"Dağlar
ahımı götürməz"
Həmin gün çoxumuz ağlayırdıq. Qədrini, qiymətini bilmədiyimiz, böyüklüyünü dərk etmədiyimiz bir insanın- Əbülfəz Elçibəyin itkisinə ağlayırdıq. Bu ağrı çox sonralar bizi yandıracaq. O insana ehtiyac duyduğumuz, məsləhətinə susadığımız vaxt ağlayacağıq...
...Hava limanına yığışan insanlar Elçibəyin cənazəsini gözləyirdilər. Böyük bəyi Türkiyəyə müalicəyə yola salanlar ağıllarına belə gətirməzdilər ki, bir gün onun cənazəsini qarşılamağa yığışacaqlar. Və bu cənazə qara və qorxunc bir maşında Bəyi evinə "aparacaq". Axı bəy bəyaz maşında gəzərdi. İşığı sevərdi, işığa doğru gedərdi. Sonuncu dəfə mindiyi ağ maşın isə bəyin yolunu gözləyirdi.
Maşında əyləşən sürücü Xəlil başını divara söykəyərək ağlayırdı. Elçibəyə sədaqətini onun sağlığında sübut etmiş Xəlil həmin gün hava limanından Bəysiz döndü.
"Əvvəllər ondan xoşum gəlməzdi"
"Bəylə 1987-ci ildə tanış olmuşam. O zaman Çənlibel təşkilatına bu gün tanıdığımız siyasətçilər, ziyalılar gəlirdilər. Bir dəfə Sabir Rüstəmxanlı təşkilatın növbəti toplantısında Əbülfəz Elçibəyi bizə təqdim etdi. Düzü, əvvəllər mən onu qəbul edə bilmirdim. Bəy danışanda mənə çatmırdı. Ancaq Xəlil Rza çıxış edəndə ləzzət verirdi. Radikal çıxışları ilə hamını ələ alırdı. Bəylə həmişə mübahisələrimiz olurdu. Mən deyirdim ki, sovet rejiminə qulluq edənləri məhv etmək lazımdır. O isə fərqli düşünürdü. Heç kimin burnunun qanamasını belə rəva görmürdü. Deyirdi " milləti qırmaqla heç nəyə nail olmaq olmaz. Vaxt gələcək millət ayılacaq, kimin kim olduğunu özü dərk edəcək. Bizim vəzifəmiz isə milləti düzgün yolla aparmaqdır".
Düzdür, çox şeyləri qəbul etməsəm də, onu sevməyə başlamışdım. Sərhəd bölgələrinə həmişə birgə yollanardıq. Tonqalın ətrafına yığılıb söhbət edərdik. Bəy danışanda hamı ona diqqətlə qulaq asırdı. O, təkcə bir problemdən danışmırdı. Düşdüyümüz bəlalardan hərtərəfli danışardı. Bəzən islam dinindən danışar, poeziyadan söhbət açardı. Söhbətin sonu da mütləq millətin azadlığı, istiqlaliyyəti ilə qurtarardı".
"Bəy “KQB”-nin sədrini məğlub etdi"
"1990-cı ildə Cəbrayıla getmişdik. Bizi qonaq apardılar. Həmin məclisdə 100-dən artıq adam iştirak edirdi. Məclisin şirin yerində bir nəfər içəri girdi. Mənə məlumat verdilər ki, bu adam Cəbrayıl rayon “KQB” sədridir. Eşidən kimi Bəyə xəbər verdim. Bəy elə bunu gözləyirmiş kimi daha da radikal çıxış etməyə başladı. Sovet imperiyasının xalqların başına açdığı oyunlardan, bu rejimə qarşı mübarizə aparmaqdan danışdıqca “KQB” sədri yerində qurcalanırdı. Gecədən xeyli keçmiş məclis dağıldı. Otaqda 5-10 nəfər qaldı. Sədr də getməmişdi. Əbülfəz bəy başladı bununla mübahisəyə. Ona nələr demədi... Məsələn, deyirdi ki, "sən heç kimsən, sənin əlindən heç nə gəlmir, ancaq buyruq qulusan". Mübahisə gedən zaman mən “KQB” sədrinin başının üstünü kəsdirmişdim ki, bəyə artıq-əskik söz desə, qulağının dibindən ilişdirim. Bəy bunu sezdiyindən işarə etdi ki, bu yana keçim.
