İrəvan Ağa Məhəmməd xan Qacar dövründə

 

 

2-ci yazı

Tanınmış tarixçi-alim Səməd Sərdariniyanın “İrəvan müsəlman sakinli vilayət olmuşdur” kitabında bildirilir ki, Azərbaycan Ensiklopediyasında Hüseynəli xanın miladi tarixi ilə 1783-cü ildə vəfat etdiyi göstərilir: "Kartli-Kaxeti hakimiyyəti Rusiyanın himayəsi altına keçdiyinə görə 1783-cü ildən İrəvan xanlığının da Rusiyaya meyli gücləndi. Osmanlı imperiyası Qafqazda Rusiyanın siyasətinin güclənməsindən narahat idi. Buna görə İrəvanın yeni hakimi Qulaməli xanı Gürcüstan əleyhinə qaldırmağa çalışırdı. Ancaq tezliklə Qulaməli xan II İraklinin tərəfdarlarının əli ilə qətlə yetirildionun yerinə Əli Məhəmmədxan gəldi.

Məhəmməd xan Qacar İrəvani İrəvanın sonrakı hakimi oldu. Qacar tarixinin müəllifi hicri-qəməri tarixi ilə 1201-ci il hadisəsindən danışarkən onu Urmiya bəylərbəyi Məhəmmədqulu xanın sadiq müttəfiqi kimi təqdim edib. Həmin ildə Xoy hakimi Hüseynqulu xan Donbolinin xərac verməkdən boyun qaçırması Məhəmmədqulu xanı qəzəbləndirdi. O, Azərbaycan əmirlərini, o cümlədən Məhəmməd xan İrəvanini çağırıb, Xoy və Səlmas üzərinə hücuma apardı.

Ağa Məhəmməd xan Qacar Lütfəli xan Zəndi hakimiyyətdən saldıqdan sonra diqqətini Azərbaycan vilayətlərinə yönəltdi. Burada bir neçə il idi ki, xanlar mərkəzi hakimiyyətə tabe deyildilər. Ağa Məhəmməd xan atasının bu torpaqlara uğursuz hücumlarını qələbə ilə başa çatdırmaq və bu barlı-bəhərli bölgənin iqtisaditicari üstünlüyündən istifadə etmək istəyirdi. Onun hərb maşınının xərcləri dəhşətli dərəcədə çox idi. Artıq onu daxili qarət və soyğunçuluq hesabına ödəmək mümkün deyildi. Buna görə də o, Azərbaycanın qızıla bərabər torpaqlarını ələ keçirməyə çalışırdı.

Ağa Məhəmməd Kirmanı fəth edəndən sonra qoşunun baharda Tehranın ətrafında toplanması barədə göstəriş verdi. Təqribən 60 min insan gəldi. Novruzdan 53 gün sonra (şəmsi təqvimi ilə 1174-cü ilin (miladi tarixi ilə 1795-ci il) ordibehişt ayının 23- də) o, Tehrandan çıxdı. Son ana qədər Ağa Məhəmməd xanın haraya yollanacağını heç kəs bilmirdi.

Qacar ordunu üç hissəyə böldü: bir hissəni sağ tərəfdən Muğana, Şirvana, Dağıstana göndərdi. İkinci hissəni sol tərəfdən İrəvan istiqamətinə yolladı. Özü isə onların arasında Qarabağın möhkəm qalalarından hesab olunan Şuşa qalasına doğru irəlilədi. Süleyman xan Araz çayı üzərində körpü saldırdı və oradan keçdilər. 135 günlük mühasirədən sonra İrəvan qalası Ağa Məhəmməd Qacarın ixtiyarına keçdi.

Ağa Məhəmməd xan Qacar bu səfərdə Gürcüstana hücum etdi və 15 nəfəri əsir edib özü ilə apardı. 1796-cı ildə Rusiya qoşunları general Zubovun komandanlığı altında hücum əməliyyatlarına başladı. Bu zaman Xorasan bölgəsində cari işlərlə məşğul olan Ağa Məhəmməd xan Azərbaycan hakimlərindən, o cümlədən İrəvan bəylərbəyi Məhəmməd xandan, Təbriz və Xoy bəylərbəyi Hüseynəli xan Donbolidən və digərlərindən məktublar aldı. Həmin məktublarda da bu barədə yazılmışdı:Rusiya imperatriçası Tiflisdə qətlə yetirilmiş bir qrup rus əsgərinin intiqamını almaq üçün kifayət qədər yaxşı silahlanmış və toplarla təchiz edilmiş 80 minlik ordunu bölgəyə göndərib. Başqa bir dəstə isə Dərbəndi mühasirəyə alıb. Bundan əlavə, Bakı və Talış bölgəsi ruslara təslim edilib, Şirvan və Gəncə camaatı da əmrə tabe edilib. Adı çəkilən bölgədə vəziyyət qarışıq, əhali isə pərişandır. Gərək tezliklə bir əlac fikirləşəsiniz, əks halda, bütün nizam-intizam pozulacaq”.

