunur. Azərbaycan muğam sənətinin, klassik musiqi nümunələrinin gözəl
bilicisi, orijinal, özünəməxsus ifa
tərzi ilə seçilən, milli musiqi xəzinəmizin zənginləşməsində misilsiz xidmətləri olan Xan Şuşinski
də belə sənətkarlardandır.
Görkəmli xanəndə Xan
Şuşinskinin anadan
olmasından 118 il ötür.
Azərbaycan muğam sənətinin
“Xan”ı adlandırılan
İsfəndiyar Aslan oğlu Cavanşir Şuşa şəhərində
dünyaya göz açıb.
“Xan” ləqəbinin
tarixçəsinə görə
İsfəndiyar ustadı
- Segah İslam kimi tanınan İslam Abdullayevlə birgə Ağdamın Novruzlu kəndində bir məclisdə imiş. Ev
sahibi İslam Abdullayevin arzusu ilə qrammofonu qurur və onlar
təbrizli Əbülhəsən
xanın ifasında “Kürdü Şahnaz”ı
dinləyirlər. Hamının
heyranlıqla qulaq asdığı bu ifadan sonra Segah
İslam gözlənilmədən
üzünü İsfəndiyara
tutaraq: “Bəlkə sən də bizim üçün “Kürdü Şahnaz”ı
oxuyasan?” - deyir.
İsfəndiyar 12-13 yaşından
başlayaraq saatlarla Cabbar Qaryağdıoğlunun,
Seyid Şuşinskinin,
Əbülhəsən xanın
vallarını dinləyib,
onların ifasının
ən incə məqamlarını belə
olduğu kimi təqlid etməyə çalışsa da, birdən-birə, özü
də Əbülhəsən
xanın ifasından sonra oxumağa tərəddüd edir, lakin ustadının sözünü yerə salmır. “Kürdü
Şahnaz”ı İsfəndiyar
elə oxuyur ki, məclis əhli yerbəyerdən Əbülhəsən xanın
adının birinci hissəsini ixtisara salıb, heyrətlə “Əsl xan elə
bu imiş ki!” - deyir.
Vəcdə gələn İslam
Abdullayev isə “Bu gündən sənin adın oldu Xan Şuşinski”, – deyərək ona ustad xeyir-duasını verir.
Xan Şuşinski
1920-ci illərdə Bakıya
gələrək öz
ifaçılıq fəaliyyətini
genişləndirib. O, muğamların
mahir bilicisi və ifaçısı idi. Xanın repertuarında “Mahur-Hindi”,
“Bayatı-Qacar”, “Qatar” muğamları,
“Qarabağ şikəstəsi”,
“Arazbarı”, “Heyratı”
zərbi muğamları
ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tutub. Xan Şuşinski xalq
mahnılarını xüsusi
bir şövqlə oxuyub, onları yeni çalarlarla zənginləşdirib.
Görkəmli xanəndənin bir sıra bəstələri
də olub. Çox
zaman xalq mahnıları kimi təqdim olunan “Qəmərim”, “Şuşanın
dağları”, “Ay gözəl”,
“Məndən gen gəzmə”,
“Al yanağında”, “Dağlarda
çiçək”, “Gözəl
yarım”, “Ölürəm,
a Ceyran bala” mahnılarının müəllifi
əslində Xan Şuşinskidir. “Şuşanın dağları”
mahnısının musiqisi
ilə yanaşı, sözləri də onundur.
Xan Şuşinski
Üzeyir Hacıbəylidən
başqa heç bir bəstəkarın yaradıcılığına müraciət
etməyib. Deyilənə görə, Üzeyir
Hacıbəyli də
xanəndənin ifasında
mahnıları, xüsusilə
“Qaragöz”ü dinləməkdən
zövq alırmış.
Görkəmli xanəndə 1979-cu il martın 18-də vəfat edib.
Azərbaycan musiqi tarixinin korifeyi Xan Şuşinskinin
səsindən yadigar kimi cəmi 240 dəqiqəlik lent yazısı
qalıb.
Qərinələr, əsrlər ötəcək,
ancaq Xan əminin sənətinə
olan sevgi heç vaxt azalmayacaq. Ona görə ki,
bu sevginin mayasında, ruhunda Azərbaycanın heç
vaxt təravətini itirməyən əbədi
və əzəli muğamları dayanır.
Onun yaratdığı ölməz
sənət əsərləri
Azərbaycan musiqisinin
ən dəyərli inciləri kimi əsrlərboyu yaşayacaq,
öz müəllifini
hər zaman yaşadacaq, onu unudulmağa qoymayacaq.
Xalq Cəbhəsi.- 2019.- 22 avqust.-
S.8.