Düzü, bəyin sədrlə bu cür danışığının məqsədini anlamırdım. Sonra bəy sədri necə hövsələdən çıxardısa, o dedi ki, nə istəsən bu bölgədə eləyərəm. O zaman bəy bildirdi ki, İranla sərhədi aç, deyim nəsə etməyə qadirsən. Elə bunu eşidən kimi qalxdı ki, gedək. Xudafərin körpüsünə gəlib çatdıq. “KQB”-nin sədri maşından düşüb sərhəçilərə yaxınlaşdı. Sonra içəri keçib zabitlə danışıq aparmağa başladı. Bu danışıq düz 20 dəqiqə çəkdi. Bayaqdan özünə güvənən “KQB” sədri zabitin otağından qanı qara çıxdı. Elə bunu görən kimi bəy özü zabitin otağına keçdi. Bəy nəzakətlə özünü təqdim elədi və oturdu. Zabit ayaqlarını stolun üstünə uzadaraq qarşısında olan araqdan töküb içir, bəzən saymazyana bəyə də təklif edirdi. Bəy isə zabitin ukraynalı olduğunu bildikdən sonra rus imperiyasının Ukrayna xalqının başına açdığı oyundan, onların tarixindən, tarixi qəhrəmanlarının mərdlikə vuruşmağından danışdı. Zabit əvvəlcə laqeyidliklə deyilənləri dinləyirdi. Sonra bəyin söylədikləri ona necə təsir etdisə, başladı ayaqlarını yığışdırmağa. Arağı bir kənara qoyub bəyin danışığına hakim kəsildi. Deyəsən, bəy məqsədinə çatmışdı. Zabitdə milli ruhu oyatmışdı. Bu nailiyyət idi. Zabit bir stəkan araq töküb ayağa qalxdı və bu sözləri dedi :"Siz Azərbaycan xalqının böyük oğlusunuz, xalqınız sizinlə fəxr etməlidir. Məndən nə xahiş etsəniz, canla-başla əməl edəcəyəm". Bəy bildirdi ki, mümkünsə 10 dəqiqəliyə də olsa Xudafərinin üstündən keçən sərhəddi açmağa icazə versin. Zabit əmr verdi ki, sərhəd açılsın. Ancaq bəyə xəbərdarlıq etdi ki,"körpünün düz ortasında daş var, həmin daşı keçmək olmaz. Əgər daşı keçsən vuracaqlar. Bu tərəfdən atəş açılmasa da, qarşı tərəf bu fürsəti əldən verməyəcək". Sərhəd açıldı. Bəy irəliyə doğru yeridi. Hiss etdim ki, zabitin dediklərini eşitmir. Başqa aləm yaşayır. Mən də bəylə birlikdə daşa yaxınlaşıb dayandım. Bəy daşı 3 addım geridə qoydu. Biz də onunla birgə yeridik. Elə bu vaxt sərhəddə projektorlar yandırılırdı, avtomatlar hazır vəziyyətə gətirildi. Bəy dayandı. Bir arxaya baxdı, bir qabağa. Əllərini göyə qaldırıb yana-yana dedi:"Ey Ulu Tanrı, belə zülm olar? O tay da mənim, bu tay da mənim. Bir tərəfdən fars şovinizmi, bir tərəfdən də rus imperializmi". Bunu deyib hönkür-hönkür ağladı. Geriyə dönüb körpünün yanında oturdu. Bütün bunları “KQB” sədri və ukraynalı zabit görürdü... Yevlağa kimi Bəyi sakitləşdirə bilmirdik".
"Məni öldürmək istəyirdilər"
"Son iki ildə özümə söz vermişdim ki, daha bəylə mübahisə etməyəcəm. Hakimiyyətə gəldik. Bəy prezident olmaq istəmirdi. Ancaq müəyyən məsələlər vardı ki, hakimiyyətdə olmadan həll etmək olmurdu. Mən artıq prezidentin sürücüsü idim. Deyirdilər özünə fikir ver, hərəkətlərini ölç-biç. Lap əvvəldən "Marlboro" siqareti çəkirdim. Hakimiyyətə gələndən sonra dostlar dedi ki, artıq prezidentin sürücüsüsən, siqaretini başqasıyla əvəz elə. Nisbətən ucuz "Konqress " siqareti çəkməyə başladım. Bir gün bəy əlimdə təzə çəkdiyim siqareti gördü və dedi:"Xəlil bəy, nə olub, heç bir həftə deyil hakimiyyətə gəlmişik. Nə tez bahalı siqaret çəkirsən?" Dedim, "bəy, bu əvvəl çəkdiyimdən ucuzdur". Vallah, hakimiyyətə gələnə kimi məclislərdə də olmuşam, kabab da yemişəm. Ancaq bir il ərzində yediyimiz kolbasa çörək olub. 17 il idi ki, evim yoxuydu. Bəy tapşırmışdı ki, mənə ev versinlər. Bir-iki dəfə müxtəlif yerlərdə ev təklif olunanda bəyə dedim ki,"yaxşı olar birinci özünüz üçün ev təşkil edin, sonra məni fikirləşin." İnadkarlığımı görüb məcbur etmədi. Elə indi də evsizəm.