Ağa Məhəmməd xan tərəfindən İrəvan hakimliyi vəzifəsi saxlanılmış və Məhəmməd xan Qacar İrəvani də Azərbaycanın əksər yerli əmirləri kimi dinclik xatirinə Ağa Məhəmməd xanın dostluq həlqəsinə qoşulmuşdu. Amma fürsət düşsəydi, başqa bir hami tapıb, ondan kömək istəyərdi. O, hicri-qəməri tarixi ilə 1209-1211-ci illərdə Osmanlı dövlətinə tərəf üz çevirdi və Osmanlı sultanı III Süleymana və Ərzurum valisi Yusif paşaya yazdığı məktubda Ağa Məhəmmədin yenidən qoşun çəkməsi barədə məlumat verərək, ona kömək əli uzadılmasını, Osmanlı dövlətinin himayəsinə qəbul edilməsini xahiş etdi.

Ağa Məhəmməd xan Qacar İrəvan xanını zindana salıb, idarəçilik işlərini Əliqulu xana tapşırdı. Ağa Məhəmmədin qətlindən sonra 1797-ci ildə Əliqulu xanı İrəvandan qovdular. Həmin ilin sonlarında Fətəli şah Məhəmməd xanı zindandan azad edib, yenidən İrəvanın hakimi təyin etdi.

Çarlz İsəvi özünün mükəmməl "İranın iqtisadi tarixi - Qacariyyə dövrü (hicri-qəməri 1215-1332-ci illər)" əsərində XIX əsrin birinci yarısında İrəvanın iqtisadi vəziyyəti barədə qiymətli məlumatlar verib. O, İrəvanın sənətkar və xırda tacirlərinin təşkilati vəziyyəti barədə yazır: "Sənətkarlar kütləsi ustalardan ibarət idi. Ustalar kustar sənaye məhsullarının istehsalında çox mühüm yer tuturdular. Gəlirləri hər peşə üzrə ustaların sayına uyğun olurdu. Ustalar öz peşələri ilə bağlı olmayan əmtəə istehsal etmək hüququna da malik idilər. Peşə üzrə hər hansı inhisarçılığa yol verilmirdi və sənətkarlar onların üzvlərindən hər hansı birinin başqa işə keçməsinin qarşısını ala bilməzdilər. Lakin rəqabətdən qorunmaq üçün hər bir usta öz istehsal etdiyi məhsulu yalnız müəyyən bir yerdə satırdı və müştəriləri aldatmaq hüququ yox idi. O, mal satarkən kimdənsə qabağa keçə, ya öz malını tərifləyə, başqalarının malını pisləyə bilməzdi. Ödədikləri icarə haqları onları daxilən birləşdirirdi və əgər bir usta keyfiyyətsiz mal düzəltsəydi, müştərini aldatsaydı və s. onun dükanı mıxlanar, həmin dükan başqasına verilərdi.

Yalnız ustaların haqqı var idi ki, özlərinə şagird götürüb, peşələrini onlara öyrətsinlər və onları usta olmağa hazırlasınlar. Ustaların yanında işləyən şagirdlərin sayı sabit deyildi. Adətən, hər ustanın birya iki şagirdi olurdu. İrəvan sənətkarları 722 nəfər usta və 667 nəfər şagirddən ibarət idi. Birbaşa olmasa da, hər ustaya bir şagird düşürdü, əlbəttə, elələri də var idi ki, ümumiyyətlə, şagirdi yox idi. Çörəkçilərin və misgərlərin şagirdi olmadığı halda, dülgərlərin, pinəçilərin, bənnaların hər birinin 4 şagirdi var idi. Ölkənin bütün şəhərlərində şagirdlərlə ustaların sayı fərqli idi. Sənətkarlıqla əlaqəsi olmayan ustaların şagirdlərinin sayı məhdud idi. İrəvan, Naxçıvan, Ordubad şagirdlərinin və ustalarının sayı aşağıdakı kimi idi: İrəvanda 143 usta, 43 şagird, Naxçıvanda 109 usta, 41 şagird, Ordubadda 140 usta və 128 şagird var idi.