Bərk xəstələnmişdim. Necə iynə vurmuşdularsa şoka düşmüşdüm. Məni aradan götürmək istəyirdilər. Sonradan həmin həkimlər sorğu-sual olundu, onları həbs etdilər. Ancaq bəy onları bağışladı. İki ay ağır vəziyyətdə yatdım. İyun hadisələri zamanı xəstə olsam da, bəyi tək qoymurdum. Kələkiyə gedən günü Oqtay bəy soruşdu ki, "sən bəylə gedirsən?" Dedim əlbətdə. Anama kiçik məktub yazdım ki, uşaqlardan muğayat olsun.
Bizim hakimiyyət xəyanətin qurbanı oldu. Yüksək rütbəlilər hakimiyyəti 4 iyunda Gəncədə təhvil verdilər. Bəyə təklif etdilər ki, qiyamı yatırmaq üçün icazə versin. Ancaq razılaşmırdı. Çünki vətəndaş müharibəsindən qorxurdu. 1993-cü ilin avqustunda Bakıya dönmək istədi, qoymadılar".
"Əbülfəz bəy hər iki tərəfdən incimişdi"
"AXCP-də baş verənlər ona yaman təsir etmişdi. Ona namərdlik etdilər. O türkçü idi, azadlıq aşiqi idi, demokrat idi. Ancaq bütün bunlarla yanaşı o, əsl Kişi idi. Yadımdadır, Ayaz Mütəllibovun atasının dostunun Bakının mərkəzində bir obyekti vardı. Ayazın atası hər gün dostunun yanına gəlib nərd atardı. Həmin obyekti bağlamışdılar. Bunu eşidən bəy İsgəndər Həmidova zəng vurur və tapşırır ki, bu kişinin atasından da üzr istəsinlər. Elə də oldu".
Son görüş
"Türkiyəyə müalicəyə gedənə kimi bir gündə olsa dincəlmədi. Amerikaya gedəndə ayağı şişmişdi. Dedim "ay bəy, qurbanın olum, özünə fikir ver, səhhətini qoru". Kimə deyirdin, dinclik nədir bilmirdi. Amerikaya gedəndə evə də getmədi. Qərərgahdan birbaşa hava limanına apardım. Gələndən sonra ağrıları başladı. Sonuncu dəfə Türkiyəyə yola salanda inanırdım ki, sağalacaq. Çünki bəy çox sağlam idi.
Avqustun 17-də inamım itdi. Yuxuda gördüm ki, Əbülfəz bəy əyninə qara rəngli dar köynək geyib. Onunla söhbət edirəm. Bəylə sağollaşmaq istəyəndə nə qədər edirəmsə əlim bəyə çatmır. Birtəhər üz-gözündən öpürəm. Dönüb getmək istəyəndə bəydən xahiş edirəm ki, qoy bir də gözlərindən öpüm. Ancaq qoymur. Deyir ki, "Xəlil bəy, bu bizim son görüşümüzdü"
Yuxudan dik atıldım. Gördüm qan-tər məni aparır. Ürəyimin üstünə də elə bil daş qoyublar. Səhəri diri gözlü açdım. Sübh tezdən Almurad ağanın evinə getdim. Yuxumu danışandan sonra, o məni sakitləşdirdi və bildirdi ki, bəy yaxşıdır. Dözə bilmədim. Yollandım Qadınlar Cəmiyyətinə. İçəri girəndə Xanım müəllimənin ağladığını hiss etdim. Bəy ona baş çəkənlərə hər dəfə tapşırıbmış ki, Xəlili də gətirin. Ancaq çox təəssüf ki, aparmadılar. Bəlkə mənə deyiləsi bir sözü vardı. Özüm gedəcəkdim. Xarici pasportum olmadığına görə ləngidim.
Axırıncı 8 ayda içindən ah çəkirdi. Həmin ahı 20 Yanvarda, Xocalı soyqırımında, Nəcəf Nəcəfovun və Eldar Bağırovun ölümü zamanı çəkmişdi. Ah çəkəndə deyirdim "Bəy ahın dağlara". Deyirdi:"O dağlar mənim ahımı götürməz".
Bəydən sonra heç nəyin yaxşı olacağına inanmıram. Mənim üçün hər şey mənasızlaşıb. Bir arzum var Tanrıdan. Məni tez bəyin yanına aparsın (gözlərinin yaşını saxlaya bilmir-A.Ş.)".
...Xəlil tək Milli liderini deyil, həm də qəlb sirdaşını, məsləkdaşını, Peyğəmbər kimi səcdə etdiyi bir insanı itirib. Bu itkidən qorxduğu üçün təkliyə nifrət edir.
Və neçə vaxtdır Xəlil bir səsə, bir sözə möhtacdır: "Xəlil bəy, necəsən, uşaqlar necədir?"
11 sentyabr 2000-ci il
Arzu Şirinova
Xalq Cəbhəsi.- 2019.- 22 avqust.-
S.6.