...Ustalar lazım olan halda özlərinə fəhlə götürürdülər. Məsələn, İrəvanda 6 nəfər taxıl tacirinin şagirdi yox idi, amma taxılı daşımaq, yükləmək işinə 24 nəfər fəhlə cəlb etmişdi. Çörəkçilərin də şagirdi yox idi, lakin bu sahədə çalışan 18 nəfər usta 50 nəfər fəhlə işə götürmüşdü. Bu şəhərdəki 52 nəfər baqaliyyə tacirininşagirdi, nə də fəhləsi var idi. Amma 10 nəfər ayaqqabı ustasının yanında beş fəhlə və 15 şagird çalışırdı. 11 nəfər dulusçu 23 ixtisaslı fəhlə və 19 şagird işə cəlb etmişdi. 25 nəfər usta-bənna bu qayda ilə öz əlinin altında 18 fəhlə və 70 şagird işlədirdi. 7 nəfər dəri ustasının 30 fəhləsi olduğu halda, bir nəfər də şagirdi yox idi. 6 gümüş ustasının 8 fəhləsi və 21 şagirdi, 8 sərracın (yəhər ustasının) 12 fəhləsi və 19 şagirdi, 49 dülgərin 90 fəhləsi və 150 şagirdi var idi. Dəmirçilər, misgərlər (dəmir lövhə düzəldənlər), nalbəndlər, şam düzəldənlər, metal ustaları, iptoxuyanlar, nəleyn düzəldənlər (mollalar üçün çusta bənzər ayaqqabı), yun parça ustaları, hətta bir nəfər fəhlə belə saxlamırdılar. Hər peşənin sərmayə qoyuluşu məhdud və az idi. Peşə ustaları yalnız birya iki şagirdlə işləyirdilər. Çox və fəhlə tələb edən sənətlər sənətkarlıq mərtəbəsi sırasında olmayıb, kapitalist emalatxanaları istehsalının göstəricisi sayıla bilərdi.

Əhməd Əşrəf də bu sahə ilə bağlı məlumat verir. O yazır: "İrəvanda, demək olar ki, hər ustanın bir şagirdi var idi. XIX əsrin əvvəllərində bu şəhərdə 722 usta və 667 şagird çalışırdı. Şagirdlik yaşı adətən 12 yaşdan başlanır və həmin şagird 10 ilə ustalıq məqamına çatırdı. Ustalar öz şagirdlərinə dini işləri və sənətin sirlərini öyrədirdilər. Şagird öz ustasından yemək və paltar alırdı, lakin onun əməkhaqqı almaq hüququ yox idi, yalnız şagirdlik pulu alırdı. Ustadlıq məqamına yüksəlmiş şagirdin belinə xüsusi kəmər bağlanır və onun əməkhaqqı artırılırdı. Bəzi hallarda sənətkarlar günəmuzd fəhlələrdən istifadə edirdilər. Bəzi sənətkarlar isə işə yalnız günəmuzd fəhlə götürür, başqaları isə həm günəmuzd fəhlə, həm də şagird saxlayırdı".

Çarlz İsəvi kitabının digər bir bölməsində yazır: "İrəvanda pambıq əkini geniş yayılmışdı. İstehsal olunan məhsulun bir hissəsi Türkiyəyə, bir hissəsi isə Tiflisə daşınırdı. Ancaq məhsulun Trabzona çatıb-çatmaması haqqında əlimizdə məlumat yoxdur".

İrəvan İpək yolunun üstündə olduğundan müsafirlər və tacirlər buradan keçirdi. Buna görə də o, mühüm şəhərə çevrilirdi. Kembric Universitetinin professoru Pyotr Avri yazır: "Ağa Məhəmməd xan Qacar İrəvan, Xoy, Rəşt, Qəzvin kimi şəhərləri xarici ticarətin əsas dayaqları səviyyəsinə qaldırdı. İrəvan və Xoy şəhərləri Qara dəniz vasitəsilə Qafqaz və Osmanlının ticarət mərkəzləri sırasında idilər".

Çalz İsəvi "Xalçaçılıq" bölməsində bu sənət barədə şərh verdikdən sonra, onun ixracı haqqında yazır: "Təbriz mühüm xalçaçılıq mərkəzi idi. Trabzon və İrəvan yolu ilə Təbriz xalçaları xarici ölkələrə çıxarılırdı”. İrəvan əmtəə ixracatının əsas yolu olduğu kimi, Avropa mallarının idxalı sahəsində də mərkəzi xətt hesab olunurdu. Adını çəkdiyimiz müəllif bu barədə yazır: "Rəqabətin digər səbəbi Avropa mallarının Qafqazdan gömrük haqqı olmadan keçməsi idi. Mallar Qara dəniz vasitəsilə Potidən Batuma daşınır, oradan İrəvana, İrəvandan isə Təbrizə aparılırdı".

 

Elçin Qaliboğl

 

Xalq Cəbhəsi.- 2019.- 24 avqust.- S.